“Həbsdə olduğu zamanlarda gecələr demək olar ki, yatmadığını söyləyirlər...”-Turan xanım
Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında xatirə yazılarına start verib.
Turan xanımın müsahibəsini davamını təqdim edirik:
- Cavid əfəndi adətən günün hansı vaxtında yazırdı?
- Gecələr. Uzun illərin şakəriydi. Günorta saat 3-də, 4-də bir saat yatıb sonra dururdu. Yatanda tapşırırdı ki, bir saatdan sonra məni oyadın. Bir qayda olaraq onu oyatmaq məsələsini mənə həvalə edərdi. Bir saatdan sonra çarpayısına yaxınlaşırdım, çağırmağa ürəyim gəlmirdi, oyananda isə elə bil ki, diksinirdim... Sanki səhərlər oyanırmış kimi dururdu, geyinirdi, əl-üzünü yuyurdu... Sona görə də həbsdə olduğu zamanlarda gecələr demək olar ki, yatmadığını söyləyirlər. Uzun illərin vərdişi özünü orda da hiss etdirmişdi. İş orasındadır ki, 1937-ci ildə bütün sorğu-sualları, dindirmələri gecələr aparardılar. Gecələr. Yəni adamların yuxusunun şirin vaxtında.
- Deməli, əsasən gecələr yazırdı.
- Bəli. Gündüzlər isə ancaq gecə yazdıqlarını yenidən və ucadan oxuyar, düzəlişlər edərdi.
- Ucadan oxuyardı?
- Ucadan oxumağı elə-belə yazdığını bizə oxumaq üçün deyildi. Sonralar mən Teatr İnstitutunda təhsil alanda bunun nə olduğunu hiss elədim. Oxuyarkən gəzinirdi, var-gəl edirdi: iç danışığının, dialoqların, monoloqların necə səslənməsini, necə eşidilməsini bilmək istəyirmiş. İş prosesində heç kəs ona sual verməzdi, özü də elə bil, ətrafı görmürdü, tamam təcrid olunurdu. Sanki tək qalırdı.
- Mişkinaz xanımla fikir bölüşürdü?
- Dedim axı, baba danışanda heç kəs söhbətə müdaxilə etməzdi. Təkcə bizim evdə deyil, ümumiyyətlə, heç yerdə qaz olmadığından neft primusundan istifadə edirdik. Ana bilirdi ki, Cavid söhbətə başlayıbsa bu, uzun çəkəcək, ona görə də əvvəl gedib primusu söndürürdü. Bir-düşə görə Cavidin sözünü yarıda kəsmək istəmirdi. Mişkinaz xanımın gözəl hafizəsi, yüksək qabiliyyəti vardı. Hər şeyə müasir yanaşardı. Cəmi 5-6 məktəbdə oxumuşdu. Çox gözəl olduğundan valideynləri onu məktəbdən çıxarmışdılar. Baba ilə ailə qurandan sonra oxuyub-yazmağı öyrənmişdi: ərəb, latın və kiril əlifbalarını bilirdi. Cavid onun zövqünə bələd idi. Onunla fikir bölüşürdü. Bir-birilərini duyurdular.
- Deyirlər, ananızın zəngin mütaliəsi olub...
- Hə. Çox oxuyardı. Sabirin “Hop-hopnamə”si, Tevfuq Fikrətin “Rübabi-şikəstə”si, Xalid Ziyanın “Nəmidə”si, Əhməd Hikmətin “Xaristan”ı, Hamidin “Hind qızı”, “Zeynəb”, “Məqbər” əsərləri, Defonun “Robinzon Kruzo”, Hüqonun “Gülən adam”, “Səfillər”, Civaniolinin “Spartak”, Düşenin “Tamilla” kitabları əlindən düşməzdi.
- Evinizin məhrəm adamları, Cavid əfəndinin dostları kimlərdi?
- Əhməd Cavad, Müşfiq, Seyid Hüseyn, İdris Axundzadə, Abdulla Şaiq, Ömər Faiq Nemənzadə... bizə tez-tez gələrdilər. Söhbət edərdilər və nərd oynayardılar... Cavid nərd oynamağı xoşlayırdı. Əhməd Cavadla oynayanda isə xüsusi səs-küy olurdu. İdris Əfəndiynən də elə. Seyid Hüseyn isə daha təmklinliydi. Cavid, Cavad və Müşfiq eyni gündə həbs edildilər. Əhməd Cavad uca boylu adamdı. Öz dairələrində bütün məclisləri Əhməd Cavad idarə edirdi. O zaman bütün ölçü hisləri qorunurdu. Yemək zamanı süfrədə içki də olardı, amma içki də, sağlıqlar da dərəcəsindəydi.
- Elə həmin məclislərdə iştirak edənlərdən birinin oğlu bu yaxınlarda televiziyada Cavidin ona necə içki aldırdığını xatırlatdı.
- Yalandı. Mən də onu eşitdim. Çox əsəbiləşdim. Cavid sözün böyük mənasında müəllim olduğuna görə heç bir zaman kişik yaşlı uşağı içki almağa göndərməzdi. İçki aludəsi deyildi ki, münasibətsiz-filansız içəydi. Həmin xatirə sahibigildə biz bir neçə dəfə qonaq olmuşuq, həmişə də çay süfrəsi olub”.
Ardı var...
Mənbə: “Cavid haqqında xatirələr” kitabı.
Hazırladı: Vasif Əlihüseyn