adalet.az header logo
  • Bakı -°C

TƏƏSSÜF, BÖYÜYÜB ERMƏNİ OLACAQ - Aqil ABBAS yazır

AQİL ABBAS
271 | 2026-02-23 13:54
A- A+

Youtubedə təsadüfən  qarşıma bir video çıxdı. Təxminən  3 yaşlı bir uşaq musiqinin ritmini tutaraq elə gözəl rəqs edirdi ki, çox xoşuma gəldi. Uşaq da çox yaraşıqlı idi.  Amma sonra  gördüm ki, videonu paylaşan ermənidi. Hərçənd ki musiqi həmişəki kimi bizimkiydi. Və çox təəssüf etdim. Niyə təəssüf etdim? 

Yadıma Doğan Avçıoğlunun «Milli kurtuluş tariximiz» 21 cildlik kitabının  3-cü, ya 4-cü cildində, cild belə adlanırdı «Dünya savaşıımız acısında  erməni və rum sorumu»nda bir məhkəmə  stenoqramı düşdü. 1923-25-ci illərdə Türkiyədə ermənilərə qarşı  törətdiyi cinayətlərə görə adamları həbs edirdilər, hətta güllələnmə də verirdilər. 

Belə şəxslərdən biri də Diyarbəkir valisi Rəşid Paşa olmuşdu. Hakim sual verir:

- Sən doktorsan, öz cibinin parasına şəfaxanalar tikdirmisən, minlərlə insanı müalicə etdirmisən. Necə oldu ki, sürü-sürü erməninin kırımına yol verdin? 

Rəşid Paşa:

- Siz bilirmisiniz ki, Şuşada ermənilər bizim analarımızın, bacılarımızın kürəyində samovar qaynadıblar?!

Hakim:

- Siz əvvəl əmr eləmisiniz ki, cocuqlara və ixtiyarlara  toxunmayın. Sonra bir gün bu əmri də dəyşmisiniz ki, onları da kırın. Niyə?

Rəşid Paşa:

- Bir gecə yuxudan hövlnak qalxdım, fikirləşdim ki, bu cocuqlar da böyüyüb ataları kimi erməni olacaqlar. 

Qısası, Rəşid Paşaya güllələnmə hökmü çıxarırlar.  Həmin gecə Rəşid  Paşa həbsxanadan qaçır. Gedir evinə, bir balaca məktub yazır, sonra da başına bir güllə vuraraq özünü öldürür.  

Məktubda belə yazmışdı: «Mənim ölümüm Türkiyə dövləti üçün lazımdırsa, mən özümü öldürdüm. İstəmədim məni siz güllələyəsiniz. Ona görə ki, sizin gələcək nəsilləri  töhmətdən qurtarım. Onları sokakda görənlər üzlərinə tüpürməsinlər ki, bunların ataları Rəşid Paşanı güllələyiblər».

Bu mövzunu torpaqlarımız işğal altında olanda cocuqlarımız, ana-bacılarımız ermənilər tərəfindən  vəhşicəsinə qətlə yetiriləndə dəfələrlə yazmışam. 

İndi torpaqlarımız azad olunandan altı il sonra yenidən bu mövzunu yada salmaq istəməzdim, amma məndən asılı olmadı. 
Çox gözəl rəqs edən o yaraşıqlı cocuq nədənsə bunu mənim yadıma saldı. Və fikirləşdim ki, belə gözəl rəqsi ilə ürəyimi oxşayan bu cocuq böyüyüb atası kimi erməni olacaq. İstər-istəməz arzuladım ki, Zori Balayan olmasın, Vardanyan olmasın, Araik Aratunyan olmasın, Köçəryan olmasın, heç olmazsa, yazıçı Qrant Matevosyan olsun. O Qrant ki hadisələr başlayanda

Ermənistanın tərəfini  tutmamışdı və Qarabağ məsələsinə qarışmadığı üçün bütün Ermənistan ona söyürdü. 

P.S. Hadisələrin şıdırığı vaxtı qatarla Ağdama gedirdim. Yevlaxı keçəndən sonra gördüm qonşu kupedə bir ağlaşma səsi gəlir. İstər-istəməz maraqlandım. Keçdim həmin kupeyə, gördüm səkkiz-doqquz   nəfər bir kupeyə yığışıb - qadınlardı, qocalardı, bir də uşaqlar. Məlum oldu ki, Bakıdan Xankəndinə gedirlər. Öyrəndim ki, qatar Yevlaxdan keçəndən sonra bir qrup gənc vaqonları gəzib erməni axtarırlar və tapdıqlarını da möhkəm döyürlər, ermənilər də ona görə ağlayır. Oturdum  bunların yanında, uşağın birinin də başını sığalladım. Ermənilərə nifrət eləsəm də içimdəki yazıçı ürəyi buna dözmədi. Dedim ki, narahat olmayın, mən bu vaqondayam, sizə heç kim heç nə deyə bilməz, rahat olun. 

Sonra kupedən çıxıb bələdçi vasitəsilə qatarın sahə müvəkkilini tapdırtdım. Dedim ki, sən nədən ötərisən, niyə qoyursan belə hərəkətlər olur? Dedi ki, mən bir nəfərəm, onlar altı-yeddi nəfər, neyləyim? 

Həqiqətən bir azdan altı-yeddi gənc bağıra-bağıra bizim vaqona girdilər. Qarşılarını kəsdim, müharibə dövrü tez-tez cəbhə xəttində olduğuma görə mən də silahla gəzirdim. Üzümü bu gələn oğlanlara tutub dedim:

- Qatarda əlsiz-ayaqsız ermənini döymək kişilik deyil. Erməniylə döyüşmək və ya vuruşmaq istəyirsinizsə Ağdamda düşərsiz, sizi apararam Fred Asifin hərbi hissəsinə, silah götürüb girərsiz səngərə, nə qədər istəsəniz  ermənilərlə vuruşarsız. 
Əlimi cibimə elə saldım ki, silah da görünsün. Nə isə, məndən ağılları bir şey kəsmədi, qayıdıb getdilər. 

Qatar Ağdama çatanda erməni qadınlar məni qucaqlamaq istədilər və qarabağlılar kimi dua elədilər:

- Ay bala, Həzrət Abbas köməyin olsun. 

Mən də qayıtdım:

- Məni yandıran bilirsiniz nədi? Siz Xankəndində deməyəcəksiniz ki, bir cavan oğlan çıxdı qoymadı ki, kimlərsə bizi döysün.

Deyəcəksiniz ki, qatarda bizi döydülər. Siz belə bir murdar millətsiniz. 

  • Yanvar:
  • 30

TƏQVİM / ARXİV