adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

İLANIN AĞINA DA...

SEYFƏDDİN ALTAYLI
79184 | 2014-09-13 01:19
Ulu babalarımız, dilə gətirdikləri və bu çağa gələnə kimi üstündən bir qubarı da əskik olmayan ata sözlərini, deyimləri, alqış və qarqışları biz nəvə-nəticələrinə yol göstərici olsun, onlardan dərs götürək deyə yadigar buraxıblar. Əslində hər bir ata sözü və deyim, min illərin süzgəcindən keçib və bəlkə də milyonlarla dəfə sınanıb, sınana-sınana da hər bir hərfi doqmatiq qanunların özülünə dönüb. Ona görə də ata sözlərinin bir hərfinin belə yeri dəyişdirilə bilmir.
Ata sözlərimiz və deyimlərimiz, dədə-babalarımızın həyat, dünya, məişət, xüsusilə qarşılıqlı ünsiyyət, Tanrı-insan münasibətləri və digər sahələrdəki təcrübələrindən yaranıb. Ona görə hər bir atasözü və deyimə həyatın dəyişdirilə bilməyən qanunlarıdır desək, səhvə yol vermərik.
Ulu babalarımız "ilanın ağına da, bozuna da, qarasına da lənət" deyərək əslində insana bənzəyən ilan sifətliləri lənətləyib, onları qarğıyıb. Bu ifadəylə də bizlərə, "ilan, ilandır, onun xarakterini dəyişdirə bilməzsiniz, daim ayıq olun" demək istəyiblər. Su yatar, düşmən yatmaz sözü buna ən gözəl nümunə deyildir???
Dünyada yaşayan minlərlə xalq vardır, ancaq qurulan dövlət sayı heç iki yüzə də çatmır. Bu dövlətlərin içində də güclü olanların sayı isə ona çıxmır. Yəni bir sözlə, dünyaya ağalıq edən hal-hazırda bir ölkə və onun da baltaçının hin deyəni kimi qərbli yançıları var. Bu ağalıq haçan qurtarar, onun axırına hansı millət çıxar onu yalnızca Allah bilir. Bir də bizim bildiklərimiz var. Tarix səhnəsinə düşəndən bəri heç bir millətə düşmənçilik etməmişik və heç bir millətin qarşısında baş əndərməmişik, ancaq tarixin müəyyən dövrlərində sınsaq da özümüzü Tanrının inayətilə qoruyub-saxlaya bilmişik. Ulu Yaradan bizə xarakterik yöndən əsla əyilməz və sınmaz bir qüdrət bağışlayıb, buna görə də bizə düşmənçilik edənləri vecimizə də almırıq. Bunun az-maz bəhrəsini görsək də ziyanını daha çox çəkmişik və hələ də çəkirik. Dediklərim səhvdirsə, əhali sayı üç yüz milyona çatan Türk milləti indi bu cür darmadağın olardımı, ondan-bundan nəsə gözləyərdimi? Ax..! İçimdə közərə-közərə qalan və açıq-aşkar dilə gətirəbilmədiyim dərdlərim, nisgillərim...!
Osmanlı Dövləti, imperialist qərbli Vandalların səbəb olduğu Birinci Dünya Müharibəsindən qabaq özünü qoruyub-saxlamaq üçün İngiltərəyə yanaşdı, çünki nəsə olacağını hiss etmişdi, ancaq onlardan müsbət cavab ala bilmədi. İngiltərə, Fransa və Rusiya dişlərini itildib Osmanlının büdrəməsini gözləyirdi ki, kaftarlar kimi daraşıb torpaqlarını bölüşsünlər. Hakimiyyətdə olan İttihad və Tərəqqi Partiyasının rəhbərləri Tələt, Ənvər və Camal paşalar da məcbur qalıb özlərinə səmimi tərəfdaş, müttəfiq kimi zənn etdikləri Almaniyaya üz tutdular və onlarla müttəfiq oldular ki, dövləti saxlaya bilsinlər. Nəticədə Alman İmperatoru Wilhelmin təkidiylə müttəfiqlik yarandı və Osmanlı Dövləti Almaniya və digər müttəfiq dövlətlərin səfində dünya hərbinə daxil oldu. Hərbin də müttəfiqliyin də nəticəsi məlumdur.
Türkiyə Türkcəsində Osmanlı dövründən qalan bir ifadə vardır: Şücaət ərz edənin sirqətini söylə... Yəni, "bir kəs şücaətindən dəm tutursa əslində onun nə cür bir oğru olduğunu sərrast şəkildə üzünə söylə" deməkdir.
Birinci Dünya Müharibəsində müttəfiq olub döyüş meydanlarında çiyin-çiyinə vuruşduğumuzdandı nədi, Türkiyədə almanlara qarşı həmişə müsbət duyğularla yanaşılır. 1960-cı illərdən başlayaraq işçilərimizin qərb ölkələrinə, xüsusilə də Almaniyaya üz tutmasının və hal-hazırda sayları dörd milyona çatmasının əsl səbəbi də həmin duyğudur.
Ancaq bilməliyik ki, Almaniya bizi heç vaxt dost gözündə görmədi, görməyir və görməyəcəkdi, eynilə digərləri kimi.
Əslində millətlər və dövlətlər arasında dostluq ola bilməz, yalnızca maraqların hansı səviyyədə üst-üstə düşməsi məsələsi qarşılıqlı əlaqələri təyin edir. Bu gün maraqlarımız bir-birinə uyğunlaşırsa arada dostluq atmosferi hakim olur, ancaq maraqlar fərqlənməyə başlayırsa və üst-üstə düşmürsə dostluq dediyimiz şey pozulur, bu dəfə rəqiblik siyasəti özünü göstərir.
Birinci Dünya Hərbindən sonra Tələt, Ənvər və Camal paşalar İttihad və Tərəqqi Partiyası hakimiyyət cilovunu əldən verdikdən sonra Almaniyaya üz tutmuşdular və yanlarıca da küllü miqdarda pul aparmışdılar ki, mübarizələrini orda yeritsinlər. Axı Almaniya onlara görə müttəfiqimiz idi?..
İttihad və Tərəqqinin bu üç paşasının ora gedərkən aparıb Almaniyanın xüsusilə Dəutschə Bankda açdıqları əmanət hesablarında saxladıqları pulların aqibətinin və məbləğinin nə qədər olduğu hələ də məlum deyil.
Tələt Paşa Almaniyanın paytaxtı Berlində Soğomon Təhleryan adlı bir erməni quldurunun gülləsinə tuş gəldi, ənvər Paşa Əfqanıstanda Çegen Təpəsində ruslara qarşı döyüşərkən şəhid oldu, Camal Paşa da Tiflisdə Karakin Lalayan və Sergo Vartanyan adlı erməni quldur tərəfindən şəhid edildi. Deyilir ki, Stalinin əmriylə Beria, Camal Paşanı o erməni quldurlarının əliylə aradan götürdüb.
Osmanlının bu üç paşası şəhid edildikdən sonra Dəutschə Banka qoyduqları pullar da it-bat olub getdi. Elə də olmalıydı, çünki almanlar elə dünən dedilər ki, "Türkiyə müttəfiqimizdi, ancaq dost sayıla bilməz".
Qarağac kölgəsində yatanlara xəbədarlıq etmək vacibdir; dünya deyilən cəncəlliyin qanunu belədir lələ...g
Şah Rza Pəhləvinin, Səddamın, Qəddafinin, Hüsnü Mübarəkin tumarlaya-tumarlaya dəstələyib Avropa və ABŞ banklarının kassalarına doldurduqları pulları özlərinə qismət olmadı, çünki o pullarda ölkələrinin yetim-yesirlərinin haqqı vardı, onlar beytülmal idi. Şah, "ax vətən" deyə-deyə yad bir ölkədə canını tapşırdı, ailəsi hələ də öz vətəninə qayıda bilmir. Səddamı, bir vaxtlar kürəyinə əl çəkib qabağa verənlər boynuna yağlı ipi öz vətəndaşlarına keçirdib edam etdirdi. Qəddafini etimad bəslədiyi, güvəndiyi qərblilərin qışqırtdığı öz millətinin mənsubları döyə-döyə öldürdü. Hüsnü Mübarək də onu hakimiyyətə gətirib illər uzunu oğurluqlarına əl çalanların mərifətiylə zindana tullanıb, hələ də ordadır və əzrayılın gəlib canını almasını gözləyir.
Mərhum dostum Xəlil Rza, "Biz yadlara neyləmişdik o sahildə, bu sahildə" deyib. Biz Müsəlmanlar onlara heç nə etməmişik, ancaq onlar xilqətlərinin buyurduğunu həyata keçirirlər. Biz isə bir-birimizə tarix boyu qənim kəsilmişik, hələ də ondan əl çəkməmişik deyəsən...
İnşallah səhv edirəm.

TƏQVİM / ARXİV