adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ŞAİR, QƏZƏL OXUMA, GET ŞEİRİNİ YAZ DANA… - Aqil ABBAS yazır

AQİL ABBAS
5693 | 2023-05-03 09:02

Bir istedadlı şair var – Şəhriyar del Gerani, maraqlı və gözəl də şeirlər yazır, ədəbi cameədə də az-çox hörməti var. Amma nədənsə oturub şeirlərini yazmaq əvəzinə ucuz gündəmə qaçır. Yetənə yetir, yetməyənə də bir daş atır.

O gün Mirzə Cəlilə daş atmışdı, bu gün də Qarabağ camaatına daş atmayıb ey, top atıb.

Qarabağ camaatının indi-indi yarası qaysaqlayır, indi-indi özlərinə gəlirlər. Otuz ildən sonra gedib doğmalarının məzarlarını da tapa bilmirlər. Yenidən bu yaranın qaysağını qoparmaq kimə lazımdı, nəyə lazımdı, kimin sifarişidi, haranın sifarişidi?

Həsən bəy Zərdabi haçansa Qarabağ bəylərini qeyrətsiz adlandırıb, zaman-zaman da bunu təkrar eləmək, on mindən çox şəhid vermiş bir camaatı təhqir eləmək və bunu gündəmə gətirmək, camaatın heysiyyatı ilə oynamaq heç kimə şərəf gətirməz.

Heç Zərdabiyə də. Əvvəla, Zərdabiyə pul lazım idisə niyə Bakı milyonerlərindən istəmirdi? Sonra da öz elindən-obasından, Şirvan bəylərindən istəmirdi, basa-basa gedirdi Şuşaya?!

Yeri gəlmişkən. Əlimərdan bəy Topçubaşov Həsən bəy Zərdabinin qızına elçi gedəndə bizim bu görkəmli ziyalı Topçubaşovdan 10 min rubl başlıq parası istəmişdi. Əlimərdan bəy də demişdi ki, indi o pulum yoxdu, söz verirəm ki, toydan yığılan puldan həmin başlıq parasını ödəyərəm. Nə isə…

Mən bu məsələ ilə əlaqədar bir dəfə bir ciddi yazı yazmışam, yəqin ki, beşinci gün qəzetində təkrar çap edərəm.

Şair, erməni kitabını çap eləmək istəyir eləsin də, sən qarabağlıları niyə təhqir edirsən?!

Bir status yazıb, belə qərara gəldim ki, həmin statusu da çap edim, altında yazılan şərhləri də. Qoy oxucu görsün kim haqlıdır.

Vurğun vurmuş, çər dəymiş bir camaatı yenidən çərlətməyin dana, indi-indi özümüzə gəlirik.

Buyurun, statusu da oxuyun, altındakı şərhləri də.

Yeni kitab çıxarmaq istədiyimizi və maddi imkanımızın olmadığını yazmış idim o gün. Dünən əslən öz ermənimiz olan bir oxucum bütün xərcləri qarşılayacağını dedi və məni tarixə yenidən baxmağa sövq etdi. Əvvəla Azərbaycan vətəndaşı olan əslən erməni oxucuma dəruni ehtiramımı bildirir, əllərindən öpür, bağrıma basıram. Demək istəyirəm ki, narahat olmasın, qədim dostum, naşir Şahbaz Xuduoğlu məsələni üzərinə götürdü, söhbət ən peşəkar səviyyədə həll olunacaq sağlıq olsun.

Sözüm ona, bəs Mirzə Ələkbər Sabirin İLK kitabını niyə ERMƏNİLƏR çıxardıb?

Həsən bəy Zərdabinin kədərli bir qənaəti var. Yazır, “Bir erməni Mkrtçda olan qeyrət Qarabağ bəylərinin tamamında olmadı.”

Bütün bunlara aydındıq gətirmək həvəsim yoxdur. Kimə maraqlıdır zəhmət çəksin, axtarış verib oxusun, öyrənsin, namusunu itiləsin. Bilmək istədiyim isə bu: Müasir Azərbaycanda elə bir adam varmı hansısa ciddi bir şairin, yazıçının kitabını çap etdirsin? Gördüyümüz və bildiyimiz kimi tariximizdə bu mübarək işi yalnız və yalnız ERMƏNİLƏR edib bizim qələm adamları üçün. İndi də ERMƏNİLƏR etməyə hazırdır. Gördüm. Niyə belədir? Sual budur: Ni-yə be-lə-dir? Vəs-Salam!

P.S. Axundovun “Tüpürüm sizin üzünüzə!” nidası son vaxtlar dilimin virdidir. Lənət şeytana!

 

TƏQVİM / ARXİV