19 Avqust 2024 09:22
134
ƏDƏBİYYAT

Aysel Nəsirzadənin ŞEİRLƏRİ

***

Daşçatladan ayazdı

Dilindəki əlvida.

Elə unut ki məni,

Düşməyim bir də yada.

 

Qıfıl vur,  xatirələr

Birdən yolundan edər.

Bütün vaxtsız gedənlər

Solundan çıxıb gedər.

 

Kaş heç vaxt olmayaydı

Eşqin vida tərəfi.

“Sən məndən yaxşısına

layiqsən” sözü olur

Gedənlərin “tərifi.”

 

Tərifini söylədin,

Gərək yox təsəlliyə.

Bəhanəylə gedənlər

Dönməz bir də geriyə.

 

 

***

 

Bir çatdaquş tamıdı uşaqlığım,

Bir xınadaşı qoxusu

Bir “hökümətağacı” qorxusu.

Çardaqdan ulduzlara boylanan qayğısız baxışlar,

Məktəbli çantasında işlənməmiş bəzəkli say çubuqlar,

Müəllimdən gizlədilmiş qırmızı qələm.

Bir də

Biləyimdə zamanı donduran “diş saatım”,

Bununla bitir uşaqlıq əhvalatım.

Sonra

Boz dumanlı havada qaçaqaç

Boğulmaqdan qurtulduğumuz Araz,

Arazın bu tayı dərd - ələm.

Və...

Uşaqlığını yaşamadan böyüməyə məhkum edilmiş mən.

Yoxdur başqa bir xatirəm.

 

 

 

 

***

 

Qanadın açmasın deyə,

Qəlbin sinə qəfəsi var.

Sevmək yetmir tək insana,

Sevilməyə həvəsi var.

 

Yarım qalan yara həmdəm,

Tapan tapar ruha vətən.

Yer üzünün sərinlədən

Günəşin Ay kölgəsi var.

 

Eşqə ümidlənib gələr,

Sevgini müqəddəs bilər.

Sevdimi ömürlük sevər-

Hər ürəyin öz kəsi var.

 

 

ÖZÜ YIXILAN KƏSİN

 

Özü yıxılan kəsin

Gözündə yaşı olmaz.

Darıxmağın vədəsi,

Bəlkəsi, kaşı olmaz.

 

Xoşbəxtlik ilıq mehtək

Toxunar, qəlbə keçər.

Tale ölçü götürər,

Həsrəti ömrə biçər.

 

Keçər ömür qatarı,

Arzuları aparar.

Xatirələr qoynunda,

Xəyallardan qoparar.

 

Gündüzün fikirləri,

Gecənin dərd, ələmi.

Görən, xoşbəxt olaram

Yerə qoysam qələmi?

 

 

HƏSRƏT YOLU

 

Sənsiz bu şəhərə

Nə gecənin qaranlığını yaran

Ay mavisi boylanır,

 Nə gündüzünü aydınlatan şəfəq sarısı.

 Alatoranlıqdı xəyallar,

Ümidsizdi arzular.

Hər şey kəm-kəsir

Ürəyim qəfəsdə susqun, əsir.

Darıxmaq var, darıxmaq,

Ağlamaq var- gözü dolu.

Saxsıdakı çiçəkləri

Göz yaşıyla sulayaraq

 Pəncərə önündən başlayır həsrət yolu.

 

Vardır betərin betəri

 

Baş söykəyib ağ vərəqə

Şeir-şeir ağlayıram.

Misralardan köz götürüb

Ürəyimi dağlayıram.

 

Bəm görünən dərdlər zildir,

Gizli-gizli qəlbi didir.

Gecənin biri bir ildir,

Zülm ilə sabahlayıram.

 

Sənsiz ömrüm, günüm talan,

Nə düşündü ayrı salan?!

Darağının üstə qalan

Bir telini qoxlayıram.

 

Dünya beş günlük, ötəri,

Hər döngədə bir xətəri.

“Vardı betərin betəri”,-

Deyib bir az toxtayıram.

 

 

Nöqtə hünəri çatmır

 

Nöqtəsi qoyulmayıb sənə yazılan şeirlərin,

Ara -sıra boy göstərir misraların arasından

Boynu bükük suallar.

Nəticələr səbəb tapmır.

Bəlkəli ,kaşlı bəndlərin önünə

Bir ehh-li sətir keçir nidası özündən böyük,

Son olsun deməyə

Nöqtə hünəri çatmır.

 

 

***

Qərənfil qoxusuna bürünər

Xatirəsi qızılgüllü xəyallar.

Arzular ümidinə gecikər.

Xəzəllərə sarılar payız ayrılıqları

Qürbət ürəkdən həsrət yol çəkər.

Eşqlə doğmalaşar insan insana,

Ürək döyüntüsün sevgidən alar.

Eşq olmadan ürəklər də yadlaşar,

Yadelliyə dönər vətən olanlar.

 

 

Ovutmaz ruhumu heç bir təsəlli

 

Yatar ürəyinə söhbətim , sözüm

Çətin bildiklərin görünər asan.

Möhürlə yolunu səssizliyimə

Mənim sükutuma qapılmayasan.

 

Dolanbac ömrümün yolu tikanlı,

Qara kölgələr var hər ağlığında.

Ən yaxşı məsafə durduğun yerdi,

Mən daha yaxşıyam uzaqlığında.

 

Dalma ürəyimin dərinliyinə,

Səni kədər boğar, qəm qaçaq salar.

Məndən duyduqların şeirə sığar,

Dastanlara sığmaz ağrılarım var.

 

Ovutmaz ruhumu heç bir təsəlli,

Dilə tutulası dərd deyil dərdim.

Həyat əzəlindən sınaq meydanı,

Mən də sınaqlardan keçməyə gəldim.

 

 

Ruh bədəndə yerin danır…

 

Bilsən necə qəm çəkirəm

Divar nəmi çəkən kimi.

Göz yaşlarım selə dönür

Gün gecəyə keçən kimi.

 

Düyünlənib acı qəhər,

Boğur məni yenə gecə.

Ürəyimə verir kədər,

Həsrət olub bir bilməcə.

 

Bilmirəm ki, bu nə sirdir?..

Bilməm, niyə narahatam...

Yadıma gəlmir, bir ildir

Başım atıb rahat yatam.

 

Vücudumun təpəri yox ,

Ruh bədəndə yerin danır.

Nə göylərə təslim olur,

Nə yerdəki yerin anır.

 

Yazan özü belə yazıb,

Taleyi mən seçməmişəm.

Ölüdən betərəm onsuz,

Bir dünyadan köçməmişəm.

 

 

ELƏ İNTƏHASIZ DARIXIRAM Kİ...

 

Elə intəhasız darıxıram ki,

Dilimdə ən şirin sözüm darıxır.

Nəmli kirpiyimin sığal çəkdiyi

Çuxuru göllənmiş gözüm darıxır.

 

Elə intəhasız darıxıram ki,

Bu şəhərin mənəm qərib sakini.

Qayğılardan yosun tutmuş ürəyim,

Qarışdırmış nifrət ilə sevgini.

 

Elə intəhasız darıxıram ki,

Uzaq düşər sevinc, kədər boylanar.

Pəncərəmi xısın-xısın döyəclər

Qaranquşu yola salan son bahar.

 

Elə intəhasız darıxıram ki,

Üzərimdə nakam arzu kölgəsi.

Bu dünyaya ruhum sığmır əzəldən,

Yəqin, odur darıxmağın bəlkəsi.

 

 

 

Qarabağ Azərbaycandır!

 

Qəfəsdəki bülbüllər

 İsa bulağına bir qurtumluq su eşqinə

Yezidlərə lənət demək üçün qanad çalacaqlar.

Yanan ömrün künc bucağından

Azad etdikləri səhifələrə

“Qarabağ Azərbaycandır!” yazıb

Uçub gedən yuxusuz ömrün

Ağrılı illərini yuxu bilib xeyirə yozacaqlar-

Yuxular tərsinə yozulur axı.

Bütün ağrılı günləri yaddaşın yad yerinə atıb

Hər şeyi unutmağa çalışacaqlar-

Ürək çox ağrı çəkəndə beyin pozulur axı.

Gözəllərin baxışına dəng gəlmək üçün

Ərənlər at belində Cıdır düzünə axışanda

Başlayacaq həyat eşqi.

Ərgünəşdən doğan günəş

Çatı dərinləşmiş yaraları kökündən qurudacaq.

Bütün gələcək şəkilləri keçmiş köklərə əlavə edəndə

Arzular xəyal olmaqdan qurtulacaq.

 

 

 

Yenə də mən qalibəm

 

Daha nağıllardakı xoxanlardan qorxmuram, ana!

Həyat çox bəzəkli-düzəklisin çıxardı qarşıma.

Daha mən də

Nə Cırtdanam,nə şahzadə ,

Nə də ki, yatmış gözəl.

Dönüb oldum yeddi başlı əjdaha-

Öldürdülər, dirildim,

Ağlatdılar, kiridim.

Uzaqlaşdım hər kəsdən,

Yazdım öz hekayəmi, özüm başına keçdim.

Onları”böyütmədim” gözümdə

Dedim cılız qalsınlar, daha betər olsunlar,

Həyatı rəqib seçdim.

Davam da onunladır, müharibəm də , mübarizəm də...

Dərdlə bükdükcə belimi, tutub ürəyimdən ayaqlandım,

Ona qarşı duruşumla canlandım.

Qorxma, ana, indi mənə ən doğma duyğudur ölüm.

Həyat ölümdən qorxanlara əzizdir.

Ölüm qorxusuyla insanlar həyata tutunub, biləsən,

Ölüm olmasa həyat da kimsəsizdir...

Yenə də mən qalibəm...

 

 

 

***

Sən şənbə gününün rahatlığlyla

sevdin-

Bazar ertəsinə hələ bazar var kimi.

Halbuki anlamadın,

Yaşamaq üçün bəhanəydi bu eşq.

Kaş ki sevə biləydin

Yarına yar,

Şirin bir yuxunu bəxtinə yozar kimi.