adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

ÜMİD QAPISI

FƏRİDƏ RƏHİMLİ
75179 | 2016-02-06 09:27
Həkim adı çəkiləndə ilk növbədə gözlərimiz önündə xəstələrə şəfa verən, hər kəsin sağlamlığının keşiyində duran xilaskar bir peşə sahibinin varlığı canlanır. Odur ki, insanların sağlamlığının keşiyində durmaq, müxtəlif xasiyyətli xəstələrlə dil tapmaq, hər bir həkimdən isti məhəbbət, xüsusi nəvaziş hissi də tələb edir. Dost-tanışın, ata-ananın, qardaş və bacının və.s hörmətini qazanmaq asandır, xəstələrin isə çətin.
Həkim - ali tibb təhsili olan, bu sahədə əldə etdiyi bilik və bacarıqlarını insanların xəstəliklərinin müalicəsinə, insan sağlamlığının qorunması və saxlanılmasına həsr edən insandır. Amma bu sadaladıqlarımdan əlavə paranormal təfəkkür də var ki, bu əksər vaxt elm tərəfindən qəbul olunmasa da, inkar etmək də mümkün deyil.
İnsan təfəkkürünün və psixikasının ən mühüm cəhətlərindən biri onun qeyri-adiliyə münasibətdir. Bəziləri onu "Allah vergili", bəziləri "kosmos siqnalları alan görücü" kimi səciyyələndirsə də, irəli sürülən fərziyyələr hələ də alimləri istənilən qənaətə gətirib çıxara bilməyib.
Bu gün bütün dünya, o cümlədən Azərbaycan oxucusu və tamaşaçısı bolqar Vanqa, əslən İranlı olan gürcü Cuna Davitaşvili, mənşəcə yəhudi olan Volf Messinq, çinli qadın Lyu İn, qüdrətli Azərbaycan mediumu Tofiq Dadaşov və başqaları haqqında kifayət qədər məlumata malikdirlər. Onların haqqında maraqlı kitablar yazılıb, geniş formatlı telefilmlər çəkilib. Tibet təbabətinin və buddistlərin dini lideri Dalay Lama isə bir çox Beynəlxalq fəxri adlarla yanaşı 1989-cu ilin oktyabrında sülh üzrə Nobel mükafatına layiq görülüb. Buddistlərə görə, Dalay Lama insanlara xidmət etmək üçün dünyaya gəlib. Hal-hazırda əsl adı Nqaqvanq Lovzanq Tentszin Qyamtsxo olan Dalay-lamanın 80 yaşı var...
Bu yazım insanın anatomik-fiziologiyasını, psixoloji durumunu qeyri-adi qabiliyyəti və bacarığı ilə bilən, ən ağır xəstəliklərə şəfqət verən, hətta sonsuzluğa son qoyan Zərifə Yaqub qızı Mayılova haqqqındadır.
Doqquz yaşındakı 12 günlük və ikinci dəfə 18 günlük letargik yuxudan sonra bu qabiliyyəti qazanmış Zərifə Mayılova insanın daxili orqanlarını tibbi apparatlardan daha dəqiq müayinə edərək xəstəlikləri aşkarlamaq qabiliyyətinə malikdir.
Dünyada "X-Ray Lady" və "Frau Rentgen" kimi tanınan Zərifə xanımı əbəs yerə Avropa alimləri "Rentgen-qadın" adlandırmırlar. Eyni zamanda o, qeyri-adi qabiliyyətilə xəstələrə dərmansız-iynəsiz şəfa vermək qüdrətinə malikdir. O, İlahinın çarəsiz xəstələrə şəfa vermək üçün seçdiyi fenomen bir qadındır.
Ekstrasens - xarici mühitdən bizim hiss orqanlarımızla qəbul olunmayan nəyi isə qəbul, dərk edən insandır. Zərifə xanım müasir dövrdə insanın daxili aləminin ən məhşur görücüsü, bilicisi və qaranlıqda təyin etdiyi əlacsız xəstəliklərin şəfavericisidir. Ancaq onun qeyri-adiliyi ekstrasensdən də üstün bir ilahi qüvvəyə malik, unikal istedad və heyrətamiz möcüzə sahibi olduğuna dəlalət edir. O, dediyi sözlərlə psixoloji cəhətdən xəstəyə inam verir, ona sağlamlıq əhval-ruhiyyəsi aşılayır. Bu mənada onun fikirlərində "təbibin sözü ən yaxşı dərmandır" məntiqi öz təsdiqini tapır.
Deyirlər xeyirxahlıq savab bir işdir. Ələlxüsus da, həkim olub insanlara şəfa verəsən, ilk baxışdan olduqca sadə, mehriban, tələbkar bir peşə sahibi olasan, o halda hər kəs həkimi sevəcək, xüsusi rəğbət hissi də bəsləyəcək. Söhbət açdığımız həkim də, olduqca qayğıkeş, şəfalı əlləri və mehriban xüsusiyyəti ilə əksəriyyətin qəlbinə yol tapan biridir.
Onun müalicə etdiyi xəstəliklərin sayı 80-ni ötür.
Düzü, Zərifə xanım Mayılovanın "USM" aparatının və müasir tibb elminin nailiyyətlərindən hesab olunan diaqnostik aparatların tədqiq edə bilmədiyi xəstəlikləri öz adi gözlərilə qaranlıq şəraitdə dəqiqliklə görə bilməsi insanı çox heyrətləndirir. Axı onun insanların daxilində gördüklərinin əksəriyyətini müraciət etdikləri tibbi mərkəzlərin və özəl klinikaların verdiyi müayinə nəticələrində və disklərində də öz əksini tapır.
Zərifə xanım Yaqub qızı Mayılovanın Alternativ Tibb sahəsində fəaliyyəti Səhiyyə və Ədliyyə nazırlikləri tərəfindən verilmiş lisenziyalarla təsdiqlənib. Almaniyada olduğu 7 ay ərzində müasir tibb elminin nailiyyətlərindən hesab olunan diaqnostik aparatların tədqiq edə bilmədiyi xəstəlikləri gördüyü tanınmış alimlər tərəfindən araşdırılıb və ona "Rentgen qadın" rütbəsi (titulu) verilib. Zərifə xanım ABŞ, Macarıstan, Rusiya Alternativ Tibb Akademiyalarının və Beynəlxalq Ekoenergetika Akademiyalarının akademiki və fəxri doktoru adına layiq görülüb. Azərbaycanda bu "Qeyri adi qabiliyyətə malik insan" haqqında ən qiymətli araşdırma və mülahizələr AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşı Nizami Rzayevə məxsusdur. Nizami Rzayev belə bir ideya irəli sürür ki, müasir təbabətdə müalicəedilməz xəstəliklərin siyahısına daxil olan bəzi xəstəliklərin müalicəsi üçün dövlət əhəmiyyətli "Zərifə Mayilova Komlemaentar və Alternativ Tibb Mərkəzi" yaradlması Azərbaycana böyük xeyir verə bilər.
Bəli, hansı sənətin, peşənin sahibi olursan ol, insanlara sevinc, rahatlıq, huzur, ən önəmlisi sağlamlıq gətirə bilirsənsə xoşbəxtsən - Zərifə Mayılova kimi...

TƏQVİM / ARXİV