Canımız ağrıyanda... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
176 | 2024-12-01 23:19

Heç indi dünyada ağrımayan adam yoxdu. Çünki dünyanın mizan- tərəzisi pozulub. Böyük ölkələr atmosferi, ekologiyanı nüvə silahlarını sınaqdan keçirməklə  elə yaman günə qoyublar ki,  udduğumuz hava, içdiyimiz su, yediyimiz qidalar zəhər- zəhrimardı.  

Belə də olanda insanlar çox asanlıqla müxtəlif xəstəliklərə  düçar olurlar. 20- 30 il bundan əvvəl indiki kimi xəstələr  çoxlu deyildi.Əvvəllər bizim kənddə   bir- iki ürək, bir- iki də şəkər xəstəsi var. Amma bu gün kəndimizdə  ürək və şəkər xəstələrinin  sayı- hesabı yoxdu. Çoxlu  adamın ya ürəyində  açıq əməliyyat aparılıb, ya da  stend qoyulub. Nə isə... 

Bir aya yaxındır ki, təzyiqdən  və ürək ağrısından əziyyət çəkirəm.Heç çox vaxt işə gedə də  bilmirəm. 50 illik dostum və qardaşım Aqil Abbas məni yola verır. Allah balalarını və nəvələrini qorusun! Həkimə isə getmirəm və ağrılara bir təhər dözürəm.Bəzi adamlar əli yananda ağzına təpdiyi kimi, Əbülfət Mədətoğlu  və mən çətin analrımızda, təzyiqimiz kəllə- çarxa qalxanda  dostumuz və qardaşımız, bütün kasıblara, kimsəsizlərə əl tutan, arxa duran, qorxma deyən  kardioloq, tibb elmləri namizədi, oxşarı və bənzəri olmayan  Rafiq Yusiflini axtarırıq.

Sözün düzü, mən Rafiq həkimdən başqa  digər kardioloqa bir o qədər də inanmıram. Mobil nömrəsini yığdım o dəqiqə cavab verdi:"Qağa,  Qalaaltındayam. Bir həftə burda dincələcəm. Bakıya gələn kimi görüşərik. Özün nə təhər sən, Əbülfət nə təhərdi"-dedi.    " Bizdə yaxşıyıq, Əbülfət müəllim də  pis deyil. Amma məni bir az ürəyim narahat eləyir." Yenidən həkimin səsin eşitdim, dediyim dərmanları qəbul elə, heç bir qorxusu yoxdu, mən də tezliklə gələrəm, görüşərik"- deyib telefonu bağladı...  

Bir neçə gündən sonra  Rafiq həkimlə görüşdük. Və aramızda səmimi   söhbətlər oldu. Və bu söbətlər bizi  70-ci illərə apardı. Füzuli Mərkəzi xəstəxanasında  partkom olduğu dövrdən, orda kardiologiya şöbəsinin açılması tarixindən danısdı. Dedi ki, səhiyyə naziri Füzuliyə gəlmişdı və mən də həmin  yığıncaqda  çıxış etdim.Nazir dedi ki, bu, gənc  həkimin çıxışı çox xoşuma gəldi, amma bizdən bir şey istəmədi. Payon Partiya Komitəsinin birinci katibi  Əhməd Əhmədzadə dedi ki, həkim mənə lazım olanı deyib. Onlar istəyir ki, mərkəzi xəstəxanada kardiologiya şöbəsi açılsın.

Heç bir həftə keçmədi ki, nazir həmin şöbəinin açılması ilə bağlı əmr imzaladı. Həmin illəri xatırladıqca  Rafiq həkim gövrəlirdi. Çünki onun bir çox həkim dostları rəhmətə gedib. Rayon səhiyyə şöbəsinin müxtəlif dövlərdə    müdirləri olmuş, baş həkimlər, İsayevin, Qaraşovu, Behbudovu  bir daha yada saldı və gözləri doldu . Salyandan olan məşhur kardio- cərrahı da xatiraldı. Dedi ki, mən onun kimi savadlı, yüksək mədəniyyət sahibi təmiz və gözütox insana çox az rast gəlmişəm. Elə bu günlər Salyanda  keçirilən tədbirdə həmin gözəl insan bir daha xatırlandı və mən də öz xatirələrimi danışım. O, böyük insanlla bir dəfə Füzulidə görüsmüşdüm və yadaşımda  silinməz izlər qoymuşdu.Düşünmüşdüm ki, belə ziyalı həkimlər insanlığın ən yüksək zirvəsidir...

Şirin söhbətlər bizə itirdiyimiz dostlara qədər apardı. Uzun illər prokurorluq orqanında isləmiş, Yasamal və Səbail payonların prokuroru işləmiş, hüquq elmləri doktoru Şirxan Adıgözəlovu xatırladıq. Rafiq həkim dedi ki,Şirxan kimi oğullar az - az olur və onu yerini heç kim əvəz  edə bilmir.  Əl- oba üçün çox qənimət adam idi,yeri Cənnət olsun!  Onunla söbətimin hamısını yazsam gərək qəzetin bir nömrəsini  zəbət edəm.

Ona görə də bütün dostlara ürəyinin işığını verən, kasıba- küsuba arxa duran, bir sözlə, bizə qağalıq eləyən Rafiq həkimə cansağlığı arzulayıriq. Ki, onun canı sağ olsa, bizim də canımız ağrımaz...

TƏQVİM / ARXİV