adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

ŞOTA

MƏZAHİR ƏHMƏDZADƏ
37219 | 2015-08-15 08:15

Təxminən 35-40 il bunadan əvvəllərə kimi İtaliyada çılğın futbol azarkeşləri sinfi "tffozi" adlanırdı. "tffozi"lər futbola qədim qladiator döyüşlərinin tamaşaçıları psixologiyası ilə yanaşırdılar sanki. Sonralar ingilislərin "holiqan"ları və başqaları... İndi böyük futbol ölkələrində (mən əlbəttə ki, burada Avropanı nəzərdə tuturam) bu oyun əsl zövq məsələsinə, mübarizənin necə keçməsindən asılı olmayaraq, komandaların və tamaşaçıların oyunsonrası nəzakət etiketləri ilə diqqət cəlb edən gözəl tamaşaya çevrilir. Hətta bir çox hallarda acığa yox, elə gözəl oyun mübarizəsinə görə rəqib oyunçular da alqışlanır və sairə. Qardaş Türkiyəmiz də bəzi eniş və yüksəlişlərə baxmayaraq artıq diqqət mərkəzində olan futbol ölkələri sırasındadır. Təbii ki, İspaniya, İngiltərə, İtaliya, Almaniya, Fransa, Hollandiya... kimi olmasa da. Hazırda Avropanın xeyli sayda klublarında və ən azı 5-6 ölkəsinin də yığma, yəni milli komandasında türk əsilli futbolçuların yer alması bir gerçəklikdir.
Ancaq bu ölkə Fatih Terim erasından sonra futbol və futbolətrafı olaylar mənasında heç düzəlirmi? İstər oyunların özündə, istərsə də tribunalarda, əsasən də kulislərdə - düzəlirmi?
"Qalatasaray" triumfu, ardıycan da 2002-ci ilin dünya çempionatının bürünc mükafatından sonra Türkiyə futbolu irəli getmək əvəzinə zaman-zaman fiaskolara uğradı. "İmperator"u İtaliyaya (özü də "Milan"a!) aparıb, oradan "Fiorentina"ya, oradan da sanki qəsdən "sıravləşdirərək" geriyə göndərdilər. "İmperator" İtaliya yürüşündən qayıdarkən onun başında nəinki əzəmətli tac, heç kiçik bir diadema da yox idi. Sadəcə qıvırcaq saçı seyrəlməkdə olan tutqun bir kafa və məğlub sərkərdə görkəmi, vəssalam. Əlbəttə, bu acı bənzətməm "İmperator"a olan sevgi və rəğbəti azaltmaq, kölgəyə çəkmək qəsdi deyil, sadəcə 5-10 ilin davamlı yüksəlişindən sonra geriyədönüşün assosiativ "pressinq"idir.
...Şenol Günəş isə tamam başqa məsələdir, bunu hamı yaxşı bilir. Uzun illərin hazır komandası! Özünə görə o da normal məşqçidir. Ancaq Şenol Günəş və başqaları heç vaxt Mustafa Dənizli, Fatih Terim... ola bilməzdi. XXI əsrin əvvəllərindən başlayaraq nə Fatih Terim kimi super məşqçilər yetişdi, nə də Hakan Şükür, Hasan Şaş, Bülənt Korkmaz, Alpay, Ogün, Sərgən Yalçın, Abdullah, Əmrə Bələzoğlu, İlhan Mansız, Ümid Davala, Nihat Qəhvəçi, Suat Qaya, Arif Ərdəm kimi stabil oyunçular yetişdi.
Bundan sonra Türkiyəni turist gəzintisinə çevirən məşqçi və oyunçuların Anadoluya axını da intensivləşdi. Təbii bəzi istisnalarla. Yəni sevgi və rəğbət məsələsində.
Türkiyə və "biz" uzun illər türk futbolunun qəribə hallarının şahidi olduq. UEFA haqsızlıqları öz yerində. Ancaq tez parlayıb, tez də sönən oyunçular, nə istədiklərini özləri də bilməyən azarkeşlər toplusu, bir qədər sonra da Abdulla Avcı avantürası, diletant məşqçilər və sairə və ilaxır. Elə bu səbəbdən də Türkiyə futbolunun problemləri yenə də həm məşqçi, həm oyunçu, həm də azarkeş sarıdan bir-birini pis mənada tamamlamaqdadır. Eyni şəhərin komandalarının azarkeşləri daha millinin (!!!) oyunlarında da birləşə bilmirlər. Bu dəhşətli faktı baxdığımız görüşlər zamanı və türk mətbuatı və televiziyası vasitəsi ilə izləyib, yumşaq şəkildə ifadə etsək, məyus oluruq. NTV SPOR kanalında belə məsələlərə saatlarla verilişlər həsr olunur, müzakirələr aparılır, ağıllı fikirlər söylənilir. Bəzən də günlərlə davam edən açıq diskussiyalar... Nəticəsi olurmu?
...Ötənlərin məşhur futbolçusu, son dövrlərin də sanki eksperiment məşqçisi gözü ilə baxılan Şota Avreladze keçən mövsüm Türkiyənin ən zəif və kasıb komandalarından birini - "Kasımpaşa"nı 2014-2015 sezonunun sürprizi etməyə can qoyurdu. "Kasımpaşa" sona 9-10 tur qalmış 5-ci yerə iddialı idi. Ancaq birdən-birə nə baş verdisə, komanda hətta öz meydanında belə heç-heçəyə nail olmaq üçün zülm çəkirdi. Ardıcıl xal itkiləri "Kasımpaşa"nı "kümə" yaxınlaşdırırdı. Belədə Şota Avreladze bir neçə dəfə sakit, lakin dərin məntiqli müsahibələr verdi, xoşagəlməz münasibətlərin süniliyinə işarə etdi. Arxa duran olmadı. Onda Şota üzünü TFF-yə və eləcə hamıya tutub dedi: "İş mənlikdirsə, elə bu gün çıxıb gedərəm. Amma hamı bilir ki, biz "Kazımpaşa"nı necə çətin bir şəraitdə yüksəkliklərə qaldırdıq. Mən gedə bilərəm..." Elə də oldu. Şotanı istefaya göndərdilər, UEFA turnirinə düşə biləsi "Kasımpaşa" isə güc-bəla yüksək liqada yerini qorudu.
Şota Avreladze: gürcü futbolunun ən güclü yetirmələrindən biri, Avropa klublarında, o cümlədən Türkiyədə uğurlu çıxışları ilə yadda qalan hücumameyilli yarımmüdafiəçi, sakit təbiətli, yüksək mədəniyyət sahibi olan bacarıqlı məşqçi... Eyni zamanda türk dilində təmiz danışan simpatik bir insan.
..."Trabzonspor" "Kasımpaşa"dan istefaya göndərilən Şotanı sanki elə o dəqiqə böyük, həm də keçmiş sevgi ilə komandanın baş məşqçiliyinə dəvət etdi. Ənənəvi mübarizliyindən düşməkdə olan Qara dəniz komandası sevimli Şotaya ümidlə baxmaqda haqlı idi. Çünki Avreladze də özünü Trabzonun etibarlı və doğma övladı sayırdı.
Hər şey yaxşı gedirdi. Şota da bildirmişdi ki, bir təhət toparlanıb yeni sezonda Trabzon klubuna yüksək titullar qazandıracağıq.
...Komandadan qovulmuş qapıçı Onur Kıvrak azarkeşlərin çiynində yenidən Trabzona qayıtdıqdan sonra növbəti bir ədəbaz hərəkəti ilə ona ən böyük yaxşılığı edənin işini yenə də heç nədən çətinə saldı. Bu hadisənin şoku yəqin uzun müddət yaşanacaqdır. Şotanın başına indiyədək nələr gəlmədi ki? Onun çoxdankı ailə faciəsi də yaddan çıxmayıb.
Şota Avreladze - nadir "türkdilli gürcü" mütəxəssisi!
Ancaq gəlin inanaq ki, Tanrı özü bu vicdanlı və gözəl insanı layiqincə mükafatlandıracaq. Həm də Trabzonumuzun qüruru naminə...

P.S. Yenə də ikinci yazıya yer qalmadı. Belə davam etsə köşələrimi nonparelnən yığdırmalı olacağam...

P.S.S. Bu günlərdə Türkiyədə 2014-2015 futbol sezonunun yekununa görə məşqçilər və oyunçular müxtəlif nominasiyalar üzrə qalib elan edildilər. Şota Avreladze də həmin azsaylı mükafatçılar sırasındadır. Və mən deyərdim ki, elə onun bir insan kimi xarakterinə ən uyğun olan mükafatdır bu.

TƏQVİM / ARXİV