adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

"UŞAQ" GƏLİNLƏR

FƏRİDƏ RƏHİMLİ
27719 | 2015-08-01 09:18
Bu gün erkən nikah, ailə məsələlərində ciddi narahatlıq doğuran ən aktual mövzulardan biridir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların ailə qurması və birgə yaşaması qadağan edilir. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyən edilmiş son yaş həddidir.
Lakin bəzi üzrlü səbəblər olduqda, müvafiq icra hakimiyyəti orqanı nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu səbəblər daha çox nikaha girmək istəyən tərəflərin ailə vəziyyətləri ilə bağlı olur. Məsələn, onların valideynləri ağır (ölümcül) xəstə olduqda, qız hamilə olduqda və s. hallarda tərəflər 17 yaşında nikaha daxil ola bilərlər.
Lakin Azərbaycan qanununda erkən nikahla bağlı sanksiyalara baxmayaraq, bu hal geniş vüsət almaqdadır. QMİ-nin qərarına əsasən dini nigah ("kəbin") şəhadətnaməsinin alınması yalnız "vətəndaş vəziyyəti aktlarının qeydiyyatı" (VVAQ) idarələrində rəsmi qeydiyyatın qanuniləşdirilməsindən sonra mümkündür. Amma təəssüflə, həm də əminliklə deyə bilərəm ki, bu qərara məscidlərdə heç də əməl olunmur!
Azərbaycan erkən nikahların çox rastlaşdığı ölkələr sırasındadır. Valideynlərinin məsuliyyətsizliyinə, "evdə qaldı" stereotipinə və sosial problemlərin güdazına gedən qızlarımızın sayı artmaqdadır. Əvvəllər erkən nikahların daha çox cənub bölgəsində olduğu deyilirdisə, indi artıq bu hal bütün rayonları, hətta Bakını da əhatə edir.
Müəyyən məqsədlərlə, "yükünü yüngülləşdirmək", "valideyn borcunu ödəmək", "bir daha belə bəxt çıxarmı qarşısına" düşüncəsi valideynləri tələm-tələsik qərar çıxarmağa vadar edir. Erkən nikahların fəsadları haqqında çox yazılıb. Hər kəs bir dəfə də olsa bu faktın şahidi olmuşdur. Qonşuda, qohumda, iş yoldaşında və sair. Artıq buna təəcüblənmirik də. Bir az təəssüf, vəssəlam...
Amma sonradan erkən nikahların o qədər arzuolunmaz nəticələri olur ki, buna qatlanmaq çox çətin olur. Əvvəla, erkən nikaha girən qız təhsil almamış olur. Bu çox vacib məsələdir. Bir oğlan təhsil alırsa, bir nəfər savadlanmış olur, bir qız təhsil alırsa bir ailə savadlanmış olur. Uşaqların savadlı olması üçün ananın savadlı olması vacibdir. Bu, qarşılıqlı münasibətdə, övlad yetişdirməkdə özünü çox aydın büruzə verir. Təhsil həm fiziki, həm psixoloji, həm də sosioloji cəhətdən təsiredici amil kimi qiymətləndirilməlidir.
Sevginin nə olduğunu anlamayan qız sonradan sevmədən evləndiyi adamla yaşamaq əzabıyla qarşılaşa bilər və bu da onu xəyanətə sürükləyə bilər (təbii Azərbaycan ailələrində bu səbəbdən xəyanət az təsadüf olunan hallardandır. Amma əzab çəkməsi labüddür).
Digər bir səbəb regionlardan Rusiya və digər ölkələrə üz tutanların çoxluğu ilə bağlıdır. Hər kəsə məlumdur ki, belələri miqrasiya problemləri ilə üzləşməsinlər deyə, orada kimləsə evlənirlər. Valideynləri də rus gəlini qəbul etmir, öz qohum-qonşusundan kimisə alır, nikaha isə sadəcə bir kağız parçası kimi baxırlar. O qədər yayılan olmasa da, nikah üçün əlavə xərclərin çəkmək, gələcəkdə əmlak bölgüsü iddiası olmasın deyə, rəsmi nikahdan qaçanlar da var.
Üşaqkən özündən yaşlı adamla evlənmiş qız əvvəllər onun hər əmrinə baş əysə də, sonradan zorakılıqlara dözmür və bu da boşanmalara yol açır. Boşanmış bir qadının vəziyyəti problemlidir, əgər uşaq da dünyaya gəlibsə problem daha da böyüyür. Ailə həyatına tam hazır olmadan nikaha girmiş gənc qadının qarşısında nə böyüklükdə maneələr açdığının fərqində olmayan valideynlər isə bu işdə taleyi, kisməti lənətləyirlər. Bütün bu fəsadların olmasına baxmayaraq, erkən nigah halları artmaqdadır. Dəqiq rəsmi statistika olmasa da, artıq Azərbaycanda 3000-dən çox erkən nikaha daxil olan ailələr mövcuddur.
Belə ailələrdə boşanma zamanı qadınlar üçün çətin vəziyyət yaranır. Nikahdankənar evlilikdən uşaq dünyaya gətirən analar bir çox risklərlə qarşılaşırlar. Bu cür analar dövlət idarələrində uşağın sənədlərinin hazırlanmasından əlavə, həm də atanın uşaqdan imtinası halında aliment ala bilməmək kimi ciddi problemlərlə üzləşə bilərlər.
Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, 2014-cü ildə 15-17 yaşlı qadınlar 700 uşaq dünyaya gətirib. Təsəvvür edin ki, bu, 700 hüquqsuz qadın deməkdir. Hətta bu yaşda olan analardan biri 3-cü uşağını dünyaya gətirib.
Erkən nikah problemlərinə qarşı dövlət strukturları ilə yanaşı, cəmiyyət də mübarizə aparmalı və belə hallara laqeyd qalmamalıdır.
Mən bir şeyi anlamıram ki, övladına təhsil, sağlamlıq, azadlıq arzulamayan ata-ana nədən bu qızcığaza uşaqlığından ayrılmamış, böyüməmiş tez-tələsik ailə qurmağı arzulayır? Məsuliyyətdən qaçmaq üçünmü?, "Qız yükü, duz yükü" ağırlığını başqasına yükləmək üçünmü? Ən acınacaqlısı da odur ki, bunu əsasən qadınlar - analar istəyirlər! Bilə-bilə balalarını öz uşaq dünyalarından, nağıl, xəyal dünyalarından qoparıb, əzaba, işgəncəyə atırlar...
Qatil olmaq təkcə adam öldürmək deyil. Arzuları, ümidləri, inamları, mənəviyyatları, sevgiləri, ruhları öldürənlər də qatildirlər.
Əziz valideynlər! Uşaqlarınızın ümidlərini, mənəviyyatını, özülərinə inamını, sevgilərini, ruhlarını - yəni özlərini öldürməyin! İmkan verin heç olmasa sevginin şirinliyini dadaraq evlənsinlər...


Fəridə RƏHİMLİ

TƏQVİM / ARXİV