adalet.az header logo
  • Bakı 19°C

“Zdaçi” dalınca qaçan söz adamları – Eminquey yazır

EMİNQUEY AKİF
10967 | 2022-01-05 15:58

Üç il öncə kitab satmaqla bağlı bir köşə yazmışdım.

 

Bu yazıya bir də qayıdıb baxdım və gördüm ki, bir-iki şeydən başqa heç nə dəyişməyib.

 

Bu yazını oxuyandan sonra o bir-iki şeyi qeyd edəcəm.

 

***

 

Kitabımı çap etdirmək üçün mətbəə tapana kimi nəzülmlər çəkdim, bir şeirlərim bilir, bir də mən. Axır ki, oxuduğum universitetdə müəllimim kömək əlini uzatdı. Məni mətbəələrin biri calaşdırdı. Ən minimum qiymətdə çapa razılaşdıq. Və mən onlara əlimdəki materialı göndərəcəkdim. Şeirlərimi bir yerə yığdım, yolladım. İki gün sonra dostlarla məsləhətləşəndən sonra bəzi şeirlərimi kitabdan çıxardım. Və yenidən ikinci materialı göndərib bir mesaj da üstündə yazdım ki, xahiş edirəm, birinci yox, məhz bu material çapa getsin.

 

Cibimdəki pula yetlik çap birbaşa çap idi. Yəni heç bir nümunə verilməyəcəkdi. Bir ay keçdi, mətbəədən zəng gəldi ki, kitablarınız hazırdı, gəlin, götürün.

 

Tez maşını olan dostlarımdan birinə zəng vurub xahiş etdim ki, kitablarımı mətbəədən götürməyə kömək eləsin. Bunları əlimdə daşıya bilmərəm. Sevincək yola düşdük mətbəəyə. Qapıdan içəri girəndə sağda ağ paketlərdə, beli lentlə bağlanmış kitablar gördüm. Təxmin elədim ki, mənimkilərdir.

 

Elə də oldu. Tez paketlərdən birini yırtdım. İlk baxışdan kitab çox gözəl dəydi gözümə. Açdım, bir səhifə, iki səhifə, hər şey normal gedirdi. Şeirlərə çatanda gördüm ki, bu birinci materialdakı şeirlərdir. Barmağı dişlədim, bəlimi başıma çırpdım.

 

- Aaa, axı mən demişdim ki, bunları çapa verməsinlər. İndi mən neyləyəcəm? Axı burada mənim kəm-kürüş şeirlərim də var. Camaat nə deyər?

 

Mətbəə ilərazılaşmışdıq ki, qabaqcadan çox yüngül bir beh verəcəm, qalan pulu təqdimatdansonra həll edəcəyik. Elə buna görə də mətbəə ilə kəllə-kəlləyə gəlməyə utandım. Deyəm ki, bu nədir? Niyə bu materialı çapa vermisiniz? Guya nə dəyişəcəkdi?

 

***

 

İlk kitabım çapdan çıxanda çox həyəcanlı idim. Bir qadın uşağını 9 aya necə dünyaya gətirirsə, mənim də kitabım elə ərsəyə gəldi. Təqdimatdan sonra kitablarımdan beş-onunu qoltuğuma vurub kitab dükanlarının birinə yollandım. İçəri girən kimi bir nəfər işçi yaxınlaşdı və soruşdu:

 

- Salam, qardaş, nəlazımdır?

 

- Salam, bəy, mən gənc şairəm.

 

Bunu dedim vəqarşımdakı adamın üzündə qəribə bir ölüvaylıq hiss elədim. Çox güman özünü gücləsaxladı ağzını büzməkdən.

 

- Lap yaxşı. Nə istəyirsiniz?

 

- İlk kitabımın təqdimatı baş oldu bugün. Əlimdəqalan kitabları da mağazalarda satışa qoymaq istəyirəm. İstədim ki, sizin mağazada da satılsın.

 

- Mmm... Kitaba baxa bilərəm?

 

- Əlbəttə, buyurun.

 

Kitabın birini adama uzatdım, kitabı qaçıb bir-iki vərəq çevirdi...

 

- Bilirsiz, bizdə şeir kitabları satılmır e.

 

Elə bil əlim iisti bir şeyə yapışdırıb o dəqiqə də soyuq nəyəsə basdılar. Cızzz elədim. O isə çox insafsızcasına sözünə davam elədi:

 

- Bizdə detektiv romanlar çox satılır.

 

- Qardaş, mən şairəm, detektiv romanı yazıçılar yazır.

 

- Detektiv roman olsaydı razılaşardıq, amma şeir kitabı satılmır bizdə. Üzrlü sayın.

 

- Siz kitablarımdan dörd-beşini rəfə qoyun, inanın satılacaq.

 

Adamı birtəhərrazı sala bildim. Razılaşdıq ki, hər kitab 5 manata satılacaq və ölkə miqyaslı tanınmamış müəllif olmadığımagörə 3,50 qəpik qazancım olacaq. Tanınmış müəlliflər məndən 50 qəpik hömətliimiş. Açığı qarşımdakı adamın bu etinasız və kinayəli yanaşmasına bir cavabverməliydim. Verməsəydim ürəyim partlayardı. Dedim:

 

- Qardaş, məhz sizin xətrinizə çalışacam gələn dəfədetektiv şeirlər kitabı çap etdirim. Sağ olun.

 

***

 

Kitablarımın taleyilə çox da maraqlanmıram. Amma hərdənbir mağazalara baş çəkirəm. Dəfələrin birində mağazaya girmişəm. Yerli müəlliflərin kitablarının olduğu rəfi tapdım. Başladım öz kitabımı axtarmağa. Ard-arda düzülmüş kitabların arasında kitabımı tapdım. Kitabım özüm kimi arıq-uruq bir kitabdır. Və onu elə bir yerə dürtüblər ki, gözlə görünmür. Sadəcə, mən onunla yaxşı tanışam deyə tapa bildim. Öz-özümə deyindim:

 

- Yekə adamlarsız, bu kitabın nə günahı var? Bura gələnoxucu onu necə tapsın?

 

Bunu deyib kitabımın birini cərgədən çıxartdım. Və görünsün deyə üzünü çevirib rəfin görünən yerinə qoyub mağazadan çıxdım.

 

***

 

Bir neçə gün qabaq mənə təcili pul lazım oldu. Ağlıma gəldi ki, kitablarım mağazada durur. Bəlkə satılıb?

 

- Seymur, dur gedək mənimlə mağazaya, amma mən uzaqda duracam. Sən soruşarsan ki, kitabım satılıb ya yox?

 

- Niyə Emin?

 

- Utanıram.

 

Mağazaya çatdıq. Seymur məni yola gətirdi, içəri girən kimi qaçdım kitabımın olduğu rəfə. Yenə də eyni şey. Kitablar gözdən uzaq bir yerdə beli rezinlənib kitabların arasında dürtülmüşdü. Elə bil üç adamı bir-birinə bağlayıb məngənə arasınasalıb işgəncə verirdilər. Hə, üç kitabım qalmışdı. Bu kitabları mağazaya verdiyim o gündən iki il keçib, o vaxt beş idilər, indi üç.

 

Gözlərimə inanmırdım. İşçilərdən birini çağırıb təəccüblə soruşdum:

 

- Xanım, satılıb kitablarım?

 

- Orada nə qədərdirsə, odur.

 

- Burda üç kitab qalıb, amma əvvəllər beş idi.

 

- Hə, deməli satılıb.

 

Yaxınlaşdıq kassaya, öyrəndim ki, doğrudur, satılıb. Amma nə vaxtsa mən yenə belə bir fövqəladə günlərdən birində bura gəlmişəm və satılan bir kitabın pulun alıb getmişəm. Ona görə də indi onlar mənə yalnız bir kitabın pulunu verəcəkdilər. Oğlan 3,50 qəpiyi uzatdı mənə.

 

Çox sevincli idim.

 

- Seymur, vəssalam, gedirik çayxanaya, özü də tez.

 

O tərəflərdə bir perajki satılan yerin qabağında dayandım. Birdən ağlıma gəldi ki, uşaqlar deyirdi, acıq. İndi beş-on peraşki almağım lap yerinə düşər, qalanını da çaya, ya da siqaretə verərəm.

 

Çayxanaya çatdıq.

 

Perajki doluselofanı masanın üstünə çırpıb dedim:

 

- Yeyin, kitabımın bəhrəsidir. Zəhmətimin çörəyidir.

 

P. S Kitab bazarı həminki vəziyyətdə, kitab mağazaları həminki vəziyyətdə, oxucu kütləsi həmin vəziyyətdə. Sadəcə get-gedə yazıçı, şair olaraq bazar adamına çevrilirik. Kitablarımızı fərdi şəkildə özümüz satırıq, “zdaçi” dalınca qaçırıq, pul xırdalayırıq. Sərgilərə dəvət edirlər, kitablarımızı qabağımıza qoyub deyirlər: “Di satın”.

 

Vəssalam!

TƏQVİM / ARXİV