
BMT-nin Baş katibi Antonio Quterreş Rusiya, ABŞ və Ukrayna arasında Qara dənizlə bağlı razılaşmaları alqışlayır.
Adalet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir.
“Mülki gəmilərin və liman infrastrukturunun mühafizəsi üçün Qara dənizdə naviqasiya azadlığına dair sazişin bağlanması qlobal ərzaq təhlükəsizliyi və təchizat zəncirinə mühüm töhfə olacaq”, - bəyanatda qeyd olunur.
Düjarrikin sözlərinə görə, Baş katib bütün sülh təşəbbüslərini dəstəkləmək üçün vasitəçilik göstərməyə hazırdır.
"Quterreş ümid edir ki, bu cür səylər davamlı atəşkəsə gətirib çıxaracaq və Ukraynada ədalətli, hərtərəfli və davamlı sülhün bərqərar olmasına töhfə verəcək", - BMT Baş katibinin nümayəndəsi bildirib.
Qeyd edək ki, martın 25-də ABŞ və Rusiya gəmiçiliyin təhlükəsizliyini təmin etmək, güc tətbiqini aradan qaldırmaq və Qara dənizdə hərbi məqsədlər üçün ticarət gəmilərindən istifadənin qarşısını almaq barədə razılığa gəliblər.