Samir Mehdiyev: Şəhid olarıq-məğlub olmarıq

Payızın adi günlərindən birində dünyaya gəlişi ilə ata-anasını, dost-tanışı sevindirmişdi. Onda 8 noyabrın Azərbaycan tarixinə Zəfər günü kimi yazılacağından xəbərsizdik. Hələ ruhumuz Birinci Qarabağ savaşının yaralarından ağrıyırdı. Hələ oğullarımız torpaqlarımızı azad etmək yanğısıyla böyüyürdü. 1993-cü il 8 noyabrda Bakının Xəzər rayonu Zirə qəsəbəsində anadan olan Samir Vaqif oğlu Mehdiyev kimi .
Böyüdükcə doğum günlərində çox da sevinə bilmirdi. 8 rəqəmini sevmirdi. Şuşanın işğal günü olan 8 mayı xatırlayırdı daha çox. “Bir gün doğum günümü Şuşada qeyd edəcəyəm” deyirdi.
Zirə qəsəbəsindəki Birinci Ziya Ağayev adına 241 nömrəli tam orta məktəbi bitirəndə hərbiçi olmaqda qərarlı idi.
Samir 2013-cü ildə Sərhəd qoşunlarında həqiqi hərbi xidmət keçir. Heç vaxt işğalla barışmayan, ərazi bütövlüyümüz uğrunda savaşmaq, sərhədlərimizi qorumaq arzusuyla “Gizir hazırlığı” kursuna daxil olur. 2016-cı ildə isə arzusuna çatır. Maxe kimi xidmətə edir. İmtahanlardan, sınaqlardan keçərək XTQ-də xidmətə başlayır. Xidmət zamanı “Azərbaycan Ordusunun 100 illiyi” yubuley medalı ilə təltif olunub.
Azərbaycan Ordusunun hərbi birləşməsi olan XTQ –in kiçik giziri Samir Vaqif oğlu Mehdiyev fiziki cəhətdən sağlam, güclü, eyni zamanda mənən zəngin idi. Vətənsevdalıydı. Şəxsiyyət idi. Belə yaşayır xatirələrdə Samir...
Vaqif Mehdiyev: Tək oğul payım, dayağım idi. Bacarıqlı, zəhmətkeş övlad , məsuliyyətli, ləyaqətli oğul idi. Sonda vətəninə xidmətini də layiqincə yerinə yetirdi. Zəng edəndə çox sakit, rahat danışardı, müharibənin çətinliyindən söz etməzdi, hər dəfə “haqqını halal elə”, bir də “Vətən sağ olsun”-deyirdi. Düşünürdüm ki, niyə hər dəfə mənə “haqqını halal et” deyir. İndi anlayıram elə bil hər an ölümlə üz-üzə olduğunu. Övlad itgisi nə qədər ağır olsa da, torpaqlarımızı azad etməliydik, döyüşməliydik. Məğlub kimi yaşaya bilməzdik. Müharibə də qurbansız olmur. Arzu edirəm ki, bundan sonra heç bir ailə belə əzab yaşamasın. Dünyada sülh olsun.
“Əli əlimdən ayrılanda elə bildim ruhum canımdan ayrıldı”-deyir özünü Polad Haşımovun əsgəri, davamçısı hesab ədən Malik Əjdər oğlu Cəbiyev. 1981-ci ildə Culfanın Bənəniyar kəndində anadan olub. Uşaqlıqdan hərbçi olmağı arzulayan Malik 1999-cu ildə həqiqi hərbi xidmətə gedib və artıq 23 illik hərbi xidmətini başa vurub. Müharibə veteranıdır. Hal-hazırda aldığı yaralardan öz hesabına müalicə olunur. İki dəfə yaralansa da döyüşlərdən çıxmayıb: Birinci savaşda kəndimizin dəyərli oğullarından olan Şamil Hüseynov şəhid olmuşdu. Uşaqlıqdan özümə söz vermişdim ki, bu itkilərin qisasını alacağam. “Gizir hazırlığı” kursunu bitirəndən sonra Şəmkir rayonuna Toğanaya göndərildim. Sonra Daşkəsəndə 2002-ci ildən Polad Haşımovun bölüyündə xidmətdə oldum. Bütün hərbi biliyimi general-mayor Polad Həşimovdan öyrənmişəm. 2014-cü ildən Naxçıvanda XTQ-də xidmətə göndərildim. Xidmət zamanı Həmidov Şükür, Niftəliyev Mehrab, Anar Əliyev kimi zabitləri tanımışam. Sentyabrın 27-də müharibə başlayanda biz Naxçıvanda idik. Oktyabrda Qarabağa gəldik. Artıq azad olunmuş ərazilərimiz vardı. O zaman Samirlə tanış oldum. Çox yaxın idik. Tez zamanda dostlaşdıq. Çox cəsur idi. Ailəsinə də bağlı idi. Mənə həmişə “ağsaqqal, sən qabaqda getmə, övladların var”-deyirdi. Mən də onu qorumağa çalışırdım. Subay idi, gələcəyi qabaqdaydı. Amma elə önə can atırdı. Cibində quran, sinəsində bayrağımız vardı. Çox döyüşlərdən keçdik:Hadrut , sonra Tuğ kəndi uğrunda döyüşlərə qatıldıq. Bu döyüşlərdə hələ gənc zabit olarkən tanıdığım polkovnik-leytenant Anar Əliyev şəhid oldu. Çox çətin döyüşlər olsa da kəndi azad etdik, bayrağımızı da sancdıq. Orda Samir elə ürəklə dedi ki, biz bu torpaqları alacağıq, amma bizi unutmasınlar. Çanaqçı kəndi uğrunda döyüşlərdə 4 gün mühasirədə qalsaq da kəndi azad etdik. Daşaltıdan sonra Şuşaya getməli idik. Bütün bu döyüşlərdə onun elə igidliklərini gördüm ki, unuda bilmirəm. Əsil qəhrəman idi. Laçın dəhlizini azad edəndən sonra Şuşaya Topxana meşəsi istiqamətində hərəkət etdik. Bayramov Ruslan vardı ata olmuşdu, övladını hələ görməmişdi. O döyüşlərdə şəhid oldu. Onu bir qayanın dibində qoyduq. Hava çiskinli idi. Samir öz yataq kisəsini onun üstünə saldı. Dedim “üşüyərsən, o şəhidin üstü açıq qalsa, üşüyüyərəm”-dedi. Belə oğuldu. Yanımda təsbehim, möhürüm vardı. Ona vəsiyyət eləmişdim ki, şəhid olsam bunları Şuşa məscidinə qoyarsan, əvəzimə namaz qılarsan. Amma Şuşa döyüşlərində Samir vuruldu, ona nəsib oldu bu ucalıq, Samirin çox yaxın dostu Yüzbaşıyev İsmayıl da şəhid oldu, mən də yaralandım. Amma yaralı olduğumu hiss etmirdim və Şuşa məscidinə getdim. “Şükr” namazı qıldım. Bütün şəhidlərimiz üçün dualar etdim.
Bir də Samirin tez-tez dediyi “Bir gün doğum günümü Şuşada qeyd edəcəm” sözlərini xatırlayır .
8 noyabrda dünyaya gəlmişdi Samir. Noyabrın 5-də Şuşa uğrunda döyüşlərdə şəhid oldu. Neçə yaralını çiyinlərində təhlükəsiz yerə aparan, onların yaşamasının səbəbkarı olan Samir Şuşaya qələbəyə inamla getdi.
2020-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Kəlbəcərin azad olmasına görə”, “Şuşanın azad olunmasına görə”, 24 .06.2021-ci ildə isə “İgidliyə görə” medalı ilə təltif olunub. Samir həm də 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub. Zirə qəsəbəsindəki ən gözəl küçələrdən biri də Samir Mehdiyev küçəsidir.
Mahirə xanımın səsində bir kövrəklik var: Bilmirəm əvvəldən belə olub, ya savaş başlayandan kövrəlib səsi: Həmişə torpaqlarımızdan, düşmənlərdən danışardı. “Ərazilərimizi azad etməliyik” – sözü bu idi. İllərdi onsuz da şəhidlərimiz olurdu. Ağlayardım belə xəbərlərə, “ağlama” deyərdi. Bir də həmişə deyərdi ki, “şəhid ailələrinə başsağlığı verməzlər, axı bu ölüm deyil, ucalıqdı, əbədiyyətə çatmaqdı. Onlara “gözün aydın” deyərlər”. Sözlərini unutmuram, çalışıram ağlamayım. Oğlum çox şən həyatsevər idi. Onunla həmişə qürur duymuşam, indi də fəxr edirəm ki, oğlum qəhrəman kimi döyüşüb. Qısa ömrü vətənə, xalqa şərəf gətirib.
Dayısı oğlu Valeh Cəfərov : Cənnət əhlinin nişanələri hər adamda olmur. Onda uşaqlıqdan vardı. Seçilirdi. Əvvəl tankçı idi. Sonra imtahan verdi. XTQ – yə keçdi. Samir 052-də, Yaşmada idi. Hər adam ora keçə bilmir. 10-15 nəfərdən biri keçir. Çox cəsur idi. Hərtərəfli hazırlıqlı idi.
Əlbəttə, Samir seçilmişlərdəndi. Onun döyüş yoldaşlarına dediyi son sözlərini xatırladım: “Biz bu torpaqların hamısını azad edəcəyik. Şuşanı da, Xankəndi, Xocalını da. Başqa yolumuz yoxdu. Biz şəhid olarıq, amma məğlub olmarıq. Bir arzum var ki, bizi unutmasınlar”.
Kövrəldim, kədərləndim, qürurlandım. Unuda bilmərik, haqqımız yoxdu. Təkcə Azərbaycan xalqı deyil, Azərbaycan tarixi də unutmayacaq!
Sənin dünyaya gəlişin tək Şuşada deyil, bütün Azərbaycanda qeyd olunacaq.
Sən hər Zəfər günündə yenidən doğulursan! Anan Mahirə xanımın yazdığı kimi
Baş əyir qarşında indi hər bir kəs,
Hamı uca səslə belə söyləyir:
Şəhidlər ölməzdir! Vətən bölünməz!
Kamalə Abiyeva.
Digər Xəbərlər

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Universitetində tanınmış qələm sahibləri ilə görüş - FOTOLAR

Müəllim qəlbində ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsi...

Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO

Zərdab və Həsən bəy Zərdabi haqqında - Adil Misirli yazır

Əlabbasın ‘Köhnə Kişi’ Povestinin Bəzi Linqvistik və Üslub Özəllikləri - Nazim Muradov yazır

ELXAN CALALOĞLUNUN ŞEİRLƏRİ
