adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

TƏRLAN ƏHMƏDOVUN ƏHƏD KƏRİMOVLUĞU - Aqil ABBAS yazır

AQİL ABBAS
676 | 2022-09-05 21:32

Əhəd Kərimov adlı çox savadlı, geniş dünyagörüşünə malik və özü də yaraşıqlı bir  raykom katibi vardı. Allah rəhmət eləsin. Yeri gəlmişkən, Azərbaycan  öz müstəqilliyini  elan edəndə Ali Sovetdə həmin iclasa Əhəd müəllim  sədrlik edirdi.  Özünü  raykom  katibi  kimi aparmazdı, müəllim kimi davranardı insanlarla. Heç vaxt onu  hökm edən  və bərkdən  danışan, kiminsə üstünə  səsini  ucaldan  görmədilər.

Ağdərədə ikinci  katib işləyirdi. Şuşada birinci katibi işdən çıxartdılar, camaat arasında  böyük narazılıq vardı. Əhəd Kərimovun  xarakterinə  yaxşı bələd olan Heydər Əliyev  onu Şuşaya birinci katib göndərdi ki,  getsin  ab-havanı dəyişsin, narazılıqların  qarşısını  alsın. Qısa müddətdə Əhəd müəllim şuşalıların  sevimlisinə çevrildi. Bir müddət  Şuşada işləyəndən sonra Laçında vəziyyət  pisləşdi, katibi işdən çıxartdılar. Əhəd müəllimi göndərdilər Laçına  ki, vəziyyəti  düzəltsin.

Birinci iş günündə  yanına bir ağsaqqal  gəlir. Başlayır çığıra-çığıra danışmağa. Sözünü bitirəndən sonra Əhəd müəllim  sakitcə soruşur:

- Nə deyirdin?

Ağsaqqal yenə qışqıra-qışqıra danışır. Sözünü bitirəndən sonra Əhəd müəllim yenə sakitcə soruşur:

- Nə deyirdin? İndi sakit-sakit, çığırmadan de görüm  nəyə gəlmisən?

Ağsaqqal səsinin  səviyyəsini salır Əhəd  müəllimin  danışıq tərzinə, dərdini deyir.

- Beləcə de də sözünü,  bayaqdan  niyə  çığırırdın?

- Katib həmişə bizimlə belə danışıb, biz də belə öyrənmişik.

- İndən belə  belə danışacağıq, sakit, təmkinlə.

Əhəd müəllim yenə laçınlıların  sevimlisinə çevrildi. Bir müddət  Laçında çalışandan sonra Ucarda dava  düşdü. Gərək ki, familiyası Ələkbərov  idi, katib vardı. Camaatda böyük narazılıq yaratmışdı, qardaş-qardaşa salam vermirdi. Axırda o həddə  çatdı ki, İcra Komitəsinin  sədri işləyən göyçaylı bir xanımı gecə Büroda işdən  çıxartdı və tapşırdı ki,  heç kəs onu Göyçaya  aparmasın. Xanım qalmışdı  Raykomun  küçəsində, qorxusundan  heç kim ona yaxınlaşa  bilmirdi.

Elə həmin günün  səhərisi Heydər Əliyev katibi biabırçılıqla işdən götürdü və Əhəd müəllimi göndərdi Ucara. Əhəd müəllim Ucarda da xasiyyətinə  uyğun gözəl bir ab-hava yaratdı.

Bir dəfə Qonaq evində söhbət edirdik. Dedi ki, indi gözləyirəm  görüm  hansı rayonda  ara qarışacaq, məni göndərəcəklər ora.

Əhəd müəllim Kəlbəcərin  Kolanısından  idi, Kolanı qohumluğumuz vardı. Ağdama gedib-gələndə  mütləq Ucara dönərdim  bir stəkan  çay içərdik, söhbətləşərdik, babalarımızdan danışardıq. Bəzən buraxmazdı, gecə qalardım. Tanınmış hüquqşünas Adil Minbaşı onda Ucarda  məhkəmənin  sədri idi, məni onunla ilk dəfə Əhəd müəllim tanış etmişdi. Həmişə çörək yeyəndə onu da  çağırardı.

Bir dəfə yenə Ucara dönmüşdüm, Əhəd müəllim dedi:

- Təcili  Bakıya  çıxmalıyam, sən Adillə istirahət elə,  yeyin-için, deyəsən, məni Qazaxa göndərirlər, axşama  qayıdaram.

Gecə gəldi, dedi ki, məni Qazaxa yox, Bərdəyə göndərirlər.

Həmin vaxt Bərdənin  katibi Rüstəm Səfərəliyev idi. İşdən çıxmışdı, Bərdədə vəziyyət gərginləşmişdi. Əhəd müəllimin yenə dediyi oldu, yenə  narahat  rayona göndərdilər ki, ab-havanı dəyişsin.

Bu xatirələri niyə yazdım? İndi Tərlan Əhmədov Əhəd Kərimovun  vəziyyətinə düşüb. Harda bir komanda  axsayırsa göndərirlər o klubda  vəziyyəti yoluna qoysun.  «Neftçi»ni 7-ci yerdən götürüb gətirir 2-ci yerə, Avrokuboklara  vəsiqə qazanır, çıxarırlar. Ondan əvvəl «Xəzər»i sahmana  salır, əla bir  komanda yaradır, ordan da çıxarırlar. Nə bilim pis vəziyyətdə olan «Azal»ı formalaşdırır, yenə  çıxarırlar. Gedir «Keşlə»yə, bitmiş komandanı  yenidən yuxarı pillələrə  qaldırır, yenə  çıxarırlar, qalır  işsiz.

İndi də göndərirlər «Kəpəz»ə – stadionu olmayan «Kəpəz»ə. Axırıncı yerlərdə fırlanan  «Kəpəz»ə. İndi «Kəpəz»i də yuxarı pillələrə qaldıracaq, yenidən  quracaq, yəqin  ondan sonra da yenə çıxaracaqlar, qalacaq  işsiz. Sonra da göndərərlər  yəqin ki, «Sumqayıt»a.

Yəni Tərlan Əhmədov rəhmətlik Əhəd Kərimovun  taleyini yaşayır.

TƏQVİM / ARXİV