adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Fevral 2023 14:46
908
ƏDƏBİYYAT

İcbari çığırtma - Rafiq Ağalar yazır

(Hekayəvari hekayət)

Dünya dəyişmişdi, partiya-hökumət sağ olsun! Yəni poliklinikada 5-3, 10-15 manat vermədən həkim baxışından keçmək olarmış?! Sabahı tibbi sığorta ilə göndərişi əldə edə bildik. Düzdür, az qala dünyanın o başına göndərmişdilər, amma tibbi sığortanın xoş havası başımıza nə təhər vurmuşdusa, bizi sözün həqiqi mənasında məsti-xumar etmişdi. Biz də vətəndaş olaraq hüququmuzdan göz dolusu istifadə edərmişik!

Təyinat yerinə ən ucuz taksi ilə gedib, 9 man. 60 qəp. ödədik. Yoxsa əvvəl avtobus, sonra metro, sonra yenə avtobusluq idi yol. Bu variant ucuz olsa da, buna getmədik. Xəstəhal idik. Gənclik yaşımız da deyildi. Sağlamlığı itirmək daha baha başa gəlir. Bir də pulsuz baxacaqdılar. Uzağı 10 manat da geri gələndə taksiyə çıxacaqdı.

Bu da məmləkət üzrə yeganə, mütəxəssislərin qaynaşdığı adlı-sanlı xəstəxananın qeydiyyat-göndəriş pəncərəsi. Beş pəncərənin hamısında xidmət üçün adam var. Amma yalnız ikisi xəstələri qəbul edir. Niyə belədir? Deyildi ki, üç pəncərənin qəbul limiti dolub. Səhər tezdən nə qəbuldu, nə limitdi dolub görəsən?

Bir saatlıq üzücü-əzici növbədən qurtulub, dekabr günlərində soyuq dəhlizlərdə sərinlənə-sərinlənə, mərtəbələrdə kiminsə qarasınca deyinən, öz-özünə danışan sığortalı əsəbi adamların arasından keçincə həm əhvalımız pozulmuş, həm üşüməyə başlamışdıq. Amma içimizdə bir ümid qığılcımı vardı. Zarafat deyil, professorun qəbuluna gedirdik. Özü də pulsuz baxacaqdı, yəni sığorta ilə.

Hardasan, ay qafiyəsiz xoşbəxtlik?!

Professor İpçibaşovun qəbulunda növbəmiz nisbətən tez çatdı. Küpçübaşov göndərişə göz atdı. Ailəmizin birinci xanımının ayaqlarının dopler müayinəsi üçün gəldiyimizi dedim. Müayinədən sonra da müalicə yazılacağı, ya əməliyyat olunacağı bəlli olmalıydı.

­– Nəyisən? – soruşdu Supçubaşov, – qardaşısan? – eyni zamanda arakəsmə pərdəni araya qoyub izah etdi, – həm də kənar adamlar girə bilər.

Çapçıbaşov əl müayinəsinə başladı. Bizim xanımın ayağının özünün məsləhət bildiyi müvafiq yerlərindən tutub yoxladı. Arteriyalar yaxşıdı, dedi Yapçıbaşov, – qaldı venaları yoxlamaq, onu da dopler edərik, amma əvvəlcə kardioqramma edin elə yan otaqda, 10 manat verərsiz, edərlər. Ayaqlarda ödem var, bu mənlik deyil. Piyini ərit bir az, aaz. Ərin havayı gətirir, basıb yeyirsən. Çox gəz, az ye. Bütün analizlərini havayı edəcəklər. Gör neçə analiz yazdım. Hamısı da havayı. Doplerə 80-70 manat verin istəsəniz, imkan varsa, yazım indi etsinlər. Ya da növbəyə qalmalısız, 20-25 gün çəkəcək. Özünüz bilin.

Dopler üçün növbəyə qalmağı seçdik. Artıq saat 16.00 idi. Analiz vermək vaxtı isə keçmişdi. Buna halımız da yox idi. Dəhlizlərdə yenə havalanmış adamlar əl-qol ata-ata əsəbi şəkildə danışır, sanki giley-güzar, şikayət təzəklərini divarlara onlayn yapırdılar.

Yanvarın 13-də yenidən taksi bizi həyatın gözəlliyinə qovuşdurdu. Bu dəfə də yenə qeydiyyat-göndəriş pəncərələrini “səhv saldığımızı” dedilər, bir xeyli növbəyə qalandan sonra bizi başqa pəncərədə növbə tutmağa yönəltdilər.

Nəhayət, çox ləngiməmək üçün birimiz, analizləri verməyə, birimiz dopler müayinəsi üçün növbə tutduq. Təkərli xərəkdə, əl arabasında bəzi xəstələr demək olar ki, hüşsuz vəziyyətdə xəstə sahibinin, tibb bacılarının müşayiəti ilə soyuq dəhlizlərdə hansısa müayinə üçün növbədəydilər. Adamlar həmin olmasalar da, mənzərə həmin, söhbət həminki idi.

- Doplerə 70 manat istəyir.

- Tibbi sığorta ilə gəlmisiniz axı. Pul verməli deyilsiniz.

- Deyir qaldı 20 gün sonraya. Elə rayona gedib-gəlməyimin xərci o qədər edəcək. Üstəlik vaxt itkisi. Sonra da Bakıya gəlməyə vaxt tapmaq. Ondansa, cəhənnəm, həmin pulu verib məsələni həll etmək sərfəlidir.

- Mən həmişə vəzifələrdə işləmişəm. Hüquqlarımı da yaxşı bilirəm. Doplerə girmişəm, dili ilə məndən 25 manat istədi. Şəkərim, təzyiqim var. Tualet də yoxdur. Açarı özlərindədir. Açıb girib, çıxıb bağlayırlar.

- Sizinki də var. Budeyyy yandakı tualet, – bunu yanımızdan keçən xəstəxana işçisi dedi.

- Ora bağlıdır axı.

- Təmir gedir də. Həyətə gedin.

- Bu soyuqda... bunun xəstəsi var, yaşlısı var.

Düzü, elə mənə də tualetin yerini bilmək lazım idi. Həyətdə tualetin yerini tapdım. Amma əlimi yuya bilmədim. Krant sınmışdı. Lənət şeytana. Təsərrüfat müdiri kimdi görəsən? Mühafizə məni istiqamətləndirdi.

- Xoş gördük, hörmətli müdir. Həyətdəki tualetdə əl yumaq imkanı yoxdu, krant sınıb, su gəlmir.

- Ola bilməz. Nə danışırsan?! Nə qədər düzəldirik yenə sındırırlar. Düzəldərik.

- Biz gələn dəfə gələnə düzələr? – söhbətə yumor qatmaq istədim.

- Nə vaxt gələcəksiniz? - ciddi qəbul elədi.

- Üç həftə sonra.

- Yox, yox, daha tez.

Ordan baş həkimin yerini soruşub, xəstələrin növbələrdə əziyyət çəkdiyini demək, narazılıq doğuran işlərə əncam çəkilməsini xahiş etmək istədim. Məqsədimə doğru kurs götürərkən ümumi şöbə müdirinin qapısını açıq görüb, elə ondan başlamağı qərara aldım. Girən kimi divardan asılmış kapitan poqonlu hərbi forma diqqətimi cəlb etdi. Bunu hiss edən qırmızıyanaq, dolu sifətli qarşı tərəf:

- Qaziyəm, – dedi. Qoy gələnlər görsün, burda elə-belə adam oturmayıb. Aparat rəhbəriyəm. Buyurun. Kimsiniz?

Məqsədimi anlatdım.

- Yəqin baş həkim, müavinlər qəbul etməyib, mənim üstümə göndəriblər.

- Xeyr, – dedim. Elə sizdən başladım.

Sonra xəstəxanada gördüklərimi qısaca danışdım.

- Kim sizdən pul istəyib? Gərək səsini yazaydınız.

- Kim razılıq verər ki, qanunsuz pul istəyirəm, buyurun, səsimi də yazın.

Bir neçə dəqiqəlik “məhrəm” söhbətdən sonra həmsöhbətim:

- Bilirsiniz, burda akulalar var. Mən tək nə edə bilərəm? – dedi.

Yuxarılara nəsə deməyin faydasız olacağı artıq mənə aydın oldu. Ən yaxşı halda yola verəcəkdilər.

Nəhayət, analizləri də verib, doplerimizi etdik. Analizlərin cavabı sabaha qaldı. Gərək yenə bura gəlib cavabı götürəydik. Maraqlandım ki, emailimizə göndərə bilərsinizmi, ya saytınız varmı orada analizin nəticələrinə baxaq. “Bizdə belə xidmətlər yoxdur”, - dedilər. Dopler müayinəsinin nəticəsi əlimizdə həkim professor Çöpçübaşovun yanına qalxdıq. Əməliyyatda idi. Günorta gəldi. Növbəmiz çatanda içəri girdik. Tanımadı. Yenidən arakəsmə pərdə. Həmim sözlər. Əl müayinəsi. Və təklif:

- Əməliyyat vacib deyil. Amma istəsəniz, əməliyyatım üç mindir. Min manat sizinçün keçərəm. Dəqiq qərara gəlin. Fikriniz qəti olsa, qiymətdə yenə endirim edərəm.

- Axı bizim sığortamız var. Bizim maaşımızdan tibbi sığorta üçün də tutulur. Sizin də yanınıza gələndə gərək ki, çek verilir, sizə ödəniş edilir.

- Nə sığorta? Bizdə hər şey kəlləmayallaqdır. Xaricdə pul uzun illər yığılır... bizdə şappadan başlayıblar ki, iş bilmişik, hamı sığortalıdır. Bilirsiz ki, dövlət bizə heç nə vermir, adi binti, pambığı da öz pulumuzla alırıq?!

- Bunu bizə niyə deyirsiniz? Yuxarılara deyin də... Yaxşı bəs müalicə necə, bizim xanıma müalicə yaza bilməzsiniz?

Professor Gopçubaşov özünü eşitməməzliyə vurdu.

- Hələ sizə havayı MRT də yazaram. Aşağı düşün elətdirin, sonra gələrsiniz danışarıq, – deyib ayağa qalxdı Həpçibaşov.

Bir-birimizə baxdıq. Qalxıb 25-ci otaqda MRT etmək üçün növbə tutduq. Yarım saat sonra məlum oldu ki, əvvəl əsəb həkiminə dəyməliyik. Göndərişi yalnız o verə bilər. O da “gərək qabaqcadan qəbuluma növbəyə yazılaydınız”,- dedi və sonda məlum oldu ki, ümumiyyətlə, burada MRT deyilən şey yox imiş, burdan da harasa “havayı” göndəriş verə bilərlər. Onda gördüm bizim xanım da artıq başqaları kimi dəhlizdə öz-özünə bərkdən söylənə-söylənə səntirləyir. Kor-peşman bir xeyli də buna vaxt itirib, sığortanın xumarı başımızdan tamam çıxmış vəziyyətdə evə gəldik. Deyirdik az qala dünyanın o başına göndəriblər, amma o dünyanı görüb qayıtdıq.

Analizlərin cavabını hələ də götürə bilməmişik. Çünki hər ikimiz xəstələndik. Öz qaramızca, söyüb-söylənib, tibbi sığorta ilə bir də heç yerə getməyəcəyimizə söz verib, yaxındakı özəl klinikaya üz tutduq. Burada özümüzü tam komfortda hiss etdik. Onu da öyrəndik ki, ayaqların dopler müayinəsi bu özəl klinikada 30 manatadır. Hesabladıq tibbi sığortanın “izi ilə” təkcə taksi pulu 40 manat çıxmışdı. Analizlərin cavabını da götürməyə getsək, bu 60 manat edəcəkdi. Xəstəlik zamanı dərmanlara, sistem-filana xərclədiyimiz pul bir yana, ən əsası bir xəstəliyi müalicə etmək istərkən tüm sağlamlığımızı itirməyimiz bizə baha başa gəldi.

Bir də belə üzdəniraq xəstəxanaların dövlət statusu adama yaman yer eləyir.