Qəzetimizin 10 sentyabr tarixli nömrəsində, eləcə də qəzetimizin həmin tarixdəki saytında «Rəşid Paşa özünü niyə güllələdi?» adlı bir yazım dərc olunub. Bu birinci yazımdı və ardını da yazacam. Əslində birinci yazı ikinci yazının xatirinə qələmə alınıb. İkinci yazını gələn həftə oxuyacaqsız.
Həmin yazıya Cabir Ağaoğlunun sosial şəbəkədə paylaşdığı bir cavabını oxudum. Haqlı iradları var, amma məsələ bundadı ki, mən yazıda da qeyd eləmişəm, Rəşid Paşa ilə bağlı bu tarixi həqiqəti Doğan Avçıoğlunun «Milli qurtuluş tariximizdə erməni və rum sorunu» kitabına söykənərək yazmışam. Qeyd də eləmişəm ki, həmin kitab Ağdamda bütün kitabxanamla birlikdə ermənilər tərəfindən yandırıldığından əlimdə yoxdu, Türkiyədə də çox axtarsam da tapa bilməmişəm və yaddaşımda qalanları qələmə alıram. Və Doğan Avçıoğlu əsərində Rəşid Paşaya qurulmuş məhkəmənin stenoqramından müəyyən parçalar verib. Bu parçalardan yadımda qalanları yaddaşımda qalan kimi yazmışam. Və mənə elə gəlir ki, elə də böyük səhvə yol verməmişəm.
Sadəcə olaraq, üstündən zaman keçdiyinə görə Rəşid Paşanın məhkəməsinin dəqiq tarixində səhvə yol vermişəm. Cabir Ağaoğlunun yazısından sonra bir daha araşdırdım və gördüm ki, Rəşid Paşanın məhkəməsi 1923-cü ildə yox, 19-cu ildə olub. Buna görə oxuculardan, Atatürksevərlərdən və özümdən üzr istəyirəm.
Cabir Ağaoğlu deyir ki, bu yazıyla mən Türkiyə Cümhuriyyətinə bilərəkdən və ya bilməyərəkdən böhtan atmışam. İnsan bilməyərəkdən nəsə bir səhv edə bilər, necə ki tarixi rəqəmdə səhvə yol vermişəm, amma bilərəkdən əsla səhv etmərəm!
Onu da qeyd edim ki, həqiqətən də Türkiyədə erməni soyqırımı ilə bağlı Rəşid Paşa kimi kişiləri sonradan ya güllələyiblər, ya həbsə atıblar, ya da sürgün ediblər (məsələn, Bakını rus-erməni işğalından azad edən Nuru Paşa kimi). Mənim ikinci yazımın da məğzi budur, birinci yazını ona görə qələmə almışam.
Qayıdaq söhbətimizə. Cabir bəy, «Ədalət» qəzeti 30 ildən artıqdır ki, nəşr olunur. Və bu qəzet 30 ildə Azərbaycanda Atatürkü, türkçülüyü və Türkiyəni ən çox təbliğ edən bir qəzetdir. Özü də «Ədalət» nəinki Azərbaycanda, eləcə də Türkiyədə «Sözçü» və bir neçə qəzeti çıxmaqla ən sayılan qəzetlərdən daha çox Atatürkçüdü.
Elə ay olmaz ki, «Ədalət»də Atatürkün böyüklüyü ilə bağlı məqalələr çap olunmasın. Təkcə elə bu sentyabr ayında saytımızda və qəzetimizdə Atatürklə bağlı üç məqalə dərc olunub. 9 və 11 tarixlərində Yılmaz Özdilin «Atatürkün «Lətifəsi»», ayın 12-də isə Salih Bozokun «Atatürkə meydan oxuyanın kəsin sonu» köşəsi yayımlanıb və Salih bəyin həmin yazısı 15 sentyabr qəzetimizdə də dərc olunacaq. Saytımıza girib, ya da köşklərdən qəzeti alıb həmin yazıları oxuya bilərsiniz. Mən Atatürkə və ya Türkiyə Cümhuriyyətinə necə böhtan ata bilərəm ki, hələ sentyabrın yarısı olmayıb Mustafa Kamal Paşa haqqında üç yazı dərc etmişəm.
Və çox təəssüf ki, heç Atatürkü tanımayan bəzi ağzıgöyçəklər sizin bu paylaşımınızdan istifadə edərək yazınızın altındakı şərhlərdə məni «vətənşüvən» adlandırırlar.
Türkiyədə Atatürkə münasibəti yəqin ki, məndən də yaxşı bilirsiniz. Qardaş ölkədə müəyyən bir qrup, özü də arxasında gücü olan böyük bir qrup Atatürkə şər-böhtan atır, hətta anasını şərləyirlər və ümumiyyətlə, Atatürkü Türkiyənin tarixindən silmək istəyirlər. Bu mövzu burda qapansın.
Vaqif Bayatlının (Cəbrayılzadə) təbirincə desək:
Atatürk
min illərin gün işığıdı
nə qədər basdırsan
yenə torpağın üstündə qalar.
Və sonda. Hörmətli Cabir bəy, sizin mənə ünvanladığınız yazınızı da nöqtə-vergülünə toxunmadan bugünki saytımızda dərc edirəm.
Və bir də görürəm ki, qardaş ölkə ilə əlaqələriniz də var. Doğan Avçıoğlunun həmin kitabını və yaxud da ki kitabda Rəşid Paşa ilə bağlı olan hissəni (bir neçə vərəq) tapıb mənə göndərə bilsəniz, sizə təşəkkür edərəm.