Əşrəf Veysəlli - ŞEİRLƏR
Olmadı
Bu ağac da bar vermədi,
Bu bağ da bir bağ olmadı.
Sevincimə yiyə duran,
Dərdimə ortaq olmadı .
Kef damağı çağ olanlar,
Üzümüzə ağ olanlar
Ürəyimdə dağ olanlar
Kürəyimdə dağ olmadı.
Azadam,xoşbəxtəm- deyə
Səs saldım bütün ölkəyə,
Sevincdən hoppandım göyə,
Düşəndə torpaq olmadı.
Bir damla yaşa da dəyməz
Çırpın köksüm altda körpə quş kimi,
Çağlama, çağlama,çağlama könlüm.
Yenə altdan-altdan odlu sinəmi,
Dağlama, dağlama,dağlama könlüm.
Haqdan sınmayanlar nahaqdan sınar,
Ağac kökdən deyil,budaqdan sınar.
Dost var,bir balaca sınaqdan sınar,
Yoxlama,yoxlama,yoxlama könlüm.
Sözləri inci tək düz varaqlara,
Yapışsın köz kimi söz varaqlara.
Yazmalı nə varsa yaz varaqlara,
Saxlama,saxlama,saxlama könlüm.
Bir əyri qaşa da dəyməz bu dünya,
Atdığın daşa da dəyməz bu dünya.
Bir damla yaşa da dəyməz bu dünya,
Ağlama,ağlama,ağlama könlüm.
1997
Nə qorxusu
Kəfən rəngli saçlarımdan,
Gəlsə də ölüm qoxusu.
Sızlama gözüm işığı,
Ağlama ,könlüm yavrusu.
Dərdlərin dəli hücumu,
Ağlar qoydu sevincimi.
Ömür adlanan köçümün
Keçmişdə qaldı çoxusu.
Dərdə könül verənlərin ,
Qəm hörgüsü hörənlərin.
Bu dünyanı görənlərin,
O dünyadan nə qorxusu?!
1996
Ağlaya-ağlaya
Bu dünya nə olan şeydi
Bildik ağlaya-ağlaya.
Açdıq ağlaya-ağlaya,
Solduq ağlaya-ağlaya.
Bir tamsa da,kəsirsə də,
Baş açmadıq,nə sirsə də.
Beşiksə də,qəbirsə də,
Gəldik ağlaya-ağlaya.
Qana-qana,bilə-bilə,
Yana-yana döndük külə.
Yaşamadıq gülə-gülə,
Güldük ağlaya-ağlaya.
2005


Bakı -°C

