Tütün- aludəçilik yaradan ən qorxunc düşmən - Zakir Bayramlı yazır
Tütün məmulatı dedikdə tütünün yarpaqlarından və onun komponentlərindən hazırlanan hazır məhsul başa düşülür. Həmin məhsulun tərkibini nikotin, aktiv alkoloid, həmçinin kanserogen maddələr sayılan və nikotinə aludəçilik yaratmaqda rolu olan məhsullar təşkil edir. Bura siqaret, papiros, siqar, siqarilla, çubuq tütünü və b. aid edilir.
Tütünün 40-a yaxın növü məlumdur. Bu bitkinin vətəni XVI əsrə qədər Simali və Cənubi Amerika olub. Tütünün 1492-ci ildə X.Kolumbun ekspediyasının üzvü Roman Pane tərəfindən Avropaya gətirildiyi bildirilir. Avropada əvvəlcə o dekorativ bitki kimi becərilib. Sonralar isə bütün Avropaya yayılıb. Dünyada tütündən istifadə ilk öncə böyük təzyiqlə üzləşib. Məsələn, 1632-ci ildə Osmanlı sultanı papiros çəkənlərin boynunun vurulması barədə əmr vermişdi. Tütün çəkilməsinə qarşı 1683-cü ildə Rusiyada da çar tərəfindən qabaqlayıcı tədbirlər görülməyə başlamışdı. Tütün satanları burnunun kəsilməsi, çəkənləri isə 60 çubuq vurulması cəzası gözləyirdi.
Rusiyada I Pyotrun hakimiyyəti başa çatdıqdan sonra papirosun çəkilməsinə qoyulan qadağa ləğv olundu. Və tütündən istifadə olunması Rusiyanın digər ərazilərinə də yayıldı. Sonralar tütün Rusiyadan Azərbaycana gətirildi. Respublikamızda tütündən istifadə əsasən II Dünya müharibəsindən sonra daha da genişləndi.
Ümumdünya Səhiyyə Təşkilatının 2017-ci ildə açıqladığı dəhşətli statistikaya əsasən siqaretdən hər il passiv siqaretçəkənlər də daxil olmaqla 8 milyondan çox insan ölür. Acınacaqlı hal ondadır ki, uşaqlar, yeniyetmələr və gənclər arasında tütündən istifadə ildən-ilə artır. Ən zərərli vərdiş sayılan tütün dünyada əhalinin ölüm səbəbinə görə ikinci yerdədir. Siqaretçəkənlərin hər on nəfərindən biri vaxtsız ölüm hadisəsilə üzləşir. Siqaretdən ən çox istifadə edənlər Cənub-Şərqi Asiyada və Avropanın Balkan yarımadasındakı bölgələrdə yaşayanlardır. Danimarka dünyanın qadınların kişilərə nisbətən ən çox siqaret çəkən ölkəsidir. Digər Avropa ölkələrində siqaretdən istifadə edən kişilərlə qadınların sayı arasında da fərq çox azdır. Dünyada olan 1 milyard 100 milyon siqaret istifadəçisinin 80 faizi orta və aşağı gəliri olan ölkələrin vətəndaşlarıdır.
Tüstünün insan orqanizminə mənfi təsiri barədə uzun illər təblğat-təşviqat işlərinin aparılmasına baxmayaraq dünyada siqaretçəkənlərin sayı ildən-ilə artır. Ən dəhşətlisi isə bu bəlanın uşaqlar, yeniyetmə-gənclər, xüsusilə qızlar arasında geniş yayılmasıdır. Ümumdünya Səhiyyə Assambleyası təxminən 50 il bundan əvvəl, yəni 1970-ci ildə siqaretçəkmənin zərəri, onun bir çox xəstəliklərin, xüsusilə ağciyər və ürək-damar xəstəliklərinin daha da inkişaf etməsinin, xroniki bronxit, xərçəng və s. xəstəliklərin yaranmasına səbəbkarı olduğu barədə dünyanın bütün səhiyyə orqanlarına müraciət etmişdir. Həmin müraciətdə dünyada ən qurxunc bəlalardan biri siqaretçəkməyə qarşı ciddi tədbirlər görülməsi və əhali arasında kütləvi maariflənmə işlərinin aparılmasının vacibliyi qeyd edilmişdir. Acınacaqlı vəziyyət ondadır ki, dünyada siqaretçəkən qadınların sayı da ildən-ilə çoxalır.
2019-cu ilin statistik rəqəmlərinə əsasən Azərbaycanda siqaretçəkən kişilərin sayı siqaretçəkən qadınların sayından 100 dəfə çoxdur. 2023-cü ilin 27 sentyabrında Azərbaycan Dövlət İnformasiya Agentliyi AZƏRTAC tərəfindən verilən xəbərə görə Ümumdünya Səhiyyə Təşkilatı dərslərdə, küçədə, oyun vaxtı, məktəb avtobusunu gözləyərkən və b. adi və elektron siqaret çəkməyi qadağan etməyi çağırış edib. Bildirilib ki, gənclər bu gün də tütün və nikotin məmulatlarına aid olan marketinq auditoriyasının əsas hədəfi sayılır. ÜST-nın həmin çağırışında göstərilir ki, son dövrdə elektron siqaretdən istifadə xeyli genişlənib. Həmin çağırışda siqaretçəkən hər on nəfərdən doqquzunun 18 yaşından əvvəl, hətta bəzilərinin 11 yaşınadək bu zərərli vərdişə aludəçiliyi bildirilir.
ÜST-nin Tibb şöbəsinin rəhbəri Kerstin Sotte Cenevrədə jurnalistlər qarşısında belə bir məlumatla çıxış edərək deyib ki, dünyada siqaretçəkmə hər il 8 milyon və ya hər dörd saniyədən bir 1 insanın dünyadan köçməsinə səbəb olur. Hətta, siqaret istifadəçisi olmayan 1.3 milyon insan isə hər il passiv siqaretçəkmənin qurbanına çevrilir.
Qadınlar dünyada siqaretdən istifadə edən 1 milyarddan çox insanın 20 faizini təşkil edir. Lakin bu faiz ildən ilə artır. Qızlar arasında həmin göstərici böyük artım sürətilə inkişaf edir.ÜST-nın “Qadınlar və sağlamlıq” hesabatında 151 ölkədən toplanmış hesabat məlumatlarına istinad edilərək bildirilir ki, həmin ölkələr üzrə gənc qızların 7 faizi, gənc oğlanların isə 12 faizi siqaret çəkir. Faciəvi hal odur ki, hətta bəzi ölkələrdə siqaret çəkən oğlanlarla qızların sayı bərabərdir.
ÜST-nın açıqladığı hesabat məlumatlarına görə Azərbaycan dünyada siqaretçəkən ölkələr içərisində 85-ci sıradadır. Ölkəmiz ÜST-nın “Tütünə qarşı mübarizə haqqında Çərçivə Konvensiyası” na 2005-ci ilin noyabrın 1-də qoşulub. Bu konvensiya tütündən istifadə nəticəsində ölüm və xəstəlik hallarının qarşısının alınması, tütündən istifadəni tədricən ildən-ilə azaltmaq məsələsini qarşıya məqsəd qoyur.
Tədqiqatçılar araşdırma nəticəsində sübuta yetirmişlər ki, siqaret tüstüsünün tərkibində 7000-dək kimyəvi maddə vardır. Siqaret çəkməyən insanlar siqaretdən istifadə edən insanlarla bir qapalı məkanda olduqda onlar da hava vasitəsilə həmin tüstünü qəbul etmək məcburiyyətində qalırlar.
Respublikamızda istehsal edilmiş və satış üçün dövriyyəyə buraxılmış tütün məmulatının tərkibindəki nikotinin, tütün qətranının və karbon monoksidinin ildə bir dəfə yoxlanması və müvafiq icra orqanına məlumat verilməsi həyata keçiririlir. Ticarət şəbəkəsində tütün məmulatının 18 yaşına çatmamış şəxslərə satılması qanunla qadağan edilir.
Zakir Bayramlı,
Şair-publisist, AY və AJ Birliyinin üzvü, təhsil işçisi