
Son illər yaradıcılıq mühitində imzasına o qədər də tez-tez rast gəlinməsə də, vaxtilə Qarabağ bölgəsindən gələn xəbərlərin müəyyən bir hissəsində payı az olmayıb. Müsahibimiz bir vaxtlar Lider TV, APA İnformasiya Agentliyi, Azərbaycan Dövlət Televiziyasını Qarabağ bölgəsində təmsil etmiş Teymur Zahidoğludur. O, mediamızda hərbi jurnalist kimi də tanınır, baxmayaraq ki, özü bunu qəbul etmir. Azərbaycanda nadir layihələrdən biri olan, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Əlisafa Mehdiyev tərəfindən yaradılan “Konflikt Jurnalistikası Məktəbi”nin İcraçı Direktorudur. Qarabağ müharibəsindən bəhs edən xeyli sayda sənədli filmin müəllifidir. Dövrü mətbuatda köşə yazıları ilə də çıxış edib bir zamanlar… Hazırda da peşəkar media mühitində fəaliyyətini davam etdirir.
- Jurnalistikada təhsil nə qədər önəmlidir?
- Hesab edirəm ki, müasir jurnalistikada bu günün tələblərinə uyğun olaraq, jurnalistin təhsilli olması çox mühüm əhəmiyyət kəsb edir. İlk növbədə onu qeyd edim ki, bu sahə elə bir sahədir ki, jurnalist olaraq çalışan şəxs özündə zəngin biliklərə, savada, eyni zamanda, iş əsnasında formalaşan bir təcrübəyə malik olmalıdır. Və bu təcrübəni toplamaq üçün də əlbəttə, təhsilli olmaq vacibdir, mütləqdir. Onu da deyim ki, başqa ixtisaslar üzrə təhsil alıb, ancaq bu sahədə uğurlu bir imza formalaşdırmış bir çox həmkarlarımız var. Bu da o deməkdir ki, jurnalistika cəmiyyətimizin hər bir sahəsini əhatə etdiyinə görə istənilən ixtisas üzrə təhsil almış şəxs, əgər onun yaradıcılıq potensialı varsa, yazmaq istəyi varsa, media sahəsində işləməyi hesab edirəm ki, normaldır.
-Sizin söylədikləriniz ümumi olaraq jurnalistikaya aiddir. Bəs hərbi jurnalistikada necə, bu qaydalar keçərlidir?
-Hərbi jurnalistika ümumiyyətlə, spesifik sahədir. Biz bəzən hərbi jurnalistlərlə, hərbidən yazan jurnalistləri qarışdırırıq. Bu gün bizim cəmiyətdə kifayət qədər jurnalistlər var ki, özünə hərbi jurnalist deyir. Məni də hərbi jurnalist kimi təqdim edirlər. Ancaq mən hərbi jurnalist deyiləm, mən hərbi sahədən yazan jurnalistəm.
-Bunu necə ayrıd etmək olur?
- Hərbi jurnalist həm hərbiçi, həm də jurnalistdir. Yəni həmin şəxs hər hansı bir hərbi məktəbin məzunu olur. Əlbəttə, hərbidən yazmaq üçün bu sahədə kifayət qədər məlumatlı olmalısan. Xırda hərbi terminlər var ki, bunları bir-birindən fərqləndirmək qabliyyətinə malik olmayan adam meydana çıxır ki, “mən hərbi jurnalistəm”. Cəbhə xətti ilə, sərhəd xəttini bir- birindən ayıra bilməyən, onların mahiyyətini dərk etməyən adam heç vaxt hərbi jurnalist ola bilməz. Bu, elementar faktdır.
-Mediamızda kimlər hərbi jurnalistdir, kimlər də hərbidən yazan jurnalist...?
-Konkret olaraq ad çəkə bilməyəcəm. Azərbaycanda hərbi jurnalistikanı bitirmiş çox az adam var ki, bu şəxslər hərbi jurnalistdirlər. Bu insanların ali təhsili, ixtisası bundan ibarətdir. Bunlar da o şəxslərdir ki, Sovet İttifaqı dağılmazdan əvvəl SSRİ ali hərbi məktəblərində təhsil almış adamlardır. Və bu gün onların böyük əksəriyyəti rütbə və ya ali rütbə daşıyır, bir neçəsi artıq təqaüddədir. Ancaq hərbidən və hərbi sahədən yazan adamlar var ki, onların kifayət qədər gözəl imzaları var və informasiyalıdırlar. Ad çəkmək istəmirəm. Çünki siyahımız uzun olacaq.
İmzalarını bəyəndiyim gənclər var. Arzu edərdim ki, həmin gənclər öz üzərlərində mütləq çalışsınlar və daha da yaxşı təkminləşsinlər.
Bu gün Azərbaycan mediasında olan gənc jurnalistlərin böyük əksəriyyəti mütaliəsizdir.
Bu, həm də müəyyən mənada dövrün tələbi ilə bağlıdır. Bu sahənin bugünkü normaları və tələbləri baxımından çaba göstərən redaksiyalar artıq kadr formalaşdıra bilmir. Bizim dövrümüzdə təcrübə ilə yanaşı bizi redaksiya formalaşdırırdı. Ancaq bu gün gənc jurnalisti redaksiya yetişdirə bilmir... Ya da çox çətinlik çəkir bu baxımdan. Çünki xəbər axını çoxdur. Oxucuya informasiya çatdırmaq üçün çox intensiv və sürətli şəkildə işləyirlər. Belə olan halda bugünkü redaktorların zamanı, imkanı olmur ki, gənc jurnalistə öz tövsiyyələrini versin. O, onu ancaq iş prossesində öyrədə bilir. Redaktorların yalnız jurnalistin hazırladığı məhsulu (yazı, reportaj, video- reportaj v.s) düzəldəndə ona nələrisə izah etmək şansı olur.
-Bu hal nə qədər effektivdir?
-Müəyyən mənada günümüzlə ayaqlaşmaq üçün effektivdir. Əslində bu sahəyə gələn gənc jurnalistlər emala hazır formada gəlməlidir. Yəni xammal kimi gəlməməlidir. Günümüzdə redaksiyalara gələn gənc jurnalistlər elə xammal kimi gəlirlər. Jurnalist olmağı seçən bir adam ən azı imla yazmağı bacarmalıdır.
-Teymur müəllim, mətbuatımızdan kimləri oxuyursunuz?
-Bu gün cəmiyyətimiz informasiya bolluğunda üzdüyü üçün biz də bir jurnalist kimi bütün informasiyaları gözdən keçiririk. Yəni hadisədən xəbərdar olmaq üçün mütləq xəbərlə tanış olmalıyıq. Ona görə də konkret olaraq, sevdiyimiz, hər dəfə yeni yazısını həvəslə gözlədiyimiz qələm sahiblərini oxumaq, izləmək üçün zaman qıtlığımız var. Buna baxmayaraq, oxuduğum müəlliflər, reportajlarını, yaradıcılıq nümunələrini izlədiyim həmkarlarımız var. Amma ad çəkməyəcəm.Hansı xəbərləri oxumağımızı isə çeşidləyə bilmirik. Ətrafımızda ildırım sürətilə cərəyan edən proseslərdən məlumatlı olmaq üçün bütün informasiyaları oxumağa məcburuq.
-Bizim mətbuatın bu günkü halını necə qiymətləndirirsiniz?
- Bizim bu gün mətbuata baxışımızda müəyyən qədər hələ də sovetlər dönəmindən qalma baxışın elementləri var..
-Bu pisdir?
-Pis deyil, ancaq dövr o dövr deyil. Günümüzdə medianın özü bir iqtisadi platformaya çevirilib. Redaksiya özünü dolandırmağı bacarmalıdır, ayaqda qalması üçün, necə deyərlər, sözün məcazi mənasında vuruşmalıdır.
-Bu prosses bizim mediada alınır?
- İttihamçı kimi çıxış edə bilmərəm. Yaxın keçmişə qədər bizdə bu təcrübə olmadığı üçün düşünürəm ki, medianın “mətbəx”ində yaxşı nəyimiz varsa, o yaxşını inkişaf etdirməliyik. Vacib məqam odur ki, ortada mövcud nümunə var. Azərbaycan mətbuatında müstəqil fəaliyyət göstərməyə cəhd edən, buna müəyyən mənada nail olan redaksiyaları misal göstərə bilərik. Müstəqillik illərinin əvvəllərində belə deyildi... Biz bunun yaxşı tərəflərini görməliyik. Dünya mediası hər gün inkişaf edir... Formalaşır. Dünyada baş verən proseslərlə uzlaşaraq fəaliyyət göstərir. Bizdə isə sanki hansısa məchul qüvvə bizim mediaya mane olmağa çalışır ki, köhnə qəliblərdən çıxa bilməyək. Amma şükür ki, biz bacarırıq. Dünya səviyyəsində təmsil olunmağa çalışırıq.
-Söhbətimizin əvvəlində mütaliədən danışdınıız...
-Bizim gənclik dövrümüz müharibəyə təsadüf etdi. Haradaydı Bakıda elə gözəl kitab mağazaları... ?- Yox idi.
Ancaq bu gün çox yaxşıdır, heç iri mağazaları demirəm, nə qədər səyyar kitab satışı görmək olur... Əvvəllər kitaba maraq çox deyildi. Amma bu gün kifayət qədər kitab oxuyan insanlara rast gəlmək olur.
-Elektron kitablara da meyl edənlər az deyil..
-Təbii ki, bu da dövrün tələbidir. Texniki inkişafın gətirdiyi formadır. Əgər söhbət oxumaqdan gedirsə, bunu heç bir fərqi yoxdur. Əksinə, müasir texnologiyanın bizə verdiyi bu imkan daha effektivdir. Məsələn, mən kitabı özümlə daşıya bilmirəm, ancaq ictimai nəqliyyatda 3-5 dəqiqəlik bir yolda belə elektron kitabın bir neçə səhifəsini oxumaq şansım olur. Fərqi yoxdur telefondan da, kağızdan da eyni informasıyanı alırıq.
Kitabla ünsiyyət- bu artıq mənəvi, psixoloji məqamdır. Məsələn, biz telefona istənilən vaxt müraciət edirik. Amma kitabla ünsiyyətdə biz dincələ bilirik, telefonla dincələ bilmirk. Telefonda elektron kitab oxuduğumuz yerdə zəng gəlir, mesaj alırıq v.s Həmin an oxumağı dayandırıb zəngə cavab veririk və ya gələn mesajı oxuyuruq. Telefondan informasiya xatirinə oxuyuruq, kitabı isə hadisələrin iştirakçısı kimi oxuyuruq. Fərq burdadır.
Telefonda paralel informasıya alırıq. Amma kağızda birbaşa əsərə köklənirik.
-Sizin üçün bu sahədə ən çətin məqam nədir?
-Çoxdur. İnformasiya insan üçündür. Biz də insanlarla işləyirik. Bəzən bir insanın ağrısını, acısını milyonlarla insanlara çatdırırıq. Bəzən olur ki, müsahibin elə çıxılmaz və çarəsiz vəziyyətdədir ki, sən yalnız onu dinləyə bilirsən. Başqa heç cür ona kömək edə bilmirsən. Bu məqamda insani dəyərlərin mənəvi ağırlıqları adamı çıxılmaz vəziyyətdə qoyur. Mən 20 il cəbhə bölgəsində işləmişəm. İşlədiyim bu illər ərzində ağrılı-acılı insanlarla rastalşdım. Ana var 33 ildir oğlunun yolunu gözləyir. Gəl indi onu dinlə. Ağlamaqdan gözü kor olub. O, qarşısındakı, dərdini danışdığı adamın kim olduğunu bilmir. Yalnız və yalnız onun səsini eşidir. Bu dəhşətli bir haldır. Sağlamlığını itirmiş, ayaqları olmayan birinə deyirsən ki, “Hər şey yaxşı olacaq”. Bu yalançı bir təsəlli verib getməkdir... Özünü həmin ağrılı anların ağırlığından xilas etməyə çalışırsan... Amma həmsöhbətin bilir ki, ayaqları heç vaxt yenidən bitməyəcək. O, belə yaşamağa məhkumdur.
Nə yaxşı olacaq? Onun ayaqları yerinə qayıdacaq? Bu nəyin təsəllisidir?!
Sən bunları bilə- bilə o təsəlli ilə həm onu yükləyirsən, həm də özünü... Belə məqamların ağrılı tərəfləri daha çoxdur.
-Bu illər ərzində hansı xəbəri çatdırmaqda çətinlik çəkmisiniz?
-Əslində yazmalı olduğum, amma yazmadığım xəbərlər çox olub. Yaxud da elə hadisələr olub ki, onu yazmalı deyildim, amma yazmışam. Bu, situasiyaya görə dəyişir. Hərbi informasiyalarla işləyən vaxtda hadisə olurdu ki, mən onu jurnalist olaraq çatdıra bilərdim. Ancaq həmin cəbhə bölgəsində xidmət edən əsgərlərin analarını, doğmalarını nəzərə alaraq, insanların ümidini sındırmamaq üçün susursan. Yayacağım bu informasiya mənim yaşadığım cəmiyyətə xeyirdən çox zərər vura bilərdi.Düzdür, jurnalist obyektivdir, qərəzsizdir, bitərəfdir. Amma biz həm də vətəndaşıq... Bu cəmiyyətdə yaşayırıq və bu cəmiyyətə xidmət edirik...
-Bu illər ərzində jurnalist olduğunuza görə bir an belə olsa, peşmanlıq yaşamısınız?
-Artıq 27 ildir ki, bu sahədə çalışıram. Ancaq heç vaxt bu hissi yaşamamışam. Yəni peşmanlıq hissi duymamışam. Düşünürəm ki, bu, ən böyük qazancımdır.
Əntiqə KƏRİMZADƏ