GEDİB URUS OLAJAM - Aqil ABBAS yazır

AQİL ABBAS
5474 | 2024-06-10 09:00

(II məqalə)

(III məqalə)

Xanımım:

- Kərim, burda bir məktəb direktoru vardı  Arsen Xaçaturyan, biz atamla  onun  qonağı olmuşduq.  O evi mənə göstərə bilərsən?

Kərim:

- Əvvəl çıxaq  Cıdır düzünə, sonra  tapıb göstərərəm.

«Qarabağ» otelinin altından Cıdır düzünə gedən yolda  möhkəm iş gedir. Kranlar, ağır yük maşınları, iki hündürmərtəbəli binanın tikintisi davam edir. Burdan keçirik, sağ tərəfdə Şuşanın məşhur bazarı yerləşir. Yadıma dostlarımın bir zarafatı düşür, möhkəm gülürəm.

Deməli, belə. Bərdəli bir dostumun xalası  yenir Arana – bacısıgilə. Bir həftə, on gün qalandan sonra bacısına deyir ki, Şuşanın yaxşı vaxtıdı, indi də sən dur gedək bizə. Dostum anasıyla xalasını götürür və qalxır Şuşaya. Bazara çataçatda görür xalası oğlu bazarın qabağındadı. Maşını bir az uzaqda saxlayıb  düşüb gəlir. İki xala oğlu görüşüb-öpüşür.

Arandan gələn dostum  xalası oğluna deyir:

- Xalaoğlu, iki dənə gözəl-göyçək urus xalaşkası tutmuşam, bir yaxşı bazarlıq elə gedək meşəyə kef eləməyə.

Şuşalı xalaoğlu girir bazara babat bir bazarlıq edir iki torbanı alır qucağına çıxır. Gəlirlər maşının yanına, torbaları qoyur  kapotun üstünə, deyir:

- De görüm, nətər xalaşkalardı?

Gəlir arxa qapını açır, görür maşındakıların  biri  anasıdı, biri də xalası. Özünü itirir.

Anası soruşur:

- Noldu, ay bala, salam da vermədin?

Şuşalı xalaoğlu:

- Heç, Allah buna lənət eləsin.

Bu hadisəni danışıram, xanımım da gülür. 

Bu da Bazar meydanı. 

Əbdürrəhim bəy Haqverdiyevin bir məşhur hekayəsi var. Şuşada  hamıya pislik edən demaqoq bir adam varmış, camaat ondan qorxurmuş. Kimdən nə istəyirmiş dərhal yerinə  yetirirmişlər. Bir gün hamı sözü bir yerə qoyur ki, day bəsdi, bizi yığdı boğaza, day ona heç kim heç nə  verməsin. 
Kimə yaxınlaşır, heç kəs onu eşitmək istəmir. Axırda qalxır bazarın qabağına deyir:

- Ay camaat, məni eşitməsəniz gedib urus olajam. 

Hamı da deyir ki, cəhənnəmə get urus ol. Bu vaxt bir nəfər çıxır irəli, üzünü  camaata tutub deyir:

- Ay camaat, bu, müsəlmandı başımıza belə oyun açır, görün urus olsa nə pəstaha çıxaracaq. Gəlin nə istəyir  verək rədd olub getsin, urus olmasın.

Yaxşı ki, Sovet höküməti dağıldı, yoxsa hamımız gedib urus olajaydıq!

Maşını Gövhər ağa məscidinin qarşısında saxlayıram. Düşüb giririk məscidin həyətinə. Üzümüzü Şuşa azad olunandan sonra ilk Azan verilən minarələrə tutub dualar edirik. Kərim Kərimli isə məscidin həyətində ziyarətə gəlmiş qadınlarla və bir də bir kişi ilə öpüşüb-görüşür. Yaşlı bir qadını göstərib deyir ki, bu mənim müəlliməm olub. 
Məlum olur ki, yeni tikilən Füzuli şəhərinə ilk köçənlərdəndi, kişi də ustad yazıçı Seyran Səxavətin qardaşıdı. 

Seyrana zəng edirəm:

- Ustad, Şuşadayam.

- Ay namərd, bir dəfə də məni apar də.

- Ala, qardaşın  Vaqiflə danış. 

- Boy, ver görüm  telefonu.

Məmməd Arazın qardaşı oğlu əsgərlikdən qayıdır gəlir oxuduğu məktəbə, hansı ki atası da, əmisi də bu məktəbdə dərs deyib. Girir  məktəb direktorunun otağına, ordan telefonla Bakını yığır, əmisini. Hamı eşidir ki, uşaq Məmməd Arazla danışır, doluşurlar otağa. O deyir ver mən də danışım, bu deyir ver mən də danışım.

Uşaq həmişə bu hadisəni danışıb  gülürdü və deyirdi:

- Neçə ildi məktəbdə telefon var, heç kimin ağlına gəlməyib ki, burdan birbaşa şairi yığıb danışa bilərlər. 

İndi Seyranın qardaşı da ustad ilə elə danışırdı ki, elə bil uzun illərmiş danışmırmışlar,  əllərində mobil telefon ola-ola. 

Vaqif deyir:

- Həftədə bir dəfə xalalarımı, qohum-əqrəbadakı xanımları  yığıb gətirirəm  Şuşaya, Gövhər ağa məscidini ziyarət etməyə.

Bizi çox istəklə Füzulidə təzə aldıqları evə qonaq dəvət etsə də vaxtımızın olmadığını, səhər Laçına gedəcəyimizi bildirib ayrılırıq. Ayrılanda Vaqif soruşur ki, sən canın, maşında kitabın var,  bir-ikisini ver aparım Füzuliyə. Təzə çıxan iki  kitabımı bağışlayıram Vaqifə. 

Sonra üz tuturuq Cıdır düzünə. Yeni inşa edilmiş möhtəşəm bir məktəb binasının yanından keçəndə Kərim məlumat verir ki, Mikayıl Gözəlovun qızını bura məktəb direktoru qoyublar. 

Xanımımın yadına nəsə düşür:

- Kərim, burda bir internat  məktəbi vardı, biz atamla onun yataqxanasında qalmışıq. 

Kərim:

-  Siz internat məktəbin yataqxanasında yox, sağdakı binada qalmısınız, Pedaqoji Texnikumun yataqxanasında. Çünki internat  məktəbi başqa yerdədi. 

Cıdır düzünə qalxanda xanım yolun solundakı xaraba qalmış evləri göstərib deyir:

- Bax, bu evlərin hansındasa Əli Kərimin arvadı Elzanın qohumları yaşayırdı. Biz onların qonağı olmuşuq. 

Bir armud ağacını göstərib deyir:

- Deyəsən, ordakı evdi. Həyətlərində  böyük bir armud ağacı vardı. 

Bu da Cıdır düzü. 

Şuşa azad olunandan sonra ilk dəfə Cıdır düzünə qalxanda heyrətə gəlmişdim. Ermənilər Cıdır  düzündə qoymamışdılar Cıdır düzülük qala. Ağır yük maşınları ilə vəhşicəsinə bu müqəddəs yeri eşim-eşim eşmişdilər. Elə bil nəyinsə  heyfini alırlarmış. Çünki bu Düz onlar üçün  heç bir müqəddəs məna daşımırdı. 

Cıdır düzü niyə müqəddəsdir?!

Dünyanın düz vaxtı Malıbəyliyə Bakıdan Vasif Quliyevin toyuna gəlmiş qonaqları götürüb çıxartdım Cıdır düzünə. 

Mehman Cavadoğlu mənə sataşmaq üçün dedi:

- Nə var ey, Cıdır düzü, Cıdır düzü, basıb bağlayırsız. Nədir buranın müqəddəsliyi?

- Mehman, burda Pənah xan gəzib, İbrahim xan, Mehdiqulu xan gəzib, Vaqifin, Natəvanın ayaq izləri var. Xanlar burda  at yarışları keçirib, Şuşa camaatı  üçün toy-bayram təşkil edib, burda Şuşa igidləri qurşaq tutublar. Məmməd bəy burda öz batman qılınclarını oynadıb. Bu düzə Vaqifin və oğlunun qanı tökülüb. Heç bilirsən burda kimlərin ruhu var?!

Mehman da gülüb dedi:

- Ə, hirslənmə, zarafat edirəm.

İndi ermənilər sanki Cıdır düzünü bu hala salmaqla Pənah xandan, İbrahim xandan, Məmməd bəy Batmanqılıncdan  intiqam alıbmışlar.  Axmaqlıq və insana yaraşmayan bir şey, əgər erməniyə insan demək mümkünsə.

İndi bu neçə ildə Cıdır düzü öz doğmalarının nəfəsini duyub və əvvəlki  vəziyyətinə qayıdıb. 

Bilmirəm hansısa il idi, biz orta məktəbdə oxuyurduq. Məktəbliləri Cıdır düzünə gəzməyə  aparırdılar. Onda bura maşınları da buraxırdılar. Arandan gələnlər də, şuşalılar da axşamlar öz süfrələrini Cıdır düzündə açırdılar. 

Deməli, bir yük maşınında  məktəbliləri gətiriblər, sürücü maşından düşüb ehtiyatsızlıq edib əl əyləcini çəkməyib. İçi uşaqla dolu maşın  yellənib üzü aşağı, sıldırımlığa doğru. Burdan maşın düşsə bu uşaqların bir tikəsi də ələ gəlməz. 

Bu vaxt ailəsi ilə istirahətə gəlmiş bir Müəllim bunu görür. Gecikmək olmazdı, özünü  çatdırıb  çöməlib oturur daş kimi  dal  təkərin  altında, maşın dayanır. Bu hadisə Qarabağda  bomba kimi  partlamışdı. 

Deyirlər qəhrəmanlar unudulmur. Çox təəssüf ki, bəzən unudulur. Yəqin ki, indi otuzdan çox uşağın həyatını xilas etmək üçün özünü şəhid edən həmin Müəlllimi indi xatırlayan yoxdur.

Xanımım deyir:

- Burda, sol tərəfdə bir yeməkxana vardı, biz orda  çörək yemişik.

Kərim:

- Ermənilər dağıdıblar, amma özülü qalıb.

İradəni yendirirəm sıldırıma doğru. Daşlardakı güllə yerlərini göstərib deyirəm:

- Gör bizim igidlər hardan atışa-atışa  dırmaşıblar ey. Bu güllə yerləri də onların atdıqları  mərmilərin yeridi. 

Bir daşın üstündə oturur. Gülüb deyirəm:

- Dur gəl bu daşın üstündə otur, bu daş  yumşaqdı. 

- Deyirsənsə  gəlim o daşın üstündə oturum. 

Xanımımı Cıdır düzündə keçirdikləri atalı-analı  günlərin xatirələri ilə baş-başa qoyuram. 

Bu vaxt mənlə Kərimə bir ailə yaxınlaşır. İki cavan oğlandı, yanlarında da uşaqları və xanımları. Kərimlə öpüşüb-görüşürlər. Kərim cavan oğlanları mənlə tanış etmək istəyir. 

Deyirlər ki:

- Biz Aqil müəllimi  yaxşı tanıyırıq. 

Məlum olur ki, bu gənc oğlanlardan biri xüsusi təyinatlıların müharibə vaxtı podpolkovniki imiş. Əli ilə Daşaltı tərəfdəki dağları göstərib deyir:

- Aqil müəllim, bax, gördüyün dağlar var ey…

(Ardı var)
 

TƏQVİM / ARXİV