adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Təsəlli - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
1228 | 2023-01-26 12:11

Yaxın dostum, professor Məhərrəm Qasımlının qardaşı Xanoğlanın xatirəsinə!

 

...Həmişə Yeni il qabağı mənə dostum və qardaşım, tələbə yoldaşım, Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı zəng vururdu və bayramımı təbrik eləyirdi. Daha doğrusu, mən sanki buna alışmışdım. Bu dəfə o yazılmamış «qanunu» pozub ona zəng elədim, ancaq bu sözləri eşitdim: «Telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədi»... O dəqiqə ürəyim üşüdü və çox narahat oldum. Bir neçə gün dəfələrlə zəng elədim, yenə də həmin cavabı eşitdim. Axır ki, yanvarın 4-də Yeni ildə bir də zəng elədim, bu dəfə telefonuma cavab verdi və səsinin soyuqluğunu hiss elədim. Bir-iki kəlmə danışdı. Gördüm ki, dostum sözün arxasını gətirə bilmir. Səsi elə bil quyunun dibindən gəlirdi və quyunun dibindən gələn səs elə mənim də qəlbimi üşüdürdü. Özümü toparlayıb soruşdum: «Məhərrəm müəllim, nolub?!» O isə kövrələ-kövrələ dedi: «Qardaşım Xanoğlan 46 yaşında qəflətən vəfat etdi. Elə bil dünya uçub altında qalmışam»...

Bu sözləri danışdıqca mənim də ürəyimdən qara qanlar axırdı. Çünki mən yaxşı bilirəm ki, qardaş itkisi nə deməkdir... Mən yaxşı bilirəm ki, qardaşdan yetim qalmaq insana hansı dərdi gətirir... Mən onu da yaxşı bilirəm ki, Məhərrəm müəllim qardaşı Xanoğlanı qardaş kimi çox istəmirdi. Onu ata kimi... oğul kimi... balaca övlad kimi sevirdi... Mən onu yaxşı başa düşürdüm. Başa düşürdüm ki, bu ağır itki Məhərrəm müəllimə ən ağır anlar və dəqiqələr yaşadır.

...Biz hər cür dərd görmüş adamlarıq. Anamızı itirmişik... atamızı itirmişik...dözmüşük! Amma qardaş itirəndə vallah, billah, dözmək olmur! Belə bir deyim var: «Qardaş itirənin beli əyilər». Bu deyimi mən zaman-zaman içimdən keçirmişəm. Görmüşəm ki, kimsə o fikiri deyibsə, düz deyib. Elə mən də hər iki qardaşımı itirəndən sonra belimin əyildiyini hiss eləmişəm. Həmişə xanımım deyib ki, bir az toxtaq ol, dik gəz, qoyma belin əyilsin! Onun dediklərini qəbul eləmişəm. Özümlə bacarmamışam. Ancaq demişəm ki, balam, qardaşı ölən adamın beli əyilər də!

İndi mən Məhərrəm müəllimi çox yaxşı anlayıram, çox yaxşı duyuram. Ürəyinin, qəlbinin döyüntülərini hiss edirəm. Heç Məhərrəm müəllimin özünün də səhhəti yaxşı deyil. 10 il bundan qabaq Türkiyədə ağır açıq ürək əməliyyatı keçirib. Yəni onun ürəyi bu cür ağır dərdlərə tab gətirə bilməz və həmişə də ona demişəm ki, gördün, mənim qardaşım ötən ilin martında rəhmətə gedəndən sonra dözə bilmədim, ürəyimin damarı tutuldu və yenidən ürəyimə stend qoydular. Sənsə hər şeyi ürəyinə atma, hər şeyi dərd eləmə! Bu, bir tale yazısıdı. Hər bir dərdi və kədəri səbirlə qarşılamaq lazımdır!

Amma görürəm ki, Məhərrəm müəllim bu dərdin içində qıvrılıb özünə yer tapa bilmir. Heç bu dünya ona indi dar gəlir. Deyir ki, atam rəhmətə getdi, dözdüm! Anam dünyasını dəyişdi, ona da dözdüm! Ancaq Xanoğlanın dünyasını dəyişməyi ilə heç cür razılaşa bilmirəm. O qədər qardaşcanlı, o qədər şirin, o qədər mehriban insan idi ki, bax, belə yana-yana qalıram... Ölümündən bir həftə qabaq yaxın dostları ilə bir məclisdə olub. Orda şıdırğı oynayır, heç elə bil xəstə deyil. Ölümü özünə yaxın buraxan adam deyildi. Çünki Xanoğlan çox nikbin, zəhmətkeş, hamıya əl tutan, arxa duran adam idi!

Məhərrəm müəllim onu da deyir ki, ölümündən bir neçə gün qabaq yaxın dostu olan dağıstanlı bir adama 5 min manat borc pul verib. Bundan bizim xəbərimiz olmayıb. Yaxın dostu da Xanoğlanın ölümünü eşidib, yas məclisinə gəlib, o pulu geri qaytarıb! Xanoğlanı Tovuz camaatı, bizim kəndin adamları çox istəyirdi. O dəfn olunanda mindən çox adam qəbirstanlığa getmişdi. Hər adamın dəfnində bu qədər insan iştirak eləmir. Onlar hamısı Xanoğlanın elədikləri yaxşılıqlar idi. Son mənzilə yola salınanda qabağına çıxdı. Camaata baxdım, bir az təsəlli tapdım, bir az toxtadım, bir az sakitləşdim!...

...O günü Xanoğlanın həyat yoldaşı zəng edib deyir ki, ay Məhərrəm, qardaşın oğlu bu qarda gedib qəbirsanlığa, özü də nazik geyinib. Qorxuram xəstələnə! Hər gün atasının məzarını ziyarət edir. Deyirəm ay bala, soyuqdu, getmə! O da deyir ki, atam üşüyür. Gedim qəbrinin üstündəki qarı təmizləyim. Mən də zəng elədim qardaşım oğluna. Dedim ki, tez-tez ora getmə. Qardaşım oğlu da dedi ki, atamın da qəbrinin üstündəki qarı təmizləmişəm, atanın da! Deyirəm qoy, üşüməsinlər!...

Dünya belədi! Hamı əzizini itirəndə onların ruhunun sakit olması üçün qəbiristanlığa gedir, qışda qəbrinin üstünü təmizləyir, yayda isə ora su səpir! Deyir, bəlkə bununla onların ruhları sakitləşə! Mən də bir təsəlli olaraq bu yazını qələbə alıram. Deyirəm, bəlkə dostum və qardaşım Məhərrəm müəllim təsəlli tapa, qardaşı Xanoğlanın ruhu isə şad ola! Yadıma Hüseyn Arifin oğlu avtomobil qəzasında həlak olarkən Bəxtiyar Vahabzadənin yazdığı şeirdən bir misra düşür:

...Mən sənə təsəlli verirəm, oğul vermirəm...

Məhərrəm müəllim, mən də sənə qardaş vermirəm. Bir dost kimi təsəlli verirəm! Allah sənin balalarını və qardaşın uşaqlarını qorusun!...

TƏQVİM / ARXİV