adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Yüz şair bir müğənniyə dəymədi?! – Eminquey yazır

EMİNQUEY AKİF
1937 | 2022-04-15 14:44

Televiziyamızın menyusunda 300-400 adam var. Əksəriyyəti də müğənni. İlboyu çevir tatı-vur tatı. Yeni qonaqlar yoxdur? Var, niyə yoxdur ki?! O da əldəqayırma müğənnilər. Necə ki, binaların altında boy-boy düzülən dükanların əksəriyyəti ya geyim, ya da telefon dükanıdır, televiziyamız da o təhər.

Məsələn, bir də görərsən ki, Manaf Ağayevə sehirli iksir içirdib 5-6 dənə Manaf çıxarıblar. Biri ATV-də kişilik dərsi keçir, biri Xəzər-də “Ana muğamı” oxuyur, biri ARB-də bahalı villasında oturub bahalı hədiyyələrindən, canlara dəyən dostlarından danışır. Necə deyərlər, Manaf bol olarsa, basılmaz TV.

Misal üçün, Namiq Məna. Əvvəllər yaxşı idi, efirə tək çıxırdı, indi oğlu Məna Əliyevi də vurub yanına, meyxana deyir. Amma ikisi bir məna vermir.

Məsələn, ölkənin ən mühüm günlərinin ən əvəzolunmaz qonağı Məleykə Əsədova və Niyaməddin Musayev. Bəli, çox qeyri-adi cütlükdür. Hətta deyərdim ki, bir-birilərini çox gözəl tamamlayırlar. Niyaməddin müəllimin bir balaca səsi var, amma dediyini başa düşmək olmur, Məleykə xanımın da dediklərini başa düşürsən, amma səsi yoxdur. Siyahını çox uzada bilərəm, amma uzatmaq kimi bir şakərim yoxdur.

Bu müğənnilərdən bir çoxu tez-tez “bahalı hədiyyələr”i ilə saytların manşetinə çıxırlar.

Manaf Ağayev dedim, yeri gəlmişkən, bunu da qeyd edim ki, efirlərin birində villasından reportaj yayımlanırdı. O, bu villanın dostu tərəfindən hədiyyə edildiyini demişdi.

Azərbaycan alimini efirdə “sındıran” Mətanət Əsədovaya adı yazılan 1111 gül buketi, bir neçə dəfə bahalı avtomobillər hədiyyə edilb.

Afət Fərmanqızı Rusiyada yaşayan gürcüstanlı iş adamı bir mahnısına görə “Range Rover”, verilişlərin birində isə özünün etiraf etdiyi kimi bir neçə illik gəlirinə bərabər bahalı daş-qaşlarla bəzədilmiş tac hədiyyə edilib.

Aygün Kazımovaya 150 min manatlıq “Mercedes GL” hədiyyə edilib.

Kəmalə Qaramollayeva da bir dönəm bahalı ev, maşın hədiyyələri ilə gündəmə gəlmişdi.

Hər yer doludur bu tip paylaşımlarla.

Evə ehtiyacı olan minlərlə insan da içində xiffət çəkə-çəkə, köks ötürə-ötürə, hətta bəzən üsyan edərək bu paylaşımları oxuyur. Televiziyada evsiz-eşiksiz, ağır xəstə, ölüm ayağında olan insanların pənah yerinə çevirilən verilişlərlə doludur.

Dünən bir xəbər oxudum. Gənc aktyorumuz serrozdan əziyyət çəkir. Həyat yoldaşı ilə müsahibə verirlər. Aktyor və həyat yoldaşı imkanlı şəxslərdən yardım istəyir. Dinləyə-dinləyə içim yandı. Gör vəziyyət nə həddədir ki, bir gənc aktyor özü öz diliylə yardım istəyir. Hanı müğənnilərə bahalı hədiyyələr yedizdirən yekə-yekə iş adamları? O gənc aktyorun slikon dodaqları, şişirdilmiş dalı, böyüdülmüş sinəsi yoxdur, ona görə?

Heç kimin hədiyyəsində gözüm yoxdur. Amma məni maraqlandıran bir sual var – müğənnidən başqa sənət sahibləri yoxdurmu?

İllərdir kitabının satışı ilə də olsa dolana bilməyən yazıçılara, şairlərə hədiyyə verən oldumu? Uzaqbaşı qonaqlıq. O qonaqlıq da ki, öz keflərinə qulluq. Şairi yedirt, içirt, ana şeiri oxut, vəssalam. İndiyə kimi rast gəlmisinizmi ki, hansısa şairə, yazıçıya “Range Rover”, bahalı villa, daş-qaş hədiyyə etsinlər? Eşitməzsiniz.

Çünki nə bizdə o “dal” yoxdur, nə də onlarda o “baş”.

Ölkənin gəncliyinə yaxşı yol-irız göstərirlər. Tik-Tokda, İnstagramda hamı tanınmağa can atır. Cavan-cavan qızlar indidən slikonlaşır, botokslaşır. Açıq-saçıq videolar çəkib bazara can atırlar. Hamı bahalı hədiyyə peşindədir. Hamı! Ünsiyyətdə olduğum nə qədər xanım var. Bir çoxunun arzusu məhz belə şeylərdir. Və səmimi qəlbdən inanıram ki, o yol onları məqsədlərinə aparıb çatdıracaq. Alan da var, verən də. Şərait münbitdir.

Bəs yazıçı, şair? Biz yazıqlar kitabımızı çap etdirməyə güc-bəla ilə imkan tapırıq. Kitabımızı çıxarmağa boyun olan adamlar da o qədər danışırlar, o qədər özlərini tərif edirlər ki, adamın əli sözdən soyuyur.

Duxunuz var, bu ölkənin müğənnisi yox, şairi, yazıçısı olun!

 

 

 

TƏQVİM / ARXİV