Sosial şəbəkə həyasızlığı – Eminquey yazır

EMİNQUEY AKİF
1452 | 2023-07-20 15:14

Sosialşəbəkə həyasızlığı.

4k keyfiyyətli, bol effektli və bol-bol pərəstişkarı olan.

Biri videolarında, canlı yayımlarında sinəsini, yumşaq yerlərini açır, oynayır. Videonun üstünə yazıb ki, dostlar, əmməyə qiymət verin, bəyənin. Çox üzr istəyirəm, ikinci “m” mənim yox, qiymət tələb edən dişinin səhvidir. Təbii, beldən aşağısı ac, daha dəqiqi, el diliylə desək, ləlöyün olan adamlar üçün bu kimi videolar, canlı yayımlar müftə qonaqlıq kimidir, gələcək, gözünü doyuracaq, axırda da “Allah əxlaqlı qadınlarımızı qorusun” yazıb gedəcək. Sinəsini, yumşaq yerlərini vitrinə çıxaran bu biri də əxlaqdan dəm vuran yanıqlara söyüşlə cavab verəcək, evindəkiləri pozğun çıxaracaq, hələ bir axırda “mənə filan şeyi eləyən hələ anasından doğulmayıb” deyib lotuluq da edəcək.

Çox qəribə tamaşadır, eləmi?

Aydın başlınğıc, dinamik inkişaf, kulminasiya və final.

Soyunan adamın məqsədi nədir? Sadəcə soyunmaqmı? Məqsədsiz, filansız? Boş söhbətdir. İnsan hətta hamama belə məqsədsiz şəkildə lüt girmir. Bir məqsəd var, təmizlənmək, paka çıxmaq. Hərçənd ki, bunların soyunmağı təmizlənməyə, paklanmağa yox, çirklənməyə xidmət edir, amma heç vaxt sən bunu onların yumşaq yerlərinin üstünə qoya bilməzsən.

Sən bütün şəhvət hissi doğuran yerlərini aç, oynat, burcut, axırda da camaata de ki, baxın ha, kəsərəm sizi, mənim bədənimə hələ erkək milçək belə cürət edib yaxın düşə bilməz. Bax bu qlobal səviyyədə, yüksək keyfiyyətli, 4k çəkilişli həyasızlıqdır. Yalansa sinən daşa dönsün, qəbilə yoldaşların “qaval daşları” ilə üstündə ritm vursunlar.

Xülasə, əxlaq tələb edən yanıqlarla göstərib verməyən qeyrətli xanımların tamaşaları milyonlar tərəfindən izlənilir, bu 4k keyfiyyətli həyasızlara sponsorlar qaxmar çıxır, biri TV-yə çıxıb veriliş aparır, biri kinoya çəkilir, biri reklama, biri də TV-nin böyüyünün, rejissorun... nə isə...

Beləcə, hamam hamam içində, xəlbir saman içində, pozğunlar dəllək oynadır, köhnə hamam içində.

Bu boyda həngamənin içində biri də “əmməyə qiymət verin, bəyənin” başlığının alt qatındakı mesajı tutub rəy yazır:

- Uzaqbaşı 50 manat.

Bəli, əllicə manat.

Bu əllicə manata mən iki dənə beş min işarəlik yazı yazıram, onlar isə...

 

TƏQVİM / ARXİV