adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
22 Fevral 2021 13:39
31202
ELM VƏ TƏHSİL
A- A+

BÖYÜK ALİMLƏRİMİZİ UNUTMURUQ... - Etibar Əliyev yazır

Azərbaycan EA-nın həqiqi üzvü, akademik, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi Feyzulla Qasımzadənin (22 fevral 1898-29 mart 1976) doğum günüdür. F. Qasımzadə Azərbaycan ziyalılarının böyük bir ordusunun müəllimi olmuş, bir neçə nəsil onun dərslikləri ilə təhsil almışlar. O uzun müddət Bakı Dövlət Universitetində "Tarix" kafedrasının və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasının müdirləri olmuşdur. 30 elmlər doktoru və 120 elmlər nazmizədi yetişdirmişdir.

Oğlu, akademik Fuad Qasımzadənin atası haqqında xatirələrindən: “60-cı illərin axırları idi. Atam Feyzulla Qasımzadə Maarif Nazirliyindən evə çox əsəbi qayıtmışdı. Evə girən kimi sözü bu oldu: “Nə yaxşı ki, Mehdi müəllim nazir imiş. İşini bilən və güclü adamdır. Əsl kişi kimi hərəkət etdi. Bir-iki müasir yazıçı az qalmışdı ki, klassik ədəbiyyatımızın, dərslik və proqramlarımızın evini yıxsın. Tələbləri bu idi ki, klassikləri azaldın, çıxardın, ixtisar edin, əvəzinə bizi salın. Ayrı adam nazir olsaydı, bəlkə də niyyətləri baş tutardı. Amma Mehdi müəllim qoymadı. Klassik ədəbiyyatı şəxsən yaxşı bilir, sevir, əhəmiyyətini başa düşürdü. Buna görə də əsl dövlət adamı kimi, nazir kimi onun qayğısına qaldı. Yazıçılar incik getdilər. Mehdi müəllim dedi: “Qoy getsinlər, mən milli ədəbiyyatımızı, təhsilimizin taleyini, balalarımızın taleyini bir-iki nəfərin ambisiyalarına qurban verə bilmərəm. Nə qədər nazirəm, belə halların qarşısını qətiyyətlə kəsəcəyəm”. Maarif nazirliyində tədris proqramları müzakirə olunurmuş. Orta məktəblərimiz üçün dil və ədəbiyyat fənləri üzrə təqdim olunmuş proqramların və dərsliklərin layihələri nəzərdən keçirilirmiş. Özü də axırıncı dəfə, yüksək səviyyədə. Yığıncağa alimlər, tədris proqramları və dərsliklərin müəllifləri ilə yanaşı, bir sıra tanınmış yazıçılar, elm və mədəniyyət xadimləri də dəvət olunublarmış. Müzakirə zamanı bir neçə çağdaş yazıçı təkidlə tələb edib ki, proqramlarda klassik ədəbiyyata verilən saatlar xeyli azaldılsın, ixtisar edilsin, əvəzində sovet ədəbiyyatına, müasir yazıçılara verilən yer və saatlar genişləndirilsin, xeyli dərəcədə artırılsın. İddiaları da bu olur ki, indi Nizami, Nəsimi, Füzuli, Vaqif və ya Seyid Əzim vaxtı deyil. Onların vaxtı keçib. Müasir gəncliyə sovet ədəbiyyatı, kommunizm ideyaları ilə dolu əsərlər lazımdır. Onlara “sinfilik”, “partiyalıq”, “xəlqilik” aşılayan, onları “kommunist partiyalığı ruhunda” tərbiyə edən ədəbiyyat lazımdır. Məfkurə lazımdır. Klassik ədəbiyyat eşqdən, məhəbbətdən, aşiqanə hisslərdən, “keçici hallardan” danışır. Mehdi müəllim, atam, Məmməd Cəfər müəllim və başqaları buna etiraz edir, klassik ədəbiyyatın şərəfini müdafiə edir, mövqelərindən geri çəkilmirlər. Onda həmin yazıçılar, özü də o kəslər ki, ömrü boyu “sinfilik”, “partiyalılıq”, “xəlqilik” mövqeyindən çıxış edib, bədii ədəbiyyatı “ideoloji mübarizə” meydanına: “sinfi mübarizə” meydanına çevirib, hey kolxozdan, “yeni həyat tərzindən”, “sovet vətənpərvərliyi” və xalqlar dostluğundan, “sosializm uğrunda mübarizədən” yazıblar, başlayırlar əsl hücuma. Nazirin və müəlliflərin üzərinə hücumlar edir, hədə-qorxu gəlir, siyasi rəng verir və hətta birisi həyasızcasına deyir ki, “nə yapışmısız bu klassiklərdən. Məgər indiki şairlər klassiklərdən az iş görüb? Ya mən özüm, Mirzə Fətəlidən, Mirzə Cəlildən az iş görmüşəm?”Mehdi müəllim bunlara əsla fikir vermir, sözündən dönmür, geri çəkilmir və qətiyyətlə bildirir ki, klassik ədəbiyyat başdan ayağa klassikadır. Nizami, Füzuli, Axundov, Sabir kimi klassiklər hər hansı bir xalq, hər hansı bir millətdə olsaydı, onlarla fəxr edər, qürurlanardılar. Klassiklərimiz bizim şanlı tariximiz, ölməz və həmişəyaşarirsimiz, milli iftixarımızdır. Onları bilən məktəblilərimiz, gənclərimiz xalqla, millətin tarixilə, köklərilə bağlanır və əsl vətənpərvər, əsl vətəndaş, layiqli övladlar kimi yetişirlər. Biz onları vətənpərvərlik tərbiyəsinin qüdrətli vasitəsindən, milli iftixar və əvəzsiz zövq mənbəyindən, mühüm idraki əhəmiyyəti olan böyük bir qaynaqdan məhrum edə bilmərik”.

Əsas əsərləri: M.F.Axundovun yaradıcılıq yolu", "N.B.Vəzirov", "Abbasqulu ağa Bakıxanov Qüdsi", "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi oçerkləri və s.