23 Iyun 2025 11:10
157
ƏDƏBİYYAT

Orxan Zakiroğlu Baharlının yeni kitabı: "Qarabağın Veysəlli oymağı -Qayıbovlar" 

Bir neçə gün əvvəl əlimə çox maarifləndirici, məlumatladırıcı yeni bir kitab keçmişdi. Elə ilk səhifəsindən hiss olunurdu ki, çox böyük araşdırma, əziyyət sayəsində başa gəlib. Odur ki, keçmişimizi, qədimliyimizi, tarixi şəxsiyyətlərimizi dərindən tanımaq üçün çox qiymətli, dəyərli bir məcmuə olduğunu təsdiqlədim.

28 kitabın , 400-ə yaxın elmi və elmi tədqiqat xarakterli məqalənin müəllifi, tanınmış araşdırmaçı-jurnalist Orxan Zakiroğlu Baharlının ictimaiyyətimizə  növbəti hədiyyəsi, həm də xidmətidır.
Qarabağı incə bir sənətkarlıqla ilmə-ilmə, vərəq-vərəq araşdıran, yaddan çıxmış, unudulmuş tariximizi yenidən öz qələmi, öz üslubu ilə bizə təqdim edən Orxan müəllimin “Qarabağın Seyidli oymağı”, “Axundovlar nəslinin görkəmli şəxsiyyəti – S.S.Axundov” , “Ağdamda təhsil (1883-1993)”, “Qarabağın Çəmənli oymağı”, eyni zamanda "Qaraqoyunlular", “Şərq tarixi: Baharlılar” , “Mirzə Vəli bəy ocağı (sələfləri, xələfləri)”, “Əlişəkər bəy nəslinin görkəmli şəxsiyyətləri” ilə bağlı kitabları və digərləri elm camiəsi üçün diqqət mərkəzində olan dəyərli bir araşdırma məhsuludur.
Orxan Zakiroğlu Baharlının yeni kitanın adı "Qarabağın Veysəlli oymağı -Qayıbovlar" dır.

Tez telefonu əlimə alıb, müəllifi təbrik etdim, sonra da kitab haqqında soruşdum. Orxam müəllim dedi ki, uzun illər üzərində çalışdığım “Qarabağın Veysəlli oymağı (Qayıbovlar)” adlı 308 səhifəlik monoqrafiyam 2024-cü ildə işıq üzü gördü . Kitab "Füyüzat" nəşriyyatında çapdan çıxıb. Bir araşdırmaçı - jurnalist üçün ən gözəl bir hadisə onun kitabının ictimiyyətlə tanış olmasıdır.
Monoqrafiya tarixi qaynaqlar, arxiv materialları, tədqiqat əsərləri əsasında apardığım araşdırmalara, yaşlı insanlarla etdiyim söhbətlərə istinadən qələmə alınıb.
Araşdırmam sübut etdi ki, XIX əsrdə Veysəllidə müxtəlif nəslin yaşamasına baxmayaraq oymağın əsasını XVII əsrdə yaşamış Məhəmmədxan ağanın nəsli təşkil edib. Əsərdə Veysəlli oymağının tarixi şəxsiyyətləri, əhalisi haqqında ətraflı məlumat verilir, onların ictimai həyatdakı mövqelərindən söhbət açılır. Veysəllinin görkəmli şəxsiyyətlərinin həyatı və fəaliyyətləri xronoloji ardıcıllıqla göstərilir, tarixi faktlara istinadən maraqlı məlumatlar verilir. Çar Rusiyası dövründə Veysəllidə aparılmış əhalinin, eləcə də bəylərin, din xadimlərinin siyahısı illərə görə xronoloji ardıcıllıqla çap edilib. Məhəmmədxan ağanın nəslinə aid tarixi məlumatlar, arxiv sənədləri əsasında iki nəsil şəcərəsi hazırlanmış, tarixi fotoşəkillər verilib . Tariximizlə maraqlanan hər bir kəs üçün əsl esklopedik bilgilər bu kitabda öz əksini tapıb".
- Bəs Qayıbovlar?
- Qayıbovlar - Azərbaycanın tanınmış soylarından biridir.
Bu soyun babası Məhəmmədxan ağa Veysəlli-Otuzikidir. Onun İmamverdi bəy, Məhəmmədəli bəy adlı oğlanları vardı. Məhəmmədxan ağanın ikinci oğlu Məhəmmədəli bəy Qarabağın həm savadlı, həm də seçmə zadəlarından olub.
Mirzə Məhəmmədəli ağanın Qayıb bəy adlı оğlu vardı. Qayıb bəy Veysəlli оbasında dоğulub. İlk təhsilini atasından alıb. Sоnra Təbriz şəhərinə yоllanıb, mоlla-müctəhidlərin yanında ali təhsil görüb. Sonra Şuşa şəhərinə dönərək, İbrahimxəlil xanın divan işləri ilə ilgilənib. Vəzarətdə çalışıb. Mоlla ünvanı ilə tananırdı. Mоlla Qayıb bəyin törəmələri Qayıbоv sоyadını daşıyırdılar. Onun Həsən bəy, Qasım bəy adlı оğulları vardı.

Tanınmış maarif xadimi, müdrik el ağsaqqalı Məmməd Murtuza bəy oğlu Məmmədov ata tərəfdən Mirzə Məhəmmədəli bəy Molla Həsən bəy oğlu Qayıbovun nəticəsi, Pəri xanımın nəvəsidir.
AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov ana tərəfdən Qayıbovlar soyundandır. Onun ana babası Murtuza bəy Mirzə Məhəmmədəli bəy Qayıbovun nəvəsidir.
Soyun məşhur nümayəndələri:
Mirzə Cavad bəy Qayıbov
Mirzə Məmmədqulu Təbib
Mirzə Məhəmmədəli bəy Qayıbov
Məsum bəy Qayıbov
Mirzə Məhəmməd bəy Qayıbov
Mirzə Əli bəy Qayıbov
Mirzə Cəfər bəy Qayıbov"

 Müəllifə yeni yeni uğurlar arzulayıb, üzümü tuturam kitabsevərlərə, tariximizin üstüörtülü məqamları açıqlayan, işığa çıxardan Orxan Zakiroğlu Baharlının kitablarını çalışın, axtarın , tapın oxuyun! Çünki müdriklərimiz də deyib ki, keçmişini bilməyənin gələcəyi yoxdur.

Oxuyun, bilgilənin, keçmişimizlə fəxr edin,  qürurlanın, zövq alın!

 Əntiqə Rəşid