adalet.az header logo
  • Bakı -°C

Aqil ABBAS: BU DAŞ O DAŞDAN YUMŞAQDI…

AQİL ABBAS
96571 | 2020-08-18 18:00
A- A+

Şükürlər olsun ki, son zamanlar Operativ Qərargah bir çox məsələlərdə karantində yumşalmalar elədi və edir. Artıq kim hara istəyir və nə vaxt istəyir gedə bilər. Ayın 18-dən gecə saat 10-a qədər kafe və restoranların açıq alanlarında ürəyi istədiyi qədər yeyib-içə bilər. Alış-veriş mərkəzlərində gözlərinin qurdunu öldürmək üçün nə qədər istəyir gəzə, hələ pulu varsa istəyir pal-paltar da ala bilər.

Çimərliklər də ki, xalqın üzünə açıqdı, amma ora gərək o bahalı restoranlara əvvəlcədən masa sifariş verirsən ey, onun kimi sifariş verəsən, ara məsafəsini gözləmək şərtilə.

Allaha şükür, avtobuslarımız da yaxşı işləyir, bashabas-filan yox, ara məsafəsi gözlənilir, hamı da maska taxır. Və indi görürük ki, Bakıya heç metro da lazım deyilmiş, havayıdan milyardlarla pul töküb onu tikiblər. O pullara şəhərimizdə hər bir ailəyə bir avtobus almaq olardı.

Qaldı rayonlara gedib-gəlmək. Əvvəla, day payız gəlir, rayonlarda nə var ey, Allah versin Bakıya. İkincisi də, inşallah, deyirlər yaxınlarda hovuza su da buraxacaqlar.

Məni qorxudan odur ki, birdən Operativ Qərargah kitab mağazalarının açılmasına izacə verər. Amandı, belə şey eləməyin. And olsun, o Qaloş pirinə, onda ikinci dalğa ölkəni yıxıb-sürüyər.

Bizim xalq kitab oxuyan xalqdı. Dünyada ən çox kitab oxuyanlar yaponlar sayılır, hətta onlar bu məsələdə bizə paxıllıq edirlər. Mağazalarda kitab üstündə bir bashabas, bir başyardı düşəcək ki…

Özü də kitabsevərlər o qədər də maskabaz deyillər. Maska deyəndə fikrinizə ayrı şey gəlməsin, söhbət tibbi maskadan gedir.

Özü də bu şair-yazıçı tayfası belədir ki, kitabları satıldı, əllərinə bir az pul keçdi, onda xoşagəlməyən şey haqqında fikirləşirlər. O boyda Dostoyevski gedib qoşulmuşdu dekabristlərə, Volter də hökuməti söyürdü.

Hörmətli Operativ Qərargah, nəyi yumşaldırsız-yumşaldın, lap istəyirsiz çay daşlarını da, amma kitab mağazalarında yumşalmaya qətiyyən yol vermək olmaz.

P.S. Daşların yumşaldılması dedim, yadıma bir anekdot düşdü.

Mən zarafatcıl adamam və yumorlu adamam, dostlar-tanışlar bilir. Adam dolamaqdan da xoşum gəlir. Amma mənim özümü də bir dəfə qəşəng dolayıblar.

Bir dəfə redaksiyanın bütün işçilərini (qadınlar istisna), bir 15-20 nəfər, yığıb aparmışdım Gəncəyə, şair Sücaətin oğlu Azərin toyuna.

Ordan da getdik Toğanaya. Orda da bir babat oturduq. Yemək-içməkdən sonra ayaqqabılarımızı çıxarıb, şalvarı da dizə qədər çirmələyib ayaqlarımızı sallamışıq Toğana çayına, elə bil cənnətdəyik.

Şöbə müdirimiz vardı Oqtay Salamov (mən dedim-demədim yeri behiştdi), söz ustasıydı, çox güclü yumoru vardı.

Oturmuşam bir çay daşı üstündə, ayaqlarım da Toğana çayında, Oqtay da məndən 3-4 metr aralıda oturub bir daşın üstə, ayaqlarını sallayıb çaya.

Birdən mənə baxıb əlini yanındakı daşın üstünə qoyub dedi:

- Aqil müəllim, bu daş o daşdan yumşaqdı, sən Allah, gəl bu daşın üstündə otur.

Bu gün də yadıma düşəndə gülürəm. Və onu da deyim ki, mənimlə bu məzələnməsinə görə, qayıdanda ona maaşı qədər qonorar yazdım.


TƏQVİM / ARXİV