Şoloxov, "İnsanın taleyi" və müəllifin kiçik əlavəsi

FİRUZ MUSTAFA
230384 | 2015-06-11 01:53




1975-ci ilin baharı. Keçmiş SSRİ-nin bütün müttəfiq respublikalarında böyük rus sovet yazıçısı, Nobel mükafatı laureatı Mixail Şoloxovun anadan olmasının 70 illik yubileyi təntənə ilə qeyd olunurdu. O vaxt mən indiki Pedaqoji Universitetin sonuncu kursunda oxuyurdum. Yubileylə bağlı tələbə elmi sessiyası keçirilirdi. Həmin toplantıda "Şoloxovun "İnsanın taleyi" povesti" mövzusunda məruzə ilə çıxış etmək mənə həvalə olunmuşdu. Doğrusu, bu əsər barədə çıxış etmək elə də ürəyimcə deyildi. Yox, bununla heç də onu demək istəmirəm ki, Şoloxov yaradıcılığına biganə idim. Əksinə, bu böyük ədib mənim ən çox sevdiyim sənətkarlardan biri idi. Amma mənim Şoloxov yaradıcılığında ən çox sevdiyim əsər "Sakit Don" epopeyası idi.
İndi aradan illər keçəndən sonra deməyi özümə borc bilirəm ki, mən "Sakit Don"u, bu dörd cildlik əsəri hələ orta məktəbdə ikən dəfələrlə oxumuşdum. İnsafanə, Cahanbaxş romanı dilimizə çox yüksək səviyyədə çevirib. Əsərdə, xüsusən, Aksinya ilə Qriqorinin odlu və faciəvi sevgisi mənim gənclik hisslərimi coşdurur, ürəyimdə təlatüm yaradırdı. Yalan olmasın, hətta, romanın bəzi abzaslarını əzbərdən bilirdim. Məhz buna görə də "Sakit Don" haqqında danışmaq, gah qanımı donduran, gah da içimdə fırtına yaradan bu sirli-sehrli romanın "gizli kodlarını" özüm bildiyim kimi açmaq, aramaq istəyirdim. Amma məruzəni mənə həvalə edənlər o vaxtkı ab-havadan, siyasi vəziyyətdən çıxış edərək tutarlı arqumentlər gərirdilər: "Bu il, bu ay (may ayı) təkcə Şoloxovun yox, həm də faşizm üzərində qələbəmizin yubileyidir". Bu, həqiqətən belə idi: sovet adamları həmin günlərdə qələbənin 40 illiyini qeyd edirdilər. Mən naəlac qalıb "İnsanın taleyi" povesti əsasında məruzə edəsi oldum.
Çıxışım mərhum yazıçımız İsmayıl Şıxlının çox xoşuna gəldi. Onun və tənqidçi İsrail Mustafayevin tövsiyəsi ilə məruzənin mətnini o vaxt çox böyük tirajla çıxan "Azərbaycan gəncləri" qəzetinə təqdim etdim. Qəzetin may nömrələrindən birində mənim imzamla ik-üç abzaslıq kiçik bir yazı, daha doğrusu, informasiya getdi: məqaləni, daha doğrusu məruzəni, kəsib-doğramışdılar. Bunun səbəbini soruşanda qəzetin redaktoru mərhum jurnalist Şamil Fərzəliyev mənə belə dedi: "Sənin yazından belə çıxır ki, həm Şoloxov, həm də onun qəhrəmanı Sokolov antisovetçikdir. Yazını bu cür çap etmək olmaz". Mən bu kəskin ittihamdan sonra redaktora nəyisə izah etməyə çalışdım, amma artıq bunun bir mənası yoxdu. Onsuz da o məqalə həmin qəzetdə bir daha çap olunmayacaqdı ki... Redaktor mülayim xasiyyətli, həlim, zarafatcıl adam imiş. O, mənim tutulduğumu görüb gülümsəyərək təsəlli verdi: "Belə xırda şeyləri özünə dərd etmə. Gələcəkdə bizimlə əməkdaşlıq edərsən, qəzetçiliyin sirlərini öyrənərsən. Onda özün görərsən ki, hər şeyi olduğu kimi çap etmək mümkün deyil". Mən sonralar bir müddət həmin qəzetdə çalışdım. Amma bu, artıq başqa redaktorun vaxtında baş verdi.
Bu gün, aradan 40 il vaxt keçəndən sonpa yenə bütün dünyanın ədəbiyyat adamları, necə deyərlər, "tərəqqipərvər bəşəriyyət" Şoloxovun 110 illiyini təntənə ilə qeyd edir. Bu gün rus mətbuatında "Sakit Don", "Oyanmış torpaq", "Onlar Vətən uğruna vuruşurdular" kimi ölməz epopeya və romanların müəllifi haqqında bir-birindən maraqlı yazılar çap olunur. Və həmin yazıların əksəriyyətində belə bir fikir vurğulanır ki, Şoloxov heç də sosialist inqilabının qələbəsini təqdir etmirmiş, başqa sözlə o, "antisovetçik" olubmuş. Deyəsən, mərhum redaktor haqlı imiş... Daha doğrusu, Şamil müəllim yazının məntiqindən düzgün, obyektiv nəticə çıxarıbmış.
Yeri gəlmişkən, onu da deyim ki, həmin məqalə o vaxt tələbə elmi cəmiyyətinin dəvətnaməsi ilə birgə Şoloxovun ünvanına-Rostov vilayətindəki Veşenskaya stanitsasına göndərilmişdi.
P.S. Mən XX əsrin böyük yazıçısı M.Şoloxovun "İnsanın taleyi" povesti ilə bağlı 40 il əvvəl yazdığım esseni hörmətli oxuculara təqdim edirəm.
Böyük rus yazıçısı, Nobel mükafatı laureatı M.A.Şoloxovun 70 illiyi münasibəti ilə qələmə alınan yazı sənətkarın 110 illiyində çap olunur.

May 2015


"İNSANIN TALEYİ"

Yazıçı ölməz qəhrəmanların, nəhəng adamların həyatını qələmə alar, ancaq orta səviyyədən, adilik ölçüsündən yuxarı qalxa bilməz, oxucu yanğısına su çiləyə bilməz, sısqa "qəhrəmanlar" yaradar.
Sənətkar "adi" adamların həyatından əsər yazar, lakin "adilik" məziyyəti çərçivəsini sındırar, özü də, yaratdığı obraz da oxucu gözündə böyüyər, azmanlaşar.
Sokolov adi bir adamdır. Onun sənəti də, peşəsi də özü kimi sadədir. O dülgərdir, şoferdir - ən başlıcası, İnsandır!
Sokolov qəhrəmandır. Ancaq o özünü "qəhrəman" hesab etmir. Bu "adi", "sıravi" adam məhz Şoloxov qələminin qüdrəti sayəsində bizə nəhəng bir obraz, yenilməz bir qəhrəman kimi təqdim edilir. Yazıçı çox maraqlı bir ədəbi priyomdan istifadə edərək qəhrəmanı ilə cəmi iki saatlıq "söhbətə girişib" oxucuya kamil, bitkin bir xarakter təqdim edir.
Əgər biz, "Sokolovla söhbət", "Sokolovla müsahibə" desəydik, yəqin ki, bu çox soyuq, bəsit səslənərdi. Çünki bu, adicə söhbət deyil. Bu bir ürək yanğısıdır. Bu söhbət kiminçünsə alqış, kiminçünsə nifrətdir!
Bəli, Sokolovla olan bu "müsahibənin" diqqət mərkəzində - insan durur; bir də ki, insanın taleyi!
Söhbət tək bir insanın taleyindən yox, ümumiyyətlə, insanların, insanlığın, yəni bütövlükdə bəşəriyyətin taleyindən gedir. Mixail Şoloxovun digər bir əsəri, yəni məşhur "Sakit Don" haqda yazan tənqidçilər adətən Qriqori Melexovun şəxsi taleyini xalq taleyinin ekvivalenti hesab edirlər. Melexovun səhvləri də, qələbələri də xalqın səhvi, xalqın aldanışı, xalqın qələbəsi, xalqın inamı hesab edilir.
"Sakit Don"un qəhrəmanı haqqında deyilən həmin sözləri, elə olduğu kimi "İnsanın taleyi"nin qəhrəmanına da aid etmək olar.
Sokolovun xarakteri - məğrur, əyilməz bir adamın xarakteridir. Bizə elə gəlir ki, povesti müharibə haqqında yazılmış gözəl, həm də olduqca kədərli bir rekviyem hesab etmək olar. Sokolovun ilk baxışda sakit, bir qədər də kobud danışığının, söhbətinin arxasında bir zərif kövrəklik, həzin bir qüssə sezilir. Hadisələrin birinci şəxsin dili ilə təhkiyə olunması, bəlkə bir tərəfdən yazıçının imkanlarını müəyyən qədər daraltmışdır; lakin digər tərəfdən bu, ədəbi manevr kimi əlverişli olmuşdur. Belə ki, qəhrəmanın öz söhbəti ilə onun qəlbinə nüfuz etmək, psixoloji düyünləri açmaq imkanı əldə edilmişdir.
Sokolovun hər kəlməsinə, hər cümləsinə böyük bir yanğı hakimdir. Biz povestin ilk sətirlərində, ilk səhifələrində qəhrəmanın hələ öz dünyası ilə, əgər belə demək mümkünsə, öz mikromühiti ilə tanış oluruq. Sokolovun söhbətinin əvvəlində belə məlum olur ki, qəhrəman müharibədən əvvəliki dinc dövrdə yalnız özünü, öz ailəsini, öz arvad-uşağını düşünürdü. O, etiraf edir ki, hətta, həmin vaxtlar hərdən evə sərxoş gəlir (maaşını alanda), bir az da qalmaqal salır, arvadını belə incidirmiş.
Amma müharibənin başlaması Sokolovun həyat və düşüncə tərzini büsbütün dəyişir, qəhrəman dünyaya başqa bir gözlə baxmağa başlayır.
Şoloxovun qüdrətli qələmi, öz qəhrəmanın ən adi hərəkətini belə mənalandırır. Yazıçı Sokolovun obrazını yaratmaqla, oxucuya canlı insan təqdim edir. Sənətkarın sadə üslubu şarjçılıqdan, şüarçılıqdan, plakatçılıqdan çox-çox uzaqdır. Hətta, biz, hərdən obrazın bəzi hərəkəti ilə razılaşmırıq, səsimizi qaldırıb haray çəkmək, "elə yox, belə olmalıdır" - demək istəyirik. Ancaq nə etməli? Bu, həyatdır! Bu İnsandır - həm də canlı, yaşarı bir insan. Sənətkarın qələmi dərinliklərə baş vurduqca onun realizmini, sənətkarlığını şərtləndirən əsas amillər get-gedə zühur olur, get-gedə Sokolovun sokolovluğu üzə çıxır.
Müharibənin başlanması ilə hər şeyin sanki bir anda dəyişməsini Şoloxov dəqiqliklə göstərir və əsaslandırır. Hərbin zəhərli qoxusu Sokolovun da həyatına, kiçik dünyasına təsirsiz qalmır. Bayaqdan yalnız öz evinin, ailəsinin-qızının və oğlunun, eləcə də keçisinin taleyini düşünən şəxs, indi dünyanın taleyini düşünür. Həinki düşünür, hətta bəşəriyyət qarşısında özünü cavabdeh hesab edir. Beləliklə, necə deyərlər, "tələbat özünə orqan düzəldir" (Engels).
Artıq, "mən-özümünəm, mən-ailəmiməm" fikri, "mən-dünyanınam, insanlığınam" konsepsiyası ilə əvəz olunur.
Dediyimiz kimi, Şoloxov oxucuya quru, hissiz, duyğusuz personaj "sırımır". Onun təqdim etdiyi obraz-insanın özü yaratdığı həyat və həm də məhz həyatın özüdür. Bu fikri ona görə ikinci dəfə xatırlatmalı oluruq ki, povestdə bütün hadisələr dinamak inkişafdadır.
Sokolov əsir düşür, ölümlə pəncələşir. Sokolovun öldürdüyü ilk adam da düşməndən yox, "özümüzünkülərdəndir". Bildiyimiz kimi, əsirlikdə Kpıjnyov familyalı "bir əclaf" öz komandirini satmaq istəyir. Sokolov satqını boğub öldürür.
Yazıçı Sokolovun öldürdüyü satqın Kpıjnyovun meytini uzun-uzadı təsvirlə yox, cəmi bir-iki cümlə ilə belə təqdim edir: "Xain murdar olmuşdu, dili də bir parça bayıpa çıxmışdı". Bu cümlədən hər şey məlum olur. Təkcə "murdar olmuşdu" ifadəsi Sokolovun və Şoloxovun ölən adama münasibətini çox dəqiq ifadə edir.
Sokolovun potensial iradəsi və səbatı əsirlikdə daha qabarıq şəkildə üzə çıxır. O, öz kişiliyi və mərdanəliyi ilə gözlərimiz qarşısında nəhəng, əyilməz, yenilməz bir xarakter kimi canlanır. Müharibə adlı dəyirmanın qara daşları insanları un kimi üyütsə də, əsl insanlar yenə də öz bəşəri hisslərini qoruyub, mühafizə edə bilirlər. Sokolov nə qədər dəyişsə də, nə qədər kobudlaşsa da hələ insan olaraq qalmaqdadır. Biz onun əsirlikdəki həyatı ilə bağlı bir epizodu xatırlamağı vacib bilirik. Oxuyuruq: "Düşərgə komendantı Müller hər gün özünü acıqlandırmaq üçün on dəqiqə sıranın qabağında durub bizi söyərdi. Ana söyüşlərini bizim üstümüzə yağdırardı. Ancaq biz bundan bir yüngüllük duyardıq, axı, bu sözlər bizim sözlərdi, bu sözləri eşidəndə elə bil ki, ana yurddan bir balaca meh əsirdi. O Müller deyilən bilsəydi ki, onun söyüşü bizə ancaq ləzzət verir, bizi rusca yox, öz dilində söyərdi".
Yazıçı, göründüyü kimi, Vətəni üçün burnunun ucu göynəyən adamların hisslərini olduqca təbii və maraqlı bir şəkildə təqdim etmişdir.
"İnsanın taleyi" - təkcə kor tale haqqında yox, ilk növbədə insanın özü haqqında əzəmətli bir abidədir. İnsan burada özünü taleyin axarına təslim etmir. Əksinə, öz taleyini özü həll edir, öz taleyinə özü hakim kəsilir. Demək, söhbət təkcə Sokolovun yox, ümumən, Sokolovların tale gərdişinə qarşı mübarizəsindən gedir. Demək, Sokolovları məhv etmək olmaz. Dünya, onları vacib olduğu üçün, lazımlı olduğuna görə dünyaya gətirmişdir. Sokolovlar dünyanı dağıtmaq, xarabaya çevirmək üçün yox, dünyanı tikmək, dünyanı qurmaq üçün doğulmuşlar.
Maşındı gəzdirdiyi faşistin - yol mühəndisinin başını əzərkən hiddətlənən Sokolov nə qədər qəddardırsa doğma torpağı qucaqlayıb öpən Sokolov bir o qədər kövrək və səmimidir! "Dava" haqqında düşünəndə qəzəbindən aşıb-başan Sokolov, "dava qurtarandan sonra oğlumu evləndirib özüm də onların yanında qalacağam, həm dülgərlik eləyəcəyəm, həm də nəvələrimə baxajağam" - deyə şirin düşüncələrə dalarkən nə qədər kövrəlir, saf uşaq xülyasına qapılır.
"İnsanın taleyi"... Bəlkə dövrün, zamanın taleyi?
İndi taleləri bir-birinə yağı kəsilən insanlar həll edir.
İndi talelər zamanın hökmündən aslıdır. Tale yalnız sənin özünü əzməklə, taptalamaqla kifayətlənmir. Tale - qorxunc əllərlə sənin evini bombalayır, ailəni həşərat kimi bircə anda məhv edir. Tale sənin oğlunu od-alov yanğının üstündən ötürüb qələbə günü torpağa gömürür. Tale sənin elə hisslərini, elə arzularını külə döndərir ki...
Bəli, qüdrətli əsərdə insanın taleyi-dünyanın taleyinə çevrilə bilər.
Talenin sərt qanunlarına qarşı sinə gərmək üçün Sokolovların olması bir tələbat, bir zərurət kimi meydana çıxır.
"İnsanın taleyi" müharibəyə və müharibə qızışdırıcılarına qarşı yazılmış odlu bir pamfletdir. Düzdür, əsər əsasən müharibəyə, müharibənin törətdiyi fəlakətlərə, hərbin gətirdiyi qırğınlara həsr olunub. Fəqət söhbət təkcə bununla bitmir. Yazıçı göstərir ki, indi müharibə qurtarıb. Dünyada əmin-amanlıqdır. Şoloxov öz qələmini qələbə fişənglərinin atıldığı bir süni səhnəni verib yerə qoysaydı, bizcə çox mətləbləri yarımçıq buraxmış olardı. Yəni o, milyonların sevdiyi Şoloxov olmazdı.
Sokolov müharibədə insan uğrunda, insan hüququ, insan taleyi uğrunda vuruşurdu. Demək, o, müharibədən sonra da insanlardan ayrı yaşaya bilməz. O, yenə kiməsə, nəyəsə gərək olmalıdır. Sokolovun Vanya adlı uşağı himayəyə götürməsi, bax həmin həyati məntiqdən doğur. Ancaq məsələ bununla da bitmir. Qarşıda insanı həyatın sərt üzü, sərt qanunları gözləyirmiş! Bir dəfə döngədən çıxan bir inək özünü Sokolovun idarə etdiyi maşına çırpır. Avtomobil müfəttişi, bütün xoşbəxtliyini, ailəsini, bəlkə də bütün həyatını cəbhədə qoyan, bir qəhrəmanın, yəni Sokolovun sürücülük vəsiqəsini əlindən alır. Müfəttiş gedəndən sonra inək qalxıb yoluna rəvan olur. Müfəttişin aldığı vəsiqə Sokolovun çörək ağacıdır. İndi o, maşını-vəsiqəsi əlindən çıxan Sokolov, iş axtarmaq üçün başqa bir vilayətə gedir.
Görün yazıçı qəhrəmanın xarici əlamələrini necə təsvir edir: "Bir neçə yerdən yanmış sırıqlı başdansovdu və kobud bir halda gözələnmiş, köhnə, xaki şalvarının yırtığı yaxşı yamanmamışdı, qalın yun corabını güvə dağıtmışdı".
Şoloxovun qəhrəmanının faciəvi taleyi göstərir ki, müharibə qələbə ilə başa çatsa da, cəmiyyətdə problemlər hələ qalmaqdadır. Sanki müharibədən qələbə ilə qayıdan Sokolov "dinc" həyatda məğlub olur. Demək, hələ də yerlərin, vəzifələrin bölüşdürülməsində tərsmütənasiblik var. Demək, cəmiyyətdə hələ də çatışmazlıqlarımız var, əyər-əskiyimiz var.
Şoloxov böyük bir realist kimi sosial həyatda olan əyintiləri, çatışmazlıqları özünəməxsus bir cəsarətlə təsvir edir. İnsanların taleyi uğrunda öz həyatından-öz taleyindən keçən mübariz bir əsgər haqqında, kim bilir müharibə zamanı nə işlə məşğul olan (bəlkə də müharibəyə getməyən), bir avtomobil müfəttişi də yalnış qərar çıxara bilərmiş!
Povestin son sətirlərindən bildiyimiz kimi, başına gələn hadisələri danışan Sokolov kövrəlir. Ancaq o, göz yaşlarını hamiliyə, qəyyumluğa götürdüyü uşaqdan gizlədir; axı gərək uşaq göz yaşını görməsin, qəhrəmanın özünün dediyi kimi, "kişilərin axıtdığı göz yaşını".
"İnsanın taleyi"... İnsan...
İnsan bəzən alqış, mükafat əvəzinə, cəza da ala bilər. Lakin bu, hələ talenin başlı-başına buraxılması demək deyil. Səni yenə də talelər düşündürməli, narahat etməlidir - bəşəriyyətin taleyi, insanın taleyi. Şoloxovun əsərindən meydana çıxan fikrin nüvəsi, mahiyyəti də məhz budur.
Şoloxovun qəhrəmanı keçmiş döyüşçü Sokolov məğlubiyyətlə heç cür barışa bilmir. Axı o, əsl İnsan kimi yalnız qələbələr üçün doğulub.

may-1975

TƏQVİM / ARXİV