21 Iyun 2024 09:05
6219
LAYİHƏ

Düşüncə azadlığı insana yeni nəfəs verir

Kim nə deyir desin, söz, mətbuat, fikir prüalizmi və düşüncə azadlığı olmayan yerdə insanlar rahat nəfəs ala bilməzlər. Ən azından ona görə ki, əgər bu dediyimiz elementlər olmasa, o cəmiyyətin mizan- tərəzisi, haqq-ədaləti pozulur və həmin cəmiyyətdə yaşayan insanlar özlərini rahat hiss eləmir, sanki quruya çıxarılmış balıq kimi çabalayır. Başqa sözlə demiş olsaq, həmin adamların həyatı qaranlığa, zülmətə bürünür... 

Heç də bütün ölkələrdə söz, mətbuat azadlığı birdən-birə yaranmayıb. Onun üçün insanlar ilk növbədə demokratik, hüquqi və sivil cəmiyyət qurublar. Bu cəmiyyəti qurmaq isə elə də asan olmayıb. Yəni, demokratik quruluşa keçmək üçün hər hansı bir ölkə vətəndaşları çox böyük bir mücadilə və mübarizə aparıblar. Təbii ki, bu mücadilə və mübarizədə cəmiyyəti dəyişmək istəyən qüvvələr böyük qurbanlar verib, hətta həbsxanalara düşüblər. Amma bu mücadilə və mübarizə onları demokratik, azad və müstəqil dövlətə qovuşdurub. 

Azərbaycanda da söz, mətbuat azadlığının, fikir prüalizminin və düşüncə sərbəstliyinin yaranması heç də asanlıqla başa gəlməyib. Heç kimə sirr deyil ki, Azərbaycan Respublikası 70 il SSRİ-nin tərkibində olub və məmləkətimiz Moskvadan idarə edilib. Aydındır ki, sosialist rejiminin öz sərt qanunları və qaydaları var idi. Xüsusən də ideoloji sahədə Mərkəzi Komitədə katiblik və şöbə fəaliyyət göstərirdi. Həmin katiblik və şöbə də SSRİ-nin tərkibində olan bütün respublikaların ideoloji işinə nəzarət edirdi. Yəni onların razılığı olmadan və möhürü vurulmadan hansısa televiziya verilişi, qəzet məqaləsi işıq üzü görə bilməzdi. Əgər bir balaca demokratik işartı vardısa və bu mətbuatda görünürdüsə, heç şübhəsiz həmin məsələlərdə Mərkəzi Komitənin “barmağ”ı hiss olunurdu. Bir sözlə, sovet rejimində heç vaxt azad mətbuat, düşüncə sərbəstliyi, fikir prüalizmi ola bilməzdi. Belə ki, bütün mətbuat orqanları ya Sov.İKP-nin, ya da Komsomolun orqanı idi. Dediyimiz kimi, mətbuata da nəzarət məhz həmin qurumlar edirdi.  

Azərbaycan müstəqillik dövrünə qədəm qoyduqdan sonra demək olar ki, ölkəmizdə zaman-zaman söz, mətbuat, fikir azadlığına və düşüncə sərbəstliyinə şərait yaradıldı. Xüsusən də, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın dəvətilə hakimiyyətə gələndən sonra Azərbaycanda mətbuatın, azad sözün və sərbəst düşüncənin inkişafı üçün “yaşıl işıq” yandırıldı. Heç şübhəsiz, ölkədə birdən-birə hər şeyi həll etmək mümkün deyil. Çünki Azərbaycanın çox böyük siyasi, iqtisadi və sosial problemləri var idi. Ən böyük çətinliyimiz isə torpaqlarımızın 20 faizinin, daha doğrusu, Qarabağın erməni işğalçıları və eləcə də onların havadarları tərəfindən ələ keçirilməsi idi. Belə bir mürəkkəb durumda Ümummilli Lider Heydər Əliyev çox müdrik və uzaqgörən siyasi gedişlərlə müstəqilliyimizi qorumaqla yanaşı, söz və mətbuat azadlığına da şərait yaratdı. Əgər əvvəllər ölkəmizdə 5-10 qəzet və bir televiziya kanalı fəaliyyət göstərirdisə, Heydər Əliyev hakimiyyətə gələndən bir müddət sonra yüzlərlə qəzet, saytlar və özəl televiziyalar fəaliyyətə başladı. Söz və mətbuat azadlığını təmin etmək üçün ilk növbədə ölkəmizdə birmənalı olaraq senzura ləğv edildi. Senzuranın ləğv edilməsi ilə Azərbaycanda söz, mətbuat və fikir azadığına yeni bir nəfəs verildi. Artıq cəmiyyətdə və mətbuatda insanlar öz düşüncələrini və fərqli fikirlərini rahat şəkildə ifadə etməyə başladılar. Heç şübhəsiz, belə bir sağlam mühitin yaranması cəmiyyətin daha da durulmasına, saflaşmasına xidmət edirdi. Onu da qeyd edək ki, ölkədə yaranmış yeni ab-hava hər bir Azərbaycan vətəndaşında nikbin ovqat yaradır, dövlətə və hökumətə qarşı xoş hisslər oyadırdı.

Bir fikri də deyək ki, həmin dövrdə ölkəmizə xarici məmləkətlərdən çoxlu sayda tanınmış şəxslər, siyasətçilər və qeyri-hökumət təşkilatlarının əməkdaşları olan insanlar gəlirdilər. Onlar ölkəmizə ayaq basan kimi ilk növbədə söz, mətbuat, fikir azadlığı ilə maraqlanırdılar. Bu o demək deyildi ki, xaricdən gələn o əcnəbilər bizi çox istəyib, həmin məsələlərlə maraqlanırdılar. Bu o demək idi ki, onlar bəzən bulanıq suda balıq axtarır, yüz bəhanə gətirərək, ölkəmiz haqqında Avropada mənfi fikirlər səsləndirməyə can atırdılar. Ancaq reallıqlar və həqiqətlər bizim ölkəmizi xoşlamayan o adamların şər-böhtan deməsinə imkan vermirdi. Düzdür, onların arasında beynəlxalq aləmdə və Avropada ölkəmizdə gedən demokratik prosesləri, söz və mətbuat azadlığını tərifləyənlər də var idi. Bayaq dediyimiz kimi şər-böhtan deyənlər də az deyildi. 

Bu gün Avropa dövlətləri söz və mətbuat azadlığından danışır. Amma Almaniyada keçirilən beynəlxalq tədbirə dəvət olunmuş, AzərTAC-ın əməkdaşını Fransanın şər-böhtanı ilə ora buraxmaq istəmirdilər. Görün, demokratik dəyərlərdən danışan, söz və mətbuat azadlığından dəm vuran Avropada nələr baş verir? Azərbaycan səfirliyinin və digər mötəbər qurumların işə qarışması nəticəsində axır ki, AzərTAC-ın müxbiri həmin beynəlxalq tədbirə buraxılıb. 

Prezident İlham Əliyev də 20 illik fəaliyyəti dövründə Azərbaycan mətbuatına həmişə sevgi ilə yanaşıb. Dəfələrlə cənab Prezident çıxışlarında qeyd edib ki, mən mətbuatın dostuyam və dostluqda da çox sədaqətliyəm. Prezident İlham Əliyev dedi bu fikirləri öz əməli işiylə təsdiq edib. Yəni onun hakimiyyəti dövründə jurnalistlər üçün iki bina tikilib, 600-dən çox jurnalist yeni mənzillə təmin edilib. Dünyanın heç bir yerində mətbuata, söz azadlığına belə dəyər verilməyib. Özü də həmin binada mənzil alanların xeylisi müxalif düşüncəli və müxalifət mətbuatının yazarlarıdı. İlham Əliyev mətbuata bu qayğı ilə də kifayətlənməyib. Belə ki, ildə iki dəfə 20-dən çox mətbuata dövlət dəstəyi olur. Əgər həmin maliyyə köməkliyi edilməsə, bütün çap mətbuatı öz nəşrini dayandırar. 

Heç şübhəsiz, mətbuat da həmişə Prezident İlham Əliyevi özünə yaxın dost bilib və cənab Prezidenti “Mətbuatın dostu” mükafatı ilə dəyərləndirilib. Ölkəmizdə gedən azad, demokratik proseslər onu göstərir ki, Azərbaycanda bundan sonra da söz, mətbuat, fikri prüalizmi və düşüncə sərbəstliyinə böyük diqqət yetiriləcək, cəmiyyətdə sağlam mühitin və sağlam düşüncənin yaradılması üçün nə lazımdırsa olunacaq!

        

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.