adalet.az header logo
  • Bakı -°C

Yaxşı oğlanın sağlığına - Aydın Can yazır

AYDIN CANIYEV
87487 | 2020-08-21 15:42
A- A+

Arada şeşələnirəm, qürrələnirəm, təkəbbürdən uzaq olsam da, fəxrlə deyirəm-danışıram... Özümdən, hesab da edirəm ki, mənim buna haqqım var: vaxtında, qədərində sözün, siyasətin, insanlığın işıqlı insanlarını tanımışam, tapmışam, danışdırmışam, yazmışam, dəyərləndirmişəm! Onlardan biri də Rəşad Məciddir. Rəşad Məcid bu gün öz oğlu Mirhacib Məcid üçün necə gözəl atadırsa, hər zaman, hətta özü cavan olanda belə istedadlı və işıqlı uşaqlara dəstək olub! Rəşad Məcidi həm Mirhacib kimi oğulun atası, həm də yaxşı baba olduğuna görə - İpək nəvəsinin şəklindən və xoş arzularını paylaşmaqdan yana təbrik edirəm, bu müsahibəni də oxumağınızı istəyirəm!

Rəşad Məcid harda olmasından asılı olmayaraq, işıqlı və ağsaqqal adamdır! Day durub ad günündə də ondan giley etmək nə əxlaqdandır, nə kişilikdən! Sadəcə, eşq olsun, heç bir halda incimədiyimiz Rəşad Məcid!

AYB KATİBİ, YAZIÇI-PUBLİSİST RƏŞAD MƏCİD: "ELƏ SANIRDIM, AMERIKANIN İRAQA HÜCUMUNUN QABAĞINI ALA BİLƏRƏM"

"HƏLƏ DƏ İTMİŞ ÜRƏYİMİ AXTARIRAM..."

Rəşad Məcidi "yaxşı oğlan" kimi tanıyıblar - əvvəllər, Bakıya təzə gəldiyi vaxtlarda. Sonra şeir yazan kimi - işıqlı, işığa meylli, imisti misralarla diqqəti cəlb elədi. Ara qarışıb məzhəb itəndə qəzetçi oldu - özü də ən yaxşılardan biri. Yağış yağıb, izlər itəndən sonra Rəşad Məcidin sorağı Yazıçılar Birliyindən gəldi - gənclərlə iş üzrə katib. Düzdü, ona qədər doğma Ağdamdan, Ağcabədidən, Şuşadan, külli-Qarabağdan səsi gəlməklə bahəm, Amerika, Cənubi Koreya, Fransa (siyahı uzundu - yer az, qalanı xarici pasportunda yazılıb) torpaqları da onun ayağını öpdürdüyü məkanlardan oldu. Belə deyək ki, bütün bunlardan sonra da başlandı, nə başlandı!!! Nə? - Rəşad Məcidə hücumlar, iradlar, qınaqlar, burunlamalar, burun sallamalar və s. və i.a.

Amma və lakin... Rəşad Məcid hələ də "yaxşı oğlan" olmağını qoruyub saxlaya bilib! Yenə də qabağa qaçıb deyirəm, ona görə bu məqamı qoruya bilib ki, Rəşad Məcid təkcə öz başına-istedadına güvənməyib - Tərcümə Mərkəzində işləyib; təkcə öz savadından və dünyagörüşündən bəhrələnməyib - elmlə həyatın sintezinin əsaslı, fayda gətirən üsullarıyla "Elm və həyat"da işləməklə tanış olub; təkcə dost-tanış, mübarizə və əqidə inadkarlığıyla yox, həm də taleyin və zamanın gərdişində 524 qəzetin içində baş çıxarmağın yollarını necə və nə cür yaşamağı sərgiləyənlərdən mənimsəyib!

Ən nəhayət, Rəşad Məcid hər zaman mühitində olduğu adamların ərkini o qədər qazanır ki, sonradan - dost kimi qalanda da, düşmənə çevriləndə də - istədiyi haqqında istədiyi sözü çəkinmədən deyə bilir və qəribəsi də odur ki... haqlı olur, haqqı çatır!

Və bir də... Həmkarları onun yaşadığı kimi yaşamaq istəsələr də, əldə etdiklərinə həsədlə baxsalar da, heç bir halda onun keçdiyi yolu keçmək istəmirlər - bu fikri replika saymaq lazım deyil!

Beləliklə:

"Məndən narazı ola bilməzlər!"

- Rəşad müəllim, gənclər Sizdən narazıdılar! Niyə?

- Məndən ümumilikdə narazı ola bilməzlər. Olsa-olsa, iki-üç nəfər narazı ola bilər. Kimləri deyirsən ki?

- Qocalar Anardan, cavanlar Sizdən...

- Bəri başdan deyim ki, sizin dediyiniz o "narazı gənclər"in simvolik bir nümayəndəsi bu yaxınlarda özü etiraf etdi ki, siz bizi məhv etdiniz əməli töhfələrinizlə, yetişdirdiyiniz, ətrafınıza yığdığınız istedadlı gənclərlə. Doğrusu, bunu eşidəndə pis oldum, mənə çox ağırdı istedadlı uşaqların itkisi. Çünki özüm həmişə istedadlı uşaqları axtarıb tapmışam. Seymur Baycanın "Reytinq"də bir yazısı çıxmışdı, gətirib "525"-də böyük-böyük yazılarını verib ölkədə məşhurlaşdırmışam. Qan Turalı. Balaca uşaq idi, elə yazılarını vermişəm ki, 525-də... Elnur Astanbəyli deyə bilmərəm bizdə çıxış edib ya yox, onunla da narazı düşə biləcəyi işim olmayıb, normal münasibətimiz vardı. Aqşini də eləcə. Ancaq Yazıçılar Birliyinə katib keçəndən sonra bunlar "incikliklərini" nümayiş etdirdilər. Mən səbəbini, onlar isə nə istədiklərini bilmirlər. İrfan Ciftçi gəlmişdi Türkiyədən, Rasim Qaracadan tutmuş hamısını dəvət elədim, bir-bir söhbət elədim. Amma bunlar... Ancaq və ancaq bizim yaşlı yazıçılara qarşı təhqiredici çıxışlara davam etdilər, qeyri-etik ifadələrə meydan verdilər, onda mən bunlardan qırılmağa başladım. "525"-də çapının qarşısını aldım. Ancaq münasibətlərimiz qalır. Təkcə Elnurdan başqa. Elnur da götürüb yazmışdı ki, guya Nuridə Atəşi ilə Almaniyada priton açmışam, mən də cavabında "Alma" qəzetinə qarşı kəskin bir yazı yazdım. Qan Turalıyla Türkiyəyə getmişik, kitab da alıb bağışlamışam, mənə bayaq mesaj da yazıb. Seymur arada incimişdi, yenə də o gün özüm zəng edib tapmışam. Bu günlərdə Aqşinlə görüşdüm. "O narazılar"ın haqqı yoxdu məndən narazı qalmağa. Amma onların istədikləri ki vardı, hesab edirəm ki, onlar heç özləri də dərk etmirlər, nə istəyirlər. Məsələn, Rafiq Tağının həbsi dönəmində bunlar islam dinindən imtina etmək istəyirdilər. Mən ən yüksək kürsülərdən də, jurnalistlərin qurultayında da dedim: "cəmiyyəti buna mərhələ-mərhələ hazırlamaq lazımdır, ən sonda bu varianta əl atarsınız". Bunların təşkilatçılığında da, yeni metodlarla işləməklərində də belə kəm-kəsirlər var. Yenə də deyirəm: o uşaqlar istedadlı uşaqlardı, amma defektləri çoxdu. Ən çox məni heyrətləndirən də bunların gör nəyə coşmalarıdı? Mən demişdim ki, Qan Turalı, Seymur Baycan, Elnur Astanbəylidən başqa 20 nəfərin hamısını Yazıçılar Birliyinə qəbul edərik. Bir halda ki, üzv olmaq istəmirsiniz, tədbirlərimizə qoşulmursunuz, bizimlə bir sırada deyilsiniz, onda niyə coşursunuz? Əgər bunlar ürəklərində üzv olmaq istəyib dövlətin verdiyi imtiyazlardan istifadə etmək istəyirlərsə, xatırladıram: yeni təyin olunanda onların hamısıyla söhbət etmişəm.

- İndikilər aşağıda oturmaq istəmirlər, yuxarıda da yer vermirsiniz, üstəlik də ağıllarına və ağızlarına gələni yazırlar - heç kimi bəyənmədən...

- Mən tərəfdarıyam ki, gənclikdə bəyənməməzlik olsun, içində vulkan püskürsün, amma bu etiraz daim davam edirsə, gülməli çıxır artıq. Seymurun ilk yazılarındakı qeyri-adi fikirləri - yüz dollara dinimdən imtina edərəm, iyirmi "şirvan"a neyniyərəm, - maraqlıydı, amma bu fikirlərlə diqqəti özünə cəlb edəndən sonra ciddi yazıları ortaya gəlmədi. Ciddi yazıları olmadıqca, ironiyaya çevriləcək diqqəti özünə cəlb etdirdiyi fikirləri. Biz sovet dövründə, ədəbiyyatın cəmiyyətə təsir gücü böyük olan mühitdə böyümüşük, amma indi dünyanı idarə edən qüvvələr üçün çox maraqlıdır ki, yüngül ədəbiyyat, şou meydan alsın, postmodernizmin bir prinsipi də ciddi dəyərləri ironiya hədəfinə çevirməkdir ki, müqəddəs heç nə qalmasın...

- O qüvvələrin vətənində kifayət qədər ciddi fikir, düşüncə və ədəbiyyat var, iqtisadiyyat da həmçinin, Azərbaycanın ehtiyacı yoxdu axı... Cavabdeh adamlardan biri kimi, niyə meydan tanıyırsınız, qınaq obyektinə çevirmirsiniz?

- Əvvəl mən pessimist olmuşam, indi cavanları görəndə fikirləşirəm ki, biz ədəbiyyatın təbliğini ikinci plana keçirmişik. Bir ölkənin ki, paytaxtında beş-altı, kəndlərində də kitab mağazası heç olmaya, o ölkə fəlakətə gedir. Ədalət naminə bunu da deyim: biz bir müddət elə bir ictimai-siyasi dövr yaşadıq ki, elə problemlərlə üz-üzə qaldıq ki, əhali ədəbiyyatla maraqlanmaqdan vaz keçdi. Son vaxtlar ədəbiyyata maraq yenidən artıb və bu maraq artdığından başlayıblar şair-yazıçıları da günahlandırmağa ki, lazımi səviyyədə əsər yazmırlar. Düzdür, indi həqiqətən də elə ciddi əsər yoxdu, amma proses var. Gənclər arasında elələri var ki, yaxın illərdə ciddi əsərləri ilə sözlərini deyəcəklər.

Ümumilikdə isə, ədəbiyyata, kitab təbliğinə münasibət dəyişməlidir. Bu qayğı ən ucqar kəndə də gedib çatmalıdı. Çünki Azərbaycan oxucusu fərd olaraq, heç bir fransızdan, ingilisdən, amerikalı və koreyalıdan geri qalmır.

- Bu yaxınlarda Taleh Şahsuvarlı metaromanını təqdim etdi...

- Taleh Şahsuvarlının özünə də demişəm, artıq yerlər var, amma ilk cəhd kimi çox uğurludu, mən Talehdən heç gözləmirdim də. Bir gənci də deyə bilərəm: Elxan Qaraqan. "A" romanı iki min nüsxə ilə çıxıb, müəllifinə qazanc da gətirir. Bu romanda gənclərin problemləri, harınlamış valideynlərin övladları, məmurların cavan qızları yoldan çıxarması və digər problemlər öz əksini tapıb. Mən də ön söz yazmışam. İyirmi yaşlı gəncin qələmindən əgər belə bir sanballı əsər çıxıbsa, deməli, sabaha ümidlə baxmaq olar və lazımdır. Üstəlik də indi xaricdə çoxlu gənclərimiz təhsil alır, orada şeirləri, hekayələri çap olunur.

- Sizin haqqınız var ki, ortaya heç bir sanballı əsər qoymayıb, hər şeydən narazı gənclərdən tələb edəsiniz...

- Seymurun çox dəyərli köşə yazıları var, amma ədəbiyyatı lağlağıya çevirib. Yazdıqları da roman deyil. Əli Əkbər gicləmə bir şey yazıb. Halbuki Azərbaycanın elə problemləri var ki, Azərbaycan mənəviyyatından çıxış edib ortaya çox sanballı əsərlə çıxmaq olar.

- Postmodernizm pərdəsinə bürünərək, hərə bir əndrabadi sicilləmə ortaya qoyacaq, sonra da diqtə edəcək ki, Qərbə inteqrasiyadı, gəlin, özümüz etdiyimizi sizə də öyrədək. Niyə biz öyrənək? Öyrətmək gücündə deyilik ki?


- Qoy postmodernizm də olsun, millətçi də olsun, dinçi də. Cəmiyyəti yeknəsəqlikdən qurtarmaq lazımdı. Öyrətmək alınmır ona görə ki, bizdə kitab industriyası yoxdu. Mən optimistəm. Gənclərə inanıram. Onlardan birinin adını çəkdim - Elxan Qaraqan. Ondan başqa, Qismət var, Zərdüşt Şəfizadə var, Səməd Səfərov, Anar Amil, Rəbiqə Nazimqızı var. İmkan olsa, onlarla tədbirə sizi dəvət edərəm, görərsiniz. Təəssüf ki, adlarını çəkdiyiniz "narazı" gənclər siyasi jurnalistikaya yuvarlandılar, siyasi baxışlarını çox məhdud bir dairəyə sığışdırdılar və itirdilər. Düzdü, siyasətdə də ədəbiyyat var, amma bədii ədəbiyyat ən üstünüdür və daha çatımlı şəkildə öz sözlərini deyə bilərdilər, bilmədilər, bacarmadılar. Amma onlar doğrudan da istedadlı uşaqlardı, ciddi ədəbiyyatla məşğul olsaydılar, çox da ciddi uğurlar qazanacaqdılar.

Onu da deyim ki, bizdə kitab industriyası olsaydı, onda siz deyən iddiada olmaq olardı. Baxın, Türkiyədə hansı proseslər gedir. Artıq Elif Şefeqi Nobel mükafatı almağa layiq namizədlər sırasında görürlər.

- Elnur Astanbəyli deyir ki, iki aylıq təminatım olsa, Yaşar Kamalı, Nodar Dumbadzeni, Çoxelini və iyirmi birinci əsr yapon ədiblərini ayağa qaldıracaq qədər güclü əsərlər yazacam. Yazıçılar Birliyi ona yardım edə bilməzmi?

- Elnur Yazıçılar Birliyini söyür, ölkə rəhbərliyinə təhqir yağdırır, Yazıçılar Birliyinə üzv olmaq istəmir, biz ona nə şərait yaratmalıyıq və niyə yaratmalıyıq? Digər tərəfdən, Elnur dahi-filan deyil, orta səviyyəli jurnalistdi.

- Mən "narazılar"ın təmsilçisi kimi danışmıram. Axı təqaüd alanlar da ortaya ciddi bir şey qoymayıblar.

- Mənim adlarını sadaladığım uşaqlar yaxın illərdə öz əsərləriylə həm Azərbaycan, həm də dünya ədəbiyyatında layiq olduqları yeri tutacaqlar. Onların içində on dənə Seymur Baycan,

Qan Turalı, Elnur Astanbəyli var. Seymur Baycan, Qan Turalı, Elnur Astanbəyli təqaüd istəyirdilərsə, gələydilər, onlar da alaydılar.

- Hesab etmirsiniz ki, bizdə sözlə düşmənçilik var?

- Bəziləri açıq-aydın yazır ki, bizə çatan Azərbaycan dilini sındırmaq lazımdı, məhv etmək lazımdı. Dilin qoruyucusu olan adamın dilindən elə fikir səslənirsə, ondan nə gözləmək olar?

- Siz məmur ola bildiniz, yoxsa isti, işıqlı sətirlər yazan Rəşad Məcid kimi qaldınız?

- Şair kimi mümkün deyil mənim şeir yazmağım. Bir dəfə demişəm: Folkner deyirdi ki, şeir yazmaq üçün münasib dövr 27 yaşacandı. Mənim 27 yaşım 88-in fevralında baş verən ağrılı-acılı, sarsıntılı-itkili 24 yaşımda bitdi. Amma bunun əvəzində bir istedadlı gənci tapmaq mənə zövq verir. Şeir yazmaq imkanlarım məhduddu, amma ümidliyəm ki, haçansa yenə yazaram.

- Ədib humanizmi məmur sərtliyiylə əvəzlənməyib?

- Yox! Necəydisə xarakterim, elə də qalıb. Əslində bu mənə zövq verir - ən müxtəlif təbəqənin, yönün, düşüncənin təmsilçiləri ilə dil tapa bilirəm!

- Malik olduqlarınızı əldə edərkən nələrisə itirmədiniz?

- Mənə elə gəlir ki, ən çətin yol elə budu. Məsələ burasındadı ki, əldə etdiklərimə mən can atmamışam. Düzdü, cavan olanda jurnalist kimi baş redaktor, yazıçı-şair kimi Yazıçılar Birliyinin katibi olmaq istəyim olub. Mən də bunlara çatmışam, amma mübarizə aparmamışam, taleyin qisməti də öz rolunu oynayıb.

- Hansı obraz çatmır, ədiblər hansı obrazı yazmır?

- ...Onu gərək fikirləşəm. Əslinə qalanda, indiki boşluq - istər ədəbiyyatda, istər kinoda - son illərin bizə vurduğu yaraların mirasıdı! Biz yaralanmış insanlarıq, ona görə özümüzü ifadə edə bilmədik. Cavan nəsil bunu bacaracaq!

- Kimləri oxuyursunuz?

- Koelronu, Elif Şefeqi, Orxan Pamuku, rusca, türkcə olan ədəbi dərgiləri..

- Elə əsərimiz varmı ki, dünyaya təqdim etmək üçün Tərcümə Mərkəzinə verəsiniz?

- Yox, yoxdur. Söhbət indidən gedirsə, Azərbaycanı dünyaya tanıdacaq fundamental əsər yoxdu. Müəyyən məqamlarına görə Anar müəllimin "Ağ qoç, qara qoç" əsərindən bəzi fraqmentləri vermək olar, ancaq qalın əsər yoxdu.

- Niyə o iddiada deyilsiniz ki, dünya ədəbiyyatına Azərbaycan Rəşad Məcid imzası ilə çıxsın? "Narazı uşaqlar" imkansızlıqdan, şəraitsizlikdən gileylənir, Siz ki, qismən də olsa, təmin olunmusunuz.

- O imkanları mənim əlimdən indi məşğul olduğum işlər aldı. Yaradıcılığa sərf etməli olduğum vaxtı istedadlı uşaqları üzə çıxarmağa sərf etdim. Bir dəfə demişəm ki, Rəşad Məcid Ramiz Rövşəndən yaxşı yazmayacaqsa, elə Ramiz Rövşəni təbliğ etsə, yaxşıdır. Bəlkə də oxuduğum əsərlər səviyyəsində yaza bilmək gücümün olmadığını hiss edib yazmıram - bu da var. Olan enerjini də istedadlı uşaqlara yardımçı olmağa sərf etdiyimdəndi bəlkə də, o əsəri yazmağa güc qalmır. "10 sentyabr"ı yazanda elə bilirdim Amerikanın İraqa hücumunun qabağını ala bilərəm. Yenə də elə ovqat yaranar, yenə də elə bir əsər yaza bilərəm...

- İndiki durumdan razısınızmı?

- Ədəbiyyatın inkişafı üçün şərait yaradılmalıdı, investisiya qoyulmalıdı. Təəssüf ki, biz bu investisiyanı qoya bilmədik.

- Şərait yaratmalı cavabdeh şəxslərdən biri Siz deyilsiniz ki?

- Yox! Mən gənclərlə iş üzrə katibəm və hesab edirəm ki, öz işimin öhdəsindən gəlirəm, üç-beş narazı varsa, bu da şəxsi münasibətdən irəli gəlir, yüzü işimdən razıdır. Qəzetim ölkənin ən yaxşı ədəbiyyat qəzeti kimi ən yüksək dairələrdə qəbul olunur. "525"-in əllidən artıq əməkdaşı artıq dövlət qurumlarında, xarici şirkətlərdə, radio-televiziya kanallarında işə cəlb olunub.

- Sizi niyə etiraf eləmirlər?

- İstedadına inandığım insanlardan gələn təşəkkür mesajları mənim üçün ən böyük etirafdır.

- Hansı prinsip təbliğ olunmalıdı: yaşamaq olmur, yoxsa necə yaşamalı?

- Mənə elə gəlir ki, hər ikisi. Sadəcə, yazıçı bunları uzlaşdırmalıdır.

- Alınmır axı - Dostoyevskidən professional ola bilməzlər ki... Olmaz ki, "yaşamaq olmur" deyənlərə yaşamaq üçün şərait yaradılsın?

- Olar! Mən mümkün qədər əlimdən gələni etməyə çalışıram ki, ölməsinlər. O ayrı söhbətdir ki, adam dırmaşıb qayanın başına, özünü dərəyə atmaqda israrlıdır.

- Olmazmı cavanlara başa salasınız ki, "qoca"ları söyməsinlər, özləri sanballı əsərlə ortaya çıxsınlar?

- Olar. Son illər dəfələrlə şərait yaratmışam ki, söyüşü, qeyri-etik ifadələri qocalara ünvanlamaqdansa, ən yaxşı əsərin ünvanını tapsınlar, yazmağı öyrənsinlər. Amma onlar qaya başında durub tullanan kimi də tullanmırlar, zirvəyə ucalmağın ləzzətini də duymaq istəmirlər. Addım-addım uğurları əldə etməkdənsə, tez gəlib tez də gedən şöhrətin əsirinə çevrilir, "maniya veliçiya"dan qurtula bilmirlər.

- Siz ədəbiyyatda varsınızmı?

- Şukşin deyirdi, - səhv eləmirəmsə, - kənddən şəhərə gələndə sənət adamları mənim gözümdə ilahi idi, bir də gördüm onların içindəyəm. İndi mən də elə. 15-16 yaşında ilahi saydığım adamların 90 faizi təkcə yazdıqlarıma görə yox, həm də gördüyüm işə, çıxardığım qəzetə görə ən müxtəlif səviyyələrdə etiraf edirlər.

- Zəif əsərlərin çapından narahat deyilsiniz?

- Yox. Zəif əsərlər bir dəfədən artıq oxunmayacaq. Çünki güclü əsərlər yazılacaq.

- Neyləmək lazımdır?

- Kitab industriyası yaratmaq.

- "Narazılar"la neyləməli?

- Hesab edirəm ki, onlar məni çox istəyirlər, sadəcə, cırnadırlar. Yaxşı əsərlər yazmağa başlasalar, narazılıqları itəcək.

- Rəşad Məcidin hansı şeir(lər)ini tövsiyə edərdiniz?

- "Yastıq", "Hələ ki vaxt var", "Tapdım" - 1996-ı ildə "Azadlıq"da Ramiz Rövşənin təqdimatında bir səhifə şeirim çıxıb, hətta dostumuz Azər Əhmədov birinci səhifəyə çıxarmışdı ki, "Rəşad Məcid itmiş ürəyinin yerini tapıb"

Amma mən hesab edirəm ki, hələ də itmiş ürəyimi axtarıram... sizə deyim ki, 1996-dan bəri hələ də tapmamışam.

- Tapsanız nə olacaq ki?

- Tapsam, poeziya gələcək...

SÖHBƏTİN SONU: Rəşad Məcidin dediklərində çox ağrılı bir məqam vardı - doğrudan da, o həmişə istedadlı uşaqları ətrafına yığıb! Bir vaxtlar Yusif Rzayev, Şahvələd Çobanoğlu, təvazökarlıq olmasa da, Aydın Canıyev Rəşad Məcidin "istedadlı" qrafasında Mehman Cavadoğlunun yanında yüksək tutduğu imzalar idi.

Siyasi publisistikaya yuvarlanma o imzaları indi "persona non-qrata" qrafasına salıb!

Bir ara da Qan Turalı, Seymur Baycan, Elnur Astanbəyli, Aqşin Rəşad Məcidin Anarın yanında "istedadlı" qrafasında yüksək tutduğu imzalar oldu.

Deyəsən, Qan Turalı, Seymur Baycan, Elnur Astanbəyli, Aqşin siyasi publisistikaya yuvarlanıb imzalarının "persona non-qrata" qrafasına düşmələrinin fərqində deyillər!

Onda da ədəbiyyat itirdi, indi də ədəbiyyat itirir!!!

Rəşad Məcid heç nə itirmir - əksinə, illərin peşində xatirələrdə "yaxşı oğlan" kimi qalır!

Xatirələrdə onu həm də isti, ilıq misraları, "istedad qayğısı" imici yaşadır!

Onun şair, yazıçı, jurnalist imici də həmişə cavan qalacaq - həmişə cavanlarladır!

İstedad cavanlar üçün markadır - qocaya istedadlıdır demirlər axı!

Doğrudan da, düşünməyə dəyər - hələ ki, vaxt var!


  • Oktyabr:
  • 31

TƏQVİM / ARXİV