adalet.az header logo
  • Bakı 31°C
  • USD 1.7

Sevginin satıldığı gün – Eminquey yazır

EMİNQUEY AKİF
647 | 2022-02-14 16:08

Fevralın 13-dən 14-ə keçən gecə hücuma keçirlər. Qəfil hər şeyin rəngi, sehri, ab-havası dəyişir. Mobil operatorların, bankların, butiklərin sevimli bəndəsinə çevrilirsən. Bir anlıq elə bilirsən ki, ananın, qadınının sevgisi də bu sevginin boyuna çatmaz.

“Paltarlara şok endirim!”

“Ətirlərə şok endirim!”

“Beş al, bir ödə”.

“Paltaryuyan al, şirəçəkən hədiyyə”.

Hətta kredit verən bankların da məhz bu gün insafı tuta bilər. Boydan-boya endirim mesajları. Hərçənd ki bir çoxunun aldığı hədiyyə ayıdan, “Ayfon”dan, ətirdən o tərəfə keçmir, amma olsun da, çeşid boldur. Kimin cibi nə qədər gendirsə.

Bu haqda sosial şəbəkələrdə, votsap qruplarında geniş elmi müzakirələr təşkil olunur. Biri deyir, sevən adam hədiyyəni dərd etməz, o biri deyir ki, kişiyə corab aldın, ətir aldın, bəsidir. Və nəticədə nə və kimlər qazanır? Kapitalizm və kapitalistlər.

Axx kapitalizm!

Sən bir çox şeylər kimi əsl mənada sevginin qarşısını alırsan, onu özünə uyğun qəlibə salıb dəyişdirirsən. Sevginin içini boşaldıb sənin istəklərinə xidmət edəcək bir hala salırsan. Müxtəlif şeyləri “sevgi” adı altında bazara çıxarırsan, sevgini bazarlaşdırırsan. Hətta “birdəfəlik” stəkana, boşqaba çevirirsən. Ani məmnuniyyəti ön plana çıxarırsan. Nəticədə insanları asanlıqla əldə edilə bilən, səy göstərilməyən sevgilərə yuvarlayırsan.

İnsanlar sevgi seçimində şüursuz olaraq pul, əmlak kimi şeylərə daha çox üstünlük verirlər. Özlərinə investisiya kimi baxırlar və bundan maksimum istifadə etməyə çalışırlar.

Nə əzab. nə ağrı?!

Boş ver getsin!

Bu olmadı, eybi yox, o biri olsun.

Mən bazara çıxmış məhsulam!

Sevgi?

Pərviz Bülbülə demiş, satılır!

Azadlıq iddiasında olan kapitalizm mülkiyyət quruluşu və bazar münasibətləri ilə hər şeyi nəinki sındırır, həm də sevgini kommersiyalaşdıraraq azadlığını məhv edir.

Kapitalizm insanı əmtəələşdirdiyi halda, təkcə onun bədənini deyil, həm də ağlını, düşüncəsini, duyğularını və sevgisini də əmtəələşdirir. Bu əmtəələşmə hamının tək-tək azad düşünmə qabiliyyətini, yaradıcı enerjisini itirməsinə, əsl xoşbəxtlik, həqiqi sevgi kimi hisslərdən uzaqlaşmasına səbəb olur. Kapitalizmin satmadığı heç bir şey yoxdur. Və elə bunun nəticəsidir ki. tik-tokda, instagramda “Həcim mənə hədiyyə aldı!”,“Rəisim mənə maşın hədiyyə etdi” kimi paylaşımlar ortaya çıxır. İnsanlar da düşünür ki, sevgi məhz bu cür təzahür etməlidir.

İnsanların sevgi anlayışını söküb yenidən yaratmaq lazımdır.

İnqilab!

İnqilabi sevgi!

 

TƏQVİM / ARXİV