Qarabağ haqqında nağıl...

FİRUZ MUSTAFA
36711 | 2014-10-27 19:21

Qarabağ savaşının tamamlanması ilə bağlı ilk xəbər Təhsil Nazirliyindən gəldi. Artıq qanlı savaşın atəşkəs dövrü də bitdi, torpaqların geri qaytarılması illüziyalarına yekun vuruldu və nəhayət ki, yeni bir mərhələyə keçməyin zamanı gəldi. Bu da yeni yetişən nəsil üçün Qarabağ tarixinin ayrıca predmet kimi öyrənilməsi mərhələsidir. Artıq müharibə barədə Müdafiə Nazirliyindən başqa kimsənin düşünməsinə lüzum qalmadı - bundan sonra Azərbaycan haqqında yazdığımız öz xəyallarımızın məhsulu olan və əsasən saxta tarixlə yanaşı itirdiyimiz Qarabağ haqqında da nağıl janrında bir tarix yazıb uşaqlara oxutduracağıq.

Təhsil Nazirliyi hələlik həftədə bir dəfə bunu fakültativ dərs-məşğələ kimi nəzərdə tutub, ola bilsin ki, bir azdan TQDK-nın qəbul imtahanları siyahısına da salınsın və ayrıca "Qarabağ tarixi”ndən uşaqları imtahanlara da hazırlamağa başlayaq. Ardınca da dünyada yaşayan insanları konfranslarda, müzakirələrdə uşaq yerinə qoyub "tariximizi niyə obyektiv oxuyub-öyrənmirsiniz?” deyə danlaq altında saxlamağa davam edəcəyik. Halbuki Azərbaycanın ən ağıllı saydığınız adamlarını bir araya gətirib bizim mötəbər tarixçilərin yazdığı bu qondarma Azərbaycan tarixinin labirintinə buraxsanız belə, əksəriyyətin dolanbacların içində çaşıb qalacağını ilk andan görə biləcəksiniz. Dünyaya təklif etdiyimiz və dolanbaclarında özümüzün çaşıb qaldığımız labirint tarixini oxuyub-öyrənməyə kimin hövsələsi və ya əsəbləri tab gətirər ki?

Nazirliyin Qarabağ tarixinin ayrıca bir fənn kimi öyrədilməsi qərarında vətənsevərlik motivlərini şübhə altına almaq doğru olmazdı. Eyni qaydada bunun əksini söyləyənlərin də yanaşmasında vətənpərvərlik motivləri qabarıq görünür: Hər bölgənin ayrıca tarixini tədris etməyə başlasaq, o zaman Azərbaycan tarixinin ümumiləşdirici ruhunu itirmərik ki? Ancaq hər iki halda da, ümumilikdə də bir məqamı qəti olaraq sezmək mümkündür ki, bizdə vətənsevərlik dopinqi əksər hallarda optimal yolların tapılması üçün faydalı olmur. Mövcud Təhsil Qanununun da hədəfi elə budur: vətənsevər, milli-mənəvi dəyərlərimizə sadiq şəxsiyyət yetişdirmək. Azərbaycan dibçəyinin içində otaq temperaturunda bir az torpaq atdın, gülü əkib suyu tökdün, öz-özlüyündə bu şəxsiyyət yetişəcəkdir. Düşündürücüdür ki, bizdə hər dəfə kritik vəziyyətdən çıxış yolu kimi ilk ağla gələn konsepsiyada tarixə qayıdış təmayülü önə çıxarılır. QHT-lərin, siyasətçilərin, yazarların, məmurların, diplomatların, hətta hərbçilərin böyük-böyük əksəriyyəti Qarabağ tarixinin arxasında daldalanmaq yolunu seçərək, əslində xəstəliyin birbaşa özünü müalicə etməklə bağlı düşüncə, görüş konkretləşdirə bilmirlər. Əksər auditoriyalarda funksiyası savaşmaq olmayan adamlar savaşa səsləyir, funksiyası savaşmaq olan adamlar isə tarixi oxumağı və təbliğini tövsiyə edirlər. Əslində oxuduğumuz və təbliğ etdiyimiz tarix bizi reallıqdan, doğru mühakimədən xeyli uzaqlaşdırır və dünyanın da maraq menyusuna daxil edilmir. Ona görə də Azərbaycan tarixinin içində Qarabağ tarixinin daha doğru, anlaşıqlı tədris ediləcəyini düşünməyin özündə də xeyli sadəlövhlük elementləri sezilir.

Bildiyim qədər ölkə müharibə təhlükəsi riski ilə hər zaman üz-üzə olduğundan, İsrail məktəblərində ədəbiyyat dərslərinə hədsiz duyğusallıq yaratdığına görə geniş yer verilmir. Əsas diqqət yetirilən təbiət elmləridir, dəqiq fənlərdir, din əxlaqıdır, bir də hərbi vərdişlərin aşılanmasıdır ki, hər bir yetkinlik yaşına çatmış şəxs özünü həm də vətəni qoruyacaq şəxsiyyət kimi yetişdirə bilsin. Hətta ABŞ kimi bir texnologiya nəhəngi ötən əsrin 70-ci illərində təsbit etdi ki, riyaziyyatın tədrisi sahəsində Yaponiyadan geri qalır və Təhsil Nazirliyi dərhal bu sahəni prioritet olaraq qaldırmaq barədə konsepsiya qəbul etdi.

Bunları müqayisə üçün yazmağım səbəbsiz deyil. Aylar öncə Təhsil Nazirliyinə müraciət etmişdim ki, bu günün Azərbaycan məktəblisi üçün ən vacib predmetlərdən biri hərbi hazırlıq dərsidir və bunu da daha erkən vaxtdan - 7-ci sinifdən başlayaraq tədris etmək, müxtəlif hərbi oyunların və yarışların keçirilməsini təşkil və təşviq etmək lazımdır ki, oğlanlı-qızlı hər bir yeniyetmədə ən azı avtomat silahdan atış qaydaları, hərbi vərdişlərə yiyələnmə qabiliyyəti formalaşsın. Çünki dünyanın hazırkı gedişatı onu göstərir ki, yaxın gələcəkdə böyük ehtimalla biz də öz problemimizi həll etmək üçün savaşa başlamalı olacağıq. Təsəvvürünüzə gətirin, hansısa ukraynalı üç il öncə düşünə bilərdi ki, Krım işğal olunacaq, Donbas və Luqansk əldən gedəcək? Ən pis halda bölgədəki hadisələr onu göstərir ki, hansısa yollarla bizi də savaşa sürükləyə, məcbur edə bilərlər. Üzüldüm ki, nazirlik tərəfindən niyyətimiz hələ də anlaşılmadı. Aldığım cavab təqribən bu şəkildə yanıltmaca bənzəyirdi: "Dəmirçi dayı, dədəm deyir dəmiri dəmirə döyməzlər, dəmiri dəmirə döyəndə, dəmir dəmirə dəyib dədəmin düşüncəsini dağıdar”. Yəni cavabdan anlaşıldı ki, bu məsələdə heç bir sıxıntımız yoxdur, bütün məktəblilərimiz gecə-gündüz bu vərdişlərə yiyələnirlər. Hərbi hissələrdə isə gözləyirlər ki, bu gün-sabah yeni əsgər gələcək. Əvəzində isə fiziki sağlamlığı yerində olmayan, psixoloji hazırlığı zəif, təhsilsiz, üstəlik də hərbi həyatdan təsəvvürsüz çox sayda gənci bir il və ya il yarım ərzində orta səviyyədə hazırlığı olan əsgərə çevirmək olmur.

Çar Rusiyası dövründə Qafqaz tatarları adlandırılan bizlərin, yəni indiki azərbaycanlıların babalarını, on-on beş bəy və ya xan sertifikatı verilənlərin övladlarından başqa, nə orduya çağıran oldu, nə də özümüzün belə bir istək və tələbimiz oldu. Ermənilər həm çar ordusunda, həm də Osmanlı ordusunda geniş səviyyədə hərbi biliklərə yiyələnə bildilər və bu hazırlığın sayəsində avam və aciz həmvətənlərimizi qarışıqlıq yaranan kimi qanlarına qəltan etdilər. Dəyərini, qədrini bilmədiyimiz Nuru Paşanın başçılığı ilə Osmanlı ordusunun fədakarlığı olmasaydı, Bakı bəlkə də erməni-rus şəhəri kimi öz adını tarixə yazdıracaqdı. Həm də gerçək tarixi bilmək istəyirsinizsə, bilin ki, Vətənin ən ağır günündə 1918-ci ilin iyulunda Qafqaz İslam Ordusu komandanlığı Bakı Kommunası ilə döyüş ərəfəsində yerli əhalidən 37 min adam səfərbərliyə çağırmışdı, gələnlər isə cəmi 35 nəfər olmuşdu. Demokratik Cümhuriyyət yarananda ordumuzun yuxarı eşalonunda olan zabitlərin əcnəbi soyadlarının çoxluğuna nəzər salsanız, ordu quruculuğunda nə qədər çətinliklərlə qarşılaşıldığı daha rahat anlaşıla bilər.

Ardınca formal müttəfiq respublika kimi tərkibinə qatıldığımız Sovet Rusiyasının tabeliyində bu dəfə bərabərlik qaydalarına uyğun olaraq yaxşı ki, hamımızı hərbi xidmətə cəlb etdilər, yenə də böyük əksəriyyətimiz imkan düşdükcə puldan-paradan ötürüb "stroybat”ın yolunu tutmaqla kütləvi hərbi vərdişə və fiziki hazırlığa əhəmiyyət vermədik. Əvəzində isə ən ixtisaslı hərbi hissələrdə və hərbi məktəblərdə oxuyan ermənilərin sayı bizdən artıq oldu və növbəti Qarabağ savaşında uğur qazanmalarında bu amilin rolu az olmadı. İndi müstəqillik dövründə yenə də problemdən yayınmağın ən münbit yolunu tapmış kimi görünürük. Savaşa hazırlıq əvəzinə, problemdən yayınmaq üçün Qarabağı tarix konservinin içinə soxaraq artıq məktəb yaşlarından uşaqları da bizlər kimi böyüməyə yönləndiririk.

Artıq bu tarix konservinin də istehlak müddətinin çoxdan keçdiyinin və idrakı zəhərləyə biləcəyinin fərqində olmadığımızı hələ də cahilcəsinə nümayiş etdiririk. "Ermənilər, ümumiyyətlə, bu ərazidə olmayıb, hamısı Rusiya işğalından sonra köçürülüb, biz torpaq verməsəydik, ermənilər dövlət qura bilməyəcəkdi” sözləri və s. daxili auditoriyamıza təsəlli üçün yüz dəfə, min dəfə deyilə bilər. Ancaq bir dəfə də olsun düşünmürük ki, bu tarixi həqiqətlər dediyimiz konserv qablarının içindəki qarışıqların bizim bu günümüzün suallarını cavablandırmağa hansı faydası ola bilər?

Biz deyənləri eşitmək istəməyənlər, heç olmazsa, ölkəni idarə edənlərin düşüncəsini, tezislərini referans alıb məsələyə sağlam, məntiqli yanaşma ortaya qoymaq barədə düşünəydilər.

Baxın, ölkə prezidenti İlham Əliyev bir neçə ay öncə diplomatlarımızla görüşdə deyirdi ki, biz artıq özümüzə güvənərək hücum taktikası seçməliyik. Bu sözdən sonra icraçılar, alimlər gələcəyə yönəlik proqramlar, təkliflər paketi tərtib etmək əvəzinə, hamısı təzədən tarixə qayıtmağa başladılar. Prezident tarixə geri dönüşü deyil, gələcəyə irəliləmə istiqamətini önə çəkir, əvəzində nazirlikdə qərar qəbul edilir ki, Qarabağ tarixini ayrıca öyrədəriksə, böyük bir uğura imza ata bilərik. Əlbəttə, tədqiqatçı kimliyi ilə tarixin araşdırılması, faktların, gerçəklərin üzə çıxarılması zəruridir, ancaq bu tarixin kütləvi tədrisinin hansı mənası olduğunu ayırd etmək həqiqətən çətindir.

Bu günün digər problemlərindən birini, həm də bilavasitə təhsillə bağlı olan problemi Azərbaycanın ən təcrübəli dövlət xadimi, akademik Ramiz Mehdiyev də Dövlət İdarəçilik Akademiyasındakı son çıxışında dilə gətirdi: "Bir çox regionlarda, xüsusilə də cənub bölgəsində azyaşlı qızların təhsildən yayınaraq qeyri-rəsmi ailə qurması artıq adi hala çevrilir. Onlar nə fiziki, nə də mənəvi cəhətdən hazır olmadıqları halda erkən yaşda ana olurlar. Bu məsələ həm səhiyyə, həm təhsil, həm də hüquq-mühafizə orqanlarının diqqətindən necə yayınır? Bəzən böyük ağrı və mənəvi iztirabla özüm-özümə sual verirəm: yəni bu xalqın Sabiri, Mirzə Cəlili, Cəfər Cabbarlısı olmayıb? Yəni "Molla Nəsrəddin” jurnalı bu məmləkətdə çap olunmayıb? Doğrudanmı Üzeyir bəyin vaxtilə gülüş hədəfinə çevirdiyi hallar cəmiyyətimizə yenidən qayıdır? Heç bir sosioloji sorğu aparmadan qətiyyətlə demək olar ki, orta statistik Azərbaycan gənci bu gün arzusundadır ki, onun gözəl evi, bər-bəzəkli maşını və kifayət qədər pulu olsun. O, həyatın mənasını ancaq əylənməkdə görür. Bütün bunlara nail olmaq üçün o, min bir vasitəyə əl atmağa, o cümlədən qanunu və əxlaq normalarını da aşmağa hazırdır. Zəhmət çəkməyi, çalışmağı, əziyyətə qatlaşmağı o, ümumiyyətlə, istəmir”. Bu tezislərdən sonra tarixə aludəçilik əvəzinə, problemlərdən yayınmaq əvəzinə, onlarla bu kimi məsələlərin həlli barədə düşünmək və hərəkət etmək daha faydalı olmazdımı?

Akademik Ramiz Mehdiyevdən ikinci sitat: "Azərbaycandan bəzi cavanların "İslam dövləti” uğrunda mübarizəyə cəlb edilməsi və Suriyaya getməsi bizi çox narahat edir. Aydındır ki, külli miqdarda verilən məvaciblə kimisə şirnikləndirib vətənindən, ailəsindən ayıraraq uzaq Suriyaya göndərmək mümkündür. Lakin bu prosesi təkcə iqtisadi amillə əlaqələndirmək də ən azı sadəlövhlük olardı. "Nə baş verir” sualına isə biz ilk növbədə ona görə cavab tapa bilmirik ki, cəmiyyətdə cərəyan edən proseslər haqqında əlimizdə dolğun elmi məlumat yoxdur”. Əslində baş verənlərin mənası budur ki, Azərbaycanda İslam tarix boyu cəhalət dini kimi yaşanıb və bu günədək hidayət dininə çevrilməyib. Psixikası pozulmuş cahil bir dəstə Suriyada, İraqda manyak rituallarını İslam adı ilə təqdim edir, başqa bir cahil zümrə də İslamın gözəlliklərini təbliğ etmək əvəzinə, yas mərasimlərində yoxsulun sıxıntısının hesabına qarın doyuzdurmanı İslamın vacib şərti kimi təbliğ edir. Mənsub olduğu dinin əsas mahiyyətini təhsil pillələri içində öyrənmək imkanı olmayanlar sonda ya mollanın, ya da hansısa təriqət şeyxinin ağlı ilə idarə olunmağa məhkum qalırlar.

Xatırlayıram, bir neçə il öncə Eldar İsmayılov və Nazim İmanovun müştərək yazdıqları bir kitabın təqdimatında iştirak edirdim. Mövzu təqribən işğaldan azad olunduqdan sonra Qarabağ bölgəsində infrastrukturun bərpası və iqtisadi inkişaf konsepsiyası idi. Mövzunun tarixə deyil, məhz gələcəyə baxış yönündə, sadəcə, bir adının olması bəndənizi xeyli məmnun etdi. Gələcəyi düşünmə istəyinin cücərtilərini görməkdən maraqlı nə ola bilərdi ki?

İndi kimsə cəsarət edib söyləyə bilmir ki, Qarabağla bağlı tarixin qədimə daşınması heç bir halda bizim faydamıza deyil. XIX əsrin əvvəllərindəki Gülüstan, Türkmənçaydan sonrakı dövrü də bir tərəfə buraxın. İndiki Azərbaycan dövləti də, Ermənistan dövləti də müstəqil milli dövlət olaraq o zaman mövcud deyildi. Buralar Rusiyanın işğal etdiyi ucqar əyalətlər sayılırdı və Rusiya dövlətini hazırladığı plana əsasən ermənilərin əsas etibarilə İrandan bizim babaların yaşadığı bölgələrə köçürülməsi Rusiya imperiyasının daxilində bir xalqın məskunlaşması və yer dəyişməsi faktından başqa bir məna ifadə etməz. Bizim arqument olaraq başlayacağımız tarix məhz 1918-ci il olmalıdır. Müstəqil Azərbaycan dövləti və Ermənistan dövləti 1918-ci ildə yaranıb, bu zaman Dağlıq Qarabağ Ermənistanın tərkibində olmayıb, Azərbaycanın ərazisi kimi 1920-ci ilin yanvarında Paris konfransında tanınıb. Azərbaycan dövlətini qurmağımız naminə ermənilərə güzəştə getdiyimiz İrəvan ərazisinin əvəzinə Qarabağda ermənilərin Azərbaycan hakimiyyətinə tabe olması öhdəliyi də sənədlərdə yer almaqdadır. Ardınca Sovet dövründə Dağlıq Qarabağ formal müttəfiq respublika-dövlət statusunda olan Azərbaycan SSR-in tərkibində muxtar vilayət olub. Üstəlik, bu ərazi ilə birlikdə 1991-ci ildə BMT-də müstəqil Azərbaycan dövlətinin sərhədləri tanınıb. Budur, bizə lazım olan! "Tarixi-Nadir”ə qədər uzadılması ilə məlumatı olmayanları bezdirəcək bir tarix nağılının yerinə, məktəblidən tutmuş ahıl yaşlarına varmış vətəndaşımıza qədər sadə şəkildə arqumentləşdirəcəyi qısa tarixçə budur, məncə. Bunları bilməklə yanaşı, həm də unudulmamalıdır ki, torpağı tarixlə deyil, özlərinin və rusların hərbi gücü ilə işğal etmiş erməniləri geri püskürtmək üçün hər bir azərbaycanlının hərbi vərdişə, inanca və Vətən sevgisinə sahib olması əsas, vacib, zəruri şərtdir.

İnsan üçün bəlkə də ən ağır hesabat itirilmiş vaxtla bağlıdır. Hər gün yuxuya getməzdən öncə, gün ərzində nə qədər vaxt itirdiyimi, faydasız zaman keçirdiyimi müəyyənləşdirməyə çalışıram. Vaxt itkisi mövzusunu sistemləşdirmək xeyli çətindir. İndi dövlətlərin və millətlərin bütövlükdə bunu hesablaması mümkündürmü? Ancaq mümkün olan və hamıda olan bir silahdan bizdə də olmalıdır: rasional düşüncə. Sadə bir sual qoyub qısa cavabını düşünməyimiz kifayət edər: Bizə Qarabağın işğaldan qurtarılmasının real konsepsiyası lazımdır, yoxsa "Qarabağ” adında tarix konservi?



TƏQVİM / ARXİV