Bəzən bir insanı tanımırsan, amma tanıyandan sonra elə bilirsən ki, sənin doğmandır, əzizindir.Və isti münasibətdən, söhbətinin şırinliyindən hiss edirsən ki, səni dinləyir, anlayır.
Dünyada anlamaqdan gözəl heç nə ola bilməz. Əgər bir adam sona qədər də səni dinləyib , anlayırsa, deməli, o insan ruhuna , qəlbinə çox yaxındı. Bax terapevt- kardioloq, ziyalı , şair, bəstəkar Nəsibə xanım Kəngərli də belə bir insandır. Həkim var ki, bir şirin sözü, insanlıq münasibət yüz dava- dərmandan daha şəfalıdı. Onunla hər pasiyent bir dəfə ünsiyyətdə olursa, bu gözəl insanı heç vaxt yaddan çıxarmır...
Elə mənim də yadımda bax beləcə qaldı; səmimi, istedadlı və vətənpərvər insan kimi.Və sonradan bildim ki, şair- bəstəkardır. Bir neçə şerlər kitabının müəllifidir. Onu mənimlə jurnalist dostumuz, son dərəcə zəhmətkeş olan Afet xanım tanış edib.Nəsibə xanım Qarabağın gözəl guşələrindən biri olan Tərtərin Kəngərli kəndində anadan olub və orada boya- başa çatıb.
Orta məktəbi qızıl medalla bitirib və Tibb İnstitutuna ( Universitetinə) qəbul olub . Həmin ali təhsil ocağını da fərqlənmə diplomu ilə qurtarıb. Ziyalı ailəsindən olan bu xanım Respublika Klinik Xəstəxanasında həkim işləyib və bu gün də həkim- terapevt kimi böyük hörmət qazanıb.O, mənə yeni çapdan çıxmış bir kitabını:" Mənim könül nəğmələrim..." kitabını hədiyyə etdi. Və elə bir günün içində o kitabı oxuyub sona çatdırdım. Bir daha anladım ki, yaxşı şeiri, adam oxuyanda yaz havası hiss edir və yaz yağışının altında ruhu, qəlbi təmizlənir.
Adamın iç dünyası işıqla , nurla dolur.Kitaba ön sözü tanınmış şair, filologiya elmləri doktoru, professor Vüqar Əhməd yazıb. Kitabda bir- birindən gözəl şerlər oxucunun ruhuna sığal çəkir və ona yeni bir ruh, yeni bir nəfəs verir.Çünki Nəsibə Kəngərli dünyanı sevir və gözəl dünyanı insanlara da sevdirməyi bacarır. Şeirlərə elə bil ki, adamla danışır, söhbət edir. Və şeirlərin arasında Vətən, Xalq, Millət , Şəhid , Dövlət sevgisi daha obrazlı, daha möhtəşəm vəsf edilib.Özü də xanım şairə bu gözəl şeirləri ayrı - ayrı bölmələrdə yerləşdirib ! Bir diqqət yetirin:" Öz dünyam mənim", " Doğma yurdum", " Ömür ötüb keçdi bizdən xəbərsiz ", " Vətən bölünməz ", " Ey fani dünya ", " Əgər sən məni bir duya bilsən", " Adlı, odlu sətirlər", " Toy olsun , bayram olsun", " Necə də yaraşır insana gülmək"' , "Bayatılar, laylalar"' , " Seçmələr"... Onun hansı şeirini, hansı misrasını oxusan oradan gözəllik, insanlıq və Allah sevgisi hiss edərsən. Nəsibə xanımın bir bayatısına diqqət yetirək:
Mən aşıq gül qoxulu,
Ətirli gül qoxulu,
Mənə axşam mehmandı,
Sevgilim gül qoxulu.
Bax , bu, əsl poeziyadı, gözəl şeirdi və şeirdən yaz ətri, gül qoxusu gəlir.Onun " Dəmir yumruq" poeması və Şəhidlərlə və qəhrəmanlarımızla bağlı şeirlər çox unikaldır. Və insanları vətənpərvərlik ruhunda tərbiyə edir.
" Bayrağım", " Azərbaycan" , " Ey Vətən " , " Mən Azərbaycanın bir övladıyam" şeirləri də hər bir azərbaycanlının ürəyində Vətənə , şəhidlərə və xalqa əbədi bir sevgi aşılayır. Bir sözlə, Nəsibə Kəngərli həmişə öz xalqını xoşbəxt və firavan görmək istəyir.Bayrağımıza müqəddəs varlıq kimi ,Vətən kimi baxır və hamını onun yolunda hər cür əzab-əziyyət hazır olmağa səsləyir. Elə yazımızı da Nəsibə Kəngərlinin " Bayrağım " şeiri ilə tamamlayırıq:
Azərbaycan, mənə əzizdir adın,
Əzizdir, qalxan üc rəngli bayrağın.
Qəlbimdə eşqinin alovu sönməz,
" Yüksələn bayrağın bir daha enməz."
Bayraq qürurumdur , bayraq kimliyim,
Azad torpağımda öz dilim, dinim.
Bayraq vətənimə öz hakimliyim ,
Bayraqdır savaşda zəfərim mənim.
Torpaqda əcdadım izlər salıbdır,
Şəhidlər qanı ilə zəfər yazıbdır.
Qoy, ulu elimə ədalət gəlsin ,
Qarabağda öz bayrağın yüksəlsin.
Göylər mavi rəngli tül ipək geysin,
Dünya al geyinsin , dünya sevinsin .
Ömrə yaşıl donlu gələcək gəlsin,
Ucadan ucaya qalxsın bayrağım!