YENİ AQİL ABBASLAR DOĞULANADƏK KÖHNƏ AQİL ABBAS YENİ AĞDAMDAN YAZACAQ - Aqil ABBAS yazır

AQİL ABBAS
1142 | 2023-11-21 09:00

Bu gün Ağdam şəhərinin  erməni işğalından azad olunmağından  3 il ötür. Yəni Ağdam günü  deyirlər  buna. Ağdamlılar  üçün bundan  xoş, bundan  sevincli ayrı bir gün ola bilməz. Yəni ağdamlılar  bunu  bayram kimi  qeyd edir. Ən böyük bayramı isə inşallah, ağdamlılar Ağdama köçəndən sonra qeyd edəcəklər. O gün  uzaqda deyil, 30 il gözlədik, bir 3 il də gözləyərik.

İnşallah, Ağdama  qayıdandan  sonra  analarımız, bacılarımız, xanımlarımız  yenidən allahverdibağırovlar, eldarbağırovlar, fredasiflər, dəliərşadlar, adilnadirovlar, əkrəmismayılovlar, xallışahinlər, şahinhümmətəliyevlər, şadıvaqiflər, eldarkərimovlar, kürdfaxılar, nizamihəkimlər, əlifoğlunazimlər, xuduməmmədovlar, rafiqəliyevlər, adilənamazovalar, şahmarəkbərzadələr,zeynalməmmədovlar, familmehdilər, səxavətməmmədovlar, rəmişlər, qədirrüstəmovlar və sair və ilaxır doğacaq.

Və Ağdam əvvəlki dəli-doluluğuna, şurluğuna, şuxluğuna, zarafatlarına, cavan oğlanların  qız üstə davalarına və «Qarabağ» komandasının oyunlarına bilet almaq üçün qırğınlarına, bilet  tapa bilməyənlərin hasardan keçmələrinə  dönəcək.  

Yeni «Qarabağ bülbülləri» yaranacaq. Allah Murad Rzayevə ömür versin, kəndbəkənd gəzib bülbülləri tapacaq.  

Rafiq müəllimlər  yeni muğam  məktəbləri  yaradacaqlar.

Famillər, zakirlər, batumlar yeni restoranlar  açacaqlar. Yeni aqilabbaslar da yeni Ağdamdan  yazacaq. Surxayəlibəylilər də «Ağdam – qibləgahım mənim» adlı yeni  kitablar yazacaq. 

Lap yadımdan  çıxmışdı Sərdar həkim  və sərdarhəkimlər də yeni bir dəlixana  tikəcək dəli dilbərlər  üçün, xanəhmədlər üçün.
 

TƏQVİM / ARXİV