adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

ŞUŞANIN DAĞLARI BAŞI DUMANLI

FƏRİDƏ RƏHİMLİ
59692 | 2015-05-09 01:15
Şuşasız Ağdamsız, ümumiyyətlə Qarabağsız Azərbaycan yoxdur.
Heydər Əliyev,
ümummilli lider

Dünən Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərinin işğal olunmasından 23 il keçdi. Amm yirmi üç il keçməsinə baxmayaraq yaramız qaysaq bağlamır. Bağlamasın, yaramız hər an göynəsin ki, biz də yata, dincələ bilməyək, istəsək də unuda bilməyək Şuşanı.

Möhnətini böləmmədik,
Həsrətindən öləmmədik,
Harayına gələmmədik,
Ay dərd ilə qoşam, laylay,
ŞUŞAM laylay,
ŞUŞAM laylay!!!...
F.Məmmədli

8 may 1992-ci ilədək Şuşada 25 min nəfərədək əhali yaşayıb. Şuşanın daşınmaz tarix və mədəniyyət abidələri sırasında tarixi əhəmiyyətli fərdi binalar və onların əraziləri, qurğular, daşınan mədəni mülkiyyətə aid abidələr, arxeoloji-mədəni təbəqələr çoxluq təşkil edirdi. Burada dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrini və Şuşa Dövlət Mədəniyyət Qoruğunu xüsusi olaraq qeyd etmək lazımdır.
Qarabağ Azərbaycan təbiətinin nadir gözəlliklərini, Azərbaycan xalqının maddi və mədəni irsini, qədim adət və ənənələrini özündə əks etdirən füsunkar diyardır. Qarabağ təkcə özünün nadir gözəlliyə malik xalçaları, Midiya dağ atları - Qarabağ atları, Avropaya, Rusiyaya ixrac edilən ipəyi, zərgərlik məmulatı, silahları ilə deyil, həm də nadir təbiəti, müalicəvi suları ilə də məşhur idi. Sərt dağlar, sıx meşələrlə əhatələnən və toponimikası Azərbaycan dilində"qara bağ","böyük bağ" kimi yozulan bu diyarın paytaxtı isə qədim Pənahabad - Şuşa şəhəri olmuşdur. Şuşa şəhərinin ərazisi zəngin və şanlı tarixi keçmişə malikdir. Uzaq keçmişdə bura qədim Xocalı-Gədəbəy mədəniyyətinə (e.ə. ikinci minilliyin ikinci yarısı - birinci minilliyin əvvəlləri) daxil olan ən qədim yaşayış yerlərindən birində yaranmış və daimi insan məskəninə çevrilmişdir. Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən məşhur Cıdır düzündəki Şuşa mağarası (Üçmıx dağında) bu yerlərin Azərbaycan ərazisində ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir. Dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən Şuşa şəhərinin cənubunda Qafqazın ən qədim yaşayış məskənlərindən biri yerləşir. XX əsrin 70-ci illərində Şuşa mağara düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı burada paleolit dövrünə aid daş alətlər aşkar olunmuşdur. Bu ərazilər tarixi Azərbaycan torpaqlarının - Midiya dövlətinin, Qafqaz Albaniyasının, Qarabağ xanlığının ayrılmaz hissəsidir. Şuşa Qarabağ xanlığının hərbi-strateji əhəmiyyətli və iqtisadi, siyasi, mədəni mərkəzi kimi yaranmış və inkişafı etmişdir. Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Gaius Cornelius Tacitus (Tasit) Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində"ş" səsi yoxdur) şəhərinin olması haqqında məlumat vermişdir. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu"Şuşa"(şüşə - glass) adlandırmışlar.
Şuşa, Qədim dövrlərdən mövcud olmuş şəhər, XIII əsrdə monqollar tərəfindən dağıdılmışdır.
Şuşa rayonu Azərbaycan Respublikasında inzibati ərazis olaraq 1930-cu ildə təşkil edilmişdir. Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində yerləşir. Ərazisi 289 km?-dir. Əhalisi 1 yanvar 2014-cü il tarixinə 31.5 min nəfərdir. Şuşa rayonunun ərazisinə bir şəhər və 31 kənd daxildir. İnzibati mərkəzi Şuşa şəhəridir. 1992-ci ildən rayon erməni silahlı dəstələrinin işğalı altındadır. Şəhər 8 may 1992-ci ildə işğal edilmiş və vəhşicəsinə dağıdılıb və əhalisi qaçqın düşərək Azərbaycanın müxtəlif reqionlarında yaşayırlar.
Rus işğalı dövründə də Şuşa Qarabağın paytaxtı kimi öz aparıcı mövqeyini saxlayırdı. Ancaq Rusiyaya güclü Qarabağ xanlığı sərf etmirdi və çar məmurları Qarabağ xanlığını zəiflətmək üçün gözəl üsul tapdılar. Onlar Qarabağa, əsasən də Şuşa şəhərinə yersiz-yurdsuz, dilənçi halında olan erməniləri köçürməyə başladılar. Ermənilərin iyrənc xislətinə yaxşı bələd olan ruslar bilirdilər ki, bu dilənçi millət bir az özlərinə gələn kimi, Azərbaycan xalqına qənim kəsiləcək, başlarına min oyun açacaqlar.
4 may 1805-ci il Kürəkçay müqaviləsi rusların bu fitnəkar siyasətinin əsasını qoydu.
12 oktyabr 1813-cü il Gülüstan və 10 fevral 1828-ci il Türkmənçay sülh müqavilələri Azərbaycan torpaqlarının İranla Rusiya arasında bölüşdürülməsini davam etdirdi və bu köçürmə siyasəti daha geniş vüsət aldı. Türkmənçay sülh müqaviləsinin XV maddəsində deyilir:"gMəmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq mallarına və ya əmlakına, əşyalarına hər hansı bir qadağa qoyulmadan mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir".
İkinci Rus-İran müharibəsinin gedişində İrandan Azərbaycana, o cümlədən Qarabağa 18 min erməni ailəsi köçürüldü. Türkmənçay müqaviləsinə görə 2 il ərzində, 1828-ci ildən 1830-cu ilədək, Cənubi Qafqaza 40 mindən çox İran və 84 000 Türkiyə ermənisi köçürüldü. Onlar Gəncə və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirildi və onlara 200 000 desyatindən çox xəzinə torpağı ayrıldı.
1832-ci ildə Qarabağ əhalisinin 91%-ni azərbaycanlılar, 8,4%-ni isə ermənilər təşkil edirdi. Köçürmə siyasəti nəticəsində azərbaycanlıların sayı 64,8 %-ə endi, ermənilərin sayı isə 34,8 %-ə qalxdı.
XIX əsrin sonlarından başlayaraq erməni millətçi təşkilatları Azərbaycanın əzəli torpaqları olan Qarabağ, Naxçıvan və Zəngəzur bölgələrinə yiyələnmək üçün cəhdlər göstərərək,"Böyük Ermənistan" yaratmaq ideyasını həyata keçirmək üçün geniş fəaliyyətə başladılar. Bu istiqamətdə onların ilk hədəfi Zəngəzur və Qarabağı ələ keçirmək idi.
1918-ci ildə rusların səyi nəticəsində Qərbi Azərbaycan torpaqları (İrəvan, Dərələyəz, Zəngibasar, Göyçə və s. mahallar) ərazisində indiki Ermənistan dövləti yaradıldı.
Azərbaycan rəhbərlərinin belə"səxavətli hədiyyəsindən" ruhlanan Ermənistan rəhbərliyi rəsmi surətdə Qarabağa dair ərazi iddiaları irəli sürdü.
Şuşanın işğalına gedən yol Meşəlidən, Kərkicahandan, Malıbəylidən, Quşçulardan, Xocalıdang keçdi. Bütün bunlara baxmayaraq, Şuşanın işğalına heç kəs inanmırdı, ağlına belə gətirmirdi. Ancaq bu hadisə baş verdi və Şuşa 1992-il mayın 8-də erməni və rus işğalçıları tərəfindən işğal edildi. Şuşanın işğal günü bütün Azərbaycan xalqının mənəviyyatına vurulmuş ağır bir zərbə, bizim hamımız üçün ağır bir dərddir.
Şuşa Azərbaycanın bəlkə də yeganə bölgəsidir ki, bu qədər tarixi şəxsiyyətlər, incəsənət xadimləri yetişdirib, Azərbaycanın başını uca edib. Azərbaycan mədəniyyətinə dühalar, tarixi şəxsiyyətlər, incəsənət xadimləri bəxş etmiş bu şəhər, nə qədər istəsələr də heç vaxt, heç bir vəchlə başqa bir millətin ola bilməz. Bu şəhəri özünün adına çıxmağa çalışan hər hansı bir millətin arzusu ürəyində qalacaq. Düşmənlərimiz Şuşanı müvəqqəti işğal etsələr də, kənd-kəsəklərinə yalançı adlar qoysalar da, onu heç vaxt özününküləşdirə bilməyəcəkdir.

Şuşanın dağları başı dumanlı,
Dərdindən ölməyə çoxdur gümanlı...

Ustad Xan Şuşinskinin yazdığı və oxuduğu bu mahnını eşidəndə istər-istəməz adamın ürəyinin başı göynəyir. Çünki əsası Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulan Şuşanın başını doğrudan da dumanlar alıb. Şuşa 1992-ci il mayın 8-də erməni qəsbkarları tərəfindən işğal olundu. Azərbaycan musiqisinin beşiyi sayılan Şuşanın onlarla tarixi abidələri, o cümlədən Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı"Gövhər ağa məscidi", Xurşud Banu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi yağmalanıb. Hətta Ü. Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəlləri belə düşmən gülləsinə tuş gəlib... Lakin böyükdən-kiçiyə hamı inanır ki, ən yaxın vaxtlarda Şuşanın başının üstündəki qara duman çəkiləcək, Qarabağ savaşında yüzlərlə şəhid verən Şuşa erməni işğalından azad ediləcək, elindən-obasından didərgin düşən qaçqınlar yenidən öz yurdlarına qayıdacaqdır. Beləcə, Şuşa köhnə yaralara məlhəm qoya-qoya yenə nəğməli-sözlü ömrünü yaşayacaq, yenə havalanacaq"Xanın səsi","Qarabağın şikəstəsi..."

TƏQVİM / ARXİV