Yenə polis hədəfə alınıb. O polis ki ölkənin əmin-amanlığını qoruyur. O polis ki Vətən müharibəsində bu torpaq üçün canından keçir, bizim evdə rahat yatmağımızın və şəhərdə sərbəst gəzib-dolaşmağımızın qarantıdır. Eyni zamanda cinayətkarlarla mübarizədə canını fəda etməkdən çəkinmir.
Konstitusiyamıza görə, 8 saatlıq iş günüdür, amma polis bizim əmin-amanlığımıza görə məcbur olub 15-16, bəzən 17 saat işləyir, gecəsi-gündüzü yoxdur. Yolda maşının xarab olur – polis, maşının qarda batıb, yenə polis imdada çatır. Halbuki bu, onların vəzifə borcu deyil.
Yaxşı yadımdadır, Xalq Cəbhəsinin gurhagur vaxtı idi, hələ hakimiyyətə gəlməmişdilər. Bütün mətbuat qalxmışdı Daxili İşlər Nazirliyinin üzərinə. Jurnalistlər vurhavur yazırdılar ki, Daxili İşlər Nazirliyi kimə lazımdı? Onda belə bir məqalə ilə çıxış elədim ki, xanımınla küçədə gedirsən, bir xoşagəlməz hadisə baş verdi, ay yoldaş jurnalist, əgər DİN ləğv olunsa onda kimə müraciət edəcəksən, Jurnalistlər İttifaqına?
Polisin gözdən salınması təkcə cinayətkarlığın artmasına səbəb olmur, həm də dövlətin laxlaması deməkdir. İndi belə bir müzakirə gedir ki, 5 nəfərin qatilinə kim sürücülük vəsiqəsi verib? Sürücülük vəsiqəsini Dövlət Yol Polisi verir, vəsiqə almağa gələnlər isə polisdə tibbi müayinədən keçmir. Hansısa bir poliklinikadan sağlamlıq kağızı alır, amma bu kifayət deyil. Ondan sonra Narkoloji dispanserdən və Psixiatrik xəstəxanadan həmin müəssisələrdə qeydiyyatda olmadığı barədə arayış gətirir. Və bu arayışlardan sonra imtahana buraxılır. Və əgər həmin şəxs narkomandırsa və ya psixi xəstədirsə, buna Dövlət Yol Polisi məsuliyyət daşımır. Məsuliyyəti həmin şəxsə sağlamlıq arayışı verən Narkoloji dispanser və Psixiatrik xəstəxana daşıyır.
Bunu hər bir sürücülük vəsiqəsi alan da, sadə insanlar da bilir. Amma nədənsə dünyanın bütün ciki-bikini bilən jurnalistlər özlərini elə aparırlar ki, guya bilmirlər. Reytinq xətrinə polisi hədəfə alırlar. Ay sizin reytinqinizə quzum kəsim. Siz polisi hədəfə aldıqca, özünüz cinayətkarların hədəfinə çevrilirsiniz, bunu bilirsinizmi?
Unutmayın ki, polis bizim atamızdı, qardaşımızdı, övladımızdı, bacımızdı. Eləcə də əgər araşdırsaq görərik ki, polisi hədəfə götürən jurnalistlərin nə qədər qohum-əqrəbası həmin sistemdə çalışır. Və polisin necə fəaliyyət göstərdiyindən az-çox xəbərləri var.
70-ci illərdə təsərrüfat rəhbərləri səhər saat 6-da, hələ uşaqları yuxudan durmamış işə gedirdilər, evə də uşaqlar yatandan sonra gecə saat 1-2-də dönürdülər. Onda belə bir anekdot çıxmışdı.
Bir gün kolxoz sədri evə tez gəlir. Uşaq nəhayət, atasını görür, amma təbii ki, tanımır. Məktəbli oğlu ona hücum edib deyir:
- Sən kimsən və bizim evdə nə gəzirsən?
İndi polis işçiləri də həmin kolxoz sədrləri kimi, yuxarıda qeyd etdiyim kimi, səhər saat 6-da uşaqları hələ oyanmamış evdən çıxır, evə gecə saat 1-də uşaqları yatmış olanda dönür. Dövlətçiliyimizin xatirinə, xalqın əmin-amanlığı xatirinə, bizim xatirimizə!
Və unutmayın ki, polis maaşı 8 saatlıq iş gününə alır. Əl çəkin polisi hədəfə almaqdan, ən azı öz xətrinizə görə.