Əzəli-əbədi güc - Pərvanə Bayramqızı yazır

Qılınc paslanır, hakimiyyət devrilir, səlahiyyət əldən alınır, vəzifə itir, qorxu da yox olur, təkcə sevgi qalır. Özünü pay-püşlə sevdirəcəyini düşünənlər yanılırlar. Bu cür qazanılan "sevgi" uzunömürlü olmur. Pay kəsiləndə sevgi yoxa çıxır, "hörmət" etmək vacib sayılmır. Qorxu ilə idarəetmə, tabeetmə, özünü "sevdirmə" müvəqqətidir, bir gün bir üsyankar yetişir qorxulara qalib gələrək sübut edir ki, qorxu sevgi deyil. İllər ərzində sevgi qazanmısansa, əbədidir, onu heç kəs heç nə ilə ala bilməz. Sevgini zorla, silahla tələb etmirlər, sevgini sevgi ilə qazanırlar. Ürəyə doldusa, ordan çıxması çətin olur. O kəs ki zorla "Məni sevməlisən!", "Mənə hörmətlə yanaş!" deyirsə, demək, bədbəxtliyindən xəbərsizdir. Bu həm də mənəvi eybəcərlikdir. Səlahiyyətə arxayın olub gözdən düşmək pis nəticə verir.
Uşaq vaxtımdan sevdiyim üç-dörd nəfər var, mən böyüyənədək onların xeyli səhvi, böyük günahları oldu, amma vaxtında sevgimi qazandıqlarından dönə bilmirəm onlardan. Səfil olsa belə ehtiyacım olan vaxt mənə mehribanlıq göstərən birini unutmaram. Dünyanın ən asan işi vurub-dağıtmaq, nifrət etmək, ən çətin işisə qurub-yaratmaq, sevgi qazanmaqdır. Kiminsə qəlbində yer tutmusunuzsa, xoşbəxtsiniz, kimsə sizə qəlbində yer ayırıbsa, yenə xoşbəxtsiniz, amma bu xoşbəxtlik sizdə arxayınlıq yaratmasın, taxta çıxmağın taxtdan enməyi də var. Hamısı könül işi olsa gözəldir. Vallah-billah zorla olmur, gərək o yeri sevgi ilə qazanasan. Özündən doğulmayan hisslərin ömrü gödəkdir, qarşılığı gözlənilən rəftarla nəyəsə nail olmaq mümkün deyil. Könül qapısını yalnız sevgi açır.
Bir insanı nə qədər çox sevə, nə qədər dəyər verəsən ki, statusuna təbəssümü andıran işarə (🙂) qoyanda sevincdən ürəyin çırpına. Paylaşmana reaksiya verdiyinə görə yox ee, üzü güldüyünə şad olursan. Bilirsən ki, çöhrəsinə təbəssüm qonub. Sən də bundan məmnun olursan.
Doğmalığı qan qohumluğundan qəbul etmirəm, ən yaxın adamımız üzümüzü güldürən, könlümüzü sevindirəndir. Qəlbimizdə xoş duyğu oyadanları itirməyək.
Mənim doğmam, mənə doğma sevincimə sevinənlərdir. Kədərimə şərik olanlara hörmətim, ehtiramım var, bilirəm, yaxşı insanlardır, mərhəmətləri olduğundan insanların ağrısına acıyırlar. Uğuruma sevinib, sevincimi özününkü kimi hiss edənlərsə MƏNdirlər.
Doğmalarımı nailiyyətlərinə görə heç vaxt təbrik etmirəm. Ona görə ki, adam uğur qananda özü özünü təbrik etmir, yalnız sevinir.
Sözü sevirəm, qüdrətinə heyranam. Amma canında hiss etdiyin elə adam olur ki, hisslərini ona ifadə edə biləcək söz tapa bilmirsən. Bu zaman əməl sözü əvəz edir, hətta ondan bir az da üstün olur. Deməli, əməl sözün real formasıdır. Bəzən sevdiyinə hirslənib acı söz desən də, soyuqlamasın deyə arxasınca qaçıb geyim verirsən, gözündən uzaqda olanda "görəsən necədir?" sualı ilə günü axşam edirsən. Əməl ürəyi göstərir, sözə yardımçı olur.
Sevgi ilə qəzəb dostdur, öz aralarında anlaşıb yola gedirlər, xain nifrəti isə yaxına buraxmaq olmaz.
Hərdən göz nuru olmaq istəyirsən, demək, əzizinin işığa ehtiyacı var...
Bir olan ürəyini iki istəmirsən, elə o birini də vermək niyyətin olur: əzizinin ürəyi ağrıyırsa.
Bütövlükdə özündən keçməyin məqamısa hər an ola bilər: kimsə, nəsə dardadır. "Nəsə" də, əslində, kimsədir, adı Vətəndir. Ona sevgi səninlə birgə doğulur. Bəzən qılıncı da sevdiyindən qaldırırsan, sevdiyini qorumaq üçün. Sevgi qılıncdan itidir, yoxsa ürəyi dəlib keçəmməz.
Bəsdir, işləyib pul qazandıq, bir az da sevgi qazanaq.
Digər Xəbərlər

Rəhbəri A(a)qil olan “Ə(ə)dalət”in İ(i)radəli baş redaktoru varsa, bu qəzetə zaval yoxdur - İqbal Alısoydan TƏBRİK YAZISI

Qarabağ dərdimiz - Ələmdar Məmmədov yazır

SOYQIRIM NƏDİR ?!? - QISA TARİXİ və SİYASİ BAXIŞ
