Rafiq Yusifoğlunun uşaq poeziyası

88137 | 2018-08-08 22:40
Allahverdi Eminov,
pedaqogika üzrə fəlsəfə
doktoru, dosent


(bir fraqment)

Mən Rafiq Yusifoğlunu, onun şəxsiyyətini öncə, qırx il olar tanıyıram. Və ilk dostluğumuzun səbəbkarı mərhum dostum, uzun illər "Azərbaycan müəllimi" qəzetində çalışdığım folklorçu alim, jurnalist Şamxəlil Məmmədov idi və o demişdi: "Allahverdi müəllim, Rafiq müəllimlə mən tələbə yoldaşı olmuşuq, bu gün də münasibətimiz davam edir". Beləliklə, bir şair, pedaqoq, alim, həmkarlarım sırasına o vaxtlar lap cavan olan bir yaradıcı şəxs də daxil oldu. Şeirlərini oxuyurdum, bəzən hətta düşünürdüm ki, Rafiq bəy də poeziya dünyasının girovuna çevriləcək, imzası gündəmdə qalmaq üçün misraların dalınca gedəcəkdir, çünki həyatım boyu şeir yazmasam da, poeziyanın qədrini bilirəm.
İllər keçdi, poeziya aləminə gəldilər və getdilər, oxucularla görüşdülər və ayrıldılar. Lakin Rafiq Yusifoğlu gəldi və qayıtmadı. Şeir dünyasına bir pəncərə saymadı ki, baxsın, baxsın və arxada qalan illərdə yazdığı bəzi şeirlərini nastalji hissi ilə xatirlasın, daha yaza bilmədiyinin heyfini küskünlüklə yad etsin. Əksinə, gördüm Rafiq bəyin istedadının tükənmədiyini, Allahdan gəlmə bir ruhi dəyər olduğuna oxucularını inandırdı. Mən də istisna olmadım və müxtəlif illərdə şair və alim - filoloq, professor Rafiq Yusifoğlunun poeziyası və ədəbiyyatşünaslıq dünyagörüşü haqqında bir neçə analitik məqalələr yazıb çap etdirdim və özümə də təsəlli verdim, daha doğrusu, özümü inandırdım ki, zövqümdə yanılmamışam. Rafiq bəyin yaradıcılıq psixologiyasında bəzi nüansları ötəri də olsa qeyd edərdim, o poeziyanın iki qolunu (əlbəttə şərtidir): həm ciddi, həm də uşaq şeirlərini paralel aparır. Xüsusi "uşaq şeiri" anlayışı yoxdur, böyük ədəbiyyatın predmetidir. Həm də ədəbiyyatın nəzəri məsələləri ilə məşğul olur. "Ədəbiyyatşünaslığın əsasları"(dərslik), "Uşaq ədəbiyyatı"(dərslik), "Müasir ədəbi proses və ədəbi tənqid", "XX əsrin Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri" (monoqrafiya), "Ədəbi nəzəri fikrin inkişaf mərhələləri" (monoqrafiya) və s. kitablar qələmə aldı. Yaradıcılıq psixologiyasında (mən uzun müddətdir ki, bu problemlə məşğulam) qəribəliklər çoxdur, xüsusilə də müəllifin şairmi, tənqidçimi olmasından irəli gələn təsirinə düşmək məsələsidir. Şair, yazıçı var, bədii yaradıcılığında publisistikasının üslubu özünü göstərir, yaxud poeziyasında nəzəri mühakimələr yaranır. Rafiq Yusifoğlunun yaradıcılıq psixologiyasında bu sıraya "üçüncü qolu" da əlavə edərdim: ciddi şeirlər öz lirizmini, poetik və mövzu əlvanlığını qorumaqla uşaq dünyasına baş vurmaq, bu möcüzəli sehrli məxluqlarla dil tapmaq, onların suallarını cavablandırmaq.
Ədəbi nəzəri problemlərə gəldikdə Rafiq bəy olur ədəbiyyatşünas, tədqiqatçı, ali məktəb müəllimi.
Xeyli ekskursiya etdim, hər halda oxucunu yormadım, ona görə ki, bizim tənqidçilərimiz, poeziyaşünaslarımız var, sanki müəllifləri çeşidləyir, hər bir şeirin üzərində dayanır (tənqidçilərin də məxsusi zövqü olur), lakin ümumi bir xatırlamaqdan sanki qaçır. Elə deyil, yazılan bir məqalə də gələcək üçün qalır ki, yeni nəsil oxucusunda təsəvvür yaratsın. Bu baxımdan belə bir ekskursa əl atdım, lakin məqsədim şairin uşaq poeziyasına dərin yanaşmasından: Sabirli, Səhhətli, Şaiqli ənənələri davam etdirməsində bəzi ştrixlərlə toxunmaqdır.
Bu gün uşaqlara "dünənin" ovqatı ilə yanaşmaq bir məsələyə çevrilib, şairlər üçün səbəbsiz deyil: canlı aləmin, varlığın mahiyyətindəki intellektuallığın daha qabarıq nəzərə çarpmasıdır, yəni bir, yaxud yaşıl yarpağın niyə belə ikili rəng alması, dənizə qağayıların vurulması, torpağın ana olmasının sirri - hansıki şair bu dəyərləri uşaqlara anlatmaq üçün emosionallığa üstünlük verir və vətən məhəbbətinin bir atributuna çevrilir. İki nümunə verəcəyəm, fikirlərimin təsdiqi üçün: "Tanrı yandıran ocaq" səkkiz misradır:

Elə yanan yoxdur ki,
Sonu külə dönməsin.
Elə ocaq yoxdur ki,
Yanıb, yanıb sönməsin.

Günəş min, milyon ildir,
Yanıb sönməyib ancaq.
Möcüzədir, mözücə,
Tanrı yandıran ocaq.
Nə aşılanır? Və necə yaddaşa ötürülür? Sadə amma intellektuallıqla, emosionallıqla vəhdətdə. Uşaqlarda o təsəvvür yarana bilər ki, fizikanın, yaxud biologiyanın qanunları heç də mütləq deyil. Kainat özbaşına hərəkət qüvvəsinə malik deyil. Kosmosun atributları, o cümlədən Günəş də "Tanrı- Allah" tərəfindən nizama salınır. Bəli, uşaqlarda tanrıçılıq tərbiyəsi. Yaxud bir bəndlik şeir:
Çəmən ana hirsləndi
Böynübükük çiçəyə:
Niyə könül verirdin
Bir sərsəri küləyə.

Adi müşahidə təəssüratıdır. Olsun, amma dərin düşüncəyə yol açır, assosiativ fikirlərə yozulur.
Predmetlər bir yana, insan həqiqətənmi hər təsirə özü getməlidir, onun iradəsinə tabe olmalıdır. Zahirən güclü və şirnikdirici görünən bir şeyə uymağa dəyərmi, bəs sonra necə olacaq, deyək ki, külək özündə dağıdıcılığı, sərsəriliyi ehtiva edirsə, hətta sakit zərif çiçəyin aqibəti belə olur. O, əyildikcə fiziki görkəmin də, qəlbin də əyiləcək - həyatın diktəsidir.
Rafiq Yusifoğlu bu sərsəri küləyi özbaşına buraxmayır, ümumiyyətlə, küləkdə, qnesioloji bir dəyər axtarır, daha doğrusu, təbiətin daha bir atributuna uşaqları yaxşı mənada inandırır. Və küləyin nəğmələri silsiləsindən maraqlı şeirlərini qələmə alır. Sən demə, küləkdə çobanlıq, rəssamlıq, istiqanlılıq və s.keyfiyyətlər də varmış, küləyin xəzri, gilavar övladları da. Bu övladların xasiyyəti isə bir birinə tərs mütənasibliyidir.
Məktəbli uşaqlar dərsliklərində küləyin elmi xassələrini öyrənirlər - bu, öz yerində lazımdır. Şairin öz şərhi poeziyanın dili ilə çatdırılır xəzri və gilavarda.

-Xəzri, gilavar nədir,
Söylə görüm, ay Mələk?
-Xəzri soyuq küləkdir,
Gilavar isti külək.
-İndisə sualıma
Sən cavab ver, ay Bəsti.
Nə üçün xəzri soyuq,
Gilavar olur isti?
-Yel əsəndə elə bil,
Həyat gəlir, can gəlir.
Gilavar isti yerdən,
Xəzri şimaldan gəlir.

Suallar intellektual, cavablar emosional. Bu iki yanaşmanın yerini dəyişmək də olar - şeirin orijinallığı burdadır. Uşaq şeiri hadisələrin mühakiməsi ilə şərtlənmir, bir deyim tərzi ilə gərək mövzunu yaralamayasan. Uşaqların əvvəlcə gərək diqqətini ora yönəldəsən. Sonra təbii fantaziyalarına imkan yaradasan. Şair Rafiq Yusifoğlunun poetik hünəri də hər iki faktora etina etməsi görünəni poeziyanın sehrli gözü ilə təqdimidir:

Külək əsir yellənən,
Dəniz necə gözəldir.
Külək memardır sanki,
Sudan dalğa düzəldir.

Uşağa daha nə lazımdır? Fantaziya ilə dənizin memarlığı və bir də dənizin dalğalarının küləyin cənginə verməməsi. Axı dəniz anadır!

Dalğalar hey çırpınır,
Qayalara hirs ilə.
Külək yatıb,
Dənizin xəbəri
Yoxdur hələ...

- uşaqlar o halda azad, sərbəst, özünə arxayın olurlar ki, nənələri, babaları yanlarındadır, isti qayğılar ilə üz-üzədirlər, neçə-neçə suallar verib, cavablar alacaqlar. Xüsusilə, bu gün uşaqları soyuq elmi - texniki vəsaitlərdən müəyyən həcmdə ayırmaq, böyüklərin nəfəsinə yaxınlaşdırmaq, şirin-şəkər bala statusunu qazandırmaq vacib amildir. Əks halda, balalarımız əlimizdən çıxar, qəlbləri soyuqlaşar, fikirləri komputerləşər, hətta az sonra qəddarlaşarlar. Bu həqiqəti sosioloqlar saxta çıxışlarına büksə də, cəmiyyət öz yerindədir pedaqoqları və qələm sahibləri ilə.
Şair R.Yusifoğlu öncə həyata emosional münasibətindən, sonra müəllimliyindən irəli gəlib, bu boşluğu doldurmaqdır. Poeziyanın misilsiz təsir müstəvisində. Təsadüfi deyil ki, bu niyyətini "ömrün baharı yayı - tanrını sevgi payı" adlandırmışdır. Nənələrə nəvələrin sevgi payı onların etirafıdır:

- Ay nənə, nə yaxşı ki,
Nənələr, babalar var.
Yoxsa balacaların
Qayğısına kim qalar?!

Təbii ki, babalar və nəvələr barədə istənilən sayda şeirlər yazılmışdır. Onların üstündən xətt çəkmək haqsızlıq olardı. Yaxşı misralar az deyil. Rafiq Yusifoğlunun şeirlərində bir üstünlüyünü verilən sualların və alınan cavabların intellektuallığında və bu fikirlərin emosional hisslə çatdırılmasındadır.

Yekə-yekə danışır,
Sən bizim Saraya bax.
Deməzsən ki uşaqdır,
Həmişə qucağında
Olmasaydı oyuncaq -

uşağın əqli nəticə çıxarmasıdır.
***
Məktəb üzü görməyəndən,
Çətin ki, adam ola!
Mənə məktəbli deyirlər,
Məktəbsiz adam olar? -

uşağın oxumağa, təhsilə münasibəti, müasirliyidir.

İnanmışıq yalana,
Dirənmişik dalana,
Elə bil maşınların
Əli-qolu bağlıdır.
Nəvəm gülür, ay baba,
Yolun yolu bağlıdır. -

uşağın qrammatik təfəkkürü - beynin sözdən düzgün nəticəyə gəlməsidir. Belə ağıllı və hazarcavab uşaqlara -"Səni çox istəyirəm", "Saç və saqqal", "Dondurma", "Kran", "Gözmuncuğu", "Əriyən şokolad" və s. şeirlərində rast gəlirik. Onların bir üstün keyfiyəti ana dilində danışmasıdır, dil də təfəkkürün məhsuludur.
Uşaq poeziyasının ədəbi və sehrli mövzusu ilin fəsilləridir. Bu poetik ənənə Sabirdən, Səhhətdən, R.Əfəndiyevdən, Şaiqdən üzü bizə sarı yaşamaqdadır. Bu şairləri bu yaşımızda oxumağımız da keçmişimizə qayıdışdır.Çünki o əsrlərdə biz uşaq imişik, bu misraları yaddaşımızda mövcud əsrimizə gətirmişik.
Nostalji ovqatın varislik yozumu şair R.Yusifoğlu uşaq ədəbiyyatımızın araşdırıcısı olaraq həmin mövzuya sadiqliklə yanaşır, yeni ruh və təsvir əlvanlığı saxlamışdır. Məhz Rafiq bəyin orijinallığının bir səbəbini də bun prinsipdə axtarmalıyıq. Payız, qış, bahar fəsillərinin uşaqların həm ağıllarına, həm əhvallarına, həm də davranışlarına göstərdiyi təsirin emosionallığı, eyni zamanda uşaq təxəyyülünün inkişafı. "Bulud fayton"da:

İldırım şaqqıldayır,
Tez elədik yır-yığış.
Minib bulud faytona
Kənədə tələsir yağış.

Çöllər-çəmənlər düşüb
Islanmaq həvəsinə.
Gurultular bənzəyir
Təkərlərin səsinə.

"Dərzi payız" şeiri səkkiz misradır, amma dərziliyi poeziyamızda ilk dəfədior səslənir, özü də uşaqların özünün də sevdiyi kirpinin timsalında. Hərçənd, kirpi uşaq şeirinin ən maraqlı mövzusu olmuşdur dünya ədəbiyyatında da.Rafiq bəyin başqa şeirlərində kirpi özgə qiyafədə təsvir olunmuşdur; Bu şeirində isə

Kirpiyə bax, kirpiyə
Necə qəşəng görünür.
Xəzəllikdə ağnayıb.
Sarı kürkə bürünüb.
Canı yanmış özünə
Necə gözəl don seçib?! -
Dərzi payız əyninə
Bir qızılı don biçib.

Payızın işi-gücü yaşıllığa əl qatmaqdır, silib-süpürüb torpağa qatmaqdır. Bu təbii "davranış"dır fəsil üçün: hər şey canlılar başda olmaqla dəyişməlidir, yeniləşməlidir, elə uşaqların özü də başqa davranışda dəyişir, böyüyür, yetkinləşir və ahıllaşır.
Bu dəfə şairin poetik yozumunda - "Həkim payız" şeirində öz işini sahmanlayıb. Hələlik yaxşı görünür.


Sanki sehrli bir əl
Ağacları bəzəyir.
Sarı-sarı yarpaqlar
Qızıl dişə bənzəyir.

Payızda əsən külək
Yaxşı bilir işini.
Sanki həkimdir çəkir
Ağacların dişini.

Meşə küsüb payızdan
Ürəyin qırıq qalıb.
Sarı yarpaqlar düşən
Budaqlar mırıq qalıb...

Şeiri təsadüfən bütövlüyü ilə yazıya almadım: bunlar bir predmetin kontekstində obrazlı təfəkkürün təcrübədən əvvəlki yanaşması yoxdur, xalis məntiqsizlik - alogizm də yoxdur. Şairin yaxşı mənada sehrbazlığıdır. Bir ağacı başdan-ayağa təsəvvürümüzə gətiririk və onun yarpağını dişə bənzədirik. Bu dəfə o ağacın sarı yarpaqları qızıl diş kimi görünür, dəli külək - naşı həkim bir-bir çıxarır, nə görünür? Kədərli bir görüntü, o gözəl yaşıl yarpaqlı ağacların budaqları mırıq qalır. Bu, meşənin faciəsidirmi, fiziki görünüşdən bəlli. Amma təhtəlşüur baxımından yox.
Rafiq Yusifoğlunun qış və qar obrazları da fəslin mahiyyətindən doğur: ilk qar, yollar -rizlər tutulur, qartopu oyunu və s. əyləncələrə rəvac verən bir dönüm. Uşaqlar da razıdır, elə bunları qışdan umurlar.

Hər yan bəmbəyaz- dümağ,
Qışdan artıq nə umaq?
O bizdən şaxtasını
Qarını əsirgəmir.
Səxavətlə xərcləyir
Varını əsirgəmir.

Uşaqlar təbiətdə predmetlərin "danışmasını" daha çox xoşlayırlar. Əlbəttə, onların söyləmək gücü yoxdur, amma çox istərdilər meşə, orman dəniz, çay, şəlalə və i.a. gözəllik nümunələrini dinləsinlər, onlar öz sirlərini açsınlar. Bu mövhumi missiyanı şairlər öhdələrinə götürür bir şərtlər, onlarda fikri assosasiya doğursun, müqayisələr bir-birini tamamlasın. bir şeirinə diqqət yetirək şairin:

Bəyaz kövrək qar idim,
Üstümdə çox gəzdilər.
Qolumu, qabırğamı
Sındırdılar, əzdilər.

İməkləyir üstümdə
Avtobuslar, maşınlar.
Buza döndüm ki qorxub
Məni tapdamasınlar.

Belə ruhlu şeirlər yaşlı nəslin marağına səbəb olur. R.Yusifoğlu xeyli ölkələrdə olmuş, gəzib dolaşmış, qərib bir məkanın coğrafiyasını dadmış, uşaqlarının həyatını müşahidə etmiş, bu həyatı poeziyaya gətirmişdi.
"Gəzdim düzü dünyanı, urdumdan gözəl hanı? Silsiləsində oxucularına çatdırmışdır. Bu şeirlərin kökündə vətənpərvərlik hisslərini aşılanması dayanır. Şairin təsvirlərində Sakit okean obrazlaşır, adı Sakit olsa da, şair üçün sakitlik yaratmır, ilhamını oyadır.
Adın Sakit olsa da,
Sakitli sənə yaddır.
Daim kükrəyib daşmaq
Sənin üçün həyatdır.

Yepyekə gəmilərə
Açıq olur qucağın
O qədər nəhəngsən ki,
Yoxdur ucun-bucağın. -

bu şairin lirik təəssüüratıdır. Nəhəngliyi şairlər daha çox sevirlər - bir də uşaq təəssüratı var axı. Bəs onların tələbi nədir?

Bu qabarma nədəndir?
Nə tufan var, nə külək.
Sakit okean, dinc dur,
Qoy biraz rahat çimək.

Rafiq Yusifoğlunun uşaq dünyası onun poeziya aləminin sadəcə bir planetidir ki, orada həyat var, yaşayış axarındadır.
Bir də uşaqlar öz uşaqlıqlarını yaşayırlar. Elə şair bu gün, bu yaşında yaşaya bilmirsə, o şairdən, o şəxsdən mən heç nə ummuram - poeziya üçün. Unutmayaq ki, klassiklərimizdən - ikinci mərhələni nəzərdə tututram N.Xəzri, B.Vahabzadə, N.Həsənzadə, M.Araz, T.Mahmud, H.Ziya, M.Seyidzadə, M.Günər, T.Elçin və b. Üçüncü mərhələdə Zahiq Xəlil, Rafiq Yusifoğlu, A.Əlizadə, M.Sabir,Ə.Əlioğlu uşaq poeziyamızda bir çox işlərin müəllifidirlər.
Bunlar və adlarını unutduqlarım ciddi şeirlər yazmışlar. Onlardan dünyalarını dəyişənləri xatirlatmaq borcumuzdur və fikrimə qayıdıram. Hind şairi R.Taqorun fikrini xatırladıram: " Yenicə yazmağa başlayan sənətkar öz imkanları xariciə çıxmasın" - həqiqəti ilə ifadə olunmuşdur.
Çox təəssüf ki, uşaq psixologiyasını unutmuş şairlər hələ də yazırlar.
Mən istedadlı şair, alim (bu ayrı mövzudur), R.Yusifoğlunun uşaq dünyasına baş vurdum. Bir səhər ovqatında (9 radələrində) bir şehli havada, desəm ki, uşaqlığım yadıma düşdü, yanılmaram. Biz nəsil Sabiri, Səhhəti, Şaiqi oxumuğuq, qidalanmışıq, "Uşaq və buz"la məktəbə getmiçşik, "Yaz səhəri" ilə oyanıb gen-bol hava udmuğuq, qoyun sürüsünü çaş-baş salan keçini intizama çağırmışıq... Bugünün uşaqları Z.Xəlili, R.Yusifoğlunu, T.Mahmudu oxumağa borcludurlar.

TƏQVİM / ARXİV