Tələbənin cibinə pul qoyarlar... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
1436 | 2023-01-30 12:04

Pul almazlar

 

Bu gün bir çoxları yeni təhsil sistemində yaradılmış yeniliklərlə bağlı müxtəlif fikirlər səsləndirirlər. Bu yeniliklər təbii ki, bir çox ölkələrin qabaqcıl və müasir təhsil metodlarından yaradılıb. Və eyni zamanda bizim təhsil işçiləri Avropanın və eləcə də xarici ölkələrin təhsil sistemlərini bəh-bəh ilə qəbul edirlər və deyirlər ki, bu təhsil sistemi çox yüksək nəticə verəcək, gənclərimiz dünyəvi elmlərə və müasir texnologiyalara daha dərindən yiyələnəcəklər. Buna sözümüz yoxdur, amma görünən odur ki, bu Avropadı, nədi, bizi yaman pis günə qoyur. Yəni yeni təhsil sisteminin birdən-birə həyata keçirilməsində elə anlar yaranır ki, bunu nə müəllimlər qəbul edir, nə də tələbələr.

Mənimlə kimsə mübahisə edə də bilər, amma görünən odur ki, yenilik adı ilə qəbul olunan bu ənənələrə görə, təhsil sistemində tələbələr bəzən olmazın çətinlikləri ilə üzləşirlər. Məsələn, hər hansı bir tələbə semestr imtahanı verərkən kəsilirsə, bu, heç də asanlıqla başa gəlmir. Yəni həmin tələbə bu kəsir üçün 50 manatdan 200 manata kim pul ödəməlidir. Hələ bu da hamısı deyil. Hansısa tələbə dərsə gəlmədiyinə görə, qayib alırsa, ona görə də pul verməlidir. Balam, bu tələbə pul üstündə yatıb, yaxud bütün tələbələr varlı uşaqların övladıdır?! Bax, bu pulu onlar hardan tapıb versinlər? Tələbə təhsil haqqı versin, kirayənişin pulu ödəsin, yeməyə pul tapsın, əyin-baş almağa pul axtarsın. Yazıq tələbə bunu hardan tapsın?! Hələ biz kitab-dəftərə, yolpuluna xərclənən vəsaitləri demirik...

Ümumiyyətlə, bu gün tələbələrə münasibət heç də birmənalı deyil. Şəxsən mənim onlara yazığım gəlir. Çünki əksər ali məktəblərin yataqxanası yoxdur və böyük tələbə ordusu da yataqxanada yox, ayrı-ayrı yerlərdə mənzil götürməklə kirayənişinlik ömrü yaşayırlar. Təqaüd alanlar da var. Amma bu təqaüd heç onların yeməkpulu eləmir. Biz tələbə olanda kirayə pulu 30 manat idi. Yeməyə də gün ərzində 1-2 manat pul xərcləyərdik. Ümumiyyətlə, 100 manatla bəy kimi dolanardıq. Hələ təqaüd alan tələbələr isə o vaxtlar kef edirdilər. Amma indi kirayə pulu ən azı 100-150 manat edir. İki tələbə bir evdə qalsa, 300 manat ev pulu verməlidir. Bəs belə olan halda yazıq tələbə kəsir pulunu necə ödəsin?! Hələ üstəlik, bəzi ali məktəblərdə rüşvət də var. O pulu da tapıb müəllimə vermək özü də bir zülümdü.

Bir çox təhsil ekspertləri kəsir pulunun və eləcə də qayıb pulunun ləğv olunmasını səsləndiriblər. Özü də düz eləyiblər! Bu gün biz tələbələr haqqında düşünməsək, onların gününü-güzəranını fikirləşməsək, gələcəyimiz çox qaranlıq ola bilər. Təhsil eksperti, millət vəkili Etibar Əliyev də bu mövzu ilə bağlı dəfələrlə sosial şəbəkələrdə, saytlarda və kütləvi informasiya vasitələrində öz fikirlərini səsləndirib. O, dəfələrlə bildirib ki, kəsir pulu yığışdırılmalıdı. Təəssüf ki, onun dedikləri sanki daşa, divara dəyir. Daşdan, divardan səs çıxır, amma aidiyyatı qurumlardan xəbər olmur. O vəsait ayrı-ayrı universitetin büdcəsinə gedir, ona da nəzarət olunmur, rektorlar da sağa-sola xərcləyirlər.

Təbii ki, təhsil ekspertinin fikirləri çox ədalətli və obyektivdir. Valideyn var ki, övladının təhsil haqqını banklardan kredit götürməklə ödəyir. O ki, qala kəsir pulu ola və digər problemlər yarana! Əgər bir tələbənin semestrdə 4-5 kəsiri olsa, onun evi yıxılar ki?! Yazıq valideyn o pulu hardan tapıb balasını bu bəladan xilas eləsin?! Bizcə, bu cür «təhsil metodları» özünü doğrultmur, ən azından ona görə ki, bu barədə cəmiyyətdə və ictimaiyyətdə çox böyük narazılıqlar var. Qardaşım, tələbədən pul almazlar, tələbənin cibinə pul qoyarlar ki, o yaxşı oxusun, gözəl mütəxəssis kimi yetişsin, xalqına və millətinə xidmət eləsin. Biz tələbələrin elmə və təhsilə olan həvəsini öldürməməliyik. Əksinə, onları ruhlandırmalıyıq ki, tələbəlik illərində dərin savad alsınlar, dünyəvi biliklərə yiyələnsinlər və vətənpərvər insan kimi yetişsinlər.

Gəlin, bir reallıqla da razılaşaq ki, elə təhsil ocaqları var ki, orda tələbələrə böyük sevgi ilə, məhəbbətlə yanaşılır. Mənim nəvəm qəbul imtahanı zamanı seçim gələndə nə qədər elədim, Bakı Dövlət Universitetini seçmədi. Dedi ki, dədə, yox. Mən Azərbaycan Dövlət Pedaqoji Universitetini seçirəm. Mənim seçdiyim universitetdə rüşvət yoxdur. Nəvəm Pedaqoji Universitetin biologiya ixtisasını seçdi və ora qəbul oldu. İndi də 2-ci kursda təhsil alır. Bir dəfə olsun onun imtahanları ilə bağlı kiməsə ağız açmamışam. Gecə saat 2, 3-ə qədər oxuyur və yüksək qiymət də alır. Nəvəm onu da deyir ki, onların rektoru, professor Cəfər Cəfərov bu ali məktəbdə çox böyük şəffaflıq və obyektivlik yaradıb. Nəvəm onu da deyir ki, hətta tələbələr çətin vəziyyətə düşəndə rektorun qəbuluna asanlıqla girir və rektor da ona köməklik edir. Bizdə bir qıza qarşı ədalətsizlik olmuşdu, həmin tələbə rektorla görüşdü və həmin gün də qızın problemi həll olundu. Yəni obyektivlik və ədalət qalib gəldi.

Təbii ki, bu cür ali məktəblərin təcrübəsi digər təhsil ocaqlarında da yayılmalıdır. Ali məktəb var ki, tələbə rektorun qəbuluna düşə bilmir. Amma Azərbaycan Dövlət Pedaqoji Universitetində ədalət Zəfər çaldığına görə, burda tələbənin incidilməsindən və rüşvət alınmasından söhbət gedə bilməz. Aydındır ki, belə təhsil ocağında tələbə özünü daha rahat hiss edir, əsəbləşmir, biliyinə, özünə, bir də müəllimin ədalətinə güvənir.

Sözümüzün canı odur ki, tələbələrimizi əlavə streslə, sıxıntı ilə və çətinliklə yükləməməliyik və onların kövrək qəlbini, ürəyini sındırmamalıyıq. Ümumiyyətlə, Azərbaycan təhsilində kəsir pullarının verilib-verilməməsi ilə bağlı qısa zaman kəsiyində bir qərar qəbul edilməlidir. Əgər bu qərar kəsirə görə pul verməməklə həll olunarsa, bu tələbələrin və onların valideyninin çiyinlərində ağır bir yükün götürülməsi deməkdir. Və bu yükü kim götürsə, çox ədalətli və obyektiv bir addım atmış olar.

TƏQVİM / ARXİV