XAÇATURYANIN GÜLLƏRİ - Aqil ABBAS yazır

AQİL ABBAS
1963 | 2024-06-19 18:20

(III məqalə)

(IV məqalə)

Məlum olur ki, bu gənc oğlanlardan biri xüsusi təyinatlıların müharibə vaxtı polkovnik-leytenant imiş. Əli ilə Daşaltı tərəfdəki dağları göstərib deyir:

- Aqil müəllim, bax, gördüyün dağlar var ey , bax o dağlarda ağacları kəsib ordumuzun texnikası üçün, əsgərlərimiz üçün yollar çəkib arxadan gəldik Daşaltına.

Söhbət zamanı məlum olur ki, bir qardaşı da 44 günlük müharibədə Şuşakənd  tərəfdə  vuruşubmuş  və qəhrəmancasına həlak olub. 

Deyir:

- Aqil müəllim, sizinlə şəkil çəkdirmək olar?

- Şəkil çəkdiriləsi oğlan sənsən. İcazə versən mən səninlə şəkil çəkdirərəm. 

Çox təəssüf ki,  Kərim Kərimli hələ o şəkilləri mənə göndərə bilməyib.  Şairə «2» yazaq. 

Xanımım Topxana meşəsinə baxıb soruşur:

- O hansı Armud ağacı idi ermənilər  kəsmək istəyirdi?

Topxanadakı meşə elə sıxlaşıb ki, mən də tapa bilmirəm, heç yüz ildi Şuşada yaşayan Kərim də tapa bilmir. 

Xanımım:

- Bəs, Xuraman özünü hansı qayadan atmışdı?

Səməd Vurğunun qüdrəti idi ki, «Vaqif»də həyatda olmayan Xuraman obrazı yaratmışdı, sonra da həmin Xuraman gəlib Cıdır düzündə özünü bir qayadan atmışdı Daşaltı çayına.

Dünyanın düz vaxtı Cıdır düzünə gələnlər gedib yuxarıdakı qayaların birinin  altında şəkil  çəkdirirdilər ki, Xuraman özünü burdan atıb. 

İndi altıncı dəfədir Cıdır düzünə  qalxıram, amma o qayanın altında şəkil çəkdirən görmürəm. Bəlkə  yeni nəsil Xuramanın yalançı  bir obraz olduğuna inanıblar. Əlimlə yuxarıdakı bir qayanı göstərib deyirəm:

- Bax, həmin qayadı. 

Çünki mən Səməd Vurğuna inanıram. 

Cıdır düzünün altındakı qəbiristanlıqda Mirmöhsün Nəvvabın məzarını  ziyarət edirik. Heydər Əliyev Fondu bu məzarı Nəvvabın adına layiq bərpa elətdirib. 

Qoy görkəmli tədqiqatçının  və ağır seyidin cəddi Mehriban xanım Əliyevaya  kömək olsun! 

Qayıdırıq şəhərə, Arsen Xaçaturyanın evini  axtarmağa. Gövhər ağa məscidinin önündən keçəndə məni gülmək tutur.

Şuşaya birinci dəfə gələndə mikroavtobusda səkkiz nəfər idik. Pandemiyaya görə hamı ayrı oturmuşdu. «525-ci qəzet»in redaktoru, həmyerlim Yusif Rzayev də mənimlə birlikdə idi. Bütün avtobuslar otelə dönəndə sürücüdən xahiş elədim ki, sən düz sür, bizi apar Cıdır düzünə, otel qaçmır, sənə də yaxşı bir hədiyyə verəcəm. 

Sürücü:

-Məllim, baş üstə, hədiyyə lazım deyil, mən də ağdamlıyam.

Və gəldik Cıdır düzünə. Və onda Cıdır düzünün görkəmi məni sarsıtmışdı. Bu barədə ayrıca  köşə yazdığıma görə təkrar edib  oxucuları  yormaq istəmirəm. (Baxın bu linkə:Aqil ABBAS: CIDIR DÜZÜ NİYƏ MÜQƏDDƏSDİR?)

Deməli, Bazarbaşından keçirik, Yusif əlini aşağıya uzanan yola göstərib deyir:

- Hikmətgilin evi ordadı.

Söhbət Hikmət Sabiroğludan gedir. O gün həmin ərazidən beş-altı dəfə keçirik. Hər dəfə də Yusif Hikmətgilin evinin  səmtini  göstərir.

 Day yoruluram, sürücüyə deyirəm, maşını sür o tərəfə. 

Yusif qoymur: 

- Mən o evi Hikmətsiz görmək istəmirəm. Ayrı vaxt Hikmətin  özüylə gələrəm. O evi bizim Ağdamdakı ev kimi görsəm sarsılaram. 

Qalxırıq şəhərin yuxarı hissəsinə, kilsəyə tərəf. İradənin də yadında qalıb evin yeri. 

Kilsədə təmir-bərpa  işləri gedir, hərçənd ki  ermənilər bizim məscidləri, pirləri dağıdıblar, amma biz onların öz adlarına çıxdıqları bu kilsəni yüksək səviyyədə bərpa edirik.

Bakılılar demiş, nöşün? Nöşün ki,  biz erməni deyilik. Və dinindən asılı olmayaraq bütün  məbədlər bizim üçün də müqəddəs sayılır. 

İradə danışır:

- Qonaqlar Zeynal müəllim, Xudu Məmmədov, atam və bizim ailə idi. 

Tanımayanlar  üçün: Zeynal Məmmədov Ağdamda Həmkarların sədri idi, Füzulini də əzbər bilirdi. Təkcə bilmirdi, həm də şeirləri  aça bilirdi. Çox savadlı olduğundan

Qarabağda  ona «Bala Marks» deyirdilər. Biz jurnalistlərin ustadı Cahangir Məmmədovun  əmisi idi. 

- Arsen müəllim bizi qarşılayanda  gördük ki, kişi çox pərtdi. Sonradan öyrəndik ki, kiçik qızı həmin gün bir  azərbaycanlı oğlana qoşulub qaçıb. Onun böyük qızı da qoşulub qaçıb  azərbaycanlı ilə ailə  qurmuşdu.  Həyət Cənnət idi. Həyətdə bəlkə də min bir gül-çiçək vardı. O gül-çiçəyin çoxu bizə yad idi. Onların  toxumlarını xaricdəki erməni qohumları  göndəribmiş. Anam  nə qədər istəsə də bizə toxum vermədi. Çıxanda anam  yenə əl çəkmədi, məcbur olub bir gülün  toxumunu verdi. Onu gətirib balkonda əkdik, inanmazsız düz səkkiz ildən sonra qeyri-adi bir gül açdı. 

Deyirəm:

- Oğlu Mişa Şuşada raykomda ikinci katib işləyirdi. 

İradə:

- Onda Mişa cavan, yeniyetmə bir oğlan idi, qonaqlara çay daşıyırdı. 

Mişa ilə xoş münasibətlərim var idi. Yeyib-içən, zarafatcıl, yumorlu bir oğlan idi. 

Bir dəfə Gevorkov İsa bulağında «Vaqif» poeziya günlərinə gəlmiş yazıçı və şairlərə qonaqlıq verirdi. Anar müəllimlə yanaşı oturmuşdum. Onda mən təmiz müsəlman idim, içki içmirdim. Stolun üstünə  tut araqları qoymuşdular. Butulkaya yapışdırılmış kağızda isə heç bir zavodun adı yox idi, sadəcə yazılmışdı: «Tutovka». Anar müəllim bir əlli qram içdi, amma sonra içmədi. 

Dedi:

- Aqil, çox içməli araqdı, bir-iki butulka versələr qayıdanda  Ağdamda içərdik. 

Durdum getdim raykomun birinci katibi Niyaz Kərimovun yanına, yavaşca dedim ki, Niyaz müəllim, mümkünsə o araqdan iki butulka  qoysunlar bizim maşına.

Niyaz müəllim:

- Gevorkov  o araqları sayıb gətirir. 

Bu vaxt Mişa qayıtdı ki:

- Nə olsun sayıb gətirir, nə qədər  içildiyini də sayır?

Sonra stolun üstündən iki butulka araq götürüb ofisianta verdi ki, apar qoy Aqil müəllimin maşınına. 

 Nə vaxt Bakıya gəlsə məni axtarıb tapardı. Deyəsən, hadisələrdən sonra Şuşanın meri də oldu. 

Tikinti-söküntü işləri getdiyindən Arsen müəllimin evini tapa bilmirik. 

Onu da qeyd edim ki, kilsədən  bir qədər yuxarıda möhtəşəm bir məscidin təməli qoyulub. Özü də müasir və yeni memarlıq üslubunda.

Yenirik aşağı. Kərimdən soruşuram ki, şəhərdə bir çayxana yoxdu? Təbii ki, otellərdə çay var, amma mən təbiətin qoynunda çayxana axtarıram. Kərim yenə üç-dörd nəfərə  zəng edir. Nəhayət, beşinci adam deyir:

- Xarı bülbül otelini keçəndən sonra bir az yuxarı qalxın, sağa dönün  orda bir çayxana olmalıdır. 

Axtarıb çayxananı tapırıq. Üç-dörd adam var. Keçib stolların birinin arxasında otururuq. «Qoçət»dəki kimi çox gözləmirik, çayçı gəlir, Kərimlə görüşüb-öpüşür, bizə də «xoş gəldin» edir. Və bir çay süfrəsi açır.  Mənə də deyir ki:

- Sizinlə şəkil çəkdirmək olar?

- Ay qardaş, niyə olmur? 

Gül mürəbbəsi də gətirir. Bildirir ki, özlərinin məhsuludu. 

Yadıma Gəncə qapısındakı məşhur çayxanada Əli Mahmudla, İlhami Cəfərsoyla, Kərim Kərimliylə oturub çay içməyimiz düşür. Ora şuşalıların ən çox sevdiyi yer idi, iynə atsaydın yerə düşməzdi. Süleymanın çayxanasıydı, şuşalılar «Sülü» deyirdi. Onu sənədli filmlərdə çox görmüsünüz, bəzən əlində 15-20 stəkan olurdu. Onu elə səliqəylə paylayırdı ki, adam çaşıb qalırdı.  

Bir dəfə həmin çayxanada  qəribə bir hadisəylə rastlaşmışdım. Qonşu stollarda oturan Oqtay müəllim, Afiq müəllim, Kəllə Sabir (Hikmət Sabiroğlunun atası, çox savadlı olduğundan şuşalılar Sabir müəllimə «Kəllə Sabir» deyirdilər) və digər şuşalılar, hamısı da müəllim idi, sanatoriyaya  gələn, sinəsində müəllim nişanı olan, yəni APİ-nin nişanı bir nəfəri necə doladılarsa heç vaxt yadımdan çıxmır. Şuşalılar itoynadan idi, əllərinə bir  nəfər quş buraxmış düşərdisə onu elə dolayardılar ki, iki gündən sonra başa düşərdi ki, onunla məzələniblər. 

Həmin hadisəni bir dəfə gücüm çatsa, ona görə  gücüm  çatsa deyirəm ki, bir az kobud məzələnmə idi, redaktə ilə yazaram. 

Qalxanda çayçı pulu almaq istəmirdi, şuşalıların kafesində olduğu kimi, az qala əlbəyaxa olduq. Birtəhər pulu stolun  üstünə  atıb aradan  çıxdıq. 

Maşına  oturanda Kərim soruşdu:

- İndi hara gedirik?

İradə dedi:

- Xan qızı bulağına, bir də onun mülkünə.

Ardı qalsın növbəti sabaha.

TƏQVİM / ARXİV