HƏMİŞƏ SUSMUŞAM, AMMA BU GÜN İSTƏYİRƏM DANIŞAM! - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
4900 | 2023-09-27 10:22

Düzdür, 23 illin jurnalisti olaraq, nə "əməkdar jurnalist" adına, nə "Tərəqqi medalı"na, nə rəsmi dövlət və hökümət qurumlarından "fəxri fərman"a, "Fəxri diplom"a,  digər bu tip mükafatlara layiq görülmədim.

Səbəbi, günahı özümdə görürəm! Bircə qırıq əyilməyi, söz götürməyi bacarsaydım, nə qapılardan keçərdim. 

Amma  üzgün deyiləm!  Çünki heç bir titullu qadın jurnalist  mənim qazandığım uğurları qazana bilməyib! Var olsun dəstək olan dostlarım! 
Həmkarım, canım Rumiyye Miraslan  deyirdi ki,  gözləyirdim: əgər Əntiqə "Qarabağ" qəzetinə qalib gəlsə, inanacağam ki, biz də Qarabağ torpağında qalib gələcəyik! Bəli, "torpağımı qaytar mənə cənab Prezident və Müdafiə naziri" müraciətli videoma görə  "Qarabağ" qəzetindən qovulmuşdum. Yurdlarından qovulan günahsız qarabağlıların taleyini yaşayırdım!  Mən 2020 -ci ilin avqustun 8-də uzun sürən məhkəməni qazandım və üzərimə hücuma keçən bir dəstə "Qarabağ"çıya qalib gəldim! Bu ifadə edilməz bir hissdir! Qələbə hissi!

Sonra Vətən müharibəsi başladı! Qalibiyyətimin davamını 28 sentyabrdan etibarən 44 gün Qarabağımızda  yaşadım! Bəli,  həyat yoldaşı qazi-yaralı, uşağı 9 yaşında, anası qoca və xəstə bir qadını buraxıb arxana baxmadan cəbhə xəttinə getməsi cəsarət tələb edirdi. Raket yağışının altında Bərdənin, Ağdamın, o cümlədən  Ağcabədinin, Tərtərin, Cəbrayılın, Şıxarxın, Marquşevanın ərazilərini qarış -qarış gəzməsi elə ölümünə fərman verməsi kimi bir şey idi!

Dəfələrlə bombardmana düşdüm, günlərlə ac qaldım, yol pulum olmadı piyada getdim gedecəyim yerlərə, yağışın, küləyin soyuğun "ağzında" peşə fəaliyyətimi həmçinin əsgərlərimizə yardımların çatdırılmasını şərəflə yerinə yetirdim. Raket yağışının altında sığınacaqlardakı insanların taleyi, şəhid ailələrindən reportaj, şəhid dəfnləri,  hərbçilərdən açıqlamalar... Bir an geri çəkilmədim! 

20 -yə yaxın  kişi jurnalistdən  heç nədə geri qalmadım!  İndi mən 1 qadın jurnalist olaraq  elə bilirəm bütün dövlət titul və mükafatlarından daha böyük bir mükafata layiq görülmüşəm ! 

44 günlük müharibənin yeganə qadın müxbiri! 

Bu adı məndən başqa  qazanan olmadı! Heç indən sonra da heç kim qazana bilməyəcək, bu adı  heç kim vermir. Yeganə şərəfli tituldur ki, onu özün qazanırsan, mən  qazandım!

Həyatımı itirmək bahasına, travmaya, stressə, xəstəliklərə qapı açaraq  qazandım!

Həm də qorxmuram ki, heç kəs bu titulu məndən ala, ləğv edə bilməz! Bu titulu özüm qazandım!

Hesab edirəm, igidlərimizin 44 günlük savaşda  qazandığı möhtəşəm qalibiyyətdə mənim də azacıq, lap az da olsa payım var! Xoşbəxtəm ki, 44 gündə mən də çəbhə xəttində, döyüşçülərimizin yanında olmuşam! 

Minlərlə can qurban oldu!Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm! 

Namusumuzu hifz edən, Bayrağımızı yüksəldən bütün igidlərimizə : qazilərimizə, veteranlarımıza Allahdan  can sağlığı və hər zaman qələbə arzulayıram! 

Səndən ötrü can verməyə cümlə hazırız! mənim xalqım! Allah sizi və birliyimizi qorusun!

Allah səni hər zaman müzəffər etsin mənim dövlətim!Üç rəngli bayrağınla məsud yaşa!

Sənə canım fəda VƏtən
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

TƏQVİM / ARXİV