adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

BİZİ ALDADANLAR QAN QUSACAQLAR

FAİQ QİSMƏTOĞLU
72858 | 2015-11-07 09:09
Hər bir günahın çox ağır bir cəzası var. Əgər o günahı eləmisənsə yerə girsən də, göyə çıxsan da nə vaxtsa o cəzanı gec-tez alacaqsan. Və kimliyindən asılı olmayaraq günahlar içində boğulursa, bunun da çox ağır yükü var. O yükü daşımaq, aparmaq və çiyinlərdə gəzdirmək çox ağırdır...
Çox yerdə zəif yerlərimizdən istifadə edərək insanları aldatmağa çalışırlar və daha doğrusu, elə aldadırlar da. Məsələn, bir vəzifəli şəxsə işin düşür, səni o qədər aparıb gətizdirir ki, axırda bezib onun dediyini eləyirsən. Onun dediyi də elə-belə iş deyil. Bir sənədə qol çəkmək üçün nə az, nə çox 20-30 min manat pul umurlar. Nə var-nə var Bakıda özünə bir koma tikmək istəyirsən, ocaq qurmağa çalışırsan. Əgər o dediklərini verməsən, çətin ki, sənə iş görməyə kimlərsə imkan verə.
Bu yaxınlarda Bakıda rayonlarından birinin icra hakimiyyətinə yolum düşmüşdü. Həyətdə gördüm ki, icra hakimiyyətinin əməkdaşı ilə bir vətəndaş möhkəm mübahisə edir. Əsəbi halda danışan şəxs deyirdi ki, balam, pulumu vermişəm evimi tikirəm. Nə istəyirsiniz, nə demisiniz, onu da eləmişəm. İndi siz mənim canımı alacaqsınız? Dünya dağılsa da tikilini yarımçıq qoyan deyiləm. Hünəri var bir adam gəlib mənim tikintimi dayandırsın. Ya onu öldürərəm, ya da özümü. Həmin adamın hərbə-zorbasından sonra icra hakimiyyətinin işçisi susdu. Araya bir sakitlik çökdü...
İcra hakimiyyəti dedim, bu günlərdə Binəqədi rayonunda baş verən intihar hadisəsinə olan cəhd yadıma düşdü. Bir sahibkar tikdirdiyi dördüncü mərtəbəyə çıxaraq özünü ordan atacağını və öldürəcəyini bildirib. Bu səs-küyə rayonun vəzifəli şəxsləri də gəlib çıxıblar. Özünü atmaq istəyən sahibkar isə bildirib ki, vəzifəli şəxslər məndən 500 min manat pul alıblar, onu qaytarmasalar özümü öldürəcəm. Qoy rayon icra hakimiyyətinin başçısı da gəlsin. Sahibkar tələb etdiyi kimi, icra başçısı da gəlib və polis rəisi ilə bir yerdə onunla söhbət ediblər. Bu söhbətdən sonra sahibkar pulunun qaytarılacağına inanıb intihar etməkdən vaz keçib və dördüncü mərtəbədən yerə düşərək polis rəisi ilə kafelərin birində söhbət edib. Ta o söhbətin nədən ibarət olduğunu, verdiyi pulu alıb-almayacağını deyə bilmərik.
Məlum nazirlikdəki hadisələrdən sonra bir çox sahibkarlar hərəkətə gəliblər. Çünki heç kimə sirr deyil ki, sahibkarları incidənlər tək bir qurum deyil. Sahibkarları icra hakimiyyətində də incidirlər, polisdə də və digər təşkilatlarda da. Bir sahibkar bir iş görməmişdən öncə o dəqiqə başının üstünü kəsdirib ona yüz sifariş verirlər. O da yüz sifarişi yerinə yetirir, yüz birincini yetirməyəndə başına yüz oyun açırlar. Ya evindən silah çıxır, ya da narkotika alverçisi olur.
Xüsusən də rayon yerlərində sahibkarlar bəzi icra başçılarının əlindən zinhara gəliblər. Çünki işləri düşəndə icra başçıları onları şirin dili ilə həvəsləndirir və rayonda abadlıq işləri görməyə çağırır. Həmin sahibkarlar da bu işlərə çox can-başla girişirlər və sonuncu qəpiklərini həmin işlərin görülməsinə böyük həvəslə xərcləyirlər. Elə ki, iş başa çatdı, hər şey bəyənildi, amma xərclənilən pulu almaq müşkül məsələyə çevrilir. Yazıq sahibkar icra başçısının qapısına ayaq döyməkdən ayaqqabısı da cırılır. Günlərlə, aylarla başçının qəbulunda durub xərclədiyi pulu almaq istəyir. Başçı da görür ki, həmin adam gəlib, onu qəbul etmir və yenidən get-gələ salır.
Çoxlu sayda sahibkarlar bax belə bir çətinliklə üzləşiblər. Nadir icra başçısı olar ki o sahibkarların çəkdiyi əziyyətə görə qiymət verməyi bacarır və lazım gələndə onları razı salır. Amma gəlin onunla razılaşaq ki, xüsusən də regionlarda sahibkarlar olmazın əzab-əziyyətlə üzləşirlər. Daşı daş üstə qoyanda, bir tikinti aparanda ondan elə bir "şirinlik" istəyirlər ki, gözü kəlləsinə çıxır. Gözü kəlləsinə çıxan sahibkar isə gördüyü işə peşman olur və bu işdən əl çəkir.
İndi qayıdaq ev tikmək məsələsinə. Mövcud qanunda bildirilir ki, hər hansı insan tikinti üçün ayrılmış torpaq sahəsində bir və ikimərtəbəli evlər inşa etmək istəyirsə bu barədə evin layihəsini icra hakimiyyətinə göndərməlidir. Yəni icra hakimiyyətini xəbərdar etməlidir. Bir ay müddətində icra hakimiyyəti də həmin vətəndaşa tikinti aparmaq üçün razılıq verməlidir. Bu elə bir razılıq deyil, əsas razılıq üç və daha artıq mərtəbələr tikilərkən verilməlidir. Təbii ki, buna da icra hakimiyyətində işləyən bəzi məmurlar badalaq atmaqla məşğuldurlar.
Bir çoxları insanların savadsızlığından istifadə edərək xüsusən də Bakı şəhərində bir və ikimərtəbəli ev tikəndə yenə müxtəlif bəhanələrlə ondan pul qoparırlar. Bu pulu da verməyəndə bəzi icra hakimiyyətinin işçiləri bəhanə gətirərək qanunsuz surətdə tikintini dayandırırlar. Hansı ki bayaq dediyimiz kimi, mövcud qanunla bir və ya ikimərtəbəli ev tikəndə icra hakimiyyətindən heç bir hüquqi sənəd verilməyə ehtiyac yoxdur. Amma buna baxan kimdir? Bir də görürsən ki, kimsə balaca bir daxma "qaraltdı", o dəqiqə məlum qurumun nümayəndələri həmin şəxsin başının üstünü kəsdirir və "qiymət oxumağa" başlayırlar.
Ölkə prezidenti cənab İlham Əliyev son çıxışlarında qeyd edib ki, korrupsiyaya qurşanmış heç bir şəxsə güzəşt edilməyəcək və onların toxunulmazlıq hüququ yoxdur. Bu cənab prezident tərəfindən ayrı-ayrı yüksək vəzifəli şəxslərə edilən ciddi xəbərdarlıqdır. Bu xəbərdarlıqdan nəticə çıxarmayanlar və yenidən at oynadanlar gec-tez öz tamahlarının qurbanı olacaqlar. Bir həqiqəti deməliyik ki, sadə insanları, zəhmətkeş adamları aldadıb sonuncu qəpiyini əlindən alanlar nə vaxtsa qan qusacaqlar. Cənablar, əgər qan qusmaq istəmirsinizsə daşı ətəyinizdən tökün, bu yazıq, fağır, alın təri ilə yaşayan insanların sonuncu qəpiklərini aldadıb əllərindən almayın!..

FAİQ QİSMƏTOĞLU

TƏQVİM / ARXİV