adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

MİN İL QABAQ-MİN İL SONRA

SEYFƏDDİN ALTAYLI
89381 | 2014-12-06 01:24

Bu yazımda yenə istədim ki, keçmişlə bu günü müqayisə edim. Ulu və şanlı tariximizdən bir neçə detalı nəzərə çatdıraraq bugünkü vəziyyətimizi qiymətləndirim.
Şeyx Ədəbali, Osmanlı dövlətinin banisi Osman Qazinin qayın atası və müəllimidir. Təhsilinə indiki Qonya vilayətinin Qaraman qəsəbəsində başlayıb, Dəməşqdə davam etdirib. (Təəssüf ki, bir vaxtlar elm-ürfan yuvası olan Dəməşqdə indi terrorizm hökm sürür, hər Allahın günü qan su yerinə axır, balaca uşaqlar belə mərhəmətsizcəsinə güllələnir, Allahu -əkbər deyənlər, Allahu-əkbər deyənlərin başını iyrənc vəhşilərə yaraşan nərələr ataraq kəsir.) ədəbali, Movlana və Hacı Bəktaş Vəli kimi şəxsiyyətlərin söhbətlərinə qulaq asıb. Özü təsəvvüf əhlidi və ələvi lidərlərindən Baba İlyasın xəlifələrindən biridi.
Osman Qazi, Osmanlı dövlətini qurduğu vaxt qayın atası Şeyx Ədəbali ona ömrü boyu yolgöstərici (kompas) olacaq nəsihətini vəsiyyət edib, digər tərəfdən o nəsihəti də bizə miras buraxıb. Ulu babamız Ədəbali nəsihətində belə deyib:
"Ey oğul; elələri vardır ki, dan yəri söküləndə durar, gün batarkən də ölüyə dönər. Dünya, sənin zənn etdiyin qədər böyük deyil, onu böyüdən bizim kiçikliyimizdi. Bu yolda gözümüzü nəhayətsizliyə dikib böyüklərə yaraşan şəkildə yeriməli və ona layiq tərzdə bu dünya ilə vidalaşmalıyıq. Bu yolda ehtiras, kibr və mənəm-mənəmlik insanın qabağını kəsən əngəldir oğul. Olmaya-bilməyə özünə ilişib qalasan və öz daxilində qərq olub itib-batasan. Təklik ancaq Allaha məxsusdu, bir başına qərar verib bu kobud dünyanın sikletini götürmək cəhdinə düşmə.
Görəcəyin işləri onların əhli olan şəxslərlə gənəşərək həyata keçirsən irəli gədərsən, onu etməsən ilişib yolda qalarsan oğul. Güclüsən, ağıllısan və hökm sahibisən, ancaq onları harda və nə cür işə salacaqsan onu bilməsən, səhər küləklərinin qabağında quru bir yarpaq kimi sovrulub gedərsən. Bir vaxt gələr dünyanı bir təpiyinlə yerlə-yeksan edəcək qüdrətə çatarsan, ancaq bir məqam gələr balaca bir qarışqaya məğlub olarsan. Daim səbrli ol, iradənə hökm et, əzmindən dönmə. Düşdüyün yola, götürdüyün yükə yaxşı bələd ol və hər bir işinin gərəyini vaxtında yerinə yetir.
Səbrsiz olma oğul. Səbr edilməzsə axır mənzilə çatıla bilməz. Bizlər nifrəti aradan götürmək, məhəbbətin əsalətini dünyada yenidən hökmran qılmaq üçün yola düşdük. Bu yolda gözü kölgəli deyilik. Məhəbbət yolunun gizlin şeyi yoxdur oğul. Qızılın qiymətini sərraf bilər, sözünü qarşındakı insana görə fikirləşib deməlisən. Olmaya ki, cahilin qarşısında qızıl sözlərini yerə tullayıb palçığa bulaşdırasan!
Bunu da əsla yadından çıxarma; insanı yaşat ki, dövlət yaşasın. Osman, sən bizim xülyamız, sən bizim çarəmiz, sən bizim duamızsan oğul. Daim başın dik, üzün ağ, könlün pak olsun. Minəcəyin Zümrüdü Anqanı yaxşı seç ki, Qaf dağını aşa biləsən. Yolun əbədiyyətə kimi avand olsun. Bu nəsihətlərlə, bu hisslərlə, bu duyğularla yolunuz açaq, bəxtiniz əbədiyyətə kimi yeyin olsun".
Osmanlı dövlətini Şeyx ədəbali kimi şəxsiyyətlərin malik olduğu ərdəm yaratdı. 1299-cu ildə yarandığı vaxt kiçik bir bəylikdən ibarət olan dövlət aradan yüz əlli il ötəndən sonra dünyanı lərzəyə gətirib bir tarixi dövrü, Orta əsri bağlayıb Yeni əsrin qapısını araladı. Ulu Peyğəmbərimizin hədisini gerçəkləşdirərək qərbin qibləgahı olan İstanbulu əlinə keçirən nəhəng bir imperiyaya çevrildi. 639 il məzlumların pənahı, zalımların qara-qorxusu oldu.
16-cı əsrdə başlayan rüşvətxorluq, yerlibazlıq, ləyaqətə önəmlə yanaşmama, ərəbin, farsın xurafatının əsiri olma və xarici imperialist qüvvələrin oyunu, sərhədlərində gün batmayan imperiyanı məhvə apardı. Yəni Şeyx ədəbalinin vurğuladığı kimi dövləti idarə edən yüksək səviyyəli şəxsiyyətlər öz ehtiraslarının və mənəm-mənəmlik duyğularının əsiri oldular, halal ilə haramı bir-birinə qarışdırdılar. Mənə görə ən önəmlisi isə bəşəriyyətə ancaq və ancaq elmi, biliyi, düzlüyü, haqqı-hüququ təbliğ edən İslam dinini yalnızca ölənlərin ruhuna Quran oxumaq və dua etməkdən, namaz qılmaqdan ibarət saydılar, Sabir babamız dəmişkən cəhalət bəstərində yatdılar, uşaqlara elmin üstünlüyünü öyrətmək, onun bəhrələrini qandırmaq əvəzinə damdabaca ilə, min cür nağıllarla bəyinlərini bulandırdılar, xəyallarının yönünü xurafata yönəltdilər.
Orxun-Yenisey abidələrində Bilgə Xaqan; "Kiçik qardaş böyük qardaş kimi istedadlı olmadığından, dövlətin başında biliksiz xaqanlar oturduğundan, vərdikləri buyruq da biliksiz olub. Bəyləri biliksiz, Çin xalqı da hiyləgər olduğundan onların hiyləsinə aldanıblar, bəylə xalq bir-birinə düşüb, Türk bəyləri Türk adını atıb, (ancaq) Çinli bəylər Çinli adını tutub öz xaqanına itaət edib".
Şeyx ədəbali də Osman Qaziyə "Ərdəmli ol, adil ol, böyük fikirləş, düz yolda yeri, xalqı firavan yaşat ki, dövlət də yaşasın" deyə məsləhət verib. Deməli Orxun-Yenisey abidələrindəki fikirlərlə Ədəbalinin fikirləri üst-üstə düşür.
Gəlin bir də indiki vaxtımıza nəzər salaq. Hələ də bəzi ağzı göyçəklər "Türk"əm deməkdən utanır. İndinin özündə öz ana dilindəki sözləri başı çalmalı ərəblər kimi qırıldatmağa çalışan, özünə bu qədər yad olanlar da var və işin ən təhlükəli, ən narahat edici yönü isə bu məxluqatların müəyyən postları tutmuş olmasıdı.
Mənə görə günahın ən böyügü bizdədir, xalqımızdadır, çünki bizi idarə edənləri biz seçirik. Ulu Peyğəmbərimiz Həzrət Məhəmmət, "Siz nəyə layıqsınızsa o cür idarə olunarsınız" deyib. Deməli biz bunlara layıq insanlarıq. Haçan ki, özümüzü yığışdırdıq, bəyənmədiyimiz Avropalı xristiyanlar kimi dövlətlərimizin güçlənməsini, xalqlarımızın firavan və özgələrindən asılı olmadan yaşamasını, balalarımızın elm və ürfanla silahlanaraq böyüməsini istədiyimiz, haqqımızı-hüququmuzu qorxusuz-hürküsüz tələb etməyi bacardığımız zaman hər bir şey özüldən başlayaraq dəyişəcək və dövlətlərimiz də, xalqlarımız da Bilgə Xaqanın, Şeyx ədəbalinin məsləhətləri istiqamətində yeriyərək nəhəng olacaqdı.
Görəsən ulu babalarımız gözünü açıb biz nəvə-nəticələrinin indiki vəziyyətini görsə ürəkləri partlayıb ordaca canını tapşırardı ya yox?!

TƏQVİM / ARXİV