20 Oktyabr 2024 12:30
135
SİYASƏT

“Zəngilanda yeni inkişaf dövrü başlayıb”

Dörd il əvvəl, 2020-ci il oktyabrın 20-də Zəngilan erməni işğalından azad edildi. Prezident İham Əliyev xalqa müraciətində bu müjdəni bəyan etdi. Vətən müharibəsinin ilk günlərində Zəngilandan şərqdə yerləşən Cəbrayılda düşmən qüvvələrinə sarsıdıcı zərbələr vurulması, 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, ordumuzun Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı.

Beləliklə, döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilan azad olunandan sonra artıq yolumuz Qubadlıya açıldı və beş gün sonra Qubadlı azad olundu, sonra isə Laçına çıxmaq mamkan oldu. Prezident İlham Əliyev 2 ay sonra – 2020-ci il dekabrın 23-də Zəngilanın mərkəzində Azərbaycan bayrağını ucaltdı. Beləliklə, Zəngilanda yeni inkişaf mərhələsi başladı. “Böyük qayıdış” proqramının ilk pilot layihəsi Zəngilanın Ağalı kəndində icra edildi. Dünyanın diqqəti Azərbaycanın Zəngilanda reallaşdırdığı ağıllı kənd, ağıllı şəhər təcrübəsinə yönəldi. Qısa vaxtda Ağalı beynəlxalq standartlara cavab verən müasir yaşayış məskəninə çevrildi. Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. Bu layihələr yerli əhalinin məşğulluğunu və rifahını təmin edir.

Zəngilanda eyni zamanda Beynəlxalq Hava Limanı da inşa olunub. Füzulidən sonra ikinci hava limanının Zəngilanda inşa olunması təsadüfi deyildi. Şərqi Zəngəzurun əsas qapısı olan Zəngilanın təbii coğrafi mövqeyi onun beynəlxalq nəqliyyat logistika mərkəzinə çevrilməsinə imkan verir. Məlumdur ki, sovetlər dövründə Zəngilanda hava limanı olmayıb.  Amma işğladan azad olunduqdan sonra burada nəinki hava limanı, beynəlxalq hava limanı inşa olundu. İstər hava limanı, istərsə də dəmir yolu, Horadiz-Ağbənd avtomonil yolu Zəngilanın ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevrilməsinə zəmin yaradıb.

Ermənistanın 30 il ərzində həyata keçirdiyi ekoloji terror Zəngilandan da yan keçməyib.  İşğal dövründə Araz çayını ən çox çirkləndirən çaylardan biri Zəngilan rayonu ərazisindən axan Oxçuçay olub. Oxçuçay faktiki təbii fəlakət zonası idi. Oradan götürülən analizlərdən aydın olmuşdu ki, zəhərli maddələrin həcmi normadan 20 dəfə artıqdır.

Eyni zamanda Zəngilandakı Vejnəli qızıl yatağı da xarici şirkətlərlə birlikdə qanunsuz şəkildə istismar edilib. Hazırda bu məsələlərlə bağlı beynəlxalq hüquq normaları çərçivəsində Ermənistanın cəzalandırılması istiqamətində addımlar atılmaqdadır.

İşğal dövründə xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstərilib, eyni zamanda onlar dağıdılıb və ya təhqir edilib. Son 4 ildə Zəngilanda mədəni-tarixi-dini abidələrin bərpası da davam edir. Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Zəngilan həmçinin beynəlxalq və yerli konfranslara, forumlara ev sahibliyi edir. Bu tədbirlər çərçivəsində şəhərə çoxlu sayda nümayəndə səfər edir, regionun inkişafının əyani şəkildə şahidi olur.

Bir sözlə, son 4 ildə Zəngilanda kompleks bərpa-quruculuq işləri aparılır. “Böyük qayıdış” proqramına uyğun olaraq keçmiş məcburi köçkün soydaşlarımızın Zəngilana qayıdışı təmin olunub və proses plan üzrə davam edir.  Bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabət qabiliyyətli turizm məkanına çevrilməsi üçün geniş tədbirlər həyata keçirilir. Bu baxımdan Zəngilanda qurulan infrastruktur turizm potensialının reallaşmasında, turistlərin cəlb olunmasında mühüm rol oynayır.

Könül Nurullayeva,

Milli Məclisin deputatı