adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Yanvar 2022 10:48
1038
ƏDƏBİYYAT

Ağdamlı şeirlərdən yaranan düşüncələr

Şair dostum Ramiz Məmmədzadənin 85 illik yubileyinə

 

Bu günlərdə dostum Ramiz Məmmədzadənin, 525-ci qəzetdə yeni şeirləri dərc edilmişdi. Diqqətimi ilk növbədə şeirlərin başlığı cəlb etdi: -“ Ağdamlı şeirlər”!

 

İnsanların məkan məxsusluğu adi ifadə olduğu halda, şeirlərin məkan məxsusluğuna birinci dəfə idi rast gəlirdim. Görünür bu da bir tapıntıdır və bu tapıntı da Ramiz Məmmədzadəyə məxsusdur.

 

Cəmi beş şeirdən ibarət olan bu təqdimat bütünlüklə Ağdamdan danışır. Onun keçmişindən, insanlarından, adət - ənənələrindən söhbət açır. Şeirləri oxuduqca xəyal məni uzaqlara, gənclik çağlarıma apardı və bu yazını yazmağa sövq etdi...

 

Doğrusu Bakıya oxumağa gələnə qədər, yeniyetmə vaxtlarında mənim Ağdam haqqında – yəni onun coğrafiyası, iqtisaiyatı, adət-ənənsi, insanları haqında təsəvvürlərim çox bəsit idi.

 

Bu maraqlı şəhərlə, onun insanları ilə ilk tanışlığım 1971-ci ildən - ali məktəbə daxil olduğum vaxtlardan başlayır. O zamanlar mənimlə eyni kursda bir neçə ağdamlı da oxuyurdu. Elə Ağdamla ilk tanışlığım da bu uşaqlar vasitəsilə başladı. Ağdamda yaxşı tanınan Hüseynovlar ailəsinin kiçik oğlu Elbənizlə sonralar ailəvi dostluğa çevrilən münasibətlərimizin başlanğıcı da elə o illərdən başlanır. Mənə elə gəlirdi ki, dostum Elbəniz bütün ağdamlıların ümumiləşdirilmiş nümunəsidir. O vaxtlar onun sayəsində tələbələr arasında bir çox ağdamlılarla xoş münasibətlərimiz yaranmışdı. Tələbəlik illərində tələbə yataqxanasında tanış olduğum ağdamlı gənclər Oktay Mustafayev və Akif Quliyevlə sonralar dostluğa çevrilən münasibətlərimiz də mənə Ağdamla daha yaxından tanış olmağıma imkan vermişdi.

 

Ali məktəbi bitirdikdən sonra təyinatla Mingəçevir şəhərinə göndəriş alaraq bu gənc şəhərdə əmək fəaliyyətinə başladım. İşləməyə başladığım Mingəçevir Şəhər Ticarət İdarəsində, sonralar isə Şəhər XDS İcraiyyə Komtəsində və Şəhər İcra Hakimiyyətində ən çox təmasda olduğum şəxslərin də xeyli hissəsi ağdamlı idi. Onlardan indi həyatda olmayan Şahvələd Quliyevin, Ənvər Quliyevin, Cümşüd Bəxtiyarovun, Akif Tağıyevin, Sərxan Tağıyevin, Nefton Tağıyevin, Yaqub və Naib Rüstəmov qardaşlarının, Fəxrəddin Mehrəliyevin xatirəsini ehtiramla yad edir, onlara uca Tanrıdan rəhmət diləyirəm. Eyni zamanda bir vaxtlar birlikdə işlədiyimiz Bəkir Bəxtiyarovu, Əli Ağamirovu, Nazir Əsədovu, Vidadi Ağayevi, Mehman Mehdiyevi, Arif Tağıyevi, Voroşil Tağıyevi, Emilya Hüseynovanı hörmətlə xatırlayır və onlara can sağlığı və iş avandlığı arzulayıram. Mingəçevirdə fəaliyyət göctərdiyim 30 ildə şəhərin rəhbər strukturunda işləməyim, həmçinin ağdamlılarla yaxın təmasda olmağım, həm də Ağdamda və Bakı şəhərində yaşayan ağdamlılarla tanış olmağıma və onlarla yaxın ünsiyyət qurmağıma şərait yaratmışdı. Aradan uzun illər keçdikdən sonra yenə də həmin insanları ehtiramla xatırlayıram. İndi yaşı 100-ə yaxınlaşan, uzun illər Azərbaycan SSR Nazirlər Sovetində məsul vəifədə işləmiş, Mingəçevirin kuratoru olmuş Cəmil müəllim Həsənzadə ilə dostluğumuz bu gün də davam edir. O illərdə Mingəçevir Şəhər Partiya Komitəsinin, sonradan İcraiyyə Komitəsinin , İcra hakimiyyyətinin mətbu orqanı olan “Səda” qəzetinin baş redaktoru olmuş rəhmətlik Naib Rüstəmovun vasitəsilə Ağdam rayon İcra hakimiyyəti başçısının birinci müavini işləmiş Nofəl müəllimlə, unudulmaz və təkrarsız şairimiz Şahmar Əkbərzadə ilə görüşlərimiz heç zaman yadımdan çıxmayacaqdır. Mingəçevirdə işlədiyim dövrdə tanış olduğum ağdamlı ziyalılardan bri də Ramiz Məmmədzadə idi. 90-cı illlərin ortaları idi. O vaxtlar Ramiz müəllim Nazirlər Kabinetində məsul vəzifədə işləyirdi. Dostu Dilafət müəllimlə birlikdə Mingəçevirə gəlmişdi. Onu qiyabi olaraq tanısam da heç vaxt ünsiyyətdə olmamışdıq. İş elə gətirdi ki, biz axşam süfrə arxasında əyləşəsi olduq. Üç nəfərdən ibarət balaca məclis idi. İşdən-gücdən, işıqdan -qazdan, məcburi köçkünlərin vəziyyətindən danışdıqdan sonra (o vaxtlar Minəçevirdə 15 mindən çox ağdamlı məcburi köçkün məskunlaşmışdı) söhbətimiz özümüz də hiss etmədən poeziya, ədəbiyyat üstündə davam etdi. Hərdən Ramiz müəlim zərb məsəllər, dahilərin şeirlərindən parcaları nümunə gətirməklə söhbətimizə şirinlik qatırdı. Doğrusu simasından və hərəkətlərindən, eləcə də söhbətlərindən səliqə-səhman, ziyalılıq yağan, zəngin həyat təcrübəsinə malik bu kişi ilə söhbətimiz çox maraqlı alınmışdı. Elə o gündən də Ramiz müəllimlə ünsiyyətimiz yarandı və bu gün də qarşılıqlı hörmət və ehtiramla davam edir.

 

Ramiz müəllim poeziyaya keçən əsrin altımışıncı illərində gəlmişdir. Və indiyədək onun 10-dan çox kitabı işıq üzü görmüşdür. Yaradıcılığına yaxşı bələd olduğum Ramiz müəllim sözə son dərəcə məsuliyyətlə yanaşan söz adamlarımızdandır. Və elə onun nəticəsidir ki, onun yaratdığı şeirlər maraqlıdır, səmimidir, şeirləri oxucuya asanlıqla çatır, özünə cəlb edə, onu yerindən oynada bilir.

 

Bu yazıda məqsəd heç də Ramiz Məmmədzadə yaradıcılığını təhlil etmək olmayıb sadəcə onun “Ağdamlı şeirlər”indən yaranmış təəssüratı oxucularla bölüşməkdir. Əslində “Ağdamlı şeirlər” Ramiz Məmmədzadə yaradıcılığından qırmızı xətlə keçir. O istər Ağdamlı, istərsə də Ağdamsız günlərində həmişə bu mövzuya müraciət etmişdir. Əslində mövzu onu məcbur etmiş, narahat etmişdir. Bu şeirlərdə xatirə qarışıq bir nisgil var, hıçqırıq var. Bu şeirlər müəllifin yaşadığı, iştirakçısı, şahidi olduğu hadisələrin, onun yaddaşında ilişib qalmış və heç vaxt unutmayacağı, qəlb göynədən, kövrək xatirələrin poetik ifadəsidir. Fikrimcə Ramiz müəllimin “Ağdamlı şeirlər”ini iki dövrə bölmək olar. Birinci dövr 1993-2020-ci illəri əhatə edir. Bu illərdə yaranan şeirlər əslində Müəllifin yaşam tarixidir, yaddaşıdır. Ömrünün – gününün təqvimidir. Ramiz müəllimin şeirlərində kövrək xatirələr dil açıb oxucuya bir elin, bir obanın, bir şəhərin, xalqın bir parçasının xarakterini, yaşam tərzini danışır:

 

Atam Yaqubla əmioğluydu, dəyirmançı Əşrəf kişi.

Hamıya bəlliydi işi.

Gecəli- gündüzlü dəyirmanda taxıl üyüdərdi...

... Yaman bəlaya düşdük.

İndi orda, Qarabağda,

Seyidli tərəflərin, qurğuşun göylərində,

Bir cüt dəyirman daşı ağır-ağır hərlənir, fırlanır,

Nə suyu var, nə dəni....

Bu qoşa dəyirman daşı,

Dünyanın başına çırpılar bir gün...

 

Çoxlarımız 1990-cı ilin əvvəllərindən taa 2020-ci ilin noyabrınadək Azərbaycandan kənarda, “haralısan” söhbəti düşəndə həmişə söhbətdən yayınırdıq. Qeyrət boğurdu bizi. Çünki uduzmuşduq müharibədə. Torpaqlarımızın 20 faizi işğal altında, Müqəddəs Qarabağın, Zəngəzurun bir hissəsi düşmən tapdağında idi. O illərdə şairlərimizin, ədəbiyyat adamlarımızın da əksəriyyəti bu mövzuda həsrətli, nisgilli şeirlər, əsərlər yaradırdılar. Özlərini Qarabağsız təsəvvür edə bilmirdilər. Qarabağın itirilməsini bağışlaya bilmirdilər özlərinə. Ramiz müəllim. kimi:

 

Mən məzarı itgin düşmüş əsgər oğluyam,

İndi evim itgin düşüb, ora bağlıyam,

Evim yoxsa necə deyim Qarabağlıyam.

O davada atam getdi, evi yurd oldu,

Bu davada ata evim mənə dərd oldu.

Və ya

...Arxamızca Qarabağda,

Quzu kimi mələyə-mələyə dağlar qaldı,

Tifaqı dağılmış torpağımızın,

Anası ağlar qaldı...

 

Ramiz Məmmədzadənin “Ağdamlı şeirləri”ni oxuduqca bir həqiqət sənə hakim kəsilir. İnsanın yaddaşı qəribədir. Dünəni unutsa da keçmişi heç vaxt unuda bilmir. Yaşadır keçmişi yaddaşında. Ramiz Məmmədzadə kimi. O nəinki yaddaşında yaşadır, hətta onu hekayələşdirir, poeziyaya gətirir, poetikləşdirir, bu yolla yaddaşda yaşayanları gələcək nəsillərə ötürür. Heç şübhəsiz zaman gələcək, gələcək nəsillər Ağdamın tarixini həm də Ramiz Məmmədzadənin şeirlərindən öyrənəcəklər. İnsan əbədi deyil. Ancaq yazılan, deyilən qalır. Böyük Səməd Vurğun demiş:

 

De gəlsin hər nəyin vardır,

Deyilən söz yadigardır.

 

Şairin bu mövzuda yazdığı “Bu kişi”, “Oxa tay kişi”, “Onda fürsət vardı”, ”Yox, sən gözlə ata evim”, “Sultanəhməd kişi”,”Yurd olar”,” Mənim ümidimi qırmaq çətindir”, ”Düşmən həmənkidir,dost həmən deyil” adlı şeirlərini oxuduqca bu şeirlərdə müəllifin qəlb çırpıntılarını duymamaq mümkün deyil.

 

Ramiz müəllimin ikinci dövrə aid olan şeirlərinin başlanğıc tarixi çox da qədim deyil, 10 noyabr 2020-ci ildən başlayır. Şeirləri oxuduqca müəlifin dəst - xəttinə sadiq qaldığının şahidi olursan. Yenə yaddaş işə düşüb, xatirələr dil açıb sənə Ağdamdan, onun keçmişindən danışır. Ancaq yeni ruhda, yeni ab havada. 44 günlük Vətən Müharibəsindəki möhtəşəm qələbə bütün Azərbaycana sevinc bəxş etdiyi kimi yaradıcı insanlarımıza da bitib- tükənməyən bir mövzu verib. Nəbzi hər zaman çağdaş Azərbaycan poeziyasının nəbzi ilə bir vuran Ramiz Məmmədzadə poeziyasının folklor yaddaış işə düşüb. Bu da təsadüfi deyil. Çünki ən mükəmməl yaddaş da folklor yaddaşıdır. Ramiz müəllimi folklor janrına müraciət edir, Ağdamı, Qarabağı bayatı janrı ilə vəsf edir:

 

Qarabağın gülü - zər

Heç görməyim gülü zar...

Bir bağ sallam, becərrəm,

Gülüm gələr gül üzər...

 

Qarabağda qar qala

Qar qarlayar Qarqara.

Bu torpağın odundan

Heç qovuşmaz qar qara...

 

Oxucunun yadına 250 il bundan öncə Ağabəyim ağanın çağırdığı bayatı düşür:

 

... Yaddan çıxmaz Qarabağ.

 

Bu günlərdə 85 illik yubileyini qeyd edən Ramiz müəllimin yaddaşına heyran qalırsan. İndi onun baş mövzusu da Qarabağdır, Ağdamdır, fikri, xəyalı da. Xatirələr yumaq kimi çozələnir, sonra isə ilmə-ilmə naxışlanır. Bu baxımdan müəllifin “Ağdam bazar” çox maraqlıdır

 

...Nələr yoxdu bu bazarda

Yeyiləsi, içiləsi, geyiləsi nə desən...

Soraqlaşsan quş südü də

Tapdın bəlkə burda sən.

İynədən gülləyəcən,

cürbəcür güllərəcən...

Bu bazarın papaqçısı, dəmirçisi,

dərzisi öz yerində.

Vallah bərəkət yağardı

Bu bazarın göylərindən...

 

Yadımdadır! Dünyanın düz vaxtında. Biz də hərdən Ağdam bazarına gedərdik. Gördüyüm bazarların ən maraqlısı, ən koloritlisi, ən zənginiydi bu bazar. Başqa şəhər və rayonlardan fərqli olaraq Ağdamda mağaza, dükan- bazar, yeməkxana- restoran işlədənlər cəmiyyətin ən hörmətli zümrəsi, ən nüfuzlu hissələrindən sayılırdı. Mən min cürə nazı- nemətləri demirəm, Sovet hökumətinin qırmızı şalvar vaxtında doğurdan da Ağdam bazarından ”Toyuğu cücələri” ilə tapmaq olardı. Ramiz müəllim də özünəməxsus ustalıqla Ağdam bazarının yaddaşında qalmış məzmununu oxucuya çatdırıb. Həm də nikbin notlarla:

 

...Zülmətləri yıxıb indi.

Ağ günlərə çıxıb indi...

Göylərə bax, görəcəksən

Bəzənib-düzənib

sığallanıb gəlir,

Zənbil olub,

Bir durnanın dimdiyindən

Sallanıb gəlir

İndi Ağdam bazarı...

 

 

Ramiz müəlim təqdim etdiyi son şeirlərinin ən maraqlı cəhəti qəhrəmanları ilə bağlıdır. Onun qəhrəmanları dəyirmançıdır, dərzidir, dəmirçidir, kömürçüdür, dükançıdır, kababçıdır, musiqiçidir. Lakin hamısının əməlində bir yaxşılıq, xeyirxahlıq, köməksizə kömək etmək, əl açana

əl tutmaq var. Bir sözlə hamısında bir mərdlik, kişilik xüsusiyyəti cəmləşib. Bu xüsusiyyət isə müəllifin xarakterinin inkasıdır. “Comərdlik boylanır onların sir-sifətindən, hardasa dara düşsən, çovğuna, qara düşsən, qızılquştək yollarına qonasıdır, bu Kişilər. Dərin-dərin qaranlığa düşsən belə, işıq olub yanasıdı, bu Kişilər”. Dərzi Möhsün kimi:

 

Ağdamda çoxları tanıyardı

Dərzi Möhsünü,

Dərzilikdə keçmişdi ömrü-günü...

...Mərd-mərdanə hökmü vardı.

Hara getsə yolu açıq,

Onun üçün yox müşkül iş,

Qaçaq Əbdülrəhimin yanına -

Şuşa türməsinə

gedib-gələrmiş...

 

Maraqlıdır. Ramiz müəllimi təkcə fikri, zikri, xəyalı deyil, yuxularıında da həmən kişilərlə əlləşir. Həm də bu yuxular ona bir rahatlıq, bir hüzr gətirir, pozitiv notda kökləyir:

 

...Dünən gecə yuxuda gördüm

Möhsün kişini.

Muradbəyli-Qaradağlı yolunda.

Nə tikibsə əllərində, qolunda.

Hava da aydın, təmiz,

Mülayim külək əsirdi...

Məncə, Ağdam bazarına

tələsirdi...

 

Ramiz müəllim üçün təkcə Ağdam deyil, ağdamın insanları deyil, binaları da, məhəllələri də, kəndləri də, yolları da müqəddəsləşir və şeirlərinin məzmununa xoş bir ovqat gətirir. Onun “Ağdamlı şeirləri”ndə işlətdiyi Seyidlər, Çəmənli, Mərzili, Qaradağlı, Muradbəyli, Çay Evi ifadələri şeirlərə bir səmimilik, sadəlik, şirinlik və doğmalıq gətirməklə yanaşı həm də, bu şeirlərin ağdamlılığını bütövləşdirir. Müəllifin Ağdamda Çay Evi çeirinə diqqət verək:

 

Bir mahalı bəzərdi,

Adı ellər gəzərdi.

Qızıl taca bənzərdi

Ağdamda o çay evi.

 

Nəinki ağdamlılara, hətta Ağdamla azacıq məlumatı olan hər kəsə məlum idi ki, Ağdamdakı Çay Evi təkcə çayxana deyildi. Bu yer görüş yeri, məsləhətləşmə yeri, barışıq yeri,toplanış, istiqamət yeriydi:

 

Söhbət, görüş yeriydi

Tanış-biliş yeriydi,

Elə bil iş yeriydi

Ağdamda o Çay Evi...

 

Və budur ağdamlıların öz doğma yurdlarına qayıdacağı gün gercəkləşmək üzrədir. Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik gedişləri ilə Birinci Qarabağ müharibəsində ən çox – 6 mindən çox şəhid verən Ağdam danışıqlar yolu ilə düşməndən azad edildi. Və bir az da keçəcək Ağdam Azərbaycanımızın ən böyük və ən gözəl şəhərlərindən birinə çevriləcək. Onda Ağdamdakı Çay Evi də Ramiz müəllimin dediyi kimi, olduğu görkəmdə öz yerində bərpa edilərək yenidən ağdamlıların ən sevdiyi məkana çevriləcəkdir.

 

Uçub gedib buluda...

Bizi çətin unuda!

Baxın, gəlir budur ha...

Ağdamda o Çay Evi.

 

Yubileyiniz mübarək olsun Ramiz müəllim. Ağdamda Çay Evində görüşmək arzusu ilə:

 

Ramiz Göylər