Bir qədər uzun alındı.
İstədim: “Mənə elə gəlir ki, Ayaz Salayevi topa tutmaq lazım deyil. Mən onun dediklərindən belə başa düşdüm ki, rus dilli məktəblərdə təhsil daha yaxşı olub. Şəxsən mən razıyam. İndi bilmirəm, amma Sovet vaxtı, çox vaxt, rus bölümündə təhsil daha keyfiyyətli olurdu. Məsələn, mən əlaçı idim və məktəbimizin tarixində ilk dəfə, o zaman ittifaq miqyaslı məşhur olan, “Artek” pioner düşərgəsinə göndəriş qazandım. Hava limanında Azərbaycanın müxtəlif guşələrindən olan uşaqlarla tanış oldum, həmçinin rus bölümündə oxuyanlarla. Səmimi deyirəm, həmən vaxt hiss etdim ki, onların, rus bölümündə təhsil alanların dünyagörüşü, bilikləri mənimkindən çoxdur. Sonradan, yeniyetmə və gənclik illərimdə Rus dilindıə təhsil almış xeyli tanışlarım, dostlarım oldu və var. Əksəriyyətini də dünyagörüşlü gördüm. Hətta onlardan bəzilərinə baxıb öz üzərimdə daha çox işlədiyim vaxtlar da oldu. Bəlkə də onların biliyi, dünyagörüşü mənimlə müqayisədə çox idi, ola bilər. Amma, qeyri təvazökar səslənsə də qeyd edim ki, özümü dünyagörüşü olmayan biri hesab etmirəm. Bu yerdə qeyd edim ki, onların vətən sevgisi heç də mənim vətən sevgimdən az deyildi.
Belə bir deyim var, hər hansı bir düz xətti pozmadan qısaltmaq üçün onun yanında uzun bir xətt çəkmək kifayətdir. Öz dilimizdə təhsilin səviyyəsi artdıqca, başqa dillərdə təhsilə maraq azalar. Axı məktəblərdə həm də Rus, İngilis və digər xarici dillər də tədris olunur. Azərbaycan bölümündə təhsilin səviyyəsi yüksəldikcə uşaqlarımız xarici dilləri də asanlıqla öyrənə bilərlər. Məsələn, mənim övladlarım burda, Niderlandda təhsili Niderland dilində alıəblar. Amma İngilis dilində də sərbəst danışırlar. Alman dili ilə isə sadəcə tanışlıqları var, çünki məcburi fənn deyildi.Demək istədiyim odur ki, bəzən nə deyildiyinə yox, nə demək istədiyinə baxmaq lazımdır” – yazım. Amma qorxuram ki, məni də “ruspərəst” adlandırarlar (baxmayarq ki, elə deyil və Avropa mətbuatında belə Rusiyanın siyasətini dəfələrlə tənqid etmişəm). Ona görə də yazmıram.
Vüqar Abbasov.
Niderland.