16 Avqust 2024 16:27
432
ƏDƏBİYYAT

Türk dünyası ədəbiyyatının Yaqub Öməroğlu itkisi

Türk dünyası ədəbiyyatına və mədəniyyətinə ağır itki üz verib. Avqustun 16-da Avrasiya Yazarlar Birliyinin sədri, “Qardaş qələmlər” dərgisinin təsisçisi və baş redaktoru, Türk dünyasının tanınmış yazıçısı Yaqub Öməroğlu amansız xəstəlikdən dünyasını dəyişib.

Azərbaycan ədəbiyyatının ən yaxın dostlarından, çox fəal təbliğatçılarından olan Yaqub Öməroğlu son 30 ildə ədəbiyyatımızın Türkiyədə və ümumtürk məkanında təbliği yönündə böyük işlərə imza atıb.

Türkiyədə 200-dən çox azərbaycanlı müəllifin kitablarının çap edilməsində Yaqub Öməroğlunun xüsusi əməyi olub. 2006-cı ildə onun təşəbbüsü və sədrliyi ilə yaradılan Avrasiya Yazarlar Birliyi tərəfindən 2017-ci ildə ilk dəfə Türkiyənin İstanbul şəhərində Türk Dünyası Gənc Yazarlar görüşü, bütün türkdilli ölkələri əhatə edən "Mahmud Kaşğarlı Beynəlxalq Hekayə Müsabiqəsi", "Türk Dünyasında İlin Adamı", "Türk Dünyası Çevirmənləri", "Türk dünyası ədəbiyyat dərgiləri" konfransları, dram yazarları arasında pyes müsabiqəsi, eləcə də Türk Dünyası ədəbiyyatının, mədəniyyətinin inkişafı üçün önəmli rol oynayan digər mühüm ədəbi-mədəni layihələr məhz Yaqub Öməroğlunun rəhbərliyi ilə həyata keçirilib.

Birliyin təsis etdiyi və illərdən bəri Türk dünyasının ən parlaq imzalarına verilən "İlin Ədəbiyyat Adamı" mükafatı bu baxımdan xüsusi önəm kəsb edir. 2012-ci ildə həmin mükafata Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar layiq görülmüşdü.

Y.Öməroğlunun təsis etdiyi və baş redaktoru olduğu “Qardaş qələmlər” dərgisi Türk dünyasının yeganə ortaq ədəbi dərgisidir.

Avrasiya Yazarlar Birliyinin nəşriyyat və poliqrafiya qurumu olan “Bengü” Nəşrlər Evi məhz Yaqub Öməroğlunun rəhbərliyi sayəsində türk dünyasının tarixini, mədəniyyətini, şəxsiyyətlərini nadir çap məhsulları ilə tanıdaraq sevdirib. Sözügedən Nəşrlər Evində Azərbaycanın onlarla tanınmış şair və yazıçısının kitabları Türkiyə türkcəsində çap olunub.

Ədəbiyyatımızın təbliği yönündə xidmətlərinə görə Yaqub Öməroğlu Azərbaycan Yazıçılar Birliyinin Bəxtiyar Vahabzadə Beynəlxalq Mükafatı ilə təltif edilib. 2021-ci ildə isə Türkiyədə və ümumtürk dünyasında Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrə görə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Fəxri dostu" adına layiq görülüb.

Mərhum yazıçının ilk hekayələr kitabı da məhz Azərbaycanda nəşr edilib. Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü və dəstəyi ilə "Qanun" nəşriyyatında işıq üzü görən “İki çinar” adlı kitabda Yaqub Öməroğlunun müxtəlif zamanlarda yazdığı hekayələri toplanıb. Kitab təkcə Azərbaycan və Türkiyədə deyil, ümumən Türk dünyasında böyük maraqla qarşılanıb.

Tanınmış yazıçı, Ümumtürk ədəbiyyatının fədakar təbliğatçısı Yaqub Öməroğlunun vəfatından qəlbən kədərləndiyimizi bildirir, ailəsinə, sevənlərinə, oxucularına və bütün Türk dünyasına dərin hüznlə başsağlığı veririk. Yaqub Öməroğlunun əziz xatirəsi qəlbimizdə daim yaşayacaq, onun adı bütün Türk dünyasında hər zaman ehtiramla anılacaq. Allah rəhmət eləsin!

Azərbaycan Yazıçılar Birliyi