Sabir Əzizoğluna dost təşəkkürü
Sabir həkimi çoxdan tanıyıram. Bu tanışlığımın kökündə də onun sözə, mətbuata bağlılığı dayanır. İllər öncə bir qələm dostumun vasitəçiliyi ilə tanıdım Sabir həkimi. Yazılarını oxudum, hətta “Ədalət”in səhifələrində onun dəyərli yazılarına “yaşıl işıq” da yandırdıq. Amma üzbəüz görüşümüz bu illər ərzində bir neçə dəfə oldu. Sayca az olsa da bu görüşlərdə etdiyimiz söhbətlər, qarşılıqlı fikir mübadilələri bir daha mənim içimdə Azərbaycanın bir aydınının yerini müəyyənləşdirdi. Yaddaşıma, ruhuma bir ziyalının adı yazıldı. Maraqlı burasıdır ki, Sabir həkim mənə təbabətlə fəlsəfənin, ədəbiyyatın, hətta tarixin müəyyən paralellərini o qədər sadə və anlayışlı bir şəkildə izah etdi ki, mən onun dünyagörüşünün, zəkasının heyranı oldum…
Yaxın günlərin söhbətidır. Mobil telefonuma zəng gəldi, səs onun səsi idi. Dərhal tanıdım. Bildim ki, onu tanıdığımı hiss etdi. Amma hissində yanılmadığını təsdiqləmək üçün “salam”dan sonra “tanıdınmı” deyə soruşdu. Və cavabımı gözləmədən “Sabir həkimdir” əlavə etdi. Mən də geri qalmadım. Dərhal az qala birnəfəsə “Sabir həkimi - qardaşı tanımamaq olar”? - dedim. Burada bir haşiyəyə çıxım. Qardaş sözünü ona görə xüsusi vurğuladım ki, biz ilk tanışlığımızda həkimə xatırlatmışdım ki, mənim kiçik qardaşımın adı da Sabirdir. O da gülümsəyib, deməli, Sabir adında iki qardaşın var, demişdi...
Bəli, həkimlə Azərbaycan Nəşriyyatının foyesində qarşılaşdıq. Söhbətimiz yenə ötən günlərdə olduğu kimi özümüzdən başlayıb, bədii yaradıcılığa, mətbuata qədər uzandı. Bu söhbət əsnasında məlum oldu ki, Sabir həkimlə görüşmədiyimiz müddətdə maraqlı yaardıcılıq uğurları olub. İki kitabı işıq üzü görüb. Onlardan biri fəlsəfə ilə bağlıdır. İkincisi isə “Müdrik kəlamlar” adlanır. Doğrudur, bu gün özünü və sözünü müdrik hesab edənlər kifayət qədərdir. Amma söhbət mənim özümü necə qiymətləndirməyimdən, təqdim etməyimdən getmir. Axı son fikir oxucuya aiddir. O qoyur nöqtəni. Yəni yaradıcılığa dəyər verən, münasibət bildirən oxucudur. Bunu yaxşı bildiyimdən mən də həmişə oxumadığım bir şey haqqında öncədən heç nə deyə bilmirəm. Daha doğrusu, demirəm. Lakin Sabir həkimin qələminə bələd olduğumdan içimdə onun kəlamlarının müdrik olacağına şübhə yox idi. Kitabı oxuyanda da yanılmadığıma bir daha əmin oldum.
Belə ki:
-Dərketmə ağılın qapısı, ağıl dərketmənin müəllimidir.
Yəqin ki, bu cümlənin neçə qatdan ibarət olduğunu tuta bildiniz. Və elə ağılla düşünəndə dərk etdiyimizin ağlın qapısından içəri keçdiyini anlayırıq. Və onda bir daha əmin oluruq ki, bizi dərk etməyə istiqamətləndirən, yönəldən ağıl imiş. Bax bu iki fikir özü-özlüyündə Sabir həkimin bizə söylədiyi kəlamın həm məntiqli, həm də müdrik olduğunu sübut edir. Yaxud da:
Xəsislik, nadanlıq, bir də qısqanclıq
Sağalmaz yaradır, yolu qaranlıq.
Bu iki misranın çözümünü etsək, ilk baxışdan qeyri-adi heç nə yoxdur. Adi sözlərdir. Cümlə bağlılığı ilə bir-birinin ardında düzülüb gəlib çatıb nöqtəyə, amma…
- Xəsisliyin yozumu? - Bu, hər kəsə bəlli.
- Nadanlığın fəsadları? -Bu, hər kəsə bəlii.
- Qısqanclığın faciəsi? - Bu da hər kəsə bəlli.
Sonda bu bəlli olanların zərbəsi insana dəyir, insanı yaralayır, insanı ağrıdır. Deməli, fikrin müdrikliyi də burada ortaya çıxır. Özümüz də bilmədən könüllü qoşuluruq Sabir həkimin fikrinə. Onunla razılaşırıq. Daxilən etiraf edirik ki, bəlli olan üç insan əxlaqına qüsur olan cəhətlər (xəsislik, nadanlıq, qısqanclıq – Ə.M.) həqiqətən ürək yaralayır.
Başqa bir kəlama üz tuturam. Sabir həkim yazır ki:
Çox işlər görülür bir sağ ol üçün
Çox sağ ol yaşayır kiçik an üçün.
Mən bu bəndi oxuyanda həqiqətən bir qədər tərəddüdlü an yaşadım. Elə həmin tərəddüdlü an da mənə həyatımın bir məqamını xatırlatdı. Haqsız basqı ilə üzləşdiyim bir yerdə gözləmədiyim, hətta ummadığım bir nəfər məni ağrıtmağa, sıxışdırmağa çalışan adama dedi ki, düz hərəkət etmirsən. Burda sən sağ ol deməlisən. Çünki edilən hərəkət sabah sənə təşəkkür gətirəcək. Sən sabahı görmürsən. bu günlə yaşayırsan.
Bəli, xatırladığım məqam bu bənddə mənə bir çözüm köməkçisi oldu. Və çevrəmə baxdım. Anladım ki, kimsə hansısa bir işi təmənnalı, özü də insanlıq üçün uyğun sayılan hədləri keçməklə edirsə, onun qazandığı sağol əslində o işə görə deyil, o işi görənin yarınmağının, yaltaqlanmağının sağoludur. Hətta bu sağol üçün yarışanların da boy sırası məlumdur. Amma normal, adi bir Allah bəndəsi kimi, Xalq şairi Məmməd Arazın təbirincə desək, Vətənin daşı olmaq naminə görülən işə mükafat olan sağol isə halal haqqdır, halal dəyərdir. Zənnimcə, Sabir həkimin müdrik kəlamının bir yozumu da halal sağolun önə çıxmasıdır. Bütün hallarda çoxalan “sağollar” müəyyən mənada sabun köpüyünü də göz önünə gətirir. Çünki o, sadəcə nəyinsə xatirinə, nəyəsə görədir. Bu yerdə özümün özümə sağol deməyim gəlmir.
Bax, fikrimin davamı olaraq mən sonuncunu, yəni halal sağolu götürərdim. Sizi deyə bilmərəm. Deməli, çoxluğun, kütləvi olması dəyərin də itməsidir. Ona görə də hər işi “sağ ol” üçün etməkdənsə, bütün “sağ ol”ları bir dəyərli işə yönəltmək daha dürüst seçim olar.
Sabir Əzizoğlunun “Müdrik kəlamlar”ı haqqında bu qısa qeydlərimi bilgisayara diqtə edəndə içimdən keçən bir fikri də açıqlamaq istədim. Belə ki, bu gün insanlığın eroziyası, sadə dildə desək, gödəniyyətin mədəniyyəti üstələdiyi bir vaxtda yaxşı sözə, yaxşı bir fikrə, müdrik kəlama yer qaldığı üçün sevinməyə, yaşamağa dəyər. Çünki bu məqam hər şeyin bitmədiyini göstərir. Və elə bu fikirlə də Sabir həkimin əl boyda, amma kifayət qədər sanballı kəlamlarının birini də diqqətinizə təqdim edirəm:
Özgəsinə atılsa məkrli bir daş,
Ziyanın çəkəcək düşünməyən baş.
Mən bu kəlamın yozumunu siz oxucuların ixtiyarına buraxıram.


Bakı -°C
