RÜBAİLƏR ALƏMİNDƏ - VAQİF YUSİFLİ yazır

VAQİF YUSİFLİ
5833 | 2023-05-17 10:17

Çoxəsrlik Azərbaycan poeziyasının qədim şeir formalarından biri də rübaidir. Təkcə Azərbaycan klassik poeziyasıfnda deyil, ümumən Şərq xalqlarının ədəbiyyatında da çox geniş yayılan rübai bugün XXI əsrdə də dəbdən düşməyib.

 Doğrudur, rübai qəzəl kimi populyar deyil, lakin həm klassik, həm də müasir şeir şəkillərinin intensiv halda işlədilməsinə rəğmən rübaiyə də müraciət olunması təqdirəlayiqdir. Bu, onu sübut edir ki, birincisi, müasir Azərbaycan poeziyası qətiyyən klassik poeziyadan və onun yaşarı ənənələrindən təcrid oluna bilməz-. İkincisi,«köhnə havalar»da təzə nəğmələr ötmək olar. Təki ortada deyilməli fikir olsun və bu fikrin hansı formada ifadə edilməsi o qədər də önəmli deyil.

Rübai klassik şeirin dördlük növünə aiddir. Məlumdur ki, dördlük hər bəndi dörd misradan ibarət olan şeirə deyilir. Şeirin formasından asılı olaraq dördlüklər müxtəlif cür qafiyələnir. Dördlüyə daxil olan iki şeir şəklinə daha çox müraciət edilmişdir ki, bunların biri mürəbbe, digəri rübaidir.

Əvvəlcə mürəbbelər haqqında. Mürəbbe Divan ədəbiyyatında dörd misradan ibarət olan şeirə deyilir. İlk bəndin dörd misrası qafiyəlidir. Son bəndlərdə mürəbbenin üç misrası həmqafiyə, dördüncü misrası ilkin bəndi ilə qafiyələnir.

İndi isə rübai haqqında: rübai də dördlük misradan ibarətdir. Türk xalqlarında rübai çox geniş yayılıb. Şərq ədəbiyyatında Rudəki, Xəyyam və Məhsətinin rübailəri orta əsrlərdə daha çox populyarlıq qazınıb Xaqaninin, Qazi Bürhanəddinin, Nəsimi və Füzulinin də gözəl rübailəri var.

Rübai klassik Şərq ədəbiyyatınıne ən «nərmə-nazik» şəkillərindən biridir və deyim ki, şairlər bu formaya müraciət edərkən öz məharətlərini nümayiş etdirməyə çalışırlar. Çünki dörd misrada, özü də sanki texniki cəhətdən çərçivələnmiş şeir formasında ictimai, fəlsəfi, əxlaqi fikir söyləmək lazımdır. Klassik şeirin digər formalarında bunu etmək o qədər də çətin deyil, çünki rübaiyə nisbətən o formalarda həcm genişdir. Bu mənada klassik şeirin rübai forması xalq şeirinin bayatı forması ilə doğmalaşır.

Şərq ədəbiyyatında bu formadan bütün klassik şairlər istifadə etmişlər.

 

Əlimdə olsaydı əgər iqtidar,

Bu köhnə fələyi kökündən yıxar,

Təzədən elə bir fələk qurardım-

Kim, hər kəs yaşardı azad, bəxtiyar.

(Xəyyam)

Bu dünya bir qızıl kuzəyə bənzər,

Suyu gah şirindir, gah da ki, zəhər.

Çox da öyünmə kim, uzundur ömür,

Əsəl köhlənində hazırdır yəhər.

(Məhsəti)

 

Azərbaycan dilində ilk rübailərin müəllifi Qazi Bürhanəddindir. O, 20 rübaisini divanına daxil etmişdir. Onların hamısı aşiqanə mövzuda yazılmışdır:

XX əsr Azərbaycan poeziyasında da rübai bir şeir forması kimi yaşadı, öz ənənəsini davam etdirdi. Doğrudur, əvvəlki əsrlərlə müqayisədə rübaiyə nisbətən az müraciət olundu, lakin şeirimizin xəzinəsinə əlavələr etdi. M.Müşfiq, M.M.Seyidzadə, Qabil, O.Rza kimi şairlərimiz yeni rübailər yaratdılar. Mikayıl Müşfiqin «Duyğu yarpaqları» silsiləsindən 41 rübaisinin əksəriyyəti bu şeir növünün ən gözəl nümunələri kimi diqqəti cəlb edir.

Bu ənənəni davam etdirən şairlərdən biri də Hafiz Əlimərdanlıdır. O, kimyaçı alim olsa da (AMEA-nın müxbir üzvüdür), ədəbiyyata, xüsusilə, poeziyaya meyli onu şeirlər yazmağa, özü də klassik şeir formalarına müraciət etməyə gətirib. Hafiz müəllim artıq bir qəzəllər kitabının müəllifidir və akademik Nizami Cəfərov o kitaba ön söz də yazıb. İndi ikinci kitabı –«Xəyalımın qanadlarında.Rübailər» çapdan

çıxıb və Nizami Cəfərov bu kitabda da geniş bir ön sözlə çıxış edir. O yazır ki: «Hafiz müəllimin rübailərinin fəlsəfəsi oxucunu düşündürür, ruhu oxşayır… Şairin rübailərində klassik fəlsəfənin əsas məziyyətləri ilə yanaşı, həm də müasir həyatımızla səsləşən motivlərə də təsadüf olunur».

Hafiz Əlimərdanlı rübai janrının özəlliklərinə yaxşı bələddir. Məlumdur ki, rübai öz həcminə görə şeirin miniatür janrına daxildir və dörd misrada şair müəyyən bir fikir söyləməlijir. Elə bir fikir ki, o fikir bu dörd misrada öz poetik həllini də tapsın. Çünki hər hansı fikir qupquru səslənməməlidir, gərək onun poetik, obrazlı yaraşığı da olsun. Hafiz müəllim bir rübaisində deyir ki: «Açılan çiçəkdir yazılan şeir». Onun rübailərinin mövzusu rəngarəngdir. Amma hansı mövzuda mövzuda yazılırsa-yazılsın, Hafiz Əliməranlı maarifçi mövqeyindədir. Bu mənada o, bizim böyük maarifçilərimizin ənənələrini davam etdirir. Maarifçilikdə əsas meyar insan ağlının qüdrətini nümayiş etdirməkdir. Bir maarifçi kimi nəyi təbliğ edir Hafiz Əlimərdanlı? Ağılın baş xətti bilikdir. Baxın:

Bar versə bir ağac, başını əyər,

Həyatı biliklə insan dərk edər.

Biliklər olmasa, yaşamaq çətin,

İnsanlar biliklə daim yüksələr.

 

Ümumiyyətlə, Hafiz müəllim öz rübailərində insan ömrünün mənasını, mahiyyətini ifadə edən bütün mənəvi keyfiyyətlərə üz tutur. Özü də onun müraciətləri, çağırışları daha çox cavan nəsilə aiddir, yaşına görə, keçdiyi həyat yoluna görə onun buna haqqı var. Amma təkcə cavanlar deyil, hamı bu çağırışlardan bəhərlənməlidir. Klassik rübai ustalarının (Xəyyam, də vardı, insanı düz yola səsləyən çağırışlar da…Hafiz müəllim də bu ənənəni davam etdirir, təbii ki, müasir həyatın reallıqları da nəzərə alınmaqla.

Çox uca zirvəyə qalxanda düşün,

O məkan layiqsə, təmkinli görün.

Yadında saxla ki, qalxdığın yolla,

Çox çətin eniş var həyatda bir gün.

H.Əlimərdanlı bu mürəkkəb, hər günü az qala bir ilə bərabər olan, müharibəli-qanlı- qadalı dünyada yaşayır və bizim hamımız kimi o da dünyada baş verən hadisələrə, dəyişmələrə biganə deyildir. O, baxıb görür ki, dünyanı bölmək istəyənlər var, yəhudiliyə, xristianlığa, müsəlmanlığa. O baxıb görür ki, hər gün mövqelər dəyişir, dünyanı yalanlar idarə edir, amma İnsan bu dünyanın naxışıdır. İnsan ona verilən həyatı insantək yaşamalıdır, həyat yolu mürəkkəb olsa belə. Amma insanlar da xasiyyət və xarakterinə görə müxtəlif çeşidlərə bölünür:

İnsan var ki, əzəmətdə bir dağ qədər,

İnsan var ki, səxavətdə bir bağ qədər.

İnsan var ki, qaranlıqda yanar çıraq,

İnsan var ki, insanlığa qara yamaq.

 

H.Əlimərdanlının rübailərində müasir həyatın gerçəklikləri də öz əksini tapır. Təbii ki, Azərbaycanda və türk dünyasında baş verən olaylar onun da nəzərindən yayınmır və yayına da bilməz. 44 günlük qələbəmizi o, bir rübaisində böyük sevinc hissilə alqışlayır:

Sevinir ürəyim, sevinir bu gün,

Qayıtmış Qarabağ, qayüıtmış bütün.

Qəlbim də söyləyir, bir zaman gələr,

Çoxalar bu günlər sevinmək üçün.

 

Bizim poeziya vətənpərvərlik duyğuları ilə köklənib və yüzlərlə şeirlərin adını çəkə bilərik. H. Əlimərdanlının qəzəlləri və rübailərində də Vətən sevgisi öz əksini tapır. Amma Vətən sevgisini təkcə yaşadığın vətəni mədh etməklə məhdudlaşdırmaq olmaz. H.Əlimərdanlının «Quşcuğaz» rübaisinə diqqət yetirək:

Quşcuğaz qəfəsdə söylərdi hey vətən, vətən,

Hər səhər, hər axşam nəğməsi susmadı hərdən.

Soruşdum, bəs Vətən ediyin diyar haradır?

Dedi ki, tikanlı səhradır o gözəl məskən.Amma onun Vətənlə bağlı bir rübaisi də var ki, onu burada xatırlamamaq insafsızlıq olardı:

Vətənə ol sevgi, söylə nədəndir?

Bilmirəm bir xəyal, yoxsa ki çəndir.

Suala heç cavab verməkmi olar?

Vətən səhra olsa, yenə Vətəndir!

İstər klassik rübailərimizdə, istərsə də müasir övrdə yazılan rübailərdə bir əsas mövzu eşqin və gözəlin tərənnümüdür. Amma Hafiz müəllimin rübailərində biz buna nadir hallarda təsadüf edirik.

Həyatı yaradan yeganə eşqdir,

Sərvətə, dövlətə biganə eşqdir.

Eşq yoxsa, həyatın nə mənası var?

Ömür şamtək yansa, bəhanə eşqdir.

Bu yazıdaHafiz Əlimərdanlının rübailərindən yenə söz aça bilərik. Sənət və sənətkar haqqında, şeir barədə, insan əxlaqına xas olan düzlük, halallıq, həyatda onu narahat edən müxtəlif məsələrlə bağlı …rübailəri çoxdur. Və biz arzu edirik ki, rübailərinin sayını artırsın, bir az da bədii sanbalına diqqət yetirsin. Klassik ədəbiyyata sevgisinə görə Hafiz müəllimi alqıfşlayırıq .

 

TƏQVİM / ARXİV