SÜKUTLA ÜZ-ÜZƏ - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1048 | 2023-11-16 11:09

Adətimdi, hər hansı bir yazını yazmamışdan öncə əvvəlki yazılarımı gözdən keçirirəm. Bu da səbəbsiz deyil. Çünki mənim yazılarımın böyük əksəriyyəti bir növü əgər belə demək mümkünsə, bir-birinin davamıdı, ardıdı. Ona görə ki, həmin yazılarımı mən yaşayıb yazıram. Onlar mənim təkcə duyğularımın, hisslərimin ifadəsi deyil. O həm də arzularımın, xəyallarımın, yuxularımın və bir də həqiqətən yaşadıqlarımın yazıya köçürülmüş, lentə alınmış görüntüləridi. Ona görə də əvvəlki yazılarımı gözdən keçirmək məni həm kökləyir, həm də az-çox tərkrardan qaçmağıma şərait yaradır. Bax, bu mənada məni daim oxuyan oxucularım yəqin ki, bu dediklərimin canlı şahidləridilər və müəyyən qədər də mənimlə razılaşarlar...

Bəli, həyatın elə məqamları var ki, onu sükutla qarşılayıb, sükutla da yola salırsan. Təbii ki, bu kənardan belə görünür. Duyğusal insanların sükutu da söhbətdi, danışıqdı, yazıdı. Bax, bu mənada mən bütün sükutların səssiz söhbət olduğuna inanıram və özüm də sükutla qarşılayıb, sükutla yola saldığım hər bir anı, hər bir yaşamı içimdə bəlkə də ən haylı-küylü məqamlardan daha çox həmsöhbətə çevirirəm. Çünki həmin sükutlu an mənimlə o sükutun baş-başa qalmasıdı... mənim o sükutun dizinin dibində oturub bütün diqqətimi ona yönəltməyimdi. İlahi, sükutda nə boyda ürək varıymış, nəfəs varıymış söz-söhbət varıymış. Dinlədikcə doymaq olmur. İndinin özündə də mən həmin sükutun səsini eşidirəm, hənirini duyuram. Və mən inanıram ki, o sükut da məndən nə isə özünə hopdurub, məndən nə isə qoparıb alıbdı. Əgər belə olmasaydı, biz bir-birimizə bu qədər bağlanmazdıq!

...Və mən də sükut dilində bu yazını diqtə etməyə başlayıram. O dili bilənlər mənimlə razılaşacaqlar. Axı mən onların da ürəyindən keçənləri, düşündüklərini yazıya köçürürəm...

Hə, dörd divarın arasında, qapının, pəncərənin bağlı olduğu bir məqamda, ilk baxışdan həyat əlamətinin duyulmadığı bir ovqatın içində, eşidirəm bu səsi. O səs bəlkə də qeybdən gəlir... bəlkə də divarların səsidi... bəlkə də yazı masamın... lap elə bəlkə də əlimdəki qələmin səsidi.. Amma çox doğmadı, çox həlimdi. O qədər ruhuma, ürəyimə doğmadı ki, özümdən asılı olmadan o səsin sənə aid olduğuna qərar verirəm. Bu da bir Tanrı hökmü, bu da bir üz tutub, and içib qiblə saydığım varlığın məndə bir anın içərisində yaratdığı qərarın, hisslərin ifadəsidi. Bu sənin səsindi

Hə, bax elə həmin o səs indi əlimdən tutub. Özümü güvənli, ayaqda durmağı haqq etmiş biri kimi sayıram. Elə bilirəm ki, məni heç nə və heç kim nə yerimdən tərpədə biləcək, nə də o səsi məndən almağa gücü çatacaqdı. Çünki o səsin şah damarı səndən gəlir, sənə bağlıdı. Sənə bağlı olan hər bir an, hər bir duyğu, hər bir hiss həm də Tanrının özünə gedib çatır. Elə bilməyin ki, bu asilik əlamətidi. Yox, sadəcə olaraq, gerçəyi bilmək, gerçəyi dilə gətirmək çətin olsa da, lazımlıdı, vacibdi, həm də zəruridi. Bu üç əlamətin içərisində sükutu görmək ümumiyyətlə, o içindəkiləri haqq etmək ən böyük mükafat və hardasa həm də ən halal şərəfdi. Çünki onu sevgini verən, sevgini qəlbinə hopduran bağışlayır sənə. Allahın verdiyini, bağışladığını da yalnız Allah geri ala bilər. Düşünmürəm ki, belə bir cəza, belə bir ağır ittiham mənə də aid edilsin. Axı mən öz dünyamın hər anında, hər yerində yalnız öncə söylədiklərimi, yəni Allahımı və səni görmüşəm və görürəm. Deməli, özüm-özümü nədə və necə ittiham etsəm də, son nöqtə, son nida bəlli gücün, bəlli qüdrət sahibinindi.

***

Heç kim heç nədən sığortalanmayıb. Bu fikir birbaşa mənəvi anlamda ifadə olunur. Yəni burda söhbət fiziki yanaşmadan, sosial müstəvidən getmir. Məlumdur ki, dünyanın hər yerində müxtəlif formada, müxtəlif adlı sığortalar var. Hətta eşitdiyimə görə, məzarını, cəsədini də sığorta etdirən var. Yəni bu hər kəsin öz qərarı, öz yanaşmasıdı. Amma mənəvi sığorta o zaman mümkün ola bilər ki, bütün düşüncələr, duyğular, hisslər bir-birini tamamlasın. Yəni obrazlı desəm, nəfəs-nəfəsə qarışsın, bütövlük, tamlıq yaransın. Burda ağıla xoşbəxtlik deyilən bir məfhum, bir fikir gələ bilər. Amma siz də bilirsiniz ki, xoşbəxtlik nisbidi. Nəyə görə o da bir an çəkir? Çünki dəyişən anlar ovqata təsir etdiyindən həmin o böyük xoşbəxtlik də zorən əriməyə məhkum olur. Lap çılpaq desəm, ən xoşbəxt anın içərisində qəfil bir zəng, qəfil bir hadisə, ümumiyyətlə, gözlənilməz nələrsə baş verəndə və həmin ən xoşbəxt an baş verənlərin içərisində çıxılmaz durumda qalar. Buna isə sığorta yoxdu, buna isə kiminsə qarant dayanması mümkünsüzdü. Kimliyindən, hansı imkanların sahibindən asılı olmayaraq. Deməli, mənim baxış bucağıma görə ən gözəli həmin o mənəvi sığortadan çox ürəyə, ağıla güvənməkdi. Ürək və ağıl dil tapa biləndə adamın bütün dolamalardan keçməsinə, bütün qaranlıqları yarmasına yardımçı olur. Mən bu qərarımda artıq dəyişməsi mümkün olmayan bir mövqedə dayanmışam. Düşünürəm ki, bu mövqeyimlə də heç kəsin xətrinə dəymirəm, nə də haqqına müdaxilə etmirəm. Axı, bizim fikir azadlığımız təmin olunubdu. Və...

İndi ovqatımın qapısını döyən telefon zəngi bu yazının damarına deyəsən yavaş-yavaş əsəb qatmaq istəyir. Mən də həm oxucularıma, həm də içimdəmki duyğularıma ötəri də olsa o əsəbi hiss etdirməmək üçün öz-özümə pıçıldayıram:

Səssizliyin içində

Səssiz qala bilmədim...

Səssizliyin içindən

Səssiz ala bilmədim –

Səni!

Sükutun caynağında

Fikrə dala bilmədim...

Sükutun caynağından

Çəkib ala bilmədim –

Səni!

Tənhalığın çökdüyü

Vücudumu əzirdim...

Ümidimin sökdüyü

Dan yerində gəzirdim –

Səni!

Xəyalımla yuxumu

Qarışdırdım... və yozdum...

"Görünməyən ulduzlar”

Dəftərindən mən pozdum –

Səni!

İçimdən qaçan özüm

Bu halıma çəkildim...

Bir də baxıb gördüm ki,

Ürəyimə əkirdim –

Səni!

Bəli, bax, budur özünə çəkilmənin, öz sükutunun həmsöhbəti olmanın bir işartısı da!.. Təbii ki, mən heç kəsi sükuta, özünə çəkilməyə çağırmıram. Və ümumiyyətlə, kiməsə məsləhət vermək də mənlik deyil. Əgər məsləhət vermək, yol göstərmək imkanım yetərincə olsaydı, yazıçı-publisist Aqil Abbas demişkən, mən də ən azından bir qəzetin redaktoru olardım. Deməli, ayağını yorğanına görə uzatmaq daha doğru seçimdi. Və bir də...

Üzümü sükutumun hakim olduğu iç dünyama, o dünyanın sahibinə tuturam. Öncə demək istəyirəm ki, bu ricama əməl etsin. Yəni Səni deyirəm:

Döy qapımı hər səhər

Dua boxçan sinəndə...

Danış, hətta birtəhər,

Hər ürəyin dinəndə -

Məndən!

Bu bir dəli istəkdi, amma içimdən gəlir. Ona görə də onu dilimə gətirdim. Axı, ağıllı fikirləşənə qədər dəli öz işini görür! Sən də mənə bənd olma.

TƏQVİM / ARXİV