adalet.az header logo
  • Bakı -°C
23 Noyabr 2025 11:11
109
ƏDƏBİYYAT
A- A+

 Xəyallar elə də uzaqda deyil... - Nigar Arifin şeirləri

EŞQ

 

Xəyallar elə də uzaqda deyil,
Ümidlər başımı sığallayanda.
Ürək yerindədi, ürək rahatdı
Qayğınla eşqimi yırğalayanda.

Biraz ərköyündür, biraz dəcəldir
Nə məni dinləyər, nə də ki səni
Ağlımın topuğu məhəbbətimdi
Cırnatsan incimə, qatar aləmi

Bu hisslər ruhuma dostdur, tanışdır
Deyərdim ömrümə şərikdir hətta
Neyləyək olsa da dərdi, əzabı
Sevgidir insana qol da , qanad da

Xəyallar elə də uzaqda deyil,
Ümidlər başımı sığallayanda.
Ürək yerindədi, ürək rahatdı
Qayğınla eşqimi yırğalayanda.

 

GÖRÜŞƏNƏDƏK

 

Bundan belə yaddaşım da evdarlaşır dəyəsən,
Ağlımdan atmağa çalışır
 çiynimdəki yükləri,
Hərdən qollarını çırmalayıb 
lap elə anam kimi 
o da yumaq istəyir
gözlərimdə haçandır qaralmış örtükləri,
köhnə düşüncələri,
hiss basmış fikirləri…
Yorulmaz bir həvəslə,
Açıb tökür hər dəfə
beynimin içindəki,
bütün siyirtmələri…
Uşaqca xatirələr qaçır o yan-buyana,
Biraz səs-küy, biraz da keçmiş çağlarımdaki
su verib bəslədiyim,
nərgiz, yonca, qızılgül,
bənövşə ətirləri,
nənəmin əlləri tək
oxşayır tellərimi…
Eh… əcəb günlərim idi…
Hava soyudu dəyən,
Nəsə üşüdüm birdən,
Kim açıb pəncərəni?
Ya da, bəlkə, nə bilim,
Ürəyimdə illərin əsir həsrət yelləri…
Olsun… əşi onsuzda
artıq payız fəslidir,
Belə kövrək aylarda
evimin dizlərində
ağlamaq da gözəldir.
Yəqin babam yanımda olsa,
indi deyərdi:
“Nolub, qanın qaradır?
Hər şey gəldi-gedərdi”,
sonra gülümsəyərdi…
Amma bilməzdi dərdim
elə heç olmayanlar,
yox olan və gedəndir…
Yerdə qalan nə varsa,
Bugün alınmasa da,
Bilirəm ki, haçansa,
Yəqin ki, düzələndi…
Nə vaxtsa düzələndi…
O vaxt görüşənədək…

 

HİRSLİ ŞEİR

 

Hər olan-bitəni həzm etmək olmur,
Hanı yaxşılığım? haqqını bulmur,
Yerim ki, boş qalır, yerim ki, dolmur
Mənim nə səhvim var, nə günahım var?

Demək ki, belədir dünyanın işi,
Vecsizdi zamanın haqsız gərdişi,
Lap olsun əzəldən zülm vərdişi,
Mənim nə səhvim var, nə günahım var?

Mən ki hər gecəyə bir sabah oldum,
İstər əməlimdə, istər sözümdə,
Hər zaman şah oldum, padişah oldum.
Mənim nə səhvim var, nə günahım var?
Bəlkə kimlərinsə dayağı, pulu,
Mənim güvəndiyim bir Allahım var…

Qəlbimi qıranlar bilmirlər hələ,
Bilmirlər, neyləyim,bilməsinlər heç!
Əlləri batanda qırıqlarımda,
Ruhumun buz tutmuş bucaqlarında,
Birgün görəcəklər qucaqlarında
Mənim dualarım, mənim ahım var!

 

“BİZ”DƏ BİTƏN YOL

 

Bu eşqdə nə qazandım?
Axtarsam tapammıram.
Desəm çox şey itirdim,
Yenə də qopammıram.

Saymadığım gecələr
gündüzləri aldılar.
Məndən keçən sabahlar,
sənə yaxın oldular.

Gözümə görünmür heç,
İnciyib küsdüklərim,
Axır səndə gizlənib
Əlimi üzdüklərim.

İllər boyu dolaşıb
“Biz”də bitən yolmuşam.
Bəlkə də heç bilmədən
Mən elə sən olmuşam,
Bəlkə də heç bilmədən,
Sən elə mən olmusan…

 

SƏNİ ATMARAM

 

Mənim arzularım körpədir hələ,
Qaranlıq yollardan başları çıxmır.
Onların bildiyi saf duyğulardır,
Qorxular hələki evimi yıxmır.

Əlimdə nə varsa dilimdə odur
Gözümdə aynalar yalan söyləməz
Vicdanım gecələr düşüb dalınca,
Tutduğum əməli fikir eyləməz.

Demirəm asandır, demirəm çətin,
Xəyalım yıxılsa gülənlər çoxdur.
Bütün addımlarım sevgidən doğur,
Nifrətə, möhnətə yerim də yoxdur.

Mən yağış adamam, külək adamam.
Odda da yanmaram, suda batmaram.
Əzizim, bu dünya düşsə gözümdən,
Qəlbimdə saxlaram, səni atmaram…