BU SÖZLƏRİ ANCAQ O SÖYLƏYƏ BİLƏRDİ...

RƏŞAD MƏCİD
108511 | 2014-06-14 04:32
Səhifələrində hər yazımı görəndə xoşbəxt olduğum və qürur duyduğum "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin "Dəlicəsinə" adlı kitabının sorağını eşidən andan onu oxumaq həvəsinə düşdüm...
Kitab oxuya-oxuya qələm-dəftərim də çox vaxt əlimin altında olur. Və mən "Dəlicəsinə" adlı bu kitabdan özüm üçün qeydlər aparmağa başlayıram və hiss edirəm ki, bu kitabda mənə də doğma olan çox dəyərlər və məqamlar var. Hələ bundan başqa bu yeni kitab mənim üçün biblioqrafiya rolunu da onayır, oxumaq üçün neçə kitabın adını qeyd edirəm... Beləcə kitabın adıyla içindəki yazıların üst-üstə düşən məqamları məni özünə çəkir...
Kitabın birinci - "Yaşadıqlarım" adlı bölümündəki "Gəncədəki ruh" adlı yazı xüsusilə oxucu ruhuma toxunur:
"...Həmin gün hiss edirdim ki, Gəncədə bir ruh var. Özü də o ruh təkcə məndə yox, mənim qatardan başlayan nostalji xatirələrimdə deyildi, mənə elə gəlirdi ki, o ruh hamını sarmışdı. Elə bizim xalqımızın soyuq, rasional düşüncəli xalqlardan fərqi də məhz o ruhdadı..."
Bir də müəllifin bütün səmimiyyəti ilə söylədiyi bu fikirlər mənə çox təsir elədi...
"...Mən millətimizə, xalqımıza xidmət edən dəyərli insanların əllərini öpməkdən heç vaxt çəkinmədim. Otağıma gələndə ayağa sıçradım, qabaqlarına yüyürdüm. Onlarla səfər yoldaşı oldum, amma ən adi məişət söhbətləri gedəndə də, məclis zarafat məcrasına yönələndə də etik sərhədləri heç vaxt keçmədim, qarşımdakının kim olduğunu unutmadım. Və əksinə davrananları görəndə hiddətləndim, qəzəbləndim..."
Müəliif bu maddi aləmdə öz mənəviyyatını, ruhunu çərçivəyə salanlara deyir ki, insanın xilası onun ruhundadı. "...O ruh olmasa heç bir maddiyyat, heç bir güclü ordu torpaqlarımızı geri ala bilməz..."
Və mən "Gəncədəki ruh" adlı bu təsirli yazı haqqında qəlbimdən keçənləri daha aydın ifadə etmək üçün "ön söz"ün müəllifi professor Cahangir Məmmədlinin yazdıqlarına diqqət edirəm:
"...Bu kitabın içində Azərbaycan dolu bir sevgi var - Azərbaycan sevgisi var" deyən Cahangir müəllim bu yazıya münasibətini görün necə ifadə edib:
"...Doğrusu, bu sətirlər məni də vağzalları çoxdan, lap çoxan unudan bir insan kimi çox duyğulandırdı və mən birdən-birə bu axşamçağı Bakı-Ağdam qatarına bilet alıb "elə həmişəki kimi" olan o vağzaldan elə o illərdəkinə bənzəyən o bələdçilərin yanındaca Qarabağa getmək istədim. Bu duyğu mənə Qarabağ dərdini, Ağdam kədərini yenidən yaşatdı və mənə bu dərdi yenidən yaşatdığına görə Rəşada çox minnətdaram..."
İkinci bölüm "Gördüklərim" adlanır. Burada müəllifin unudulmayan səfərləri, müxtəlif ölkələrdə yeni-yeni görüşləri və dostluq bağlarından, bir də platonik məhəbbətin cizgilərindən söz açılır ...
Üçüncü bölüm isə "Tanıdıqlarım" adlanır. Kitabda ən çox sevdiyim yazı "Əsəd bəy və Nuridə xanım"adlı bu böyük yazıdır. Yazı "Ötən əsrin birinci yarısında Avropada Azərbaycan nəsrinin şedevr nümunələrini yaradan Məhəmməd Əsəd bəyin - Qurban Səidin narahat ruhuna və bu dahi Azərbaycan yazıçısını Vətəninə qaytarmaq istəyən Nuridə Atəşinin müqəddəs savaşına ehtiramla" yazılıb.
Əsəd bəy Bakıya, İçərişəhər divarlarına, qədim Qalanın xarabalıqlarına dəlicəsinə aşiq idi. Nuridə xanım isə Avropada doğma Vətəni uğrunda çarpışır dəlicəsinə...
...Bir oxucu kimi mənim üçün də Məhəmməd Əsəd bəylə bağlı bu məlumatlar, onun əsərləri ilə tanışlıq çox maraqlıdı. Nuridə xanıma gəldikdə isə onun bir qadında olan bu qədər işıq, xoş niyyətlər üçün sərf etdiyi enerji, bu qədər inam və ürəkdən gələn mübarizəsi adamı heyran edir. Ümumiyyətlə, Rəşad müəllim öz təbiətinə uyğun olaraq Nuridə xanım kimi insanlara qəlbində xüsusi rəğbət bəsləyir, istedadlı adamlara onların yazdığı əsərlərə və ya kiminsə gördüyü xeyirli, təmənnasız işlərə görə öz minnətdarlığını bildirir. Və bu minnətdarlıq hissinə az qala kitabdakı bütün yazılarda rast gəlmək olur. Qəribədir, adamların az qala bir-birini tapdayıb keçmək istədiyi, istedadı nəinki əzizləmək onu vurub sıradan çıxarmaq istəyən, könül bulandıran, qəlb qıran bu qədər adamların arasında Rəşad müəllim kimi insanlar çoxdumu, Sizcə? Qulu Ağsəsin R.Məcidlə bağlı "Ulduz" jurnalında bir yazısını oxumuşdum. "Qapısı açıq Məcid". Mən də həmişə bunu müşahidə etmişəm. Rəşad müəllim könül qapısını ədəbi aləmdə hələ ilk addımlarını atan istedadlı gənclərin üzünə taybatay açdı. Kiminin qəlbinə bu minnətdarlıq hissi ilə əbədi yazıldı, kiminin də bu açıq qapıdan düşən işıq çox keçmədi ki, gözlərini qamaşdırdı. Rəşad müəllim də şair könlü, həssas qəlbi ilə olanları ürəyinin düz başında hiss elədi və təbii ki, özünün də söylədiyi kimi bunlar onun ruhuna təsirsiz ötüşmədi...
Düzü, adam hərdən düşünür ki, kaş mən də indiki gənclərin yerinə olaydım. Biz nə qədər əziyyətlər çəkmişik, min bir əziyyətlə oxumuşuq, sonra işləyəndə bəzən elə maaş almışıq ki, heç yol pulumuzu da ödəməyib. Əlbəttə, mən demək istəmirəm ki, indikilər yağ-bal içindədirlər. Sadəcə dediyim odur ki, bu yaşda sənə "Gənc ədiblər məktəbi"nin üzvi kimi ruh vermək, həvəsləndirmək, yeri gələndə kitablarını çap etdirmək, onların tanınmasına çalışmaq, bunlar adi işlər deyil. Adi bir yazısına, kiminin sualına, kiminin bir yaxşı işinə görə hər kəsə təşəkkür etməyi sanki borc bilən bu böyük ürək sahibinin özünə də bir minnətdarlıq düşdüyünü unutmaq günah deyilmi?
R.Məcidin "Özgə planetdən gələn adam" yazısı da səmimiyyəti, yenə o minnətdarlıq hissi ilə yadımda qaldı. Onun "Milli Kitab Mükafatı və Nigar Köçərli haqqıda qeydlər"i olan bu yazıdan oxucu Nigar xanımın "dünyası"na səyahət edir.
"-Altı yüz dollarla bir mağazanın küncündə kitab biznesinə başladım. Pul qazandım. "Əli və Nino"nu qurdum. İndi bu xalqa qazandığımın əvəzini vermək istəyirəm".
Müəllif isə "...Bu xalqın hesabına hədsiz var-dövlətə sahib olub, görməmişcəsinə torpaqları, meşələri, dağları hasarlayan, "doydum" demədən bu sərvəti halal haqqı kimi həzm edən və belə etirafları ömründə ağlına gətirməyən oliqarxları, milyonçuları düşünüb, biznesdə onlarla müqayisədə çox xırda uğurlar qazanmış bir xanımın xalqa minnətdarlıq hissinə, öz "borcunu qaytarmaq" istəyinə sadəcə sitayiş etmək olardı" deyə, qəhrəmanını bizə belə tanıdır...
R.Məcidin Aqil Abbasın 60 illiyinə bir il öncədən yazdığı "Unikal adam" yazısı da ürəyə toxunan, konkret, maraqlı bir yazıdı. O, bizim tanıdığımız və tanımadığımız Aqil müəllimin xarakter, insanlıq cizgilərini özünəməxsus bir gözəlliklə ifadə edir:
"...Bütün sözlərin, müşahidələrin cəmini, toplusunu bir yerə yığıb, ən müxtəlif məqamlarda - kədərin adamın cısdağını çıxardığı, sevincin qanadlarını döyəcləyib şahə qalxdığı vaxtlarda, ən sakit anlarda, ən çətin stüasiyalarda onun elədiklərini, davranışını beynimdən keçirib bir fikrin üzərində dayanıram - Aqil unikal adamdı".
Müəllifin "Ağdam haqqında dəyərli yaddaş abədəsi" adlı yazısı isə Vüqar Tofiqlinin "Ağdam Çörək Muzeyi: dünəni, bu günü və sabahı" adlı yeni kitabına yazılmış ön sözdür. Doğrudan da "...Tarixi danılan, əzəli torpaqlarının bir hissəsi işğal olunan Azərbaycanda belə kitablara böyük ehtiyac var..."
"Dediklərim" adlı dördüncü bölümdə isə müəllifin "Azadlıq" radiosuna və "Naşir" jurnalına verdiyi müsahibələrlə kitabın sonuna gəlib çatırıq. "...Ümumiyyətlə mən vəfa, etibar, sədaqət və istedadın təntənəsinə, gücünə həmişə kövrəlirəm və bunları həssas qarşılayıram. Bunlar mənə ən təsir edən duyğulardır. Bu baxımdan dediyim kimi gənclərlə bağlı bunları yaratmağa çalışmışam. Bəzən özündən çıxan, havalanan bəzi gənclərə baxanda isə təəssüflənirəm. Çox istərdim ki, vaxtında, zamanında uğurlar qazansınlar, amma uğurdan da başları gicəllənib sıradan çıxmasınlar. ("Naşir" jurnalına, Sevinc Mürvətqızına müsahibə)".
...Bu sözləri ancaq o söyləyə bilərdi - hamımızın sevimlisi Rəşad Məcid...

Mina RƏŞİD

TƏQVİM / ARXİV